Kimdir müqəssir?
Bəşər yaranandan insanlar bir sualın cavabını çözə bilmirlər. Adəmlə Həvvanın Cənnətdən qovulmasında kim günühkardı? Adəm, yoxsa Həvva? Dünyanın SÖZ xəzinəsində yer alan elmi və bədii əsərlərdə də zaman-zaman bu sualın cavabı axtarılıb. Min illərdi məsələyə həm dini, həm də dünyəvi tərəfdən yanaşanlar əsasən Həvvanı müqəssir sayırlar: əgər o, qadağan olunmuş meyvəni yeməsəydi Allah da onları Cənnətdən qovmazdı.
Əbdürrəhim bəy Haqverdiyev isə "Kimdir müqəssir?" pyesində bu məsələdə bir qədər fərqli yanaşma göstərib. Əsərdə Adəmlə Həvvanın yaranışından sonrakı təkamül yolu, insanlığın bu günə gəlib çıxmasında qarşıya çıxan əngəllərin aradan qaldırılması incə bir yumorla qələmə alınıb. Dramaturq bu əsərində göstərməyə çalışıb ki, ilk insanların Cənnətdən qovulmasında hər ikisi müqəssirdi. Müqəssir insanlığın nəfsidi.
***
Əsər beş ildi Azərbaycan Dövlət Musiqili Teatrın repertuarındadı. Hər dəfə səhnəyə çıxan aktyorların ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bir neçə gün əvvəl tamaşaçıların qarşısına çıxan "Kimdir müqəssir?"in baş qəhrəmanları yenə də " öz məharətlərini göstərdilər". İki hissəli tamaşada Hüseyn və Gültac Əlili cütlüyü demək olar ki, can qoydular, tamaşaçını aldadıb başdansovdu oyun nümayiş etdirmədilər.
Bahar (Gültac Əlili) evin bütün işlərini görməkdən dolayı deyinir, ərinin ona kömək etmədiyini, ağır işlərin də qadın kimi onun boynunda qaldığından narazılıq edir. Amma Mahmud (Hüseyn Əlili) ona etriraz edir, insanlığın ədalətsiz olduğunu vurğulamağa çalışır. Nədən qadınların kişilərdən üstün tutulmasını anlamağa çalışsa da bunun səbəbini tapa bilmir. Yaranışdan qadınların müqəssir bəndə olduğu qənaətindədir. Əgər ilk insan olan Həvva qadağan olunmuş almanı yeməsəydi, bu gün insanlar əziyyət çəkməzdi. Amma Baharın da öz doğruları, ərinin qarşısına qoyduğu həqiqətlər var: bu işdə Adəmin rolu böyükdü, əgər o, Həvvanın yalvarışlarına məhəl qoymasaydı, Cənnətdən qovulmayacaqdılar. Demək ki, Həvvanın almaya olan nəfsi ilə Adəmin qadına olan nəfsi bərabərdi. Hər ikisi eyni anda nəfsin qurbanı olublar.
Tamaşadakı hadisələr iki nəfərlik bir ailənin timsalında cərəyan edir. Hadisələrin kökündə bəşəriyyətin insanlıq problemi, onun təkamül yolu, qadın-kişi münasibətlərindəki ziddiyyətlər, ər-arvad arasındakı ailə münaqişəsindən doğan bəzi xoşagəlməz hallar dayanıb. "Kimdir müqəssir?" XX əsrin əvvəlində qələmə alınıb. Ədibin o dövrdəki insanların anlaya biləcəyi bir dildə yazdığı dram əsəri bu gün tam başqa tamaşaçı ilə üz-üzə dayanıb. İndi XXI əsrin əvvəlidi, dünya dəyişib, elmi-texniki tərəqqi özünün pik nöqtəsinə çatıb. İnsanların bəsit düşüncələrini, mürəkkəb ideyalarını kiçik formatlı cihazlar həyata keçirir. Həyat demək olar ki, elmi-texniki avadanlıqlarla idarə olunur. Bu günün tamaşaçısı 100 il əvvəlin insanı deyil. O dövrdə yazılmış bir mövzunu həmin vaxtın çərçivəsində göstərmək effekt vermir. Ona görə də tamaşa müasir ruhda hazırlanıb, ona günün tələbinə uyğun səhnə quruluşu verilib.
Tamaşanı Musiqili Teatrın tələblərinə cavab verən müasir musiqilər, bəstəkar və xalq mahnıları müşaiyət edir.Onu da qeyd edək ki, kamança ilə ( ifaçı Fəridə Məlikova ) Hüseyn Əlinin canlı və həm də gözəl oxuması tamaşaya ayrı bir çalar verir. Aktyor oyunu ilə rejissorun quruluş verdiyi səhnə traktovkası müəllifin fikirləri ilə üst-üstə düşərək tamaşanın məqsədini açır. Xüsusilə də ilk insanların geyindikləri əncir yarpağından istifadə olunması əsərin yumor gücünü artıraraq xoş təsir bağışlayır. Uzun təkamül yolu keçən insanlığın əncir yarpağından müasir geyim formasına keçməsi tamaşaçıda xoş ovqat yaradır.
***
Aktyor ifa etdiyi obrazın taleyini səhnədə yaşayan insandı, canlandırdığı obrazın dili ilə danışan fərqli bir adamdı. Aktyorun məharəti tamaşaçını iki-üç saat ətraf aləmdən uzaqlaşdırıb özünə cəlb edə bilməkdi. Ki... bəzən tamaşaçı aktyorla birlikdə həmin obrazın təsiri altına düşür. Bu baxımdan "Kimdir müqəssir?" tamaşasında aktyor oyunu olduqca uğurlu alınıb. Cavan aktyorlar Gültac və Hüseyn Əlililər səhnədə uğurlu tərəf-müqabil olaraq ifa etdikləri obrazın hiss və duyğularını özlərinin yaşantıları ilə eyniləşdirə biliblər. Dinamik aktyor oyunu, səhnədən birbaşa tamaşaçı ilə ünsiyyət qurmaq tamaşa boyu hər iki aktyorda qabarıq hiss olunurdu. Əlililərin plastikası heç kimin gözündən qaçmadı, hər kəs onlara heyranlıqla tamaşa edirdi. Səhnədən düşüb zalda tamaşaçıların arası ilə qaçan Mahmudun (Hüseyn Əlili) dalınca ayağında çox hündür dabanları olan ayaqqabılarda Gültac rahatlıqla qaçırdı. Bu səhnə olduqca maraqlı idi, üstəlik də həyəcan doğururdu ki, indi Bahar (Gültac) yıxıla bilər. Amma nəticə gözəl oldu, aktyorlar alqışlandılar. Hiss olunurdu ki, aktyorlar sözün həqiqi mənasında dəridən-qabıqdan çıxıblar, tamaşanın uğurlu alınması üçün can qoyublar. Onların dialoqlarındakı səs tonu, əsəbi hərəkətlər, bir-birinə göstərdikləri fiziki güc, lap elə sevgi səhnəsində belə yumor hissi o qədər qabarıqdı ki, tamaşaçı qətiyyən yorulmur və sona qədər tamaşa zalını tərk etmir. Respublikanın əməkdar artisti Çingiz Əhmədov (Qasım bəy) da özünəməxsus yumoru ilə tamaşanı baxımlı edir.
Bu, bəlkə də ona görə belə alınıb ki, tamaşa bitəndən sonra aktyorlar(Gültac və Hüseyn ömür yoldaşıdırlar) teatrdan çıxıb birgə yaşadıqları evə yollanırlar. Yemək süfrəsi arxasında, televiziyaya tamaşa edəndə, yaxud da söhbət əsnasında ailə ortamını teatrın ab-havasından ayırmırlar. Bir evdə həm kişi, həm də qadın eyni işlə - teatr yaradıcılığı ilə məşğul olursa, üstəlik də səhnədə tərəf-müqabil kimi çıxış edirlərsə uğur qaçılmazdı. Hüseyn və Gültac Əlili cütlüyü "Kimdir müqəssir?"in müqəssiri olmayan obrazlarının dili ilə çatdırdılar ki, əslində Cənnət almasından yeyib ordan kənarlaşdırılmaq nəfsin əsiri olmaqlarının nəticəsidir.
Tamaşada
verilən əsas mesaj budur: insan nəfsinin qulu
olmamalıdır...
Sağ ol, Çingiz Əhmədov!
Sağ olun Gültac və Hüseyn
Əlililər !
Sağ ol Musiqili Teatr!
Züleyxa NADİR
Olaylar.-2018.- 1 noyabr.- S.10.