Azərbaycan Xalq Cumhuriyyətinin vergi siyasəti

 

Nəqliyyat sahəsində də ciddi naliyyətlər əldə edilmişdi

 

Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra  qarşıya qoyduğu əsas vəzifələrdən biri də iqtisadi müstəqilliyin təmin olunması və müstəqil maliyyə-fiskal-vergi sisteminin qurulması idi. Elə bu səbədən də mövcud olduğu 23 ay müddətində dövlətin iqtisadi siyasətini həyata keçirəcək nazirlik və müvafiq qurumlar təsis edildi, dövlətin iqtisadi tənzimləmə fəaliyyətini təmin etmək və gücləndirmək üçün büdcə-fiskal siyasətinin istiqamətləri müəyyənləşdirildi.

Qətiyyətlə demək olar ki, bu dövrdə Azərbaycan Xalq Cümhuriyyəti özünün mövcud maliyyə resurslarından tam və düzgün istifadə etmək siyasəti yürüdüb. Cümhuriyyət özünün imkanlarını müəyyən etdikdən sonra həyata keçirdiyi maliyyə-vergi siyasətini müəyyən etdi. Bu siyasətin əsas prioritetləri isə vergilərin artırılması deyil, tədiyyə qabiliyyətinin yüksəldilməsi yolu ilə vergilərin tədricən azaldılmasına üstünlük verilməsi idi. Nazirlər Kabineti müstəqil büdcə quruculuğuna və vergi işinin təşkilinə mühüm yer verirdi. 1918-ci ilin sonlarında Azərbaycanda müstəqil dövlətin büdcə quruculuğu təcrübəsinin əsası qoyuldu. Vergi siyasətini həyata keçirmək məqsədilə parlamentin 1919-cu il iyunun 17-də qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyi təsis olundu. Yeni quruma vergi müvəkkillərinin və vergi məntəqələrinin fəaliyyətini nəzarətdə saxlamaq və təftiş etmək səlahiyyətləri verildi. Həmin dövrdə Vergi polisinin təsis edilməsi nəzərdə tutulsa da, hökumət bu qurumun fəaliyyətini məqsədəuyğun hesab etməmişdi.

Vergi Müfəttişliyinin yaradılması və fəaliyyətə başlaması ilə vergi orqanlarının mərkəzi və yerli şəbəkəsi formalaşdırıldı. Cümhuriyyətin vergi siyasəti ilə bağlı mühüm addımlardan biri həmin dövr üçün xüsusi aktuallıq kəsb edən aksiz vergilərinin toplanmasını təmin etmək idi. Bu məqsədlə aksiz idarələri yaradılmışdı. İdarələr Bakı, Gəncə quberniyaları və Zaqatala dairəsi daxil olmaqla mərkəzləşdirildi, qəza rəislərinin vergi yığmaq funksiyası ləğv olundu. Vergi müfəttişliyi ilə bərabər, şəhər özünüidarəetmə orqanları da bəzi vergilərin toplanmasına kömək edirdi. Hökumətin vergi növləri aşağıdakı tədiyyələr üzrə müəyyənləşdirilmişdi: Müstəqim (birbaşa vergilər) - torpaq, daşınmaz əmlak, sənaye, kapital qoyuluşu, hərbi mükəlləfiyyət, notarial və dövlət gəlir vergiləri; Qeyri-müstəqim (dolayı vergilər) - tütün, papiros kağızları, şəkər, çay, ağ neft, benzin, kerosin, sürtkü yağlarından və digər neft məhsullarından tutulan vergi, gömrük rüsumu və gəlirləri; Möhür haqqı - məhkəmə, kargüzarlıq, sənəd yazışmalarından gəlirlər; Hökumət inhisarlarına aid vergilər - mədən gəliri, poçt gəliri, teleqraf gəliri, meşələrdən, balıq vətəgələrindən, pambıqçılıq təsərrüfatlarından gəlirlər;  Dövlət dəmir yolundan gəlirlər - yük daşınmasından gələn gəlirlər.

Azərbaycan Xalq  Cümhuriyyəti  hakimiyyətinin ilk illərində ölkənin maliyyə vəziyyəti qənaətbəxş deyildi. Xəzinənin əsas gəlir mənbəyi olan neft sənayesində durğunluq yaranmış, Batumi limanı ilə xaricə ixracın həcmi xeyli azalmışdı, əsas alıcı ölkə olan Rusiya ilə münasibətlərin gərginləşməsi neft sənayesini ağır vəziyyətə salmışdı. Xəzinənin əsas mənbəyi olan neftdənkənar sahələrin inkişafı da zəif idi. Ölkənin ixracının əsasını təşkil edən neft sənayesi dağılmış, ağırlıq ərzaq-əmtəə məhsullarının üzərinə keçmişdi. Parlamentdə və hökumət strukturlarında neft sənayesinin aksiz vergisinə cəlb edilməsi, yaxud dövlət inhisarına verilməsi məsələsi ətrafında geniş müzakirələr başlandı. Məqsəd Bakı neftindən xəzinəyə daha çox gəlir daxil olmasını təmin etmək idi. Geniş müzakirə və diskussiyalardan sonra liberal iqtisadiyyata üstünlük verilməsi, neft məhsullarının sərbəst satışı yolu ilə (neft məhsullarının aksizlərə cəlb edilməsi) büdcəyə müəyyən məbləğin köçürülməsi məqsədəuyğun hesab olundu. Bununla əlaqədar aksiz rüsumları haqqında nizamnamə qəbul edildi. Neft məhsulları aksizlərinin, gömrük rüsumlarının və dəmir yolu üzrə vergi dərəcələrinin artırılması məqsədəuyğun hesab olundu. Nazirlər Kabineti tərəfindən 1918-ci il oktyabrın 1-də neft sənayesinin özəlləşdirilməsi barədə dekret imzalandı və bu qərar həmin sahədə vergi tənzimlənməsində müsbət rol oynadı.

1919-cu ilin ortalarında dövlət vergi siyasətinin formalaşmasında əsas rol oynayan ən mühüm qanun ("Kapital vergisinin ödəniş möhləti və tarif dərəcələrinin dəyişdirilməsi haqqında") qəbul olundu ki, bu da ölkənin maliyyə-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edirdi. Qanun birbaşa vergilərin təyin olunmuş vaxt və tarif dərəcələrini müəyyən edirdi. Həmin növ vergilər hər 100 manatdan 30 manat olmaqla ilin başlanğıcında, fevralın 1-dən gec olmayaraq ödənilirdi. Digər vergilər müxtəlif rüblər üzrə, gəlir vergisi isə ilin sonunda, gəlirin həcmi bəlli olandan sonra ödənilirdi. Vergi Müfəttişliyi 1919-cu ilin büdcə zərfinin müzakirələri zamanı dövlət büdcəsinə daxil olan gəlir mənbələrini genişləndirmək məqsədilə əmtəə və xammalın istehsalını artırmaq, digər iqtisadi sahələri canlandırmaq təklifləri ilə hökumətə müraciət etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin nəqliyyat siyasəti də uğurlu alınmışdı. Belə ki, 1918-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanı idarəsinin fəaliyyəti bərpa edildi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ərəfəsində ölkədə quru və su yolları, xüsusən də dəmir yolu və boru kəmərləri nəqliyyat əlaqələrində mühüm rol oynayırdı. Bu dövrdə dəmir yollarının ümumi uzunluğu 954,2 km idi. Onun 498,2 km-i Bakı - Böyük Keşik, 87,8 km-i Biləcəri - Yalama, 189,2 km-i Uluxanlı - Culfa, 51,2km-i Ələt - Zubovka, 27,1 km-i Bakı - Balaxanı, Sabunçu - Suraxanı xətlərinin payına düşürdü. Həmin dövrdə iqtisadi və ticarət əhəmiyyətli şose və torpaq yolların sıx şəbəkəsi də mövcud idi. Bu tipli yolların ümumi uzunluğu 4169,1 km, o cümlədən şoseləşdirilmiş yolların uzunluğu 1507,3 km idi.Yollar Nazirliyi dəmir yolu nəqliyyatını sahmana salmaq üçün parovoz və vaqon parkının təmiri, yeni nəqliyyat vasitələrinin alınması, dəmir yolu qulluqçularının məvaciblərinin artırılması, onlara güzəştli şərtlərlə ərzaq verilməsi, parovoz maşinistlərinə və onların köməkçilərinə həqiqi hərbi xidmətdən möhlət verilməsi, dəmir yolu stansiyalarının qaydaya salınması, mühafizəsinin təmin edilməsi və s. kimi mühüm tədbirlər gördü. Bütün bu tədbirlər tezliklə öz bəhrəsini verdi. Artıq 1919-cu il iyulun 15-dən Bakı - Batum istiqamətində gündə 4 cüt qatarın, həmin ilin sonundan isə Bakı - Port-Petrovsk (Mahaçqala) istiqamətində də ciddi qrafik üzrə gündə 4 cüt qatarın hərəkəti təmin edildi.

1918-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanı idarəsinin fəaliyyəti bərpa edildi. Ticarət gəmiləri ilə Bakı ilə Port-Petrovsk, Salyan, Lənkəran limanları arasında sərnişin və yük daşınması təşkil edildi. Hökumətin ciddi səyləri nəticəsində 1919-cu ildə Bakı-Batum neft kəməri də bərpa edilib istifadəyə verildi. 1919-cu ilin avqust ayında ingilis qoşunları Azərbaycandan çıxdıqdan sonra Bakı limanı və ticarət donanması da Cümhuriyyət Hökumətinin sərəncamına keçdi, ölkənin ticarət gəmiləri Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı altında üzməyə başladılar. Azərbaycan Hökuməti şose yollarının bərpası üçün 1919-cu il fevralın 17-də Yollar Nazirliyinin sərəncamına 1 milyon manat kredit ayırdı. Həmin il aprelin 24-də isə bilavasitə Yevlax-Şəki şose yolunun təmiri və seldən 70 qorunması üçün bənd tikilməsinə 210 min manat vəsait verildi. Hökumət nəqliyyat vasitələrinin təmiri və normal istismarı məsələlərini daim diqqət mərkəzində saxlayırdı. 1919-cu il aprelin 28-də Bakıda avtomobillərin ilkin təmiri və avtomobil zavodunun saxlanması üçün 175 min manat vəsait ayrıldı. Həmçinin, Yollar Nazirliyinə tapşırıldı ki, avtomobil zavodunun gəliri və xərcləri haqqında əsaslı məruzə hazırlasın. Azərbaycan Xalq Cümhuriyyəti olduqca çətin və mürəkkəb şəraitdə həyata keçirdiyi tədbirlərlə ölkədə nəqliyyatın işini, əsasən, qaydaya sala bildi. Dəmir yolu və su nəqliyyatı, neft kəmərinin istismarı dövlət xəzinəsinə gəlir gətirməyə başladı.

 

Alim

 

Olaylar. – 2018.- 23 may.- S.13.