LAÇINLI   VƏTƏN 

 

Ömrümün Qarabağ səhifəsi

 

Əməkdar jurnalist, Qarabağ Müharibəsi veteranı Əntiqə Qonaq yazır.

 

Yuxarı Fərəcan kəndinin sakini Kazım Əmrahovu da həmyerlilərinin dönüklüyü, bir də xəyanəti yandırıb-yaxır. Deyir ki, bu kənddə atışma olmayıb. Hadrutla ortaq sərhədlərimizə yerli milis işçiləri və Milli Ordunun əsgərləri nəzarət edirdilər. Mayın 12-dən 13-nə keçən gecə mövqeləri  daha da möhkəmləndirdilər. Biz də arxayınlaşdıq. Sonra əmr gəldi ki, kəndi boşaltmaq lazımdır. Çox keçməmiş daha bir əmr gəldi. Halbuki atışma olmamışdı. Çarəsiz qalıb ailəmi İmişlidə yerləşdirdim. İndi qayıtmışam torpaqlarımızın geri alınması uğrunda döyüşənlərin yanına. Amma texnikanın  yoxluğu üzündən Güləbirddən irəli gedə bilmirik. Məgər erməni tapdağında qalan torpaqlar dövlətimizə lazım deyil?

Laçınlı Sabir Həsənov da Bakıda yaşamasına baxmayaraq, kəndini qorumaq üçün bura qayıdıb. Onun da nigarançılığı texnika sarıdandır. Suarası deyilən əraziyə ermənilərin çoxlu texnikası toplanır. Bu da o deməkdir ki, yaxın günlərdə güclü hücum olacaq. Biz isə durub gözləyirik. Nə vaxta qədər?

SƏFİYAN

kəndi Güləbirdin 18-20 kilometrliyindədir. Kəndə doğru gedən dağ yolunu mübaliğəsiz dünyanın ən gözəl, yaraşıqlı, əsrarəngiz, möcüzə yollarından biri sayardım. Zümrüd meşələrə qərq olmuş dağların sinəsi ilə qıvrıla-qıvrıla qalxıb-enən bu yol adamın canından yorğunluğunu sorub çıxarır. Hər iki tərəfi sıldırım qayalıqlarla əhatələnmiş bu yol yolçunu əsla qorxutmur. Əksinə, yaşıllıq gözlərə dinclik, qəlblərə rahatlıq  bəxş edir. Səfiyana yaxınlaşdıqca təbiətin füsünkarlığı, cazibə qüvvəsi də artır elə bil. Qeyri-ixtiyari özünə sual verirsən: Adam belə gözəlliyə üz çevirərmi? Buraların təbiəti insanı nə qədər valeh edirdisə, boş qalmış evlər, ev heyvanlarının kimsəsizliyə və baxımsızlığa etiraz əlaməti kimi səs-səsə verməsi bir o qədər məyus edirdi bizi. Kimi şəxsi maşınını, kimi idarə etdiyi texnikanı, kimi də bütün əmlakını qoyub qaçıb. Həyət-bacanın kimsəsizlikdən, susuzluqdan bağrı çatlayır. Çat-çat olmuş torpaq insan hənirinə, insan qayğısına möhtacdır. Burada nə gördüksə,  hamısı qəmli həsrət nəğməsinin fəryadını andırırdı bizə. Kəndin sakini, poçt şöbəsinin müdiri Fazil Aslanov isə bircə dəqiqəliyə olsa da, buranı tərk etməyib. Ağrılarını bizimlə bölüşən ilk müsahibimiz də o oldu. Dedi:

-Camaatın qaçmasına heç bir lüzum yox idi. Küyə düşdülər. Axı, kəndin cavanları mövqedə möhkəm durmuşdular. Məzahir Həsənov, Famil Murtuzayev, Xaqani Xıdırov, Elxan Məmmədov, İlqar Zeynalov və başqaları sayıqlığı bir an da itirmirdilər. İlqarın, Cəmşidin, Ziyadın, Elxanın, Səfyarın, Zakirin, Rasimin, Namiqin, Hamletin və adlarını yazmadığım bir çoxlarının igidliyi dillərdə gəzir. Belə oğulları olan valideynlər nədən qorxmalıdırlar axı?

Kənddə xeyli təqaüdçü var. İndi hərə bir səmtə dağılışıb. Xəbər yollayırlar ki, sənədlərini göndərim, müvəqqəti sığınacaq tapdıqları yerin poçt şöbələrindən pensiyalarını alsınlar. Mən əlimə əsa götürüb el-el, oba-oba onların arxasınca düşən deyiləm. Zəhmər çəkib gəlsinlər, nə lazımdırsa götürüb aparsınlar. Amma döyüşçülər kənd camaatını, ələlxüsus cavanları geri çağırırlar. Dar ayaqda adam yoldaşını meydanda tək qoyub qaçmaz, - deyirlər.

BÜTÜN BUNLARA BAXMAYARAQ,

Güləbird, Səfiyan, Türklər, Yuxarı Fərəcan, Aşağı Fərəcan kəndləri bu gün etibarlı əllərdədir. Kəndləri həm yerli cavanlar, həm də Qubadlı igidləri mərdliklə qoruyurlar. Könüllülərin dəstə komandiri Mehman Kərimov dedi:

-Biz bura ürəyimizin çağırışı ilə gəlmişik. Məcbur edən olmayıb. Nə olsun ki, müxtəlif yerlərdə dünyaya göz açmışıq. Vətənin hər hansı bir guşəsi dardadırsa, hamı əlindən gələn köməyi göstərməlidir. Tank heyətinin komandiri Cəlal Babayev Qubadlıdandır. Bəxtiyar Osmanov Ağsudan, Ramiz Allahverdiyev isə Sumqayıtdan gəlib. Ələkbər Əliyev, Sahib İsmayılov, Ənvər Məmmədov, Nəsir Süleymanov, Camal Paşayev, İlqar Şirinov, Çingiz Həsənov, Aslan Atakişiyev buraları özlərinə doğma yurd-yuva sanırlar. Deyirlər ki, bu torpaqlarda əmin-amanlıq bərpa olmayınca, evimizə dönməyəcəyik.

Onu da deyim ki, Laçının kəndlərini qoruyanlardan bir qismi yerli əhalidir. Bölmə komandiri Çingiz Qəhrəmanov xahiş etdi ki, hamısın adını qəzetdə yazım. Qoy yaşıdları, dostları onların adlarını vətən müdafiəçilərinin arasında görüb xəcalət çəksinlər. Bəlkə bundan sonra doğma kəndə qayıdan oldu. Mən məmnuniyyətlə bu xahişə əməl edirəm. Tanış olun - Fazil Aslanov, Elçin İsmayılov, Firudin Kərimov, Nazim Qorçiyev, Məhyəddin Səfərəliyev, Nazım Bayramov, Əziz Əliyev, Fikrət Həsənov, Nüsrət Məmmədov, Ağa Mehdiyev, Firdovsi Məmmədov, Bakıdan köməyə gələnlərdən Zakir Mehdiyev, Sabir Həsənov, Vidadi Mehdiyev, Saday Mustafayev...

Bu gün Laçının varlığı, həyatı onların şücaətinə bağlıdır. Qarşı dağlarda mövqe tutan ermənilər nə yolla olur-olsun irəliləmək, işğal etdikləri ərazilərə Qubadlını da qatmaq niyyətindədirlər. Yaşıl ormanlar, laləli düzlər atəş səslərinə öyrəşib. Zərif dağ çiçəklərinin insan nəfəsindən xəfifcə titrəyən ləçəkləri qumbara səsindən diksinmir daha. Hər şey müharibə qanunlarına tabedir burda. İnsanlar da, təbiət də. Bəzi üzüdönüklərdən başqa...

Əmin-amanlıq vaxtı xalq işləyib milisi, hərbçini, camaatın təhlükəsizliyinə cavabdeh olmalı şəxsləri yedirib-içirib. Dolandırıb ki, dar ayaqda onlara həyan dursun, təhlükəsizliyi təmin etsinlər. Həmin gün gəlib çatsa da, çoxları vətəndaşlıq borcu bir yana, heç vəzifə borclarını da yerinə yetirmir. (Səlahiyyətli şəxsləri nəzərdə tuturuq). Laçın daxili işlər şöbəsinin əməkdaşlarının əksəriyyəti gözə dəymirdi. Yalnız Güləbird kəndinin sakinlərindən baş leytenant Nəriman Şirinov, serjant Qorxmaz Eyvazov, milis işçilərindən Əlvan Eyvazov və Gəray Məmmədov müdafiəçilərin arasındadır. Onların həmkarlarından isə, nə qədər çalışsaq da, soraq belə verən olmadı.

Qubadlı rayonundakı Həcər adlı kolxozun sədri Əvəz Hüseynquliyev bütün ağsaqqalların fikrini ifadə edərək bildirdi:

-İndi nizam-tərəzi qurub suçluyla suçsuzu ayırmaq zamanı deyil. Umu-küsü etməyə də heç birimizin haqqı yoxdur. Gedənlər səhvlərini daxilən etiraf etsinlər və gəlsinlər torpaqları qorumağa. El elə arxa, dayaq olmalıdır.

Yazımı Laçının igid müdafiəçisi Vaqif Cabbarovun sözləri ilə bitirmək istəyirəm: "Laçının işğalına etiraz əlaməti olaraq mübarizəyə atılanda beş nəfər idik. Mən və oğlanlarım. Yavaş-yavaş dəstəmiz böyüdü. İndi qohum-qardaşım, dost-tanışım mənimlə birlikdə vuruşur. Laçın heç vaxt əyilnəzdi. Onu əydilər. Xəyanətkarlar yaxın vaxtlarda aşkarlanacaq. Amma biz Laçının qəddini düzəltməliyik. Bu, namus, qeyrət məsələsidir. Ciddi yanaşmasaq məğlubiyyətlərimizin sayı artacaq, rüsvayçılıqla barışmalı olacağıq. Qaçanlar səhvlərini dərk edib qayıtmasalar, dinc dövrdə onları bağışlamayacağıq. Onlara Laçında yer olmayacaq. Sözlərimi yaxşı-yaxşı dinləsinlər və yadlarında saxlasınlar. Qadınları, uşaqları təhlükəsiz zonalarda yerləşdirən kişilər əlinə silah alıb bizə qoşulsunlar. Biz onların yolunu gözləyirik".

Bəli, müharibə dövrünün ab-havasıyla, həyəcanıyla, təlaşıyla, ümidsizlikləriylə...yazdığım yazıların hamısının sonluğu nikbin notlarla tamamlanırdı. Çünki odun-alovun içində vətənimizin keşiyini çəkən və erməni quldurları ilə ölüm-dürüm mübarizəsi aparan igidlərimizin hamısı beləcə ruh yüksəkliyi ilə qələbəyə köklənmişdilər. İnam olmayan yerdə, ümidi öldürdüyün yerdə dura bilməzsən təbii. İndi bu yazının yazıldığı tarixdən elə Laçının işğalı qədər bir zaman ötüb. Ötsün. Amma bu son deyil ki... Yazımın sərlövhəsini "Laçınlı Vətən" qoydum. Mənim üçün hələ də müvəqqəti işğal altında qalan o torpaqlar Vətənimin bütöv hissələridir. Sadəcə bir qismi dağınıq düşüb...nizamı pozulub...bəlkə də inciklikdən... laqeydlikdən...biganəlikdən...daha nələrdən küskündülər...amma... Toparlayacağıq! Bütövləşəcəyik! Var olacağıq! Gücümüzü hər kəsə göstərəcəyik!

 

Olaylar.- 2018.- 19-21 may.- S.12.