“Evdə millət vəkili
Qənirə Paşayeva yoxdu…”
“Tehran Nağıyevanın
qızı Qənirə var”
Onu xüsusi tanıtmağa,
titullarını saymağa ehtiyac yoxdu. Sadəcə Qənirə
Paşayeva desək, kifayətdi. Təkcə, Azərbaycanda
yox, bütün türk dünyasında tanınan Qənirə
Paşayeva. Sevənləri çox olduğu kimi, istəməyənləri
də (biz bu sözü cəsarətlə yazırıq,
çünki bütün istedadlı, bacarıqlı, fədakar
adamları sevməyənlər olduğu kimi onun da bədxahları
var – müəll) kifayət qədərdir. Çünki Vətənini,
Millətini, Dövlətini canı qədər sevir. Vətən
fədaisi, millət fədaisi, dövlət fədaisi, bir
sözlə “kamikadze” Qənirə Paşayeva
qonağımızdı.
-Qənirə xanım, ilk sualım
belədir: Valideynlərinizin istədiyi
sənəti oxuyub, başqa sahədə fəaliyyət
göstərən insanlardansınız. Həkimlik oxudunuz, amma
jurnalistikaya gəldiniz. Bu
işin çətinliyini görəndən sonra peşman olmadınız ki?
– Xeyr,
peşman olmamışam. Birincisi, mən orta məktəbdə
oxuyanda divar qəzetinin baş redaktoru idim. O zaman qayda belə
idi ki, məktəbin ən yaxşı şagirdi təhsil
müəssisəsində hər hansı bir vəzifəni
tuturdu. Pioner baş dəstə rəhbərləri
olardı, komsomol katibi, sinif nümayəndəsi olardı.
Mən məktəbi bitirənədək şəklim
Şərəf lövhəsində həmişə birinci
olub. İctimai işlərdə fəal
olmuşam. Lakin vəzifə tutmaqdan hər
zaman imtina edir, istəmirdim.Sadəcə divar qəzetinin
işini istəyirdim. Jurnalistika mənim üçün çox
maraqlı idi. Gözəl divar qəzeti
çıxardırdıq. Çox məsuliyyətlə,
zamanında. Həm də önəmli mövzulara toxunurduq və mənim
üçün ən gözəl vəzifə qəzetin
aşağısında “baş
redaktor Qənirə Paşayeva”
yazılması idi. Sənədlərimi
Tibb Universitetinə hazırlayanda ədəbiyyat müəllimim
çox pis olmuşdu. Hətta zarafatla deyirdi ki, get
gizlincə sənədlərini jurnalistikaya ver. Mən də
deyirdim ki, yox,
anama söz vermişəm. Amma o zaman anam
özü bir sıra insanları misal çəkirdi, deyirdi
ki, bax, o da Tibb Universitetini oxuyub,amma
yazır və ya jurnalist fəaliyyətilə məşğul
olur.Sən də tibbi oxuyaraq jurnalistika ilə məşğul
ola bilərsən. Bu mənim üçün
çox önəmli bir nöqtə idi və indi mənim Tibb
Universitetindəki qrup yoldaşlarım deyir ki, (gələcək
planlarımı onlara da söyləmişdim- Q. P.) o vaxtlar sən
deyəndə biz qəribə baxırdıq. Necə yəni
Tibb Universitetində oxuyursan, onda niyə jurnalist olacaqsan?Təbii ki, mən onlara bunun səbəbini
anladırdım ki, deyirdim nənəmin, anamın istəyidi
ki, mən həkim olum. Evdəkiləri də
yaxşı başa düşürdüm, axı o vaxt media
bu səviyyədə deyildi. Jurnalistikanın
imkanları sonradan açıldı. Elə
Tibb Universitetində oxumağa başladığım illərdə
jurnalistikaya gəldim. Amma valideynlərimə
deməmişdim. Sadəcə yoxlamaq istəyirdim ki, bu
iş məndə alınır, ya yox. İlk süjetim gedəcəkdi
televiziyada, atam işə gedəndə dedim ki: “Bir az olar gec
gedəsən, indi mənim süjetim göstəriləcək”.
Açığı sanki atam buna psixoloji hazır idi.Heç
soruşmadı ki, sən niyə bu addımı atmısan,
çünki onlar uşaqlıqdan mənim içimdə olan
istəkləri bilirdilər.Yadımdadı, atam
qayıtdı, mənim ilk süjetimə baxdı və
xeyr-dua verdi ki, get işləyə bilərsən.
Sonra anama dedik. Bunu çox
faciə ilə qarşılamadı, amma bir şərti oldu
ki, Tibb Universitetini atmayacam. Anam qorxurdu bundan, çünki Tibb
Universitetində oxumaq çox ağır idi. Mən
o çətinlikəri yaşadım, həm işləyirdim,
həm oxuyurdum, digər tərəfdən valideynlərim
yanımda deyildi. Həm paltarlarımı yuyurdum,yeməyi bişirirdim, hər bir şeyi
özüm edirdim. Mən çox tez- 16
yaşımda Tibb Universitetinin pediatriya fakültəsinə
daxil olmuşdum, ona görə də anam bu çətinlikləri
görüb Universiteti atacağımı
düşünürdü. Düzünü
desəm, müəyyən dövrdə, işim çox
ağır olanda bu fikir beynimdən keçirdi, amma edə
bilməzdim. Bizdə ailədə söz
verildisə, bitdi. İllər sonra
düşünürdüm ki, nə yaxşı ki, fikrimdən
dönmədim, çünki tibbdə oxumaq mənə
çox böyük biliklər verdi. Həm jurnalist fəaliyyətimdə, indi isə millət
vəkili kimi işlərimdə çox önəmli yer
tutur. Tibb Universitetini bitirən kimi Bakı Dövlət
Universitetinin Beynəlxalq Əlaqələr, Beynəlxalq
Hüquq fakültələrini oxudum,oranı bitirdikdən
sonra Dövlət İdarəçilik Akademiyasında oxudum,
sonra müdafiə elədim ( siyasi elmlər üzrə fəlsəfə
doktoru-red). Məncə
oxumaq heç zaman gec deyil. Ona görə
də yaxşı ki, Tibb Universitetini oxudum deyirəm. İndi bunu xüsusi deyirəm. Milli Məclisin
Səhiyyə komitəsində çalışıram, səhiyyəni
bildiyim üçün qanunvericilik məsələlərində
aktiv iştirak etməyə çalışıram, fikirlərlə
və yaxud təkliflərlə.Tibb sahəsində yenilik
olduqda dərhal oxuyuram,sonra buna dair cəmiyyətə
çağırış olan yazılar yazıram. Qeyd edim ki, bu yazılarımı kitab şəklində
çap elədim. “Sağlamlığın
öz əlində” adında.
-İndi gördüyünüz işləri sadaladıqca insana
elə gəlir ki, siz yatmırsız…
– Bəli,
çox az…Mən çox az yatıram.Bu
illərin vərdişidi, amma, başqasının birdən-
birə bu vərdişə keçməsi çətin olar.
İllərlə, yavaş-yavaş bunu vərdiş
halına çevirmək lazımdı. Təbii
ki, sağlamlığa da təsiri olur, asan deyil, gərginlik,
bəzən yuxusuzluq, bəzən aşırı yuxusuzluq.
Amma mən ümumiyyətlə uşaqların
çox yatmağını məsləhət görmürəm.Normada
yatın.Mən şəxsən 7-8 saatı çox hesab edirəm.
6 saat, amma bunu özünüzü yavaş-yavaş
alışdıraraq etmək lazımdı.İnsan gənclik
illərində yuxuya çox yol verərsə,həyatda
bir çox şeyləri qaçıra bilər.
-Qadın Qənirə, yoxsa millət
vəkili Qənirə? Bunlardan hansı həyatınızda
mühüm rol oynayır?
– Onlar
bir-birindən ayrılmır.Ayrıla da bilməz. Bir dəfə
sual verdilər ki, millət vəkili Qənirə Paşayeva
evdə necədir,dedim evimizin kandarından
o tərəfə millət vəkili Qənirə Paşayeva
yoxdur. Tehran Nağıyevanın qızı Qənirə
var. Bir ananın qızı, qardaşların bacısı,
bacısının bacısı. Mən evimin
qadınıyam, xanımıyam,Millət vəkili
mənim işim,mənim səlahiyyətimdir, təbii ki,
bunları üz -üzə qoymaq doğru deyil.Biz millət vəkili
olaraq qadın funksiyalarımızın da üzərimizə
düşdüyünün fərqindəyik. Mən
həmişə fərqində olmuşam. Bir az öncə söylədim ki, anam-atam
yanımda olmayıb. Qardaşımla bir evdə
qalırdıq və evin idarə edilməsi həmişə
mənim üzərimə düşüb. Sonra atamgillə bərabər
yaşamışıq, nənəm xəstə olduğu
üçün anamla bərabər ailənin
yükünü qadın olaraq mən də çəkmişəm.Amma
bunun üçün insan yetişdirilməlidir. Məsələn, 20 yaşında bir qız deyir ki,
yemək bişirə bilmirəm. Mən bu
şeyləri qəbul etmirəm. Bizim kişilərlə
haqqlarımız bərabərdi,amma biz
dünyaya qadın gəlirik. Bizim işimiz
çoxdu, hər gün yetişdirə bilmirik, amma istədiyimiz
anda evdə anamıza, ailə üzvlərimizə yemək
bişirməyi bacarmalıyıq. Axı həyatı
bilmək olmaz.İnsan hər zaman zəngin olmur, hər zaman
yanında həyat yoldaşı olmaya bilər, uşaqları
ilə tək qala bilər, maddi imkanı zəif ola bilər və bu hamımızın
başına gələ bilər. Bir qadın,
bir ana bu işləri bacarmalıdı.Mən bu məsələdə
şanslıyam ki, biz belə yetişdirilmişik. Atam da işləyirdi, anam da.Həyət-baca işlərini
anam heç yüzdə iyirmisini görməyib.Hamısını
biz eləmişik. Düşünürdük
ki, anamız işləyir ona kömək etmək
lazımdı. Uşaqlıqdan mətbəxə
öyrənmişik. Mətbəx işini
sevə-sevə edirəm, amma desəm ki, hər gün yemək
bişirirəm, yox, hər gün bişirmirəm. Bizdə çox böyük ailə sayı da
yoxdur. Mən də ancaq işlərimi
bitirdikdən sonra evə gedirəm.Amma zaman olunca gözəl
bir süfrə hazırlamaq mənim əlimdə 15-20 dəqiqəlik
işdi.
-İndi bütün
dünyada, son vaxtlar da Azərbaycanda sosial şəbəkələrin
bağlanmasını təklif edirlər.Necə fikirşləşirsiz,
bütün dünyanın bir ovuca sığdığı
zamanda buna ehtiyac varmı?
– Mən
bu təklifləri dəstəkləmirəm. Biz
sosial şəbəkəni necə bağlaya bilərik?
Bunun nəsə effekt verəcəyini
düşünməyən insanlardanam. Sadəcə edəcəyimiz
bir şey var,mən bir beynəlxalq
konfransa getmişdim, adı təxminən belə idi: “Gənclik
və Media Sosial şəbəkələr”.Biz məktəblərimizdən,universitetlərimizdən
başlayaraq “gənclər və sosial şəbəkələr”
istiqaməti altında seminarlar təşkil etməliyik.Mətbuat
və media vasitəsilə bu yöndə ciddi maarifləndirmə
aparmalıyıq. Böyüyən uşaqlarımız,gənclərimiz psixoloji
asılılığa düşürlər,
zamanlarının necə keçdiyinin fərqində olmurlar.
Sosial medianın yaxşı tərəfləri də var.Siz
tez informasiya oxuya bilərsiniz,uşaqlara da
məhz bu yaxşı tərəfi öyrətmək
lazımdı. Bundan əlavə ölkəmizin
təbliği istiqamətində, Qarabağ həqiqətlərinin
təbliğı istiqamətində. Tutaq
ki, bizdə bağlandı, axı başqalarında
bağlanmır.Onlar Azərbaycan əleyhinə kampaniyalar
aparacaqlar. Düzdümü? Onlara cavab vermək üçün, bu platformadan
daha səmərəli istifadə edə bilməmiz
üçün uşaqlarımıza öyrətməyimiz
lazımdı. Öyrədəcəyimiz şey bunlar:
1.Sən günün 24 saatını sosial şəbəkəyə
nə qədər vaxt ayıra bilərsən. 2.Daha
çox nədə istifadə edə bilərsən ki, o sənin
inkişafında xidmət göstərsin 3.Bizim virtual ordumuz
olmalıdı.Azərbaycanın virtual məkanda mübarizəsini
aparsın, müdafiəsini aparsın. Gənclərə
məhz bunları aşılamaq lazımdı.Uşaqlara
qadağa qoymaqla bir şey əldə olunacağına
inanmıram. Hər məsələdə
qadağalar hər şeyi həll etmir, tam əksinə maarifləndirmə
daha lazımlıdır.Mən bunu təklif də etmişəm.
Dillər Universiteti, Slavyan Universiteti, Turizm Universiteti və
İdman Akademiyasının rəhbərləri gənclərlə
görüş, konfrans təşkil etmişdilər. İndi sadaladığım fikirləri orada da gənclərin
nəzərinə çatdırmışam. Digər məsələ isə Azərbaycanın
maraqlarıdır. Biz ölkəmizlə bağlı məsələlərdə,
Azərbaycan adı gələndə diqqətli olmalıyıq
ki,dostla bərabər düşmən də bunu
görür.Bundan başqa gənclərimizə tənqid və
təhqirin nə olduğunu izah etməliyik.Maarifləndirmə
olmasa cəmiyyətimiz nə hala gələr? Düzdü,
bəzi başqa məqsəd daşıyan qruplar var, istər
xaricdə, istər burada. Onlar təhqirləri
məqsədli edirlər. İkinci qrup heç bir məqsəd
daşımayan, tənqid etmək istəyib təhqir
yazanlardı.Bu halların yaşanması gənclərimizin
kitab oxumamasından da qaynaqlanır…
-Gənclərimiz kitab az oxuyur deyirsiz, bəlkə bu satışda
olan kitabların qiymətlərinin yüksək olmasından
qaynaqlanır?
– İcazə verin opponentlik edim.Kitabların əksəriyyəti
elektron variantda var. Sosial şəbəkələrdə
boş vaxt keçirincə elə o kitabı oxuya bilərik. Lazımsız,
faydasız keçirilən o zamandansa elə orda kitab oxumaq
olar. Bu ki, pulsuzdu. Kitabxanaları hər
gün dolu görsəydim, arqumentinizi qəbul edərdim.
Bu gün Axundov kitabxanası elekton şəkildə
də fəaliyyət göstərir. Bu qədər
zəngin xəzinə var, kitabxanalar var, niyə istifadə
etmirik? Axı bunun üçün pul istəmirlər.
Ola bilər bir faiz intellektual toplum var, onlar istədiklərini
tapa bilmir kitabxanalardan.Sizin dediyiniz qrup var,amma
onların sayı çox deyil. Məsələn,
alış-veriş mərkəzlərinə gedirik və
orada ucuz şeylər olmur. Brend
mağazalarda gördüyümüz adamlar qədər, kitab
mağazasında insan görmürük. Kasıbın
deyək ki, imkanı yetmir kitab almağa,axı
biz bir paltara 1000 manat verən
varlı təbəqəni də kitab mağazasında
görmürük. Mənim atamın çox zəngin
kitabxanası var idi. Mən o mənzərə
üçün darıxıram. Adamlar gəlirdi
bizə deyirdi filan kitab lazımdı. Deyirdik ki,o kitabı filankəs aparıb,o filankəsdən
sonra başqası istəyib.O bitirəndə sənə verəcəyik.
Dövlətin dəstəyilə gənclərimizə kitab
oxumaq vərdişini aşılamalıyıq.Hamımız
oturub bunun çıxış yolunu axtarmalıq.Məsələn,
mən bu təklifi irəli sürdüm, daha sonra Mədəniyyət
və Turizm Nazirliyi Axundov adına Kitabxana
ilə birgə bunu elədi. Axundov
Kitabxanasının yanındakı bağda açıq
kitabxana təşkil elədilər. O vaxtı məsələ
qaldırmışdım ki, əgər vətəndaşlar
kitabxanaya getmirsə, kitabı vətəndaşın
ayağına aparaq. Dedim ki, gəlin parklarımızda dəmirdən
hazırlanmış xüsusi kitab rəfləri qoyaq. Bu layihədə
hətta vətəndaşdan da dəstək istəyirik “Mən
oxudum,sən də oxu”adını qoyaq. İnsanlar öz kitablarını verib kömək
etsə, böyük nailiyyət əldə edə bilərik.
Bəhanə etmək asandı, bu yöndə
çalışmalıyıq. Mən bu layihəni “BakuBus” rəhbərliyinə
də danışmışam ki, avtobusların içində
balaca bir yer ayırıb kitab qoyulsun. İnsanlar
yol gedə-gedə ən azı jurnaldı, kitabdı, vərəqləyib
baxsınlar.Bundan başqa kitab satış nöqtələrini
artırmaq lazımdır. Məsələn, bölgələrimizdə
kitab dükanları yoxdu.Təbii ki, bu ərzaq dükanı
kimi pul gətirməyəcək, bu
özü-özünü idarə eləsə belə
böyük bir uğurdu.Bizim bu yöndə fədakar iş
adamlarımızın artmasına ehtiyac var. Deyək ki, pul
qazanır başqa yerdən, amma burdan qazanmasın. Onun
qazancı cəmiyyətin savadlanması olsun. Rayonlarımızda
yazarlar, şairlər, bu sahənin insanları ilə
görüşlər keçirilməli və bu görüşlər
çox olmalıdır. Mən rayonda oxuyanda,
yazarların,şairlərin çoxunu
görmüşdüm.Bunun özü də kitab oxumağa təşviq
edir. Heç nə eləməsək, oturub
giley etsək ki, gənclər oxumur neyləyək, bu
çıxış yolu deyil.
Ardı var
Aysel Oğuz
Olaylar.- 2018.- 24 may.- S.9.