Azərbaycan tarixinin

təbliğində muzeylərin rolu

 

 "Biz öz varlığımızı yalnız mədəniyyət ilə sübut edə bilərik, çünki mədəniyyət və incəsənət ən böyük informasiya mənbəyidir"

 

Üzeyir Hacıbəyov Elmi-texniki proqres və hərtərəfli yeniləşmələrlə zəngin olan informasiya əsrimizdə muzey fəaliyyətinin canlanması, daha interaktiv olması cəmiyyətimiz üçün olduqca vacibdir. Çünki, hər bir xalqın mədəniyyətinin inkişafında, tanınmasında, daha dəqiq desək, hər bir xalqın tarixinin təbligində muzeylərin rolu çox böyükdür. Belə ki, respublikaya gələn xarici qonaq sənət məbədlərimizlə daha yaxından tanış olmaq üçün ilk növbədə muzeylərə baş çəkirlər.

Bildiyimiz kimi muzey - ədəbiyyat tarixi, maddi və mədəniyyət abidələrini kompektləşdirən, saxlayan, öyrənən və nümayiş etdirən elmi- maarif müəssisəsidir. Muzeylər əsasən elmi-maarifçi, tədqiqat və tədris tipli olur və profillərinə görə bir-birindən fərqlənirlər. Tarix, ədəbiyyat, incəsənət və texnika yönlü muzeylər. Qeyd etməliyik ki, maddi mədəniyyət nümunələrinin toplanması, işlənməsi və təbliği prosesləri də məhz muzeylər vasitəsilə həyata keçirilir. Qədimdə muzey anlayışına yalnız incəsənət və elm sahəsi üzrə əşyaların, eksponatların kolleksiyalaşması aid edilirdisə, XVIII əsrdən başlayaraq bu anlayışa eksponatların yerləşdiyi binalar , XIX əsrdən isə muzeydə aparılan elmi tədqiqat işləri daxil edilmişdir. Muzey işinin inkişafı, insanların mənəvi həyatında rolu XVIII-XIX əsrlərdə daha qabarıq surətdə nəzərə çarpırdı və ilk müasir rəsmi dövlət və ictimai muzeyi 1753-cü ildə İngiltərədə yaradılmışdır. Azərbaycan tarixində isə ilk rəsmi muzey 1919-cu ildə Azərbaycan Parlamenti nəzdində yaradılan "İstiqlal" muzeyidir Azərbaycanda Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi I dövrdə muzey işinin inkişafında böyük nəticələr əldə olunmuşdur. Bir çox muzeylər də məhz Heydər Əliyevin təşəbbüsü ilə, diqqət və qayğısı nəticəsində yaranmışdır, ümumiyyətlə həmin vaxtdan başlayaraq muzeylərdə böyük dirçəliş hiss olunmuşdur. Bəs Azərbaycan tarixinin təbliğində və ölkə mədəniyyətinin inkişafında muzeylərin rolu nədən ibarətdir ? İlk əvvəl qeyd etməliyik ki, muzeylər təhsil mənbəyi olduğu üçün cəmiyyətin marağına xidmət etməlidir, ictimaiyyət üçün açıq olmalıdır. Geniş və çoxşaxəli fəaliyyətə malik olan muzeylər elmi fəaliyyətində dövlət təhsil müəssisələri ilə, elmi-tədqiqat institutları ilə sıx əlaqədə olmalıdır. Tariximizin təbliğində Azərbaycan Respublikasının tədris müəssisələrində təşkil olunmuş muzeylərin də rolu çox böyükdür. Belə ki, bu müəssisələrdə təhsil alan əcnəbi tələbələr az da olsa azərbaycan dilini mənimsədiklərinə görə, ətrafında azəri dostları olduqlarına görə muzeydəki eksponatlar onlar üçün daha çox əhəmiyyət kəsb edir. Hər bir xalq öz tarixinin qədim və zənginliyinə arxalanmalıdır. Bu zənginliyi sübuta yetirən isə abidələr və muzeydə qorunub saxlanılan eksponatlardır. 20 %-dən çox ərazisi işğal altında olan Azərbaycan torpağında minlərlə qədim tariximizi əks etdirən memarlıq abidələri- məsçidlər, mədrəsələr, muzeylər və s. yerlə yeksan edilmişdir. Müvafiq ekspozisiyalarda bu abidələrin əvvəlki görkəmini əks etdirən rəngli fotoşəkilləri verilməli, həmin abidələr haqqında etiketlər, izahlı mətnlər bir neçə dildə hazırlanmalıdır. Ekspozisiyanın daha zəngin və maraqlı olması üçün abidələrin maketlərini və mulyajlarını yaratmaq lazımdır. Ümumiyyətlə, ekspozisiyada orijinal materiallara, əyani dəlillərə daha çox müraciət etmək lazımdır. Belə məhv edilmiş muzeylərdən biridahi bəstəkarımız Üzeyir Hacıbəylinin Şuşa şəhərində 1959-cu ildə açılmış ev muzeyidir. Hazırda bu muzeyin maketi Üzeyir bəyin Bakıdakı ev muzeyində qorunub saxlanılır. Bu maket muzeyə gələnlərin böyük marağına səbəb olur. Maketdə ağaclıqlarla əhatə olunmuş səliqəli həyətdə kiçik su quyusu, 4 otaqlı ev adamı heyran edir. Evin işıqlarını yandırdıqda adama elə gəlir ki, sanki kiçik Üzeyir bu dəqiqə həmin evdən həyətə qaçacaq. Bundan başqa bizim muzeydə həmçinin Qarabağın milli geyimləri, Qarabağda işlədilən məişət əşyaları da nümayiş etdirilir. Hər bir muzey imkan daxilində bu abidələrin tarixinə dair mövzuları müəyyənləşdirməli və bu mövzuda sərgilər təşkil etməlidir. Çünki sərgilər tariximizin təbliğində əsas yer tutur. Milli geyimlərimizi, milli yeməklərimizi, xalq oyunlarımızı əcnəbilərə göstərmək üçün tez-tez açıq səma altında səyyar sərgilər təşkil edilməlidir. Bunun üçün isə müvafiq vaxt seçilməlidir. Məs: Novruz bayramı günlərində, Respublikamızda keçirilən beynəlxalq idman yarışları və ya mədəni-kütləvi tədbirlər zamanı. Belə olduqda respublikamıza gələn xarici qonaqlar elə bu sərgi vasitəsilə vətənimizin zəngin tarixi ilə tanış ola biləcəklər. Muzeylərdə tez-tez müvafiq mövzularda mühazirələr, söhbətlər keçirilməlidir və bu mühazirələr texniki vasitələrlə müşayiət olunmalıdır, sənədli filmlərdən, video çəkilişlərdən istifadə edilməlidir. Bütün bunlar muzeyə gələn xarici qonaqlarda Azərbaycan tarixinə dair saxtalaşdırılmış fikirləri aradan qaldırmaq üçün böyük rol oynayır. Ümumiyyətlə, həm gələcək nəsillərə, həm də xarici qonaqlara tarixin daha düzgün, daha dolğun çatdırılması üçün mühazirələrin bir neçə dildə aparılması daha məqsədəuyğun olardı. Bir əyani vəsait kimi xalq oyunlarımızın, milli geyimlərimizin əsasında eskizlər, maketlər hazirlanaraq sərgilənərsə , bu xarici qonaqlarda daha çox xoş təəssürat yaradacaq. Musiqi və incəsənət profilli muzeylərimiz isə milli musiqimizin, yəni mədəniyyətimizin təbliğində böyük rol oynayırlar. Nadir not nümunələri, nadir lent yazılarının nümayişi xarici qonaqlarda maraq doğuran amillərdəndir. Bundan başqa muzeylər internet səhifələrinə daxil olmaqla da öz eksponatlarını dünya arenalarına çıxara bilərlər. Nəzərə almaq lazımdır ki, əgər Azərbaycanda fəaliyyət göstərən hər bir muzeyin nəzdində milli atributlarımızı əks etdirən müxtəlif suvenirlərin, disklərin, nəşrlərin satış-sərgisi üçün yer ayrılarsa bu daha məqsədəuyğun olardı. Çünki, hər bir xarici vətəndaş qonaq gəldiyi ölkənin milliliyini əks etdirən suvenirlərdən istifadə etməyi özünə borc bilir. Bəli, keçmişimizi xatırladan, tariximizin müəyyən mərhələlərini özündə yaşadan muzey eksponatlarına baxanda qəlbimiz fərəh hissi ilə dolur. Ona görə də bu eksponatlar daim qayğı ilə qorunmalı, öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır.

 

Həsənova Təranə

Üzeyir Hacıbəylinin ev muzeyinin elmi işçisi

 

Olaylar.- 2018.- 18 may.- S.10.