LAÇINLI   VƏTƏN 

 

Ömrümün Qarabağ səhifəsi

 

Əməkdar jurnalist, Qarabağ Müharibəsi veteranı Əntiqə Qonaq yazır.

 

Əməkdar jurnalist, Qarabağ Müharibəsi veteranı Əntiqə Qonaq Qarabağ savaşında hərbi jurnalist kimi bütün cəbhə bölgələrinə dəfələrlə səfərlər etmişqaynar döyüş səhnələrinin şahidi olmuşdur. Döyüşlərdə iştirak edən zabit və əsgərlərlə canlı ünsiyyətdə olmuş və torpaqlarımızın müdafiəsində duran igid oğullarımızdan müsahibələr almış, onların istək və problemləri ilə maraqlanmış və bu səpkidə yazdığı müxtəlif janrlı yazıları ilə dövri mətbuatda mütəmadi çıxışlar etmişdir. Müharibə mövzusunda yazdığı iki kitabın müəllifidir: "Ölməzlik" və "Vətən, səndən keçmək olmaz!".               

"Ömrümün Qarabağ səhifəsi" layihəsində Əntiqə Qonaq müharibədə canlı şahidi olduğu hadisələrdən, cəbhə xatirələrindən söz açır.

 

Laçın rayonunun ərazisi 1835 kv.km., əhalisi 58.229 nəfərdir. Şəhər, qəsəbə və 125 kəndi olub. 1992-ci il mayın 18-də erməni quldurları tərəfindən işğal edildikdən sonra rayon əhalisi respublikamızın 58 şəhər, rayon və kəndində məskunlaşmışdır.

Müharibədə 262 nəfər, o cümlədən 18 uşaq şəhid olub, 67 nəfər itkin düşüb, 65 nəfər girov aparılıb. 103 nəfər əlildir. 1071 nəfər valideynini itirib. 33 uşaq isə hər iki valideynindən məhrum qalmışdır. 1500 nəfər Qarabağ Müharibəsi veteranıdır. 5 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür.

Güləliyev Oqtay Güləli oğlu,

Şahverdiyev İsrafil Şahverdi oğlu,

Mehdiyev Fazil Umud oğlu,

Eyvazov Qorxmaz Abış oğlu,

Nəsibov Kamil Baladə oğlu.

Bəlkə də həytımda ilk dəfəydi çiçəklərə və heyvanlara insanlardan daha çox acıyırdım. Çünki Laçının işğal olunmamış 5 kəndində qarşılaşdığımız ancaq yol qırağındakı ev heyvanlarının leşləri, aclıqdan mələşən qoyun - quzular, birki, əsgər məntəqələrini müvəqqəti əvəzləyən kənd məktəblərindəki dibçəklərdə qurumaqda olan çiçəklər. Və mənim ağlaya-ağlaya çubuqla bu çiçəklərin diblərini yumşaltmağım, qurumuş yarpaqlarını qoparıb atmağım, sulamağım... Bir neçə dibçək gülünü isə özümlə Bakıya aparmağım. Və mən bu çiçəkləri yalnız bir-iki il yaşada bildim. Ömürlük nədi, heç çoxillik də deyilmişlər... Bəlkə də doğma yurdlarının xiffətini çəkdiklərindəndi, bəlkə də onlar üçün uyğun sayılmayacaq bir məkanda özlərini qərib, yad hiss etdiklərindəndi... hər nədisə soldular, məhv oldular...

... Və mən Laçının və bütün Vətənimin, laçınlıların və hamımızın ən hüznlü günündə 1992-ci ilin 6 iyununda çalışdığım "Həyat" qəzetində çap etdirdiyim, həmin günlərin əhvalı ilə qələmə alınmış "Laçın əyilməzdi... onu kim əydi?!" sərlövhəli yazımı bu günkü oxucuların nəzərinə çatdırmaq istəyirəm. Çünki Laçın Azərbaycanın qədim yaşayış məskənlərindən biridir.... və biz onu işğaldan azad edəcəyik və həmişə də bizim olacaqdır.

 

****

 

... Şuşanın işğalından sonra Laçının taleyi tükdən asılı idi. Acı bir həqiqət olsa da, əksəriyyət Laçının Şuşasız duruş gətirəcəyinə şübhə edirdi. Amma heç kəs bu günü arzulamırdı, xəyal belə etmirdi.

Xocalı faciəsi, Şuşa müsibəti kimi Laçının da işğalını bir neçə gün xalqdan gizlətdilər. Yalanın isə ömrü uzun olmur, - deyirlər. Olmadı da. Laçının itirilməsi həqiqəti hamıya məlum oldu. Çoxumuza elə gəlirdi ki, Laçın təklikdə düşmənə müqavimət göstərə bilməz. Demə...

Başı bəlalı Laçının hər daşına, kəsəyinə bələd olanlar tamam başqa fikir yürüdürdülər. Laçını qorumaq olardı. Amma...

Hələ ki, Laçının varlığı beş kəndlə - Güləbird, Səfiyan, Türklər, Yuxarı Fərəcan, Aşağı Fərəcanla müəyyən olunur. Bu kəndləri isə laçınlı Vaqif Cabbarovun könüllülərdən ibarət dəstəsi və Qubadlı igidləri qoruyurlar. Bizi həmin kəndlərə Qubadlının könüllülərdən ibarət batalyonunun komandiri, məşhur idmançı (ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı) Əliyar Əliyev, onun müavinləri Sadiq PaşayevYaqub Əliyev apardılar. Əliyar Əliyev əlini qarşı tərəfə uzadaraq deyir: "Baxın, o torpaqları görürsüz, hamısını biz Qubadlı döyüşçüləri azad edəcəyik". (Elə Laçın torpaqlarının müdafiəsində də şəhid oldu. Allah rəhmət eləsin).

GÜLƏBİRD

kəndinin girəcəyindəki laləli düz nədənsə mənə şəhid qanına bələnmiş bir parça vətən torpağını xatırlatdı. Azadlığa gedən yol şəhidlikdən keşir. Torpağın azad nəfəs alması üçün bu qan onun damarlarına hopub axmalıdır. Biz hələ də o məqamı gözləyirik. Yəqin torpaq hələ doymayıb. Ulu ustadımız Sarı Aşığın qarşı dağdakı tənha məzarı indi elə bil sakinləri tərəfindən tərk edilmiş Güləbirdin xiffətini çəkir. Bu gözəllik, bu füsunkar təbiət sanki heç kəsə lazım deyilmiş. Elə bil şəninə şeirlər yazılan, dastanlar qoşulan Laçın torpağının bu kiçicik parçası heç kəsin ömründə iz salmayıbmış. İllər uzunu kənd əhlinin dişlə, dırnaqla, alın təriylə, min bir əziyyətlə düzəltdikləri ev-eşik, həyət-baca kimsəsizlikdən təngə gəlib, biganəliyin, baxımsızlığın, atılmışlığın xiffətini, zillətini çəkir. Sahibsiz həyət-bacada  o tərəfə, bu tərəfə vurnuxan toyuq-cücə, qoyun-quzu, mal-qara, it-pişik məzlum-məzlum yoldan ötənlərə boylanır, acından səs-səsə verib qaqqıldaşır, mələşir...

Yol boyu iylənmiş heyvan cəmdəklərinin üfunəti gülün-çiçəyin ətrini üstələyib. Bu gözəlliyin qəlbinə iri bir xal düşüb. Lalələrin qəlbindəki qara yara kimi... Zorla qəhərimi boğuram, dişim dodağımı kəsir. Nə ətrafıma toplaşanlardan bir kəlmə soruşa bilirəm, nə də ki, qəlbimdən keçənləri söyləyə. Yol yoldaşım, döyüşçü Babəkin də qanı damarında donmuşdu sanki. Köməyimizə Vaqif Cabbarov çatır: "Hə, indi gördünüz ki, biz nələr çəkirik", - deyə sözə başlayır:

-Bu cür torpağa, daha doğrusu, cənnətə üz çevirəndən Allah da keçməz. Adamı yandırıb-yaxan odur ki, bir güllə belə atılmadan şayiələrə uyub Laçını tərk etdilər. Müqavimətsiz təslim ediblər bu cənnət məkanı düşmənlərə. Mayın 3-ü və 4-də Qayğı qəsəbəsini hərbi vertolyotlarla bombaladılar, bir nəfər qaçmadı. Bəs, indioldu? Kimlər yoldan çıxardı onları? Kimlərin felinə düşdülər? Kimlərin fitnə-fəsadına uydular? Axı, bütün bunlar başlı-başına buraxılmayacaq. Bir gün tariximiz doğru-dürüst yazılacaq. Belə şərəfsiz tarix kimə lazımdır? Məgər babalarımız bişim üçün şərəfsiz tarix qoyub gediblər? Məgər onlar belə vəsiyyət ediblər? Nankor övladlar cəzalarına çatmalıdılar, ya yox?..

Ahıllığın astanasında duran Vaqifin tüstülənə-tüstülənə dediyi bu sözlər ürəyimi xəncər kimi ovur. Eloğlularının dönüklüyünə dözməyib könüllüləri başına toplamış və işğal olunmuş Azərbaycan torpaqlarının geri alınması uğrunda mübarizəyə başlamışlar. Könüllülər deyəndə oğlanları Cabbar, Valeh, Cəlal və Aqil, yeznəsi Şakir, əmisi uşaqları Rizvan, Səfa, Nurəddin, Elşad, Malik, Tahir, Habil, Məhərrəm, Qafar... Qohum-qardaşın bu igidliyini və qeyrətini görən ayrı-ayrı kəndlərin cavanları da dəstəyə axışıb. Fərhad, Sərhad, Tahir, Saday, Etibar, İlqar, Şamilbir çox başqaları.

Rafael Abdullayev əslən Laçınlıdır. Xeyli müddətdir Bakıda yaşayır. Bu xəbəri eşidəndən doğma yurda üz tutub. Qərib Mirişli ağırlıq qaldırma üzrə çempiondur, keçmiş SSRİ miqyaslı yarışlarda dəfələrlə uğurla iştirak edib. Torpaqlarımız düşmən təcavüzünə məruz qalan gündən silaha sarılıb dədə-baba yurdu Cəbrayılın müdafiəsinə qalxıb. Gənc olmasına baxmayaraq, altı qız, iki oğul atasıdır. Laçın dərdi ona daha çox yer eləyib.  Səkkiz uşağını həyat yoldaşının ümidinə qoyaraq bura gəlib. İndi Cəbrayıl rayonunun Pirəsət kəndində yaşayan yeganə ailə Qəribin ailəsidir. Çünki digərləri çoxdan ailələrini kənddən çıxarıblar.  Qəribin ailəsinə isə nə həyan duran var, nə də ki, köməklik göstərən. Söz verib ki, Laçını azad görməyincə geri dönməyəcəkdir. Müsahibə verməkdən boyun qaçırdı. Qədim bir bayatının son misralarını pıçıldadı: "Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı, -deyiblər. Qanımız vətən torpağına qarışacaqsa, bunun özü də əlçatmaz xoşbəxtlikdir".

Rayonun icra hakimiyyəti başçısının Güləbird üzrə nümayəndəsi Qaçay Aslanovun sinəsi isə həm dərdlə, həm də sözlə doludur:

-Güləbirdin 1700 nəfər əhalisi, 348 təsərrüfatı var. İndi kənddə qalanları barmaqla saymaq olar. Buralara erməninin ayağı dəyməyib. Bəs, niyə qaçıblar? Sarı Aşıq kolxozunun 36 maşınından heç biri gözə dəymir. Hamı qeybə çəkilib elə bil. Hərə idarə etdiyi texnika ilə birlikdə aradan çıxıb. Heç olmaya qoyub gedəydilər, indi karımıza gələrdi. 670 baş qara mal, 400 baş qoyun-quzunun harada olmasından da kimsənin xəbəri yoxdu. Kolxozun sədri Tahir Salahov əmin-amanlıq vaxtı özünü bəy kimi aparırdı. Birincilər sırasında qaçanlardandır. Bu cür quru bəylər nəyimizə lazımdı? Bəs, Güləbirddə qalıb işləyənlərin maaşlarını kim verməlidir? Onların ortabab təchizatını kim təmin etməlidir? Laçını satanlara onun duzu, çörəyi haram olsun, gözlərini tutsun. Amma üzümü Güləbirddən qaçanlara tutub deyirəm: "Qayıdın doğma kəndinizə, burada müdafiəçiləriniz çoxdu. Həm də lap çox".

Qubadlı rayon daxili işlər şöbəsinin rəis müavini Əli Mehdiyev qəzəbinni boğa bilmir. Hadisələrin şahidi kimi reallıqları, həqiqətləri açıqlayaraq deyir:

-Məğlubiyyətimizin əsas səbəbi odur ki, hələ də müharibə qanunları ilə yaşamırıq. Daha doğrusu, indiyədək müharibədə uduzmamışıq, siyasi oyunlarda uduzmuşuq. Bir mafiya digərini yıxmaqdan ötrü cinayətə belə əl atır. Torpaq xalqındır. Məgər onunla alver etmək olar? Şuşanın mövqeyi ona alınmaz qala adını qazandırıb. Buna baxmayaraq, qeyd-şərtsiz təslim etdilər şəhəri. Kosalar Xankəndinin 16 kilometrliyində olmasına baxmayaraq, bir gün artıq nüqavimət göstərib düşmənə. Kəndin müdafiəçiləri ayın 9-da tərk ediblər Kosaları. Şuşanı qoruyan müxtəlif qüvvələr arasında birlik olmadı. Döyüşlər vahid komandanlıq altında getmirdi. Mən ayın 8-də Turşsuda idim. Kirs dağını aşaraq keçmişəm bu tərəfə. Fikirləşirdim ki, heç olmaya Laçını qoruya bilək. İlk günlər ümidimiz də artmışdı buna. Mayın 13-də Laçına güclü texnika gətirildi. Bu texnikayla Qarabağdakı quldur yuvasını darmadağın etmək olardı. Təəccüblü olsa da, bir gün sonra texnikanı elə gəririldiyi yolla da geri qaytardılar. Soruşanda da cavab verdilər ki, belə əmr almışıq, təcili Bakıya dönməliyik. Qubadlının milis işçiləri, müdafiəçiləri xahiş etdilər ki, heç olmaya texnikanı qoyub getsinlər, onlar Laçına kömək etmək istəyirlər. Gedənlər isə güclü müqavimət göstərdilər. Real qarşıdurma vəziyyəti yaranmışdı. Hətta bir milis nəfərini də öldürdülər. Həmin qüvvələr Bakıda kimləri müdafiə edəcəkdi? 14 may çevrilişinin əks-sədası cəbhə xəttində də özünü göstərmişdi.

Laçının səlahiyyət sahibləri kənd-kənd gəzərək camaata car çəkmişdilər ki, Şuşa gedəndən sonra sizin təhlükəsizliyinizi təmin edə bilməyəcəyik. Təxribatçı qrupun üzvləri Mehdixanlı kəndinin sakinlərinə bildirmişdilər ki, niyə oturmusunuz, Laçın əhalisi çıxıb, ermənilər gəlib sizi qıracaq. Amma kənddə həmin çağırışa səs verən bir nəfər də tapılmayıb.

 

Ardı var

 

Olaylar.- 2018.- 18 may.- S.7.