Yaşıl donlu, al duvaqlı,
mavi gözlü sevdiyim...
AZƏRBAYCAN adlı bir gözəli sevmək, VƏTƏN adlı bir varlığa aşiq olmaq yəqin ki, çoxumuzun qismətində var. Bu duyğu ilahi eşqə bərabər Alın Yazısıdı. Doğulduğun torpağa vurulmaq, onu canına-qanına hopdurmaq İlahidən gələn bir vergidir.Tanrı insanı yaradanda bu sevgidən ayrıca pay verib, onu müqəddəsləşdirib.
Gözümü ilk dəfə Azərbaycanda açdım, qulağım anamın şirin - şəkər laylasını Azərbaycan dilində eşitdi, yeriməyə - yürüməyə Azərbaycan torpağında başladım. Və bu başlanğıclar məni böyütdü. Mənimlə bərabər Tarının bəxş etdiyi Vətən sevgisi də böyüdü, Azərbaycan eşqi könlümdə yuva qurdu. Bu yuvanı kimsə dağıda bilmədi, kimsə ora əl uzadıb nəyisə dəyişmək gücü tapmadı. Çünki bu YUVAnın kərpici namus, əxlaq, şərəf və qeyrətdən hazırlanıb. Bu hisslər Azərbaycan sevgisinin, Vətən eşqinin çox böyük atributları, 28 may isə gözqamaşdıran, ən qiymətli aksesuarıdı.
Niyə məhz 28 may? 100 il əvvəl məhz bu gün Azərbaycan adlı məmləkət üç rəngli bayrağına büründü. Məhz o gün Azərbaycanın şərəf və ləyaqət ölçüsünü özündə ehtiva edən bir tarix yarandı. Məhz o gün mavi gözlü Azərbaycan bir boy ucaldı, daha da gözəlləşdi, dünyaya meydan oxudu - əyninə geydiyi yaşıl donu, başına qoyduğu al duvağı ilə. Yaşıl donlu Azərbaycan ağ günə çıxdı, başındakı al duvağı onun mavi gözlərinin baxışını dəyişdi. O vaxta kimi əsarətdə yaşayan, işğalda inləyən Azərbaycan "Cümhuriyyət" yarlığı ilə azadlığa çıxdı. Məhz həmin gün doğuldu Azərbaycan Cümhuriyyəti.
Doğuşun mübarək, sevgili Cümhuriyyət!
Gəlişin mübarək, yaşıl donlu, al duvaqlı, mavi gözlü, sevgilim!
***
Könlümün sevgili məhbubu
mənim
Vətənimdir,
vətənimdir, vətənim... (c)
Vətən Anamızdı, eləcə də Anamız Vətəndi. Bu iki varlığı bir-birindən ayırmaq olmaz, daha doğrusu, mümkün deyil. Ananı sevməmək olarmı? Olmaz. Vətən də elədi. Onu sevməmək üçün hansı əsas tapılmalıdır ki, həmin eybəcər hissi daşıya biləsən? Sevgizis yaşamaq çaylaq daşına bənzəyir. Suyu azalmış çayın ortasındakı daşın üstünü gün qızdırır, altını su soyudur. O daşı götürəndə üst tərəfi əlini yandırır, o biri tərəfi üşüdür, göynədir. Vətən sevgisindən məhrum olanlar həmin buz soyuqluğunun daşıyıcılarıdır. Kİ... onlar daim göynəyirlər, titrəyirlər. Hansı ana övladının pis gününü istəyər? Heç bir ana bunu arzulamaz, o, övladının ağır gününü görməmək üçün gözünü verməyə hazırdı. Ana doqquz ay bətnində gəzdirdiyi övladlarını bir-birindən ayırmır, birini o birindən üstün tutmur. Vətən də belədi, sevgisi çoxşaxəlidi, Günəş istisi qədər boldu, tükənməzdi. Qoynunda bəslədiyi bütün millətlərin nümayəndələrinə eyni qayğını göstərir, eyni sevgini paylayır.
Dünyada yaşayan xalqların 200-dən bir qədər çox dövləti var. Hər dövlət özünün vətən missiyasını yerinə yetirir. Amma Azərbaycan dövlətinin Vətən missiyasını müşaiyət edən vətəndaş sevgisi, oğul-qız məhəbbəti digərlərindən fərqlənir. Hər dövlətin Vətən adı ilə doğuldüğü gün var və hər millət öz vətənini sevir. Biz də sevirik. Mən isə daha fərqli sevirəm. Onu qarşılıqsız sevirəm, təmənnasız aşiqəm, heç nə ummadan vurğunam 100 il əvvəlki Cümhuriyyətin bu günkü Azərbaycan adlı məmləkətinə. O mənim yaşıl donlu, al duvaqlı, mavi gözlü sevgilimdi.
***
Vətən canlı tarixdi...
Düz 100 il əvvəl Azərbaycanı canı-qanı qədər sevən, onun yolunda fədakarlıq edən insanlar gələcək xoş günlərə hesablanmış müstəqil Azərbaycan dövlətini qurdular. Düz 100 il əvvəl Azərbaycanın müstəqil bayrağı, gerbi, himni dünya dövlətlərinin eyni atributları sırasında yer aldı. Üçrəngli bayrağıımız təkcə Azərbaycan səmasında deyil, həm də dünyanın başqa dövlətlərinin ərazisində öz əzəməti ilə dalğalandı.
100 il əvvəlin 28 May günü əvvəlki və sonrakı illərin eyni günü ilə çox fərqlənir. Bir zamanlar təqvimdə sıradan bir gün gün kimi yazılan 28 May tarixi 1918-ci ildən başlayaraq 23 ay şanlı tarix kimi qeyd olundu. Bu 23 ayda Azərbaycan müstəqilliyinin əlindən tutdu, onu buraxmamağa çalışdı.
28 May tarixi Azərbaycan dovlətciliyinin bərpası, xalqımızın istiqlalına qovuşması, oz əzəli torpaqlarına sahib durduğu tarixdir. Dunya dovlətləri sırasında Azərbaycan adlı məmləkət yarandı, onun paytaxtı, ərazisi, sərhədləri elan edildi, bu dovlətin sahibinin azərbaycanlılar olduğu bildirildi. İnsan sahib olduğunun dəyərini biləndə onun yeri ucalarda olur. Mənim sevgili Cümhuriyyətim 23 ay yaşasa da izi könüllərda qaldı. Zaman-zaman bir qəlbdən digərinə ötürüldü.
28 May tarixi Azərbaycan dovlətciliyinin bərpası, xalqımızın istiqlalına qovuşması, oz əzəli torpaqlarına sahib durduğu tarixdir. Dunyanın dovlətləri, millətləri sırasında Azərbaycan adlı məmləkət yarandı, onun paytaxtı, ərazisi, sərhədləri elan edildi, bu dovlətin sahibinin azərbaycanlılar olduğu bildirildi. İnsan sahib olduğunun dəyərini biləndə onun yeri ucalarda olur. Azərbaycan Cümhuriyyəti 23 ay yaşasa da yeri könüllərda yaşadı. Zaman-zaman bir qəlbdən digərinə ötürüldü.
Həmin tarixin yaradıldığı vaxtdan 100 il keçib. 100 illik tarixin mübarək, sevgili Cümhuriyyətim!
***
Bu gün Cümhuriyyətin 100 yaşı tamam olur...
Bu gün yaşıl donlu, al duvaqlı, mavi gözlü sevgilimin yubiley günüdür. Bu yubileyin öz mistikası var. Yüz ildi bu günü gözləyən sevgili Cümhuriyyətim özünün şərəfi, ləyaqəti və qüruru ilə Cəfər Cabbarlının Vətən eşqini bu misrada daşıyır:
Qollarilə türk ellərin bütün
qucmaq istiyor,
Yaşıl donlu, mavi gözlü,
al duvaqlı sevdiyim.
Züleyxa NADİR
Olaylar.- 2018.- 26-29 may.- S.5.