Zirvədən zirvəyə gedən şərəfli yollar

 

əvvəli ötən sayımızda

 

Onu da deyim ki, İkram müəllim atamın dəfnində iştirakdan tutmuş indiyə qədər mərhum iş yoldaşının "başsız qalmış" ailəsini unutmayıb (atam qəflətən vəfat edəndə biz  çox gənc idik), ötən müddət ərzində ən yüksək vəzifələrdə işləyəndə belə vaxtaşırı telefon açıb görüşmək üçün dəvət edir, yaşayışımızla, ümumi vəziyyətimizlə maraqlanır, köməyini əsirgəmirdi... Bəli, bu İkram müəllimin xarakteridir. Çünki anası Səmayə xanımın sözləri ilə desək: "...əsilləri, kökləri çox yaxşı, düzgün nəsil olub."

Təsadüfi deyil ki, kitaba xatirələri daxil edilmiş müxtəlif insanların hamısı onun yüksək mənəvi dəyərlərə malik insan olduğunu, sadəliyini, ədəbrkanlı, alicənab ziyalılığını vurğulayır. Tabeçiliyində olanlarla sadə, təvazökar davranışını, qayğıkeşliyini, xeyirxahlığını, həssas və xoş ünsiyyətli adam olduğunu önə çəkirlər.  Qanunun keşiyində duran, qanunu möhkəm qoruyan, lakin səmimiyyəti də unutmayan hüquqşünas! Bu - nadir xüsusiyyətdir... Onun barəsində yüksək fikirlər deyən insanların hər biri həyatda öz yeri, mövqeyi olan, hörmətli, nüfuzlu şəxslərdir: Məmmədkərim Kərimov, Mehman Mehmanov, Səlim Səlimov, Ramazan Rəcəbli, Hüseyn Talıbov, Ələddin Sultanov, İbrahim Quliyev, Hadi Rəcəbli, Vahid Atamov, Bəhram Zahidov, Mansur İbayev, Fərhad Abdullayev...    

Hüquqşünas olmaq istəyənlər üçün, yaxud gənc müstəntiqlər üçün ensiklopedik xarakterli stolüstü kitab qədər əhəmiyyət kəsb edən "Zirvədən zirvəyə..." kitabına əməkdar hüquqşünas  İkran Kərimov vaxtilə istintaqını apardığı cinayət işləri haqqında xeyli sənədli materiallar daxil edib, axtarış prosesləri barədə müfəssəl yazıb, müstəntiq peşəsinin incəliklərini açıqlayıb, müdrik ağsaqqal kimi məsləhətlərini, tövsiyyələrini verib. Onun istintaq etdiyi işlərin coğrafiyası nə qədər gərgin və təhlükəli iş rejimində çalışdığını göstərir. Buraya qəsdən adam öldürmə, quldurluq, soyğunçuluq, oğurluq hadisələrindən tutmuş əmlakın xüsusilə külli miqdarda mənimsənilməsi və ya israf edilməsi, rüşvətxorluq, hesabatların şişirdilməsi, təhrif olunması və s. kimi vəzifə cinayətləri, ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisələri və s. daxildir. Bu işlərin araşdırlması üçün o, demək olar ki, Azərbaycanın bütün bölgələrində, şəhər, rayon, kənd və qəsəbələrində, eləcə də qonşu respublikalarda, Moskvada və digər məkanlarda ezamiyyətlərdə olub, sözün həqiqi mənasında yuxusuz gecələr, əzabziyyətlər bahasına ona həvalə olunan ağır işlərin açılmasına nail olub, öhdəsinə düşən vəzifə borcunu layiqincə yerinə yetirib. Kitabda müstəntiq İkram Kərimovun peşəkarlığı haqqında çox dəyərli fikirlərlə tanış olmaq mümkündür. Həmkarlarından biri isə onun əzmkarlığını, müşahidə qabiliyyətini və peşə bacarığını xarakterizə edən maraqlı bir ifadə işlədir: "Əgər cinayət hadisəsi baş verən yerin üstündən hansısa bir quş uçubsa, müstəntiq İkram Kərimov o quşu da tapıb ifadəsini alacaqdır..."

Məhz peşəsinə vurğunluğu, istedadı, bacarığı səbəbindən dəfələrlə SSRİ Baş prokuroru məşhur R.A.Rudenkonun (o, Nürnberq prosesində SSRİ-ni təmsil edən Baş ittihamçı olub) xüsusi tövsiyyə məktubları ilə İkram Kərimovun istintaq təcrübəsi  keçmiş İttifaq miqyasında və respublikada yayılıb, konkret cinayət işlərinin istintaqına görə növbədənkənar rütbələr verilib, mükafatlara layiq görülüb.

Oxucular üçün maraqlı olacağını nəzərə alıb, daha bir ibrətamiz parçanı təqdim etmək yerinə düşərdi. Kitaba Azərbaycan KP MK-nın 1975-ci il iyul Plenumundan sitat daxil edilib.  Plenumda məruzə ilə çıxış edən Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev deyir: "...Kadrlara qara yaxılmasına, onların ləkələnməsinə, namuslu adamlara böhtan yağdırılmasına heç bir vəchlə yol vermək olmaz. Təəssüf ki, bizdə bu cür faktlar vardır...  Elə adamlar tapılır ki, onlar kimdənsə qisas almağa çalışırlar, hər cür uydurmalara yol verirlər, faktları təhrif edirlər, faktlara yalandan don geydirirlər, böhtan xarakterli imzasız məktublar yazıb göndərirlər... " Daha sonra Heydər Əliyev məsuliyyətə cəlb olunmuş bir sıra vəzifəli adamların adını çəkərək  fikrini belə yekunlaşdırır: "Qoy heç kəs ümid etməsin ki, böhtan, yalan, kadrlarımıza etimadı sarsıtmaq cəhdi kimin üçünsə cəzasız qalacaqdır..."

Məruzədə adları şəkilən şəxslərin əməli barədə müəllif sonra ətraflı yazılır. Məlum olur ki, plenumdan əvvəl həmin adamların neqativ əməllərinin aşkara çıxarılması üçün Respublika Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi gənc İkram Kərimov uzun müddət çox əziyyətlərə qatlaşaraq, böyük istintaq məharəti peşə ustalığı göstərərək, zərrə-zərrə topladığı dəlil-sübutlarla həmin anonimçini, böhtançını, şantajçını tam ifşa edə bilmişdir. bütün bu mürəkkəb proseslərdə o məhz respublika rəhbərliyinin siyasi iradəsinə, ədalətin zəfər çalması naminə apardığı prinsipial mübarizənin məntiqi nəticələrinə arxalanmışdır. respublika rəhbərinin plenumda dediyi sözlər həm hüquqşünasın zəhmətinə verilən yüksək qiymət idi... 

Hadisələrin üstündən uzun zaman keçsə də, İkram Kərimovun istintaqını apardığı bu və digər cinayət işləri barədə yazdıqları böyük istedadla qələmə alınmış gözəl bədii əsər, dəyərli roman qədər maraqla oxunur. Bütün həyatı bir "film kimi" keçən müstəntiqin həssas müşahidə qabiliyyəti, diqqətcilliyi, ən xırda, ilk baxışda əhəmiyyətsiz kimi görünən detallar belə onun sərrast nəzərlərində sübut üçün zəruri əhəmiyyət kəsb edən dəlilə çevrilir. Kitab  dərin məntiqi təfəkkürə və həssas duyğulara malik təcrübəli bir hüquqşünasın son dərəcə səmimiyyətlə, dəqiq, səlis, ardıcıllıqla qələmə aldığı qiymətli mənbədir. Məşhur müstəntiqin adicə bir quru budağın vasitəsilə böyük bir ölüm işinin üstünü açması, axtarış tədbirləri zamanı tək  bircə sübut faktının əldə edilməsi üçün aylarla müxtəlif bölgələrdə, başqa respublikalarda səfərlərdə olması, səriştəli istintaq hərəkətləri sayəsində dəmir məntiq əsasında, faktların, mülahizələrin, fikirlərin tutuşdurulması və müqayisəsi yolu ilə dindirmələr zamanı cinayəti məhz kimin, hansı şəraitdə və nə səbəbə törətməsini fəhmlə müəyyən etməsi barədə epizodlar maraqla oxunur. Ümumiyyətlə, kitabadakı çoxlu sayda kriminal hadisələr, cinayət işləri ilə bağlı epizodlar əsərin oxunaqlığını və əhəmiyyətini artırır ("Pikə xalanın ölümü", "Gözündən güllə ilə vurulan qız", "Erməni qadın Marqonun həbsi" və s.). Cinayət işlərinin istintaqı prosesinə dair belə maraqlı faktiki materiallar toplusu oxucunu daim öz cazibəsində saxlaya bilir: "Sənədsiz şiferlərin alınması", "Xəstə qızın ata və anasının öldürməsi", "Lalın dilini anası bilər", "Nadir üsulla törədilən cinayət", "Həbs etdiyim məhbusla yoldaşlığım", "Hil kəndindən olan qızın taleyi", "Suda boğulan şəxsin meyidinin qaçırılması", "Dələduzun aqibəti", "Katibə qızın SSRİ Baş Prokurorunun qəbuluna düşməsi", "Dəvəçi işi" və digər yazılar istedadla qələmə alınmış real həyat gerçəkliklərini əks etdirən oçerk və məqalələrdir. Müəllifin bacarığı, intellekti, peşəkarlığı hər sətirdə özünü göstərir. Onlarda ibrətamiz tövsiyyələr, həyat təcrübəsindən irəli gələn məsləhətlər yer alır: "Tale heç kimə məhbəsə getmək yolunu tutub, ailəsini kədərləndirməyi qismət etməsin";  "İnsanların dedi-qodu ilə məşğul olmalarının, şayiə yaymalarının, həyat tərzinin bu iyrənc üsulundan zaman-zaman əl çəkməmələrinin çox insanların taleyində dərin kədərli iz buraxmasıdır... Xeyli insan əsası olmayan söz-söhbətlərin qurbanı olur... Mənbəyi olmayan məlumatların yayılmasının daşıyıcısı olmaq heç bir insana şərəf gətirmir. "Deyirlər" ifadəsinə tənqidi yanaşmaq lazımdır. "Deyirlər" sözü cəm haldadır. Soruşan yoxdur ki, bu "deyənlər" kimlərdir?.. Burada alman filosofu Hegelin kəlamı yada düşür: "İnsanın ağlı, düşüncəsi, təfəkkürü inkişaf edibsə, o öz işləri ilə məşğul olur. Yox, inkişaf etməyibsə, o daim başqalarının işi ilə məşğuldur, başqalarının işinə qarışır"..."

Kitabın qiymətli cəhətlərindən biri də odur ki, müəllif təcrübədən irəli gələn faktları və hadisələri göstərməklə yanaşı, həm də hüquqşünas peşəsi ilə bağlı nəzəri əsaslar üzrə fikir və mülahizələrini də oxucu ilə bölüşür. Bu mülahizələrini təcrübəli hüquqşünas daha çox gənc hüquqşünaslara tövsiyyə kimi təqdim edir, məsləhət verir: "Müstəntiq istintaq etdiyi cinayət işinin səmtini düzgün müəyyənləşdirməlidir."

Belə ibrətli fikir-düşüncələrə kitabda çox rast gəlmək olar. Yetər ki, təmkinlə və diqqətlə mütaliə edəsən. Odur ki, görkəmli hüquqşünasın İkram Kərimovun "Zirvədən zirvəyə..." kitabını istər geniş oxucu kütləsi üçün, istərsə də peşəkar hüquqşünaslar üçün zəngin məxəz sayaraq, onu oxumağı  və bəhrələnməyi faydalı hesab edirik.

 

Akif ƏLİ,

Yazıçı-publisist,

fəlsəfə doktoru,

Əməkdar jurnalist.

 

Olaylar.- 2018.- 3-5 noyabr.- S.12.