Yaxşılıqların sultanı olaq

 

Hər il Ramazan ayı gələndə dünya müsəlmanları 30 gün oruc tuturlar. Oruc nədi? Bu sualın cavabını Azərbaycanda ibadət edən hər kəs bilir. Niyə Allah onu vacib buyurub? Bu sualın cavabı haqqında isə çoxlarının ibtidai bilgisi belə yoxdu. İnsanlar elə bilirlər ki, oruc tutmaq gündüzlər ac qalıb axşamlar isə bir günün yeməyini bir dəfəyə yeməkdi. Və guya bununla da Allah qarşısında olan borclarını yerinə yetirmiş olurlar. Orucun əsil mahiyyətinin nə olduğunu bilməyə isə həvəs göstərmirlər. Allah deyir: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz" (Bəqərə surəsi, ayə 183). Əlavə şərhə gərək yoxdu. Allahın dediyi hər sözün öz çəkisi, öz məna tutmu var. Sadəcə bunu oxuyub dərk etmək lazımdı.

 

Azərbaycanda oruc tutanları bir neçə qrupa bölmək olar. Bir çoxları onun mahiyyətinin, əsil anlamının nə olduğunu bilənlərdi. Xüsusilə də savadlı, ziyalı insanlar bu ayini doğru-dürüst, Allahön Quranda söylədiyi kimi yerinə yetirməyə çalışırlar. Möminlər isə bütün varlıqları ilə Allaha bağlı olduqlarından və dini inancları Quranla üst-üstə düşdüyündən oruc tutmaq onlar üçün heç bir problem yaratmır.

Bir qrup insanlar da var ki, orucluq haqqında onların hərəsinin öz məntiqi, öz yanaşması var. Bu qrup insanların çoxu mövhumatın, xurafatın tələblərinə uyğun oruc tuturlar. Onlar bu gözəl, gözəl olduğu qədər sadə əməli o qədər qəlizləşdirirlər ki, ətraflarında olan insanlarda bəzən ikrah doğururlar. Məsələn deyirlər ki, sübh namazından əvvəl obaşdan durub çörək yeməmisənsə, tutduğun oruc haramdı, yaxud da günahdı, Allah qatında qəbul olunmur və s. Ən gülməlisi isə odur ki, bu adamlar müxtəlif dini qurumların, sektaların tərtib etdiyi ramazan cədvəlindən bir saniyə də olsa kənara çıxmağa o qədər çəkinirlər ki, sanki ilandan qorxurlar. Ramazan günlərində tərtib olunan cədvəllərin heç biri o biri ilə eynilik təşkil etmir. Hərəsinin "öz vaxtı, öz dəqiqəsi" var və hər kəs də özünün haqlı sayaraq deyir ki, onun tərtib etdiyi cədvəl Şamaxı rəsədxanasından götürülüb (?).

Yaxşı tanıdığım bir xanım var. İllərdi orucunun da, namazının da vaxtını internetdə yayınlanan cədvəllər əsasında yerinə yetirir. Və bu xanım hər gün - ilin 365 günü əsəb keçirir. Ki... niyə cədvəllərdə namaz vaxtları bir-birindən fərqlidi? İllərdi mən onu başa sala bilmirəm ki, sən Allaha ibadət edirsənsə, Onun dediyinə əməl et. Quranda hansı vaxt yazılıbsa, o zaman da ibadətini et. Amma xanım türk demiş, Nuh deyir, peyğəmbər demir: "yox, dindarların cədvəlindən bir dəqiqə o yan-bu yana keçə bilmərəm". Xanımın ali təhsili var, ölkənin ən böyük universitetlərindən birinin ən prestijli fakültəsində oxuyub, çox da savadlıdı, öz sahəsində barmaqla sayıla biləcək qədər adam onunla bəhsə girə bilər. Gəl ki, dini məsələlərdə Qurana yaxın durmur. Bütün günü özünü dindar adlandıran, İslamın bilicisi elan edən, dində təfriqə yaradıb, sünni-şiə ayrılığı salanların internetdəki yazılarını oxuyur, söhbətlərini dinləyir. Ona görə də İslamın təməlini, fəlsəfəsini, Quranın sanbalını başa düşmür.

Dünən söhbət edirdik. Orucluqla bağlı yenə də iradını bildirərək dedi ki, bu bir ayı yuxu üzünə həsrət qalacam, yenə də cədvəllər bir-birinə qarışıb. Biri yazır ki, gecə saat 3-də yeməyə başya, dördün yarısında bitir, o birində beş dəqiqə fərqlə eyni sözlər yazılır. Bir cədvəldə də yazılıb ki, yeyəndən iki saat sonra namaz qılmaq olar. Başqasında sübh yeməyini saat 3-ün yarısı yazıblar və s. Əsəbiləşərək "nitqinə" belə nöqtə qoydu: "Bunlar nə zaman doğru-dürüst cədvəl tərtib edəcəklər? Niyə bu qədər insanların əsəbində oynayırlar"? Əslində xanımın belə yanaşmasının adı xurafatdı, mövhumatdı. XXI əsrdə ali təhsilli bir xanımın oruc tutub, namaz qılmağa bu qədər sadəlöhv yanaşmasının başqa adı yoxdu. Dünya ədəbiyyatını oxuyan, klassik Azərbaycan ədəbiyyatını əzbər bilən bu ziyalı xanımın Quran oxumaması faciədi.

Halbuki Quranda deyilir: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için, sonra gecəyə qədər orucunuzu tamamlayın" (Bəqərə surəsi, ayə 187). Burda başa düşülməyəcək nə var ki? Bəyəm nənə-babalarımız, ata-analarımız Şamaxı rəsədxanasının göstərişi ilə, yaxud da müxtəlif dini birləşmələrin cədvəlləri ilə ibadət ediblər? Quranın tək bu ayəsi kifayət edir ki, sübh namazının da, obaşdanın da vaxtını biləsən. Sadəcə olaraq pərdəni aralayıb pəncərədən baxmaq, yaxud da qapıdan çölə çıxaraq başını qaldırıb göyə baxmaq lazımdı. Bu da cəmi-cümlətanı bir dəqiqə, ya da yarım dəqiqə vaxt aparır. Niyə axı insanlar özlərinə bu qədər zülüm edirlər?

Bəzi insanar da var ki, ümumiyyətlə orucun mahiyyətindən xəbərsizdirlər, necə deyərlər, axına qoşulub oruc tuturlar. Namaz haqqında isə zərrə qədər anlayışları yoxdu. Onlar eynilə haqqında danışdığım xanım kimi, kim nə desə, o cür də hərəkət edirlər. Hətta 30 gün dalbadal oruc tutmaq haqqında da düşüncələri fərqlidir. "Niyət etmişəm ramazanda bir həftə oruc tutacam. Allah səsimi eşidib filan işimi həll etsə 3 gün oruc tutacam" deyənlər də var. Bunlar Allahla şərt kəsirlər, sanki, Allaha rüşvət təklif edirlər ki, filan məsələm həll olunsun oruc tutacam,əks halda mümkün deyil. Bir qrup insanlar da var ki, oruc tutmağa dieta kimi yanaşırlar. İlin 11 ayı istədiyi qədər yeyib-içirlər. Ramazan ayı gələndə isə arıqlamaq məqsədilə oruc tuturlar. Təbii ki, onun istədiyi nəticəni alınmır. Bəzən eləsi tapılır ki, həmin ayda bir neçə kilo çəki almış olur.

Allah isə Onunla şərt kəsib "rüşvət" təklif edənlərin, eləcə də oruc tutmağa dieta kimi yanaşanların düşüncələrini və istəklərini belə alt-üst edir: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona şükür edəsiniz (Bəqərə surəsi, ayə 185).

Ramazan ayı haqqında deyirlər ki, o, on bir ayın sultanıdı. Bu, elə-belə gəlişi gözəl sözlər deyil. Bu ayda insan mənən saflaşmaq, təmizlənmək, günahdan, pislikdən uzaq olmaq üçün oruc tutur. İnsan oruc tutmaqla özünün iradəsini, dözümünü möhkəmləndirir. Deməli möhkəm iradə sahibi olan ali varlıq - İNSAN Allahin dediyi yaxşılıqların əlindən tutar. Və insan özü bütün yaxşılıqların sultanı ola bilər. Bu yaxşılıqların içində Allaha inam və sevgi, haqq və ədalət, bərəkət, sağlamlıq, gözəllik var. Bu sadaladıqlarımı Allah insana yaşadığı bir ömürdə bəxş edir. Ramazan ayı bir insan ömrünə yazılan 50, 60, 70... 100 illik talenin bütün fəsillərində, bütün aylarında, günlərində olur.

(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir (Bəqərə surəsi, ayə 184).

Gəlin özümüzü bu xeyirdən məhrum etməyək. Yaxşılıqların sultanı olaq.

 

Züleyxa Nadir

 

Olaylar.- 2018.- 17 may.- S.12.