Azərbaycanın milli
hərbi
qüvvələri necə yarandı?
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi
diplomatiyası
Azərbaycan
Xalq Cümhuriyyətinin qərar tutduğu geostrateji məkan
və mürəkkəb hərbi-siyasi şərait, əldə
edilmiş müstəqilliyin qorunması üçün bütün
sahələrdə olduğu kimi, hərbi diplomatiya sahəsində
də fəal siyasətin həyata keçirilməsini tələb
edirdi. Belə bir siyasət,
bir tərəfdən Azərbaycanın
müstəqilliyinə qarşı istiqamətlənmiş ciddi hərbi təhlükənin
qarşısının alınmasında, uyğun
beynəlxalq şəraitin formalaşmasına zəmin yaratmaqla bərabər, həm də zəruri
bazası və infrastrukturu olmayan Cümhuriyyət Ordusunun
formalaşmasına əlavə imkanlar aça bilərdi.
Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən dərhal sonra ilk hərbi diplomatik fəaliyyət, məhz Azərbaycanla Osmanlı Türkiyəsi arasında əməkdaşlıq müqaviləsi imzalanması və həmin müqaviləyə əsasən, Azərbaycanla Osmanlı Türkiyəsi arasında tarixi hərbi əməkdaşlıq qurulması ilə başlamışdı. Azərbaycanın müstəqilliyi və bütünlükdə Azərbaycan xalqının mövcudluğu üçün real təhlükə olan bolşevik-daşnak təcavüzünün qarşısının alınması üçün Osmanlı Türkiyəsinin məhdud hərbi qüvvələri Azərbaycana gəldi. Osmanlı hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı. Hər iki ölkə arasında çox səmərəli və faydalı hərbi əməkdaşlıq 1918-ci ildə Bakının yad qüvvələrdən təmizlənməsinə və bu şəhərin Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrilməsinə imkan verdi.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin hərb tarixi üzrə dosenti, polkovnik Atamalı Şahbazov qeyd edib ki, Birinci Dünya Müharibəsinin nəticələrini özündə əks etdirən Mudros sülh müqaviləsinin şərtlərinə əsasən, Osmanlı hərbi qüvvələri Azərbaycanı tərk etmək məcburiyyəti qarşısında qalanda, hökumətin qərarı ilə Cümhuriyyətin Hərbi Nazirliyi bərpa edildi. Hərbi Nazirliyin təşkilatlandırılması çar Rusiyası ordusunda tam artilleriya generalı rütbəsinə qədər yüksəlmiş Səməd bəy Mehmandarova həvalə edildi. Onun Hərbi nazir təyin edilməsi, ordusu çox zəif olan Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunun səmərəli və peşəkar səviyyədə aparılmasında, istiqamətləndirilməsində və müdafiə qabiliyyətinin gücləndirilməsində müqayisə edilməyəcək dərəcədə sıçrayış yaratdı. Hökumət və eyni zamanda Hərbi Nazirlik ölkənin daxili imkanlarını səfərbərliyə almaqla yanaşı, həm də fəal xarici siyasət aparılmasına diqqəti xeyli gücləndirdi. İlk növbədə, Mudros sülh müqaviləsinin şərtlərinə görə, Azərbaycanın nəzarət altına alınması üçün müttəfiq dövlətlər adından Bakıya göndərilmiş ingilis hərbi qüvvələrinin komandanlığı ilə qarşılıqlı əlaqələrin qurulmasına səy göstərildi. İngilis hərbi komandanlığının tələbi ilə Hərbi Nazirlik Bakıdan Gəncəyə köçürülmüş və orada fəaliyyət göstərməli olmuşdur. Eyni zamanda, həmin tələbə əsasən, bütün milli hərbi qüvvələr də Bakıdan çıxarılmışdı. Sonradan, Hərbi Nazirliyin rəhbərliyinin fəal siyasəti nəticəsində, 1919-cu il aprelin 5-də Azərbaycanın məhdud sayda hərbi qüvvələrinin Bakıya dönməsinə icazə verilmişdir.
Bundan başqa, çar Rusiyasından Azərbaycana miras qalmış bir neçə hərbi gəmi də ingilis qüvvələrinin nəzarəti altına keçmişdir. Həmin gəmilərin geri alınması üçün də ingilis hərbi komandanlığı ilə fəal məsləhətləşmələr aparılmışdır. Azərbaycan Hökumətinin ingilis komandanlığı ilə apardığı yazışmalar bunu sübut edir. Amma bütün cəhdlərə baxmayaraq ingilis komandanlığı Xəzər Donanmasına aid olan hərb gəmilərin əsas hissəsini Azərbaycana deyil, Denikin ordusuna təhvil vermişdir. Lakin sonradan həmin gəmiləri geri almaq mümkün olmuşdur. Denikin ordusunun hücum təhlükəsinin qarşısının alınması Azərbaycan Xalq Cümhuriyyətinin hərbi diplomatiyasının fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edirdi. Denikin təhlükəsi yalnız Azərbaycana qarşı deyil, bütünlükdə Cənubi Qafqaza qarşı istiqamətlənmişdi. Bu təhlükənin qarşısının alınması üçün Azərbaycanla Gürcüstan arasında çox fəal və səmərəli hərbi diplomatik əlaqələr quruldu. Məhz mövcud şəraitdə Gürcüstanla qarşılıqlı hərbi əlaqələrin qurulması hər iki dövlət üçün strateji əhəmiyyət kəsb edirdi. Həmin hərbi əməkdaşlıq özünün hüquqi əksini 1919-cu il iyunun 16-da iki respublika arasında imzalanmış hərbi sazişdə tapdı. Sazişi Azərbaycan hökuməti tərəfindən xarici işlər naziri Məmmədyusif Cəfərov, Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarov və Baş Qərargah rəisi general-leytenant Məmməd bəy Sulkeviç, Gürcüstan tərəfindən isə Xarici İşlər naziri Geqeçkori, Hərbi nazir Ramişvili, Hərbi nazirin köməkçisi Qedevanov və general Odişelidze imzalamışdı. Tiflisdə imzalanmış üç il müddətinə on maddəli həmin sazişin əsas mahiyyəti respublikaların hər hansı birinə xarici müdaxilə olacağı halda digər respublika ona mümkün hərbi köməyi göstərməsi idi. Bu sazişin imzalanması həmin dövrdə Azərbaycan dövlət və hökumət rəhbərliyi, habelə siyasətçilər tərəfindən son dərəcə yüksək qiymətləndirildi. 1919-cu il iyunun 27-də Parlamentin fövqəladə iclasında həmin saziş ratifikasiya olundu. Sazişdən əlavə, iki dövlət arasında hərbi-texniki əməkdaşlıq haqqında sənəd də imzalandı. Həmin sənədə müvafiq olaraq, Gürcüstan həm hərbi-texnika və sursat baxımından, həm də kadrların hazırlanması baxımından Azərbaycana dəyərli kömək göstərdi. İki ölkə arasında hərbi əməkdaşlığın uğurlu davamı kimi 1920-ci il yanvarın 20-də Azərbaycan və Gürcüstanın müştərək Hərbi Şurası təsis edildi. Azərbaycan tərəfindən bu şuraya Hərbi nazirin köməkçisi general-leytenant Əlağa Şıxlinski və Baş Qərargah rəisi general-leytenant Məmməd bəy Sulkeviç, Gürcüstan tərəfindən isə general Odişelidze və general Kutatelidze təyin edilmişdir. Qarşılıqlı hərbi əməkdaşlığın yüksək səviyyədə qurulması üçün Gürcüstanda Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Attaşeliyi də təsis edildi. 1919-cu il martın 26-da Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarov 148 nömrəli əmri ilə o zaman Hərbi Nazirliyin Hərbi topoqrafiya şöbəsinin rəisi olmuş podpolkovnik Məmməd bəy Əliyevi bilavasitə Ordunun Baş Qərargah rəisinə tabe olmaqla, Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı Diplomatik Missiyasında Hərbi Attaşe vəzifəsinə təyin etdi. İkitərəfli hərbi əlaqələr üçün Hərbi Atteşelik aparatının vacibliyini bilən Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarov 27 may 1919-cu ildə 271 nömrəli digər əmri ilə isə Gəncə Praporşiklər məktəbini fərqlənmə ilə bitirmiş praporşik (Cümhuriyyət dövründə ilkin zabit hərbi rütbəsi) Əsgər Əsgərov-Kəngərlinskini Gürcüstan Respublikasındakı Diplomatik Missiyada Hərbi Attaşenin tapşırıqçısı vəzifəsinə təyin edir. Sonralar praporşik Əsgər Əsgərov-Kəngərlinski Sovet dövründə 1921-ci ilin iyulundan 1922-ci ilin iyununa kimi Türkiyədəki Azərbaycan Sovet Respublikasının Diplomatik missiyasında Hərbi attaşe vəzifəsində xidmət etmiş və Diplomatik Missiya bağlanarkən "Azərbaycanın Faciəsi" adlı əlyazmasına görə Sovet xüsusi xidmət orqanları tərəfindən cəzalandırılması üçün konvoyla geri gətirilərkən qaçmış və böyük ehtimalla Türkiyədə gizlənmişdi.
Ardı
var
Nurlan
Olaylar.- 2018.- 18 may.- S.4.