100 il əvvəl olanlar

 

Hamıya yaxşı məlumdur ki, hörmətli prezidentimiz İlham Əliyev 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti" ili kimi elan etmişdir. Bu elan nəinki ziyalı və ictimai xadimlər, həmçinin bütün Azərbaycan xalqı tərəfindən fərəh və rəğbətlə qarşılanmışdır. Şərq ölkələri arasında ilk dəfə olaraq, məhz Azərbaycanda Demokratik Respublikanın qurulması əlamətdar, uğurlu və fəxarətli bir hadisədir.

 

Bəli, düz 100 il əvvəl, 1918-ci il may ayının 28-i Azərbaycanda Xalq Cümhuriyyəti yaranmışdır. Lakin onun yaranışı, heç də asan olmamışdır, çox çətin, əziyyətli mərhələlərdən keçərək tarixə həkk olunmuşdur:

Bildiyiniz kimi, Azərbaycan xalqı uzun illər çarizmin müstəmləkə ölkələrindən biri olmuşdur. 1917-ci ildə baş verən fevral inqilabı nəticəsində 300 ildən artıq hökmranlıq edən Romanovlar sülaləsi devrilmiş, çarizmin zülm siyasətindən cana doymuş Azərbaycan xalqı da milli azadlıq mübarizəsinə qoşulmuşdur. 1917-ci ilin oktyabrında isə, daha bir inqilab baş verdi. Hakimiyyətə gələn bolşeviklər özlərinə sərf edən yeni siyasətlər irəli sürərək xalqı bezdirmiş, bu da Rusiya imperiyası altında əzilən xalqların, o cümlədən Azərbaycanın azadlıq mübarizəsinə təkan vermişdir. 1918-ci ildə Azərbaycanda baş verən mart hadisələri faciələrlə nəticələnsə də, xalqımızın əzmini qıra bilməmişdir...

Bir sıra iş adamları kimi yazıçılarımız da sözlərini demiş, etiraz səslərini ucaldıb, qələmlərinə güc vermişlər. Tarixi hadisələri öz əsərlərində canlandırmaqla tarixi faciələrin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynamışlar. Dahi dramaturqumuz Cəfər Cabbarlının "Əhməd və Qumru" hekayəsi buna böyük bir sübutdur:

Əsər uzun müddət adı belə çəkilməyən mart faciəsinin qurbanlarından bəhs edir. 1918-ci il mart faciəsinin iki gəncin həyatına vurduğu sağalmaz yaradan söhbət açan bu əsərdəki qəhrəmanlar, Əhməd və Qumru Şamaxıda yaşamışlar. Təsadüfən görüşmüş və bir-birini saf məhəbbətlə sevmişlər. Varlı ailənin bircə övladı olan Qumrunun atası qızını xoşbəxt görmək üçün Əhmədin elçilərinə "hə" cavabı vermişdir. Lakin mart faciəsi onların arzularını puç edərək, ayrılmaqlarına səbəb olmuşdur. Ailənin yeganə qızı Qumru Bakı küçələrində yolçuluq etməyə məcbur olmuşdur. Burada da Əhməd və Qumru təsadüfən görüşmüşlər. Məlum olmuşdur ki, Qumrugilin evləri ermənilər tərəfindən dağıdılmış, ata-anası öldürülmüş, özü isə, bir qolunu itirmişdir.

Əsərdə Bakının da viran qoyulduğu və eyni zamanda "İsmailliyə" kimi tarixi binanın yandırılmasından söhbət açılır.

"Əhməd və Qumru" hekayəsində iki gəncin acı taleyi əks olunur. Lakin tarixdə belə kəslərin sayı çox olmuşdur. Erməni cəlladları yüzlərlə gəncin bədbəxtliyinə səbəb olmuş, uşaqları valideynsiz, qadınları ərsiz, qocaları övladsız qoymuşlar. 100 il keçsə də, köz bağlamış yaralar erməni vəhşiləri tərəfindən qoparılaraq təzə yaralar əmələ gətirdi. Lakin bütün bunlar bir dərsdir, bunlardan nəticə çıxarmaq vacib məsələdir. Cəfər Cabbarlının əsərləri də oxucuları daim ağıla, düşüncəyə, tədbirə səsləyir.

Bütün bu faciəli hadisələr 1918-ci il may ayının 28-i Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxartdı ki, bu da Azərbaycan xalqının həyatına tarixi hadisə kimi daxil oldu. Mayın 30-da Azərbaycan Respublikasının yaradılması barədə məlumat bütün ölkələrin Xarici İşlər Nazirliklərinə göndərildi. Onu da qeyd edək ki, bu məlumatı Nazirlər Şurasının sədri Fətəli xan Xoyski imzalamışdır. Milli Şuranın sədri M.Ə.Rəsulzadə və Xarici İşlər Naziri M.H.Hacinski Osmanlı hökumətindən yardım istəməyi qərara aldılar. Osmanlı hökuməti yardımını əsirgəmədi və Ənvər Paşanın rəhbərliyi ilə Türk Ordusu və Azərbaycan könüllülərindən ibarət "İslam Ordusu" yaradıldı. 1918-ci il sentyabrın 15-i Bakı azad edildi və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Elə həmin gün Bakının qurtuluşu münasibətilə ziyafət təşkil edildi. Bu ziyafətə Qafqaz İslam Ordusunun komandanı Fariq Nuru Paşa Hacı Əhməd oğlu da dəvət olundu. Ziyafətdə sonralar görkəmli aktyor kimi tanınan Abbas Mirzə Şərifzadə Cəfər Cabbarlının "Ədirnə fəthi" əsərindən bir səhnəni elə məharətlə ifa etdi ki, Nuru Paşa öz heyrətini gizlədə bilməyib, "sanki səhnədə qardaşım Ənvər Paşanın özünü gördüm" - deyə təəccübünü bildirdi. O, əsərin müəllifi, gənc Cəfər Cabbarlı ilə məmnuniyyətlə tanış oldu, evlərinə qonaq gələrək ona saat, asılqan və çarpayı hədiyyə etdi. Cəfər Cabbarlı isə, ona əsər ithaf edəcəyinə söz verdi və sözünə əməl edib uğurlu bir əsər yazdı. Qanlı hadisələri bütün təfərrüatı ilə özündə əks etdirən "Bakı müharibəsi" adlı bu əsər, məhz Cəfər Cabbarlı qələminin məhsuludur. Cümləmi bu cür vurğulamağımda məqsədim var. Çünki bəzən "Bakı müharibəsi" pyesi Mirzəbala Məmmədzadənin "Bakı müharibəsi uğrunda" əsəri ilə dolaşıq salınır. Əslində isə, əsərlər eyni illərin məhsulu olsa da, bir-birinə yaxın dost olan müxtəlif müəlliflərin əsərləridir.

Cəfər Cabbarlının "Bakı müharibəsi" pyesi 1919-cu ildə tamaşaya qoyulmuş və çox böyük müvəffəqiyyət qazanmışdır. Lakin sonralar tamaşa qadağan edilərək itirilmişdir. Əlimizdə qalan isə, təkcə 1919-cu il sentyabrın 16-da tamaşaya qoyulacağı bu pyesin proqramı və 1919-cu il 13 sentyabr tarixli "Bəsirət" qəzetinin 216-cı sayında verilmiş tamaşanın elanıdır. Bu sənədlərin və Cabbarlıya məxsus bir çox əsərlərin aşkarlanması üçün böyük təşəkkür Cabbarlı  tədqiqatçısı, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin payına düşür. Belə bir tarixi dəyərə malik olan əsərin yox edilib bizə qədər gəlib çatmaması heç də təəccüb doğurmur. Çünki mart faciəsi kimi dəhşətli bir hadisə gizlədilirdisə, belə hadisələri əks etdirən əsərlərin qəsdən itirilməsinin səbəbi də aydındır. Təəssüf doğuran fakt budur ki, həmin pyes qalmış olsaydı, "Ədirnə fəthi" və "Trablis müharibəsi" pyesləri trilogiya kimi tamamlanıb oxuculara təqdim olunardı.

Cəfər Cabbarlı haqqında bir sıra faktlar dəfələrlə təkrarlansa da, tarix danılmazdır və Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində həmin faktları təkrarlamaqdan çəkinmirəm:

1918-ci il may ayının 28-dən Azərbaycan Demokratik Respublikasının qurulmasına bütün xalq sevindi. Cəfər Cabbarlı da Şərqdə ilk respublika olan bu hökumətin yaranmasını xalqın inamının bariz nümunəsi kimi qəbul edib onun siyasət və fəaliyyətinə bağlandı. Başda Mirzəbala Məmmədzadə, Məhəmməd Sadiq Baharlı və başqa dostları olmaqla Müsavat Partiyasının bir sıra yığıncaqları Cəfər Cabbarlının dağlı məhəlləsindəki mənzilində keçirilməyə başlandı. Yığıncaqların birində Cəfər Cabbarlı gizli səsvermə yolu ilə Müsavat Partiyası Xızı Komitəsinin sədri seçildi və həmin vaxt Müsavat Partiyasının "İstiqlal" qəzeti fəaliyyətə başladı. Çox keçmədi ki, 1923-cü ilin ortalarında qəzetin nəşr olunduğu "Hökumət" mətbəəsi tutuldu, üzvləri isə, Cəfər Cabbarlı da olmaqla həbs edildi.

1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyəti çox yaşamadı. Azad, demokratik respublika qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, tarixə, xalqın yaddaşına əbədi həkk olundu. Düzdür, Azərbaycan 1920-ci il aprel ayının 27-si XI Qızıl Ordu tərəfindən yenidən işğal olundu və uzun müddət sovet imperiyasının əsarəti altında yaşamağa məcbur oldu, ancaq uzun illər keçməsinə baxmayaraq, xalqımızın azadlıq səsinin ucaldığı gün gəlib çatdı. Ulu öndərimiz Heydər Əliyevin sayəsində 1991-ci ilin fevral ayında üçrəngli, ay-ulduzlu bayraq müstəqil respublikamızın dövlət atributlarından biri kimi qəbul olundu. 1918-ci ildə Xalq Cümhuriyyətinin yarandığı gün, yəni 28 May Azərbaycan dövlətçiliyinin bərpası günü , Respublika günü kimi elan edildi.

Müstəqilliyimizin bərpası üçün canından belə keçməyə hazır olan, "Azərbaycan bayrağına", "Sevdiyim", "Turan ellərinə salam", "Məhkum Şərqə" və s. bu kimi patriatik şeirlərin, vətənpərvərliyi təbliğ edən əsərlərin müəllifi Cəfər Cabbarlı və onun qədər vətəninə sadiq olan başqaları bu fəhərli günləri görməsələr də yəqin ki, indi ruhları şad, qəbirləri nurludur.

Hal-hazırda ölkəmiz dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Müstəqillikdən başlayan bu inkişafın təməlini qoyan və Azərbaycan xalqı qarşısındakı xidmətləri heç vaxt unudulmayan, ədəbiyyatın, incəsənətin inkişafına xüsusi qayğı göstərən həmişəyaşar liderimiz Heydər Əliyevin təbirincə desək, "Azərbaycan dövlətinin müstəqilliyi əbədidir".

 

Gülnarə Əlibalayeva,

Cəfər Cabbarlı Ev Muzeyinin böyük elmi işçisi

 

Olaylar.- 2018.- 22 may.- S.10.