Musiqinin təsir gücü

 

O insan ki, içində musiqi duyğusu yoxdur və qəlbi səslərlə riqqətə gəlmir, onun hissləri gecə kimi qaranlıqdır

 (Uilyam Şekspir)

 

İnsan doğulduğu ilk gündən etibarən ana laylası ilə musiqiylə olan tanışlığı başlanır. Musiqinin insana ötürdüyü hissi, ona verdiyi həyəcanı, sehri danmaq mümkün deyil. Bir çox insanlar hansısa bir işə başlamazdan əvvəl, mürəkkəb bir işi bitirdikdən sonra, yaxud da prosesi zamanı musiqi dinləyir. Bu insana əlavə güc, motivasiya verir. Musiqi sakitləşdirir, həyəcanlandırır, duyğulandırır, coşdurur, ruhlandırır... Musiqinin ötürdüyü hisslər tükənməzdir və hər insana bir cür təsir edir. Həyatı musiqisiz düşünmək olmur. Əksər hallarda şeri belə gözəl edən musiqidir.

Musiqinin ötürdüyü hisslər olduqca müxtəlifdir. Bir şair başqa bir hisslə şeri yazır, bir bəstəkar başqa bir hisslə onu bəstələyir, bir ifaçı başqa bir hisslə onu ifa edir, lakin yüzlərlə, hətta minlərlə dinləyici isə biri-birindən müxtəlif və başqa duyğularla onu dinləyir.

Bəzən hər hansı bir mahnının tarixilə maraqlandığımız zaman mahnının yazılması, bəstələnməsi ilə bağlı  maraqlı faktlarla rastlaşırıq. Görürük ki, mahnı əslində siyasi motivli mahnıdır, halbuki onu dinlədiyimiz zaman bu ehtimal ağlımızdan belə keçməyib, çünki onu daxili dünyamıza təsir edəcək başqa bir hisslə dinləmişik. Eləcə də doğma, yaxın insanını itirmiş bir bəstəkar hisslərini notlara köçürür. Lakin dinləyici eyni hissləri yaşamır, bu səbəbdən də hər qulağa eyni notlarla gəlməsinə rəğmən başqa hisslərlə çatan musiqini möcüzə adlandırsaq az olmaz.

"Musiqi ruhun qidasıdır" sözünü eşitməyən yoxdur. Bu söz əbəs yerə deyilməyib. Ruhumuz, beyniyimiz xəstələnmədiyi müddətcə bədənimizin də xəstələnməməsi ehtimalı bir o qədər çoxdur. Musiqinin insan sağlamlığına təsiri böyükdür.

Alimlər Motsartın əsərlərinin beynin fəaliyyətini artırdığını və informasiyanın tez bir şəkildə qavranılmasına kömək etdiyini hesab edirlər. Baş ağrısını aradan qaldırmaq üçün isə Bethovenin "Fidelio"su məsləhət görülür.  Yuxusuzluğun ən yaxşı dərmanı kimi Çaykovskinin, QriqinSibeliusun pyesləri dinlənilir. Vivaldinin "İlin fəsilləri" əsərinə qulaq asmaq isə yaddaşı yaxşılaşdırır.

Bir az əvvəl musiqinin insanlara müxtəlif hisslər yaşatdığını vurğuladım, lakin istisna musiqi əsərləri var ki, onu dinləyənlər eyni duyğulareyni hissləri yaşayır. Aydındır ki, bunlar milli mənəvi hisslər aşılayan musiqi əsərləri yəni himnlər, marşlardır. Təsəvvür edin ki, bir ölkənin himni yoxdur... O himn ki, yalnız öz ölkənin vətəndaşlarından deyil, başqa ölkələrin vətəndaşlarından da o himnə hörmət etməsini gözləyirsən.

Düşünmürəm ki, istər qürbətdə, istərsə də vətəndə olan azərbaycanlı Azərbaycan Himnini dinlədiyi zaman daxilən bir həyəcan keçirməsin. Əlbəttə ki, söhbət vətəni həqiqətən sevənlərdən gedir, pafossuz və vətənpərvərliyi "imic" kimi görməyib ürəyi ilə sevənlərdən. Vətənpərvərlik imic deyil.

Bir çox ifaçılarımızın repertuarında hərbi-vətənpərvərlik mövzusunda mahnılar var. Bunlardan Şəmistan Əlizamanlı - "İgid əsgər", Aygün Kazımova "Vətən anadır", Sevda Ələkbərzadə - "Ulu vətən", Brilliant Dadaşova - "Azərbaycan", Zülfiyyə Xanbabayeva - "Azərbaycan", Faiq Ağayev - "Azərbaycan", Aybəniz Haşımova - "Vətəndən pay olmayır", Azərin - "Qalx ayağa türk oğlu", Dəyirman qrupu - "Ya Qarabağ, ya ölüm!" kimi mahnıları göstərə bilərik.

Sonda qeyd etdiyim 1996-cı ildə keçmiş "Dəyirman" qrupunun sözləri Ozan Arifə, musiqisi Emin Əfəndiyə aid olanQarabağ müharibəsinə həsr olunan "Ya Qarabağ, ya ölüm" repi (mahnısı) bütün gənclərin indidə dinlədiyi və dinlərkən döyüş ruhunu hiss etdiyi, düşmənə qəzəb hissinin artdığı bir mahnıdır və əbəs yerə Çingiz Mustafayevin Xocalı soyqrımı haqqında çəkdiyi filmə remiks olunmayıb.

 

"Mənim könlüm ağlayar ağlayanla birlikdə,

QARABAĞda qaralar bağlayanla birlikdə.

70 illik yaşını silə bilmir QARABAĞ,

Azadlıq geldi, lakin gülə bilmir QARABAĞ.

Dünya duysun bu səsi! Bu səs şərqin səsidir,

Peyğəmbərin öydüyü nəcib irqin səsidir,

Bu seəs Azerbaycanın, bu ses türkün sesidir.

Bu erməni qəsd etdi canımıza qəsd artıq.

Ya QARABAĞ, Ya Ölüm Başqa Yolu Yox Artıq!

 

Musiqinin təsir gücünü nəzərə alsaq bu cür vətənpərvər mahnıları, hər yaş qrupunun dinləyə biləcəyi, hətta ifa edəcəyi formada yaratmaq və təbliğ etmək gərəkdir. Necə ki, bizdən daha şanlı tarixi olmamasına rəğmən başqa ölkələr bu cür musiqi əsərlərinin qeydinə qalırlar və nəinki ölkə daxilində, hətta başqa ölkələrdə də onların təbliğatı  ilə məşğul olurlar.

 

Nigar Orucova

 

Olaylar.- 2018.- 9-10 may.- S.13.