Azərbaycan Xalq Cumhuriyyətinin

səhiyyə siyasəti

 

Azərbaycan Xalq Cumhuriyyəti bütün sahələrə olduğu kimi səhiyyə sahəsinə də xüsusi diqqət yetirirdi. Belə ki, AXC elan edildikdən dərhal sonra  Səhiyyə Nazirliyi təsis edilir və nazirliyə rəhbərlik  Musa bəy Rəfiyevə həvalə edilir. Bu illərdə Bakı və Gəncə kimi şəhərlərdə onlarla yeni aptek və xəstəxana açılır.1919-cu ildə tibb fakültəsi də olan Bakı Dövlət Universitetinin əsası qoyulub, kafedranın ilk rəhbəri görkəmli cərrah, professor Vasili Razumovski (1920-ci ilə qədər) olur. Burada, həmçinin tibbin tarixi də tədris edilirdi.

Qısa bir müddət ərzində Razumovskinin rəhbərliyi altında Xüsusi Hazırlıq Komissiyası yaradılır. Həmin ilin avqust ayında qəbul imtahanları təşkil edilir və beləliklə də ilk tələbələr - gələcək həkimlərin qrupu yığılır. 1922-ci il avqust ayının 2-də tibb fakültəsinin ilk 29 məzunu arasında yalnız üç azərbaycanlı - A.Ələkbərov, Ceyran Sultanova və sonradan elmlər doktoru və professor olan Adilə Şahtaxtinskaya olub. Gəncədə Qafqaz İslam Ordusunun zabitləri Azərbaycan Xalq Cümhuriyyəti Səhiyyə Nazirliyinin işçiləri ilə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti yarandığı gündən əhalinin sağlamlığı qayğısına qalmış və səhiyyə sahəsində ciddi tədbirlər görmüşdür. Bu sahədə ən böyük uğurlardan biri ölkənin səhiyyə sisteminin yaradılması və təşkili işlərinə bilavasitə rəhbərlik edən dövlət icra orqanının - Səhiyyə Nazirliyinin yaradılması idi. 1918-ci il iyunun 7-də Fətəli xan Xoyski tərəfindən təşkil edilmiş 2-ci hökumət kabinəsi Gəncədə fəaliyyət göstərərkən Müsəlman Milli Şurası nəzdindəki qaçqın şöbəsi əsasında Azərbaycan Cümhuriyyəti Xalq Səhiyyəsi və Himayədarlıq Nazirliyi yaradıldı. Azərbaycanın ilk ali təhsilli cərrah həkimlərindən olan Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyətinin xalq səhiyyəsi və himayədarlıq naziri təyin edildi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Parlament və Hökumət, xüsusən də Xalq Səhiyyə Nazirliyi əhalinin sağlamlığına mənfi təsir göstərən antisanitariya ilə ciddi mübarizə aparmağa, xarici mühit və məişət şəraiti ilə bağlı mənfi amilləri aradan qaldırmaqla yoluxucu xəstəliklərə, ağır epidemiyalara qarşı profilaktik tədbirlər həyata keçirməyə başladı. Az vaxt içərisində Gəncə yaxınlığındakı Zəyəm və Zurnabad kəndlərində taun əleyhinə məntəqə təşkil olundu. Səhiyyə şəbəkəsinin genişləndirilməsinə başlandı.  Kənd yerlərində xəstəxanalar, ambulatriyalar, feldşer məntəqələri və sair müalicə müəssisələri açıldı, yeni tibb ocaqlarının bünövrəsi qoyuldu. Dövlət tibb müəssisələrini dava-dərmanla, avadanlıqlarla təmin etmək məqsədilə lazımi tədbirlər görüldü. Bunun üçün dövlət aptek anbarı, laboratoriyası  yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və Hökuməti sağlamlığın mühafızəsinə dair vəzifələr və tədbirlər barədə bir sıra qanun və qərarlar qəbul etdi. Cümhuriyyət Hökuməti tibb xidməti heyətini genişləndirmək məqsədilə səhiyyə sistemində qısamüddətli tibb işçiləri kursları açdı. Bütün bunların nəticəsi idi ki, Xalq Cümhuriyyəti dövründə kənd yerlərində Səhiyyə Nazirliyinə tabe olan 33 kənd xəstəxanası fəaliyyət göstərirdi. Onların hərəsində 1 həkim, 2 feldşer və xidmətçi tibb bacıları işləyirdi. Bu tibbi personal 6 çarpayılıq kənd xəstəxanalarında xəstələrə xidmət edir, ambulator müalicəyə ehtiyacı olanlara isə pulsuz tibbi yardım göstərirdi.

Bu dövrdə qeyri-hökumət tibbi cəmiyyət, birlik və təşkilatlarının da fəaliyyəti geniş vüsət almışdı. Bakı şəhəri həkimlər cəmiyyətinin əsas fəaliyyət istiqaməti sənayə gigiyenası, yatalaq epidemiyasının aradan qaldırılması olmuşdur. Cəmiyyət Bakı Dövlət Universiteti tibb fakültəsinin avadanlıqla təchiz edilməsinə yardım göstərmək üçün Avropanın aparıcı klinikaları ilə əlaqə yaratmışdı. Bakının tanınmış həkimləri təbabətin müxtəlif sahələrində elmi nailiyyətlərin mübadiləsi məqsədilə cəmiyyətdə məruzələr edirdilər. Onun nəzdində boş yerlərini qeydə almaq, işsizləri həmin yerlərə yerləşdirmək, onlara vaxtaşırı yardım göstərmək məqsədilə Həkimlərə yardım bürosu yaradılmışdı. 1919-cu ildə Bakıda təsis edilmiş qeyri-hökumət tibb cəmiyyətlərindən biriUşaq həkimləri dərnəyi idi. Dərnək uşaqlar və yeniyetmələr arasında yayılmış yoluxucu xəstəliklərin profilaktikası və müalicəsi sahəsində təcrübə mübadiləsi aparır, qabaqcıl müalicə üsullarının tətbiqinə səy göstərir, təbliğat və təşviqat işi ilə məşğul olurdu. 1920-ci ilədək Azərbaycanda, artıq 353 həkim, 450 orta tibb işçisi, 1123 yerlik xəstəxana var idi.

 

Zəka

 

Olaylar.-2018.- 25 may.- S.13.