AXC-nin demoqrafiya,

dil və təhsil siyasəti

 

Cumhuriyyət Azərbaycan dilini dövlət dili elan etmişdi

 

Gülüstan və Türkmənçay müqavilələrindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasınadək olan dövrdə Rusiya imperiyasının Cənubi Qafqazın türk-müsəlman əhalisinə qarşı yeritdiyi ayrıseçkilik siyasəti, deportasiyalar və soyqırımları nəticəsində Şimali Azərbaycan əhalisinin etnik tərkibi, sayı və yerləşməsi məqsədyönlü şəkildə dəyişdirildi, burada yaşayan azərbaycanlıların sayı xeyli azaldı.

Rusiya işğalından sonra ermənilərin müxtəlif ölkələrdən kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına köçürülməsi etnik-siyasi vəziyyətə ciddi təsir göstərmiş, azərbaycanlıların ata-baba torpaqlarından deportasiyası həyata keçirilmişdir. Əlimərdan bəy Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə təqdim etdiyi xüsusi memorandumda Cənubi Qafqazın 237055 kv. km-lik ərazisində7667370 nəfərin yaşadığı qeyd olunurdu ki, onların da etnik tərkibi belə idi: 3306000 (43,1%) müsəlman, 1786000 (23,3%) erməni, 1641000 (21,4%) gürcü. Həmin sənədə əsasən Azərbaycan Xalq Cümhuriyyəti ərazisində 2353000 nəfər yaşayırdı ki, bu da Cənubi Qafqaz əhalisinin 30,7%-nə bərabər idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Paris sülh konfransına təqdim etdiyi sənədlərə görə isə, Azərbaycan Xalq Cümhuriyyətinin həqiqi hakimiyyəti altında olan ərazi Cənubi Qafqaz ərazisinin 38%-ni, Azərbaycan hakimiyyətinin yayıldığı ərazilərlə birlikdə isə 60,7%-ni əhatə etdiyi bildirilirdi. Göstərilən sənədlərdə məhz həmin ərazi müvafiq olaraq Cənubi Qafqazın əhalisi də hesablanmışdı. Paris sülh konfransına təqdim olunmuş sənədlərə əsasən, ümumiyyətlə, Cənubi Qafqazın əhalisi 8081668 nəfərdən ibarət idi. Onların 4617671 nəfəri (57,1%) Azərbaycanda yaşayırdı. Azərbaycan əhalisinin 75,4%-ni (3481889 nəfər) azərbaycanlılar, 17,2%-ni (795312 nəfər) ermənilər, 0,6%-ni (26585 nəfər) gürcülər, 6,7%-ni (310885 nəfər) başqa xalqların nümayəndələri təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ölkə əhalisinin sayı və etnik tərkibinin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirirdi.

Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi də yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət mərkəzində idi. Cümhuriyyət Hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Həmin qərar Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsindən sonra ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Qeyd edilməlidir ki, dövlət dili haqqında qərar Hökumətin Gəncəyə köçdükdən sonra qəbul etdiyi ilk qərarlardan biridir. Azərbaycan dilinin sözün əsl mənasında dövlət dili kimi işlənməsi təcrübəsi geniş şəkildə ilk Azərbaycan Parlamentinin dilində əksini tapmışdır. Dövlət idarələrində müəyyən müddət ərzində rus dilinin işlənməsinə də icazə verilməsi Parlamentə aid deyildi. Ona görə də Parlamentdə dillərin işlənməsi məsələsi, təbii olaraq, qanunverici hakimiyyətin, Parlament üzvlərinin öhdəsinə buraxılmışdı. Parlamentin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi. Qeyri-yerli Parlament nümayəndələri çıxışların rus dilində olmasını təklif etdikdə, Parlamentin iclaslarından birində bu məsələ ayrıca müzakirə olunmuş və bu xüsusda qərar qəbul edilmişdi. Qərara əsasən, Parlamentin rəsmi dili Azərbaycan türkcəsi elan olunmuş, digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilmişdi. Bununla belə, rəsmi sənədlərin hamısı dövlət dilində tərtib edilirdi.

Xalq təhsili və maarifləndirmə üzrə ilk nazirlik Azərbaycanda Xalq Maarifi Nazirliyi 1918-ci ildə may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən təsis edilib. Nazirlər Şurasının qərarı ilə 30 iyun 1918-ci ildə üç şöbədən (ümumi orta təhsil, ali və orta-ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq edilib. Maarif naziri isə sonradan AXC hökumət başçısı olan Nəsib bəy Usubbəyov olub. Xalq təhsili sahəsində ilk önəmli tədbir məktəblərin milliləşdirilməsi oldu, bu, təhsilin doğma Azərbaycan türk dilinə keçirilməsi idi. Bununla da ilk dəfə olaraq azərbaycanlı uşaqların doğma dildə təhsil alma hüququ qanuniləşdirildi. Xalq Maarifi Nazirliyi 1919-20-ci il tədris ilinin əvvəlindən Ali ibtidai məktəblərin bütün siniflərinin və orta tədris məktəblərinin üç sinifinin milliləşdirilməsini qərara aldı.1918-ci il 7 sentyabr fərmanı ilə bütün Ali ibtidai məktəblərdə qeyri-müsəlman tələbələr üçün dini və onların ana dili tədrisi tətbiq edilib. Bu təlimlərin tədrisi üzrə xərcləri dövlət öz üzərinə götürüb. Bakı şəhəri milli məktəblərin inspeksiyasında və Bakı quberniyasında 1918-19-cu tədris ilində 76 rus - bunlardan Bakıda 30, əyalətlərdə isə 46 məktəb var idi. Onlardan 51-i dövlət, qalan 25-i isə şəhər, neft-sənayeçiləri qurultayına məxsus idi və özəl sayılırdı. Xalq maarif naziri yəhudi məktəblərinin rəhbəri Y.Baysband və F.Şapiroyanın təşkil etdikləri yəhudi dili, yəhudi xalqının tarixi və yəhudi ədəbiyyatının tarixi kurslarına dinləyiciləri yazdırmağa icazə verdi. Dərslər 20 oktyabr 1918-ci ildə başlayıb.1918-ci ilin oktyabr ayında Yəhudi Milli Şuranın nəzdində fəaliyyət göstərən məktəblərdə 700 nəfər təhsil alır, 24 müəllim çalışırdı. Bu məktəblər hər ay 10 min rubl məbləğində dövlət tərəfindən subsidiyalaşdırılırdı. Azərbaycan dövləti tərəfindən alman koloniyalarında fəaliyyət göstərən məktəblər də dəstəklənirdi. Alman koloniyalarında tədris keçən müəllimlərin hər birinə 1918 və 1919-cu ildə inspeksiya tərəfindən hər ay 90 rubl ödənilirdi.

Xalq təhsili məsələləri ilə məşhur müəllim Əlicabbar Orucəliyevin başçılıq etdiyi Bakı Şəhər Dumasının tədris şöbəsi də məşğul olurdu.1919-cu ilin 15 iyul tarixli iclasında Şəhər Dumasının şəhər məktəblərinin müəllimləri üçün 1600 rubl təqaüd təyin etdi. Bu istiqamətdə Bakı neft-sənayeçiləri də müəyyən addımlar atırdı: onların da məktəblərində müəllimlərin məvacibləri artırılmışdı. Bakıda məktəb binaları ilə dəhşətli bir vəziyyət alınmışdı.Onların çoxu ya tamamən dağıdılmış, ya da əsaslı təmir tələb olunacaq qədər bərbad idi. Hökumət Bakı şəhər ibditadi məktəblərində məktəb-sanitar nəzarətinin təşkil edilməsi üçün 827,600 rubl vəsait ayırmışdı. Məktəblilərə müxtəlif ictimai təşkilatlar da yardım göstərirdilər. Bakı şəhər məktəblərinə yardım ictimai idarəsi məktəblərdə isti səhər yeməkləri təşkil edirdi. Vəsaitin yığılması üçün idarə lotoreya və əvvəlki illərdən qalmış əşyaların satış yarmarkasını keçirirdi. Məktəblilərə vətəndaşlar, xeyriyyəçilər və Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Həmidə Məmmədquluzadə, Murtuza Muxtarov, Şəmsi Əsədullayev kimi mesenatlar da yardım edirdi.

 

Alim

 

Olaylar.- 2018.- 22 may.- S.8.