Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil

 

Yaxud Bakı Dövlət Universiteti Xalq Cümhuriyyəti dövründən qalan dəyərli mirasdır

 

Bu günlər Azərbaycan öz şərəfli tarixini, Cümhuriyyətin yaranmasının 100 illiyini qeyd edir. Vətəndaşı olduğumuz müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuiriyyətinin hüquqi varisi olaraq onun yaranma tarixi, keçdiyi məşəqqətli, eyni zamanda şərəfli yolu daim tədqiq edir, ona böyük ehtiram göstərir. Bir neçə il əvvəl paytaxtda Cümhuriyyət qurucularının adının əbədiləşdirilməısi məqsədilə abidənin ucaldılması, başda Məmməd Əmin Rəsulzadə olmaqla demokratik respublikanın elan edilməsində misilsiz xidmətləri olmuş tarixi şəxsiyyətlərinin yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı imzalanmış sənədlər, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev tərəfindən sərəncam imzalanması məhz yuxarıda qeyd etdiklərimizin, müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli və şanlı tarixinə verdiyi qiymət. dəyərin nümunəsidir. Məlum olduğu kimi dövlət başçısının həmin sərəncamına uyğun olaraq həm ölkə daxilində, həm də ondan kənarda AXC-nin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir.

 

Tarixdən də məlum olduğu kimi Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il, may ayının 28-də elan edilmişdi. Gürcüstanın paytaxtı Tbilisi şəhərində baş tutan bu tarixi hadisə ilə müsəlman Şərqində ilk demokratik respublikanın əsası qoyuldu. Yenicə yaranmış müstəqil respublikanın qarşısında bir çox həlli vacib məsələlər dayanırdı.  Çünki müstəqil dövlətin ayaqda qalması üçün həmin həlli vacib məsələləri qısa zamanda reallaşdırmaq lazım idi.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətə başladığı gündən ilk olaraq diqqət yetirdiyi məsələlərdən biri də təhsil, xalqın maarifləndirilməsi idi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən xalqın maarifləndirilməsini bir nömrəli vəzifələrdən biri kimi qarşıya məqsəd qoymuşdu. Elə Cümhuriyyətin yaradılması ilə əsası qoyulan Xalq Maarifi Nazriliyiöz fəaliyyətinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədərki dövrdə xalq maarifinin vəziyyətinin öyrənilməsi və bu sahədə həyata keçiriləcək vəzifələrin müəyyənləşdirilməsi ilə başladı. Beləliklə, nazirlik xalq təhsilini sürətlə inkişaf etdirmək məqsədilə islahatlar keçirmək üçün qısa müddət ərzində təkliflər hazırlayıb hökumətə təqdim etdi.   Xalq məktəbləri və tədris dairələrinin direktoru vəzifələri ləğv olunaraq, məktəb və təhsil işinin idarə olunması Xalq Maarifi Nazirliyininxalq məktəbləri təlimatçılarının sərəncamına verildi.

Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncə şəhərindən Bakıya köçdükdən sonra isə Xalq Maarifi Nazirliyinin fəaliyyəti daha da genişləndi. Qısa müddət ərzində təhsil sahəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq ölkədə orta ixtisas təhsili müəssisələri və orta məktəblər yaradıldı. Beləliklə, 1919-ci ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 23 orta ixtisas təhsili məktəbi və 637 ibtidai məktəb fəaliyyət göstərirdi. Təkcə 1919-1920-ci tədris ilində Azərbaycanın orta məktəblərində 9611 şagird təhsil alırdı ki, onların da 3115 nəfəri azərbaycanlı idi.

Cümhuriyyət dövründə təhsil sahəsində qarşıda duran mühüm vəzifələrdən birimilli kadrların hazırlanması ilə bağlıydı. Paralel olaraq milli formada dərs vəsaitlərinin hazırlanmasına da böyük ehtiyac vardı. Mövcud müəllim kadrları və dərs vəsaiti kifayət qədər olmadığından  Türkiyədən müəllim kadrlar dəvət edilir, azərbaycanlı müəllimlər üçün kurslar təşkil olunurdu.

Nazirliyin təhsil sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi oldu. Hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən, bütün ibtidai tədris müəssisələrində təhsil ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi isə məcburi surətdə həyata keçirilməli idi.

Bu dövrdə təhsil sahəsində atılan ən mühüm və önəmli addımlardan biriali təhsil almaq üçün müxtəlif xarici ölkələrə gənclərin göndərilməsi idi. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentin 1919 il, 1 sentyabr tarixli qərarı əsasında Xalq Maarifi Nazirliyinin xətti ilə 100 nəfər azərbaycanlı gənc dövlət hesabına xarici ölkələrin ali məktəblərində təhsil almağa göndərildi. Məlumat üçün qeyd edək ki, xarici ölkələrə göndəriləcək gəncləri o zaman Xalq Cümhuriyyətinin Parlamenti seçirdibu baxımdan parlamentin üzərinə məsuliyyətli bir düşürdü.  Beləliklə, Demokratik Respublikanın Parlamenti xaricə göndəriləcək gəncləri müəyyən etmək üçün Məmməd Əmin Rəsulzadənin başçılığı və Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndizadənin üzvlüyü ilə beş nəfərdən ibarət xüsusi müsabiqə komissiyası yaratdı. Müsabiqə komissiyasının qərarına əsasən, ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Osmanlı ali məktəblərinə göndərildi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gənc isə orada vətəndaş müharibəsi başlandığı üçün təhsil almağa gedə bilmədi. Lakin Avropa ölkələrinə ali təhsil almaq üçün göndərilən gənclər ali təhsillərini tam başa vurduqdan sonra ölkəyə qayıtdılar. Onlardan bəziləri isə xaricdə qalıb işləməyə üstünıük verdilər. Təhsilini bitirdikdən sonra Azərbaycana dönmüş gənclərin əksəriyyəti zavod rəhbərləri və neft yataqlarının idarəçiləri kimi fəaliyyət göstərməyə başladılar. Onların bəziləri hətta sonrakı illərdə öz uğurlu fəaliyyətlərinə görə, Lenin ordeni kimi dövlət mükafatları ilə təltif olundular. Lakin xaricdə təhsilini başa vurub vətənə dönən gənclər arasında acı tale yaşayanlar da oldu. Belə ki, 1930-cu illərdə tələbələrin bir qismi, Azərbaycan müstəqilliyinin bərpə edilməsi və Almaniya üçün casusluq ittihamı ilə NKVD tərəfindən repressiyaya uğradı.

Həmin dövrdə xarici ölkələrə göndərilmiş gənclərin təhsil haqlarının qarşılanması üçün Xalq Maarifi Nazirliyinə 7 milyon rubl ayrılmışdı. Təsadüfi deyil ki, Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadə xarici ölkələrə azərbaycanlı gənclərin göndərilməsini qürur hissi ilə qeyd edərək deyirdi ki, müxtəlif sahələrdə ali təhsil üçün - memarlıq və etnologiyadan tutmuş təyyarə və gəmiqayırmaçılığa qədər dövlət hesabına 100-ə yaxın azərbaycanlı tələbə Avropanın ən yaxşı məktəblərə göndərilib. Rəsulzadə bunu Azərbaycan Xalq Cümhuriyyətinin nailiyyətləri sırasında xüsusi qeyd edirdi.        

Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri dövlət dili ilə bağlı oldu. Belə ki, Hökumətin 1918 il, 27 iyun tarixli qərarı ilə Azərbaycanda türk dili dövlət dili elan edildi.

Cümhuriyyət dövründə orta təhsillə yanaşı, ali təhsilə də xüsusi diqqət ayrılırdı və milli hökumətin qarşısında duran ən ümdə vəzifələrdən biri ölkədə ali təhsilin təşkili və ali təhsilli kadrların hazırlanması idi. Bu məqsədlə həmin dövrdə Azərbaycanda üç ali təhsil ocağının,   Bakı Dövlət Universiteti, Əkinçilik İnstitutu və Dövlət Konservatoriyasının təsis edilməsi barədə təşəbbüslər irəli sürülmüşdü. Lakin təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə adıçəkilən təhsil ocaqlarından yalnız birini, Bakı Dövlət Universiteti açmaq mümkün oldu. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti 1919 il, sentyabrın 1-də "Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında" qanun qəbul etdi. Elə həmin ilin 15 noyabr tarixindən etibarən bu ali təhsil ocağının auditoriyalarında ilk mühazirələr oxunmağa başlandı. Təsadüfi deyil ki, bu gün Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətindən müstəqil Azərbaycana qalan ən böyük miras kimi xarakterizə edilir.

Bir faktı da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Azərbaycanda heç vaxt Təhsil Nazirliyi 1918-1920-ci illərdə olduğu qədər geniş səlahiyyətlərə malik olmayıb. Məsələn, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan bölməsi Qazaxa köçürüldükdən sonra Təhsil Nazirliyinin sərəncamında idi. Hətta Mayılov qardaşlarının teatrı, indiki M.F. Axundov adına Milli OperaBalet Teatrı Xalq Maarifi Nazirliyinin tabeçiliyində idi.  Eyni zamanda dövlət teatrına dair olan məsələlərə də sözügedən nazirlikdə baxılırdı. Təsadüfi deyil ki, Sovet hakimiyyətinin ilk illərində də bu ənənə Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov tərəfindən davam etdirilmişdi. Belə ki, onun göstərişiylə Azərbaycanda dövlət arxivi Təhsil Nazirliyinin nəzdində yaradılmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı "Azərbaycan" qəzeti də Xalq Maarif Nazirliyinin tabeçiliyində olmuşdu.  Qəzet səhifələrində təhsilə dair materialların tam genişliyi ilə dərc olunmasının bir səbəbi də bununla izah edilməlidir.

Ümumiyyətlə. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində təhsil sahəsində çox ciddi islahatlar həyata keçirdi, addımlar atdı. Cümhuriyyətin 23 aylıq fəaliyyəti dövründə təhsil sahəsində atdığı addımlar, həyata keçirdiyi islahatlar o dövr üçün xalqın, cəmiyyətin maariflənməsində mühüm rol oynadı.  Əgər Cümhuriyyət dövründə təhsil sahəsində görülən işlər, həyata keçirilən islahatlara diqqət edib təhlil aparsaq, qətiyyətlə deyə bilərik ki, günümüzdə təhsil sahəsində əldə etdiyimiz uğurların təməlində də məhz Azərbaycan Xalq Cümhuriyyət dövründə qeyd etdiyimz sahədə atılmış məqsədyönlü addımlar, həyata keçirilən islahatlar dayanır. Təkcə bir faktı qeyd etmək kifayətdir. Belə ki, bu gün müstəqil Azərbaycan Respublikasının ən nüfuzlu ali təhsil ocağı sayılan Bakı Dövlət Universiteti bizə məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründən miras qalıb.

 

Füzuli

 

Olaylar.- 2018.- 24 may.- S.8.