“Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan

xalqının tarixində yeri əvəzedilməzdi”

 

Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyi ilə bağlı Olaylar.az AMEA Elm Tarixi İnstitutunun Tarixşünaslıq və Mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahovla geniş söhbət etdi.  100 illik Azərbaycan Cümhuriyyətinin tarixinə, qurucularının həyat və fəaliyyətinə birgə nəzər saldıq.

Söhbətimizə ilk olaraq türkmənçay müqaviləsinə nəzər salmaqla başlayan Ziyad Əmrahov bildirdi ki, 1828-ci il 10 fevral Türkmənçay sülh müqaviləsini imzalayan tərəflər təkcə tarixi Azərbaycan ərazilərini ikiyə parçalamaqla kifayətlənmədi, həm də Azərbaycanın qədim dövlətçilik ənənələrini də xalqımızın yaddaşından silib atmağa çalışdılar. Arazdan cənubdakı torpaqlarımız Qacarlar, şimaldakı torpaqları-mız çar Rusiyasının müstəmləkə boyunduruğu altında yaşamağa məcbur edildi.

"Bu, elə bir əsarət rejimi idi ki, Arazdan cənubdakı soydaşlarımız fars şovinistlərinin, şimaldakı soydaşlarımız isə çar üsul-idarəsinin müstəmləkə qanunlarına tabe edilmişdi. İşğal edilən Azərbaycan torpaqlarında özgə dil, özgə din, özgə hakimiyyət fəaliyyətə başladı. Bu işğal dünyada mövcud olan digər işğallara - potuqal, ispan, ingilis işğalına heç bənzəmirdi. Bu işğalın mahiyyətində təkcə əsarət zənciri yox, həm də bu torpaqlara köçürülüb gətirilmiş ermənilərə dayaq durmaq, yerli türk-müsəlman əhalisinin torpaqlarının əlindən alınıb yadlara verilməsi və min illər boyu bu ərazidə məskunlaşan insanlara qarşı soyqırım siyasəti var idi.

Bütün bunlar azmış kimi 1828-ci il martın 21-də çar I Nikolay Azərbaycanın tarixi torpaqları olan Naxçıvan və İrəvan xanlıqlarının ərazisində erməni vilayətinin yaradılması haqqında fərman verdi. Bununla da, I Pyotrun zamanından Azərbaycan torpaqlarının işğalı üçün onun etnik mənsubiyyətinin ciddi-cəhdlə dəyişdirilməsinə dair dövlət siyasəti və strateji məqsədin yerinə yetirilməsi burada təsbit edildi.

Çar Rusiyası Azərbaycan xalqını öz mənəvi dəyərlərindən məhrum etmək üçün Şimali Azərbaycanı müsəlman qonşularından təcrid etməyə nail oldu. Albaniyanın keçmişi ilə bağlı tarixi abidələri məhv etdi və ya erməni idarəçiliyinə verdi. Hətta 1836-cı ildə Alban kilsəsini ləğv edərək, onun bütün səlahiyyətlərini erməni kilsəsinə verdi".

Daha sonra Ziyad bəy qeyd etdi ki, bu cür mürəkkəb və ziddiyyətli şərait yetişməkdə olan yeni nəsillərin müsəlman dünyasından ayrılması və özlərindən asılı olmayaraq üzünü Rusiyaya çevirməyə məcbur edirdi. Rusiya ədəbi, mədəni, ictimai və siyasi mühiti ilə yaxından tanış olan, bu mühitdə artıq formalaşan gənc nəslin nümayəndələri içə-risində A.A.Bakıxanov, M.Kazımbəy, M.F.Axundov, H.B.Zərdabi, N.Nərimanov və başqaları xüsusilə fərqlənirdi.

"XIX əsrdən başlanan mürəkkəb ictimai-siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxardı, yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz müstəmləkə əsarətindən çıxmaq üçün əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular.

Yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz ilk növbədə qarşılarına xalqın gözünü açmaq, onda milli mənlik şüurunu formalaşdırmaq məqsədini qoymuşdular.

Müstəqiliyyə qovuşmaq üçün yollar arayan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və başqaları Azərbaycanın gələcək siyasi xəritəsini cızdılar.

1917-ci ildə çar Rusiyasının dağılması Cənubi Qafqazda müstəqil dövlətlərin yaradılmasına şərait yaratdı. 1918-ci ilin mayın 28-də Tiflisdə keçmiş Qafqaz canişinin sarayında Azərbaycanın müstəqilliyi elan edildi".

İstiqlaliyyətinin tanınması münasibətilə Azərbaycan mətbuatında xeyli yazılar getdi. Azərbaycan Cümhuriyyəti xalqların beynəlxalq ailəsinə daxil oldu. Azərbaycanın müstəqilliyinin tanınması ona olan marağı da artırdı. Bir çox ölklərin Bakıda konsulluqları açıldı".

Cümhuriyyətin süqutuna nəzər salan Ziyad Əmrahov qeyd etdi ki, Azərbaycan XalqCümhuriyyətinin 23 ay dalğalanan səkkiz güşəli üç rəngli bayrağını 1920-ci il 28 aprel işğalı ilə milli ruhumuza yad olan sovetlər rejimi əydilər, ancaq endirə bilmədilər. 70 il ərzində Cümhuriyyətə çox damğalar vuruldu! Bu illər ərzində Cümhuriyyətlə bağlı çox tarixlər yazıldı. Cümhuriyyətin yaradılmasında haqqı olanları nahaq çıxarmaq üçün onlara müxtəlif damğalar vuruldu, əksinqilabçı kimi qələmə verənlər də oldu. Lakin sovet imperiyasının cəza-repressiya maşını Azərbaycan xalqının qan yaddaşından 23 aylıq Cümhuriyyət sevdasını silib ata bilmədi. Bu illər ərzində sən ümidini itirmədin. Bilirdin ki, sənə həyat verənlər bu xalqın gözünün işığı olublar!

Cümhuriyyətin 73-cü ildönümündə Azərbaycan yenidən müstəqil oldu, imperiya zəncirini qıraraq Özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan etdi".

"1991-ci ilin 18 oktyabrında Azərbaycan növbəti dəfə öz müstəqilliyinə qovuşdu və qəbul edilmiş "Konstitusiya Akt"ına görə özünü Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüququ varisi elan etdi. XX əsrin 90-cı illərinin Respublikamız üçün olduqca ağır sınaq illəri olmasına baxmayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 30 yanvar 1998-ci ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında" sərəncam verdi. Sərəncamda bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğu qeyd olunur, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin respublikada geniş qeyd edilməsi, yubiley tədbirlərinin hazırlanıb həyata keçirilməsi məqsədilə Dövlət Komissiyasının yaradılması, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi qərara alınırdı".

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Cümhuriyyətin 100 illik yubileyinə öz layiqli qiymətini verdiyini vurğulayan Ziyad Əmrahov bildirdi ki,2017-cı il 16 may tarixli sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli şəkildə keçirilməsi üçün sərəncam verildi.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin ən yüksək səviyyədə qeyd olunmasını qədim yunan əsatirindən alınmış fikirlərlə yekunlaşdırmaq istərdim. Qədim yunan əsatirinə görə ilk dəfə yer üzünə alovu göydən gətirən "Prometey" olmuşdur. Onu bu cəsarətinə görə yunanların baş allahı Zevs edam etmiş və Qafqaz dağlarında çarmıxa çəkdirmiş, qartallar isə onun ciyərini parça-parça edib qoparmışlar. Prometey edam edilsə də, onun dünya üzünə gətirdiyi alov sönməyib əsirlərcə qalmış, bəşəriyyətə, bəlkə də bütün həyata əvəzsiz bir xidmət etmişdir... Bəli, bax bu gün Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqının tarixində, qəlbində yeri və rolu Prometeyin gətirdiyi o alova bənzəyir. O alov ki, müstəqillik ideyalarıdır, hürriyyətdir, azadlıqdır, sönməyibdir, yaşayır, yaşadılır və layiqli şəkildə davam etdirilir və gələcək nəsillərə çatdırılır.

"Azərbaycan 1991-ci ildə növbəti dəfə öz müstəqiliyini əldə etdikdən sonra uzun müddət Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı formalaşmış fikirlər arxa plan keçdi, formalaşmaqda olan yeni nəsil 1918-1920-ci illər tariximizi yenidən araşdırmağa, yeni baxış bucağından hadisələrə və dövrün ictimai və siyasi xadimlərinə qiymət verməyə başladılar. 70 illik sovet dövrü ziyalılarından fərqli olaraq yeni nəsil sovet ideologiyasından uzaq olan müstəqillik dövrünün yetirmələri olduqlarından həmin dövrü layiqincə araşdırmağa çalışırlar. Bu baxımdan Cümhuriyyət qurucularının həyat və fəaliyyəti də diqqəti cəlb edir. M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, F.X.Xoyski, A.Səfikürdski kimi Cümhuriyyət xadimləri kifayət qədər araşdırılsa da, X.Xasməmmədov, N.Yusibəyli, Ə.Ağayev, M.H.Hacınski, Ə.Pepinov və digər Cümhuriyyət xadimləri haqqında hələ də boşluqlar qalmaqdadır və araşdırma tələb edir".

Cümhuriyyət tarixinin araşdırılması məsələsinə toxunan tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov qeyd rtdi ki, Cümhuriyyətin tarixinin araşdırılmasının sona çatmasını iddia eləmək və ya belə bir fikirlə çıxış eləmək olduqca gülünc bir məsələ olardı. Ona görə ki, bəhs elədiyimiz 23 aylıq Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hələ araşdırılmamış məsələləri qalmaqdadır. Xüsusilə mən qeyd etmək istəyirəm ki, qonşu dövlətlərlə, xüsusilə qonşu Rusiya ilə Cümhuriyyətin hansı əlaqələri olub? Bax bu məsələlər, eləcə də Avropa dövlətləri ilə münasibətləri dərindən araşdırılmalı və həmin ölkələrin arxiv sənədləri də dövriyyəyə cəlb olunmalıdır.

"100 il əvvəl qurulan və 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqının tarixində və taleyində yeri əvəzedilməzdir. Əvvəla, ordan başlayaq ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqına müstəqil yaşamaq, müstəqil dövlətçiliyə sahib olmaq kimi ideal bir yol cızdı. 1918-ci ilə kimi coğrafi məfhum kimi işlədilən Azərbaycan kəlməsini siyasi müstəviyə daxil elədi, bu günə kimi müstəmləkə olan coğrafi məkanı Azərbaycan Cümhuriyyəti beynəlxalq hüququn subyektinə çevirdi.

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanda Parlament sisteminin formalaşdırdı. Hələ çar Rusiyası dövründə Rusiya Dövlət Dumalarında Azərbaycanı təmsil etmələri ilə zəngin dövlətçilik və parlamentarizm təcrübəsi qazanmış dövrün ictimai-siyasi və dövlət xadimləri öz təcrübələrini Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentini formalaşdırmaqla ortaya qoydular, parlamentarizm idarəetmə sistemini dövlətçilik tariximizə gətirdi.

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanda ilk ali təhsil müəssisəsini - Bakı Dövlət Universitetini təsis etdi.

Həmin dövr üçün olduqca böyük əhəmiyyət kəsb edən bir qrup Azərbaycan gəncini xarici dövlətlərin universitetlərində ali təhsil almağa göndərə bildi.

Azərbaycanda ordu quruculuğu həyata keçirildi və hələ çar Rusiyası dövründə ordu sıralarına çağrılmaqdan uzaqlaşdırılmış soydaşlarımız artıq müstəqil dövlətin ordu sıralarına cəlb olundu.

Azərbaycan Xalq Cümhuriyyəti dövlət dili (türk dili) və eləcə də dövlət bayrağının təsis edilməsi haqqında müvafiq qanunlar verdi" - deyə, Ziyad bəy qeyd etdi.

 

Nigar Adil

 

Olaylar.- 2018.- 16 may.- S.5.