“Mənim mənəvi qızlarım çoxdu”
Qənirə Paşayeva: "Vəsiyyətimdə şərtimi
yazmışam. Orqanlarım maddi imkanı olmayan ailələrə,
yetim, kimsəsiz, məcburi
köçkünlərə verilsin"
Millət
vəkili Qənirə Paşayeva ilə müsahibənin
davamı
Əvvəli 24 may tarixli
sayımızda
-Dünyanın, o cümlədən Azərbaycanın qarşılaşdığı ən böyük problemlərdən biri də qızların erkən yaşda ərə verilməsidir.Cəmiyyətimiz, xüsusən də müvafiq qurumlar bu problemlə necə mübarizə aparmalıdır?
-Bu məsələdə ciddi maarifləndirmə olmalıdır. Qızlarımızın təhsilə cəlb olunmasını daha da artırmalıyıq. Təbii ki, hamı ali təhsil ala bilməz, amma qızlarımızın peşə təhsilinə yönəldilməsi çox önəmlidir. Qızlarımız iki qrupa bölünür, biri ali məktəbə daxil olur, digəri məktəb bitdi, evdədi və evdədisə qonşu,qohum- əqraba başlayır ki, neynəyəcəksiz ərə verin getsin. Hələ mən erkən qurulan ailələrdən danışmıram. İndi ölkəmizdə peşə təhsili ilə bağlı işlər artır və daha da artmalıdır. Bu oğlanlara da aiddir. Oğlanlar da yaranmış boşluqdan istifadə edir, təhsil almır, müxtəlif zərərli vərdişlərin arxasınca gedir, müxtəlif dini cərəyanlara qoşulur. Qızlarımız isə daha çox məişət zorakılığının hədəfi olur, niyə? Çünki təhsili yoxdu, peşəsi yoxdu. Elə ailələr var, deyir ki, öldürsələr də döz. Yəni ər evində. Bəzən elə sonunda doğurdan da öldürülür. Odur ki, məişət zorakılığı ilə bağlı maarifləndirməni məktəblərdən başlamalıyıq. Məişət zorakılığının nə qədər dəhşətli insan haqları pozuntusu, zəiflik əlaməti olduğunu uşaqlarımızın beynində məktəb yaşlarından formalaşdırmalıyıq. Bilirsiz ki, ölkəmizdə erkən nikahla mübarizəyə dair addımlar atılıb, qanunvericilik dəyişdirilib, qızlar və oğlanların nikah yaşı ilə bağlı məsələlərdə yaş məhdudiyyəti artıq bərabərləşdirilib. Nikah yaşı 18-dir,17 yaşa isə bəzi istisna hallarda yol verilir, sui-istifadə halları minimuma endirilsin deyə...
-Əslində məncə,
18 yaş da ərkəndi, 20 yaş
edilməlidir...
- BMT-nin qaydaları var və biz o qaydalardan kənara çıxa bilmərik. Bizə qalan maarifləndirmə və gənclərin peşəyə cəlb edilməsi, işə düzəldilməsidir. Həyat çətindi, sabah sənin üçün çətin olmaya bilər, amma 5-10 il sonra heç kəs bilmir həyatında nə baş verəcək. Ona görə də bu məsələni onların öhdəsinə buraxmamalıyıq. Bu işdə dövlət, vətəndaş cəmiyyəti, biz daha fəal olmalıyıq. "Neyləyək qızıdı verir də, neyləyək e erkən yaşda verib" deməməliyik. Deməliyik ki, biz nə isə az etmişik, daha çox işlər görməliyik. Hardadı bununla bağlı maarifləndirmə? Siz televiziyada bunu görürsüz? Görmürsüz. Çoxu ailə ilə bağlı verilişlərdi. O verilişlərin ailə ilə bağlı bir xeyrini görmürəm, zərərindən başqa. Çox nadir verilişlər olur ki, ordan bir müsbət nəsə götürmək olar...
-İzləyirsiniz
yəqin bu tip
verilişləri?
-Bilirsiz nə izləməyə zamanım, nə də ki, istəyim yoxdur.
-Amma hər halda
verilişlərdə nələr baş
verdiyindən xəbərdarsız ən azından...
-Sosial şəbəkələrdən xəbərdar oluram və yaxud da dostlarım mənə video göndərir, bir az da əsəbi tonda deyir ki, Qənirə, bu nədir? Ayıb deyilmi? Baxıram ki, doğurdan da biabırçılıqdı...Cəmiyyəti reytinqə qurban vermək olmaz. Peşəkarları cəlb etmək lazımdı o verilişlərə. Bir də görürsüz ki, zəng edirlər və deyirlər axı sən parlamentdəsən, bu məsələni müzakirəyə qoyun, axı övladım oturub baxır və mən onu ekrandan ayıra bilmirəm. Bu mənada televiziyalar bizim yaralı yerimizdi. Düşünürlər ki, yalnız dövlət televiziyaları maarifləndirmə funksiyasını daşıyır, amma özəl televiziyalar da cəmiyyətin bir hissəsidir. Özəl televiziya maarifləndirmə verə bilmirsə, ən azı zərər verməsin. İnsanların çoxu hardadır,televiziya qarşısında, sosial mediadadır. QHT-lər bölgələrə çox getməlidir. Kəndlərə getmək, bu layihələri bölgələrə, kəndlərə aparmaq lazımdır. Rayon icra hakimiyyəti, bələdiyyələr də buna mane olmamalıdır. Marağında olub dəstək verməlidir.
-Hal- hazırda Azərbaycan Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün
bir çox işlər
görür. Sizcə bu
işlər yetərlidirmi?
-Burada iki qrup var. Birinci qrup həqiqətləri bilməsinə rəğmən görmək istəməyən, ikincisi həqiqətləri bilməyən. Biz düşünməməliyik ki,bir kanadalı niyə Azərbaycan həqiqətlərini oxumur. Axı bizim gənclər də Kanada tarixini oxumur və kanadalıdan da bunu gözləmək absurddur. Deməli biz nə etməliyik? Biz özümüz kanadalıya, fransalıya, almana, indoneziyalıya bu həqiqətlərin yayılmasında fəal olmalıyıq. Təkcə Leyla Əliyevanın "Xocalıya ədalət" kampaniyası ilə nə qədər müsbət nəticə var. Bu o deməkdir ki,biz daha çox işləsək, daha çox duyura bilərik. İnsanlarımız harda doğulub, harda yaşamasından asılı olmayaraq düşünməlidir ki, bunu etməlidir. Hər bir azərbaycanlının bu istiqamətdə üzərinə vəzifə düşür. Məsələn, xaricdə yaşayırsan, işləmirsən, bir ev xanımısan,qonşularla əlaqən var. O 2-3 qonşuya Azərbaycan, Qarabağ həqiqətləri haqqında danışsan, o deməkdir ki, sən çox böyük bir iş görmüsən. Digər misal, xaricdə restoran işlədirsən, Qarabağ mövzüsuna dair təbliğat, material qoysan, kimsə götürüb oxuyacaq. Ona hər gün 5-10 nəfər baxsa, demək çox böyük bir iş görürsən. Bundan başqa virtual məkanın imkanlarından geniş istifadə etməliyik. Məsələn siz Yaponiyaya getmək istəyirsiz. İlk öncə araşdırırsız. Durub birbaşa getmirsiz ki. Açırsız "Google"u və Yaponiya yazıb axtarışa verirsiz. Sorğunun ilk onluq nəticəsinə baxırsız. Bax biz düşünməliyik, amerikalı, fransız "Google"da Azərbaycan yazanda ilk onluğa Qarabağla bağlı həqiqətlər çıxmalıdır. Bundan başqa Vikipediya üzərində çalışmalıyıq ki, yanlış məlumatlar olmasın. Azərbaycan haqqında bilgiləri daha çox artırmalıyıq. Digər dillərə tərcümə olunmuş materialların sayını artırmalıyıq. Məhz virtual məkanda bunları yaymalıyıq. Məsələn, kitab şəklində nəşr etdik min ədəd, amma həmin kitabın elektron variantını yerləşdirməklə nə qədər insana həqiqətləri çatdıra bilərsiz.
Bu gün dünya görüntü dünyasıdır. İnsanlar görüntüyə önəm verir.Biz dünyaya çıxarıla biləcək Qarabağ mövzusunda sənədli və bədii filmlərin sayını artırmalıyıq. Baxın "Pianist" filmi. O filmin sonunda siz də o insanlar üçün ağlayırısız.Yaxud "Şildlerin siyahısı"...
Həmişə gənclərimizə deyirəm, bu gün ön cəbhəmizi qoruyan minlərlə gəncimiz var, onlar sizin yaşdadır. O gənclərimizin bəziləri öz canını veribsə, sənin gündə vətən üçün yarım saat verməyin çoxdurmu? Bizim könüllü virtual əsgərlərimizin artmasına ehtiyacımız var. Virtual əsgərlərin sosial mediada səsinin duyurulması elə də çətin deyil.
Bu yöndə millət vəkillərinin, diasporanın, QHT-in, KİV-in işləməsi vacibdir. Əlaqələr, əməkdaşlıq qurmalıyıq, imkan olanda getməliyik. Mənə bəzən deyirlər Türkiyədə təbliğatın aparılmağına nə ehtiyac var. Biz Türkiyənin demək olar ki, bütün universitetlərinə gedirik, gənclərə çağırışlar edirik. Ən çox təbliğata ehtiyac olan yer elə Türkiyədir. Türkiyə 70 milyondan çoxdur. Biz o gəncləri bu məsələdə maarifləndirsək və desək ki, bu məsələdə sizin dəstəyinizə ehtiyacımız var, görün neçə milyon səs edir...
-Aprel
döyüşlərində türklərin bizə necə dəstək
olmaları yaxşı yadımda qaldı...
-Onların hamısı universitet tələbələridir. Xarici dildə bilir bəziləri. Virtual məkanda Qarabağa dair məsələlərdə həssaslığın daha da artması üçün digər türk ölkələri bizə qoşulsa, bilirsiniz biz nə böyük güc ola bilərik. Ona görə də düşünürəm ki, nəinki Türkiyədə, digər qardaş türkdilli dövlətlərdə təbliğat aparmalıyıq. Türkiyədə "Qarabağ hekayələri" kitabının 5-ci nəşrini çıxartdıq. Hamısını öz hesabımıza edirik.Amma mən 5 iş adamı görmədim ki,gəlib desin ki, o kitabın iki min ədədini mən çapdan çıxardım ki, daha çox insan oxusun. Bu vəsilə ilə iş adamlarına çağırış etmək lazımdır.
-Siz
danışdıqca insanda "kamikadze" təsiri
bağışlayırsız. Millət uğrunda
canınızı fəda edirsiz.Axı ömür
insana bir dəfə verilib...
-Arabir Fəxri Xiyabana, ikinci Fəxri Xiyabana,Şəhidlər Xiyabanımıza gedirəm. Rayona yolum düşəndə Şəhidlər Xiyabanını ziyarət edirəm. Orada mənim dostlarım, qohumlarım var. Bəziləri ilə məktəb yoldaşı olmuşuq. Onların necə xəyalları olduğunun şahidiyəm. Mən özümə hesabat verirəm. Dururam orda öz-özümə deyirəm ki, mən sizdən çox yaşadım. Məsələn Samirdən bu qədər çox yaşadım. Nağıdan bu qədər. Özümdən soruşuram. Bunların hamısının haqqını verə bildinmi...(qəhərlənir).Biz bunu düşünməliyik ki, bu adamlar nə üçün şəhid olub. Onların da xəyalları var idi, sizin kimi, mənim kimi. İstedadları az idimi? İnanın ki, əksəriyyətinin istedadı bizlərdən daha çox idi.Amma getdilər,gözlərini qırpmadan canlarını verdilər. Biz onlardan daha çox yaşadığımızın vətənimiz qarşısında hesabatını verməliyik.Mən yaşadım, mən nə etdim bu 26 il ərzində? Mən həmişə deyirəm, bunun hesabını həmişə özümüzə verməliyik. Bizim aprel şəhidlərimiz var, baxırsız haralarda oxuyublar? Samid İmanov bilirsiz neçə dildə danışırmış? Uşaqlarımız onları tanımalıdır ki, bu şəhid neçə dildə danışıb, dünyanın haralarında olub. Murad Mirzəyevdən tutmuş hamısına qədər. Mən onlardan iki il artıq yaşayıram, bunun hesabını verirəm. Mən gəncləri tariximizi oxumağa çağırıram. Biz son iki yüz ildə yaşadığımızı haqq edən millət deyilik. Oturub oxusunlar və görsünlər ki, Azərbaycanın sərhədi hardan hara idi və bu vətən üzərindəki insan sayı nə qədərdi və baxsın indi vətəni Azərbaycan nə vəziyyətdədir, millətimiz nə vəziyyətdədir. Paramparça! Vətən paramparça və biz bu gün 86,6 içində və onun 20% işğal altında. Bu o deməkdir ki, bizim uzun illər müstəqil dövlətimizin olmaması bizə çox böyük acılar yaşadıb. Bizim müstəqil Azərbaycandan dəyərli heç nəyimiz yoxdur. Heç nəyimiz də ola bilməz. Dövlətimiz güclənsə, biz daha güclü olacağıq.İndi müstəqil dövlətimiz var, çox şükür, amma hədəflərimiz böyük olmalıdır. Biz hardan-hara gəldik millət olaraq və bunu kim dəyişdirməlidir? Bu gerçəyi dəyişdirəcək təkcə bizik, bu millətin gəncidir. Əgər onun hədəfi təkcə oxuyum, bir iş tapım, yaxud yaxşı pul qazanım toya yarım milyon verərək özümü göstərimdisə, bu hədəf deyil. Azərbaycan uğrunda yarışmalıyıq.Məsələn İsrail gücü yəhudilərin bu cür yarışından alır.
Əhməd Ağaoğlunun hansımızdan savadı az idi? Əlibəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Əlimərdanbəy Topçubaşov, Fətəlixan Xoyskinin məgər savadı az idi? Bu insanlar fədakarlıq etdilər deyilmi? Toplum fədakarlar üzərində qurulur.Ona görə də gənclər arasında da fədailər olmalıdır. Bu "kamikadzelik" deyil. Yaponların inkişafı bircə cümlə üzərindədir: "Ən yaxşı yapon,öz işini ən yaxşı görəndir". Bizim evlərdə hər bir uşağın xəritəsi olmalıdır. Orada Azərbaycanı işarələyib hər gün ona baxmalıdır. O işarə iki yüz ildə yaşanmışlığını ona söyləyəcək. Başqa nə cür ola bilər? Bizi Qarabağa aparan yol ordan keçir.
-Müsahibələrinizin
birində oxumuşdum ki,
mənəvi qızınız var....
- Mənim mənəvi qızlarım çoxdu.Onlarla bir başqa bağlılığım var. Onlar mənə böyük bacı kimi baxırlar, mən də öz növbəmdə gücüm yetdiyi qədər, onların həyatda doğru yer tuta bilməsi üçün məsləhət, dəstək, istiqamət verərək, çalışıram ki, həyatları daha yaxşı olsun. Bundan çox şad oluram, onların uğurlarını görəndə sevinirəm. Çünki millətin inkişafı, onun qadınının inkişafından keçir. Hər bir insan ən azı on qızın aydın yetişməsi üçün rol oynayarsa, o zaman cəmiyyətdə yerini tutmuş qızlarımız daha çox olar.
-Jurnalistika üçün
darıxırsınızmı heç?
- Darıxmıram. Bu günki jurnalistika üçün darıxmıram.Televiziyalara baxdığım zaman, bunu açıq şəkildə demişəm, deyəcəm də. Həyatda aldığım ən doğru qərarlardan biri televiziyadan vaxtında getməyimdir. Məsələnin maddi tərəfindən demirəm. Mən mənəvi olaraq işləyə bilməzdim bu mühitdə. Mən televiziyada heç bir zaman yüksək maaş almamışam. Dostlarım deyirdi ki, sən istənilən yerdə işləyib bu maaşın iki-üç qatını ala bilərsən. Mən heç vaxt televiziyaya gəlir mənbəyi kimi baxmamışam, başqa dəyərlərlə baxmışam.
İndi zaman tapan kimi yazıram.Yazılarım, məqalələrim gedir, kitablarım çap olunur. İçimdəki aclığı yazmaqla öldürürəm.
-Orqanlarınızın bağışlanması haqqında vəsiyyətiniz var. Donor olaraq orqanlarınızın kimə veriləcəyi sizin üçün önəmlidirmi? Məsələn, əməliyyat masasında orqana ehtiyacı olan qatı cinayətkar olsa belə?
- Kimə veriləcəyinin mənim üçün önəmi var, bəli Vəsiyyətimdə şərtimi yazmışam. Orqanlarım maddi imkanı olmayan ailələrə, yetim, kimsəsiz, məcburi köçkünlərə verilsin. Bir tək şərtim odur. Zəngin ailələr özləri bu məsələni pul gücünə həll edə bilərlər. Həm də varlılın qohum-əqrabası zəngin olduğu üçün köməyi çox olur. Kasıb isə həmişə tək olur.
-Axırıncı
sualım sadə görünsə də, düşündüm
ki, müsahibim olaraq yalnız siz fəlsəfi
yanaşmadan cavab verə
bilərsiz:"Həyat nə ilə gözəldir?"
- Həyat sevgi ilə gözəldir.İnsanın içində sevgi olmalıdır.Sevgi olmayanda yaşamaq dəhşət olur. Həyat faydalı olmaqla gözəldir. Bir işdə faydalı oldunuzsa bir insana, cəmiyyətə, onun zövqundən gözəl heç bir şey ola bilməz. Hər kəsin həyatda öz fəlsəfəsi var. Mənim fəlsəfəm budur.
Biz Yaradanın bizə verdiyi lütfün dəyərini bilməliyik. Əgər siz sağlamsınızsa, atanız, ananız (yəni normal ata-ananız varsa, sizə zülm, əziyyət verməyibsə), bir işiniz və bü gün çörək yeməyə bir tikəniz varsa, siz dünyanın 5% xoşbəxt insanlarının sırasına daxil olursunuz. Həmişə deyirəm Allah mənə bu şansı verib ki,mən həmin o 5% içinə daxil olmuşam.
Həyatda məhsuldar olmaq lazımdı. Siz mənə 1918-ci ilin beş zəngin adamını saya bilərsiz? Yox! Amma kimləri sayırsız? Elə də pulları olmayıb, hər şeylərindən vətən, millət uğrunda keçiblər. İndi üstündən 100 ömür keçir və bu insanları yad edirik. Məsələn, zəngin adam deyəndə hər kəsin ağlına gələn ilk şəxs Hacı Zeynalabdin Tağıyevdi. Nə qədər var-dövləti vardı Tağıyevin, heç kim bilmir. Qızlar məktəbi açmışdı, böyük aydınları oxudurdu, aydınlıq hərəkatına dəstək verirdi. Bununla tanınırdı yalnız. Millət üçün yaşayanlar əbədi ömür qazanırlar.Bu dünyada yaşayarkən gərək insan o dünyanı da fikirləşsin. Biz dünyadan köçəndə, sizin statusunuz varsa, deyəcəklər ki,bir millət vəkili köçdü. Amma bir 20 -30 adam deyir ki, adam kimi adam köçdü. Bu başqa bir şeydir.Bu sizin həyatınızdakı qazancınızdı. Bu dünyadan heç kim heç nə aparmayıb və mən bunu hər gün özümə deyirəm.Günün bir günü qəfil gedəcəksən.Ölümdən qorxmaq pis bir şey deyil, o baxımdan ki, ölüm hər dəqiqə bizim yanımızdadır. Bunu düşündükdə insan acgöz olmur, dəyərlər hər şeydən vacib olur. Bu dünyadan insanın aparacağı bir şey əməldir. Apara biləcəyin şeyin dərdində ol, apara bilməyəcəyin heç nəyin fikrini çəkmə.
Aysel Oğuz
Olaylar.-2018.- 30 may.- S.4; 12.