Ana dilimizin incəlikləri,
saflığı qorunmalıdır
Dilinə laqeyd
olanların xalqa, vətənə doğma olması
inandırıcı deyil
Ümummilli lider
Heydər Əliyev deyirdi ki, "Hər bir xalqın milliliyini,
mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən
onun dilidir. Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək,
şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyir: "Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir". Məhz müdriklərin doğma dilimizə olan münasibəti "Azərbaycan Respublikasının Dövlət dili haqqında" qanun, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" nın qəbuluna səbəb olub. Azərbaycan dilinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi istiqamətində görülən digər zəruri tədbirlər deməyə əsas verir ki, hər bir vətəndaş öz dilinin sahibi olmaqla bərabər onu qorumağa, zənginləşdirməyə borcludur. Elə bu amili nəzərə alan prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərman imzalayıb.
Yeri gəlmişkən qeyd edək ki, dil müqəddəs varlıqdır. Onu sevəndə, qoruyanda, zənginləşdirəndə mənsub olduğu xalqı tanıtdırır, ucaldır və şöhrətləndirir. Milli Məclisin deputatı Tahir Rzayevin sözlərinə görə, ana dilinə xor baxmaq xalqa biganəlikdir. Öz dilini bilməyib başqa dillərdə danışmağı ziyalılıq, çoxbilmişlik kimi qiymətləndirənlər, daha çox əcnəbi dilləri öyrənməyin vacibliyindən söz açanlar qənaətlərində yanılırlar. Çünki, ana dili xalqın mənəviyyatının güzgüsüdür. Bu güzgüdə özünü aydın görməyənlər başqa güzgüdə olduğu kimi görünə bilməzlər. Güzgü ləkə götürmədiyi kimi dil də ləkələndirilməməlidir. Öz dilini bəyənməyənlərin, dilə başqa vasitə kimi baxanların kamillik qazanmasına, öz xalqının taleyinə ürəkdən yanmasına, vətəndaş olaraq borcunu ləyaqətlə yerinə yetirməsinə inanmaq olmaz. Dilinə laqeyd, ögey olanların xalqa, vətənə doğma olması inandırıcı deyil. Azərbaycanı sevmək, şöhrətləndirmək üçün dilimizi sevməli, qorumalıyıq. Dövlətin dilimizin saflığını təmin etmək sahəsində həyata keçirdiyi tədbirlər bunu deməyə əsas verir.
Məlumat üçün qeyd edək ki, son illər AMEA-nın ana dilimizin saflaşması, lüğət tərkibinin yad sözlərdən, ifadələrdən təmizlənməsi və dilçiliyin inkişafı sahəsində göstərdiyi səylər önəmlidir. Sözsüz ki, bu fəaliyyətin daha da genişləndirilməsinə ehtiyac var. Akademiyanın Folklor İnstitutunun ədəbi, eləcə də xalq danışıq dilimizin qorunması və təbliği baxımından gördüyü işləri qeyd etməmək olmaz. Son bir neçə ildə institut xalqımızın şifahi söz xəzinəsinin aşkarlanması, folklor nümunələrinin toplanması və kütləvi tirajla çap olunması sahəsində çox vacib bir vəzifəni yerinə yetirməyə çalışmışdır. Yaxşı haldır ki, toplanmış nümunələrdə xalq danışıq dilimizin incəlikləri, saflığı saxlanılmış, ayrı-ayrı ləhcələrdə ifadələrə yer verilsə də, bu, dilimizin vahidlik prinsipinə xələl gətirməmişdir. Qanunlarda, rəsmi yazışmalarda, məktəblərdə, dərsliklərdə, mətbuatda, radio və televiziyalarda, reklam işində, termin yaradıcılığında, ictimai münasibətlərdə, tədbirlərdə, görüşlərdə, demək olar ki, hər bir yerdə ana dilimiz öndə olmalıdır, səviyyəsini göstərməlidir, ahəngdarlığı, təmizliyi, paklığı ilə özünü təsdiq etməlidir.
Azərbaycan dilinin saflığının qorunması məsələsinə toxunan millət vəkili hesaab edir ki, dilimizə yad sözlərin gətirilməsi təhlükəli deyil, ana dili sözlərinin onlarla əvəz olunması təhlükəlidir. Başa düşmədiyimiz bir çox əcnəbi sözlərin yerli-yersiz dilimizdə işlənməsi, reklam olunması və bunun bir ziyalılıq meyarı kimi qəbul edilməsi qəbuledilməzdir. "Resurs", "vakant", "arqument", "kvota", "diskussiya", "eksprement", "kollokvium", "mental" və bir çox sözləri dəb xatirinə tez-tez dilimizdə işlədənlərin sıralarının artması acınacaqlıdır. Texniki tərəqqi, inkişaf və beynəlxalq əlaqələrin genişlənməsi ilə əlaqədar yeni sözlərin dilimizdə işlənməsi qaçılmazdır. Ancaq bu yerində və ölçüsündə olmalıdır. Həm də tariximiz, məişətimiz, adət-ənənələrimizlə bağlı bir çox sözlərin - mahlıc, cəhrə, mehtər, mücrü, iflik, yumaq, çarıq, xış, başmaq və sair dilimizdən silinməsinə imkan verilməməlidir. Yazıçılarımız, jurnalistlərimiz, müəllimlərimiz yeri gəldikcə bu sözlərə müraciət etməlidirlər. Çünki bədii ədəbiyyatımızda, şifahi xalq nümunələrində belə sözlər tez-tez işlədilsə də, ancaq uşaqlar, aşağı sinif şagirdləri onların mənasını hələ də hərtərəfli anlamırlar. Bu bir həqiqətdir ki, bu gün bəzi vəzifə sahibləri, imkanlı insanlar ana dilində danışmağı özlərinə və övladlarına rəva bilmir, balalarının təlim-tərbiyəsini xaricdən dəvət olunan əcnəbi dayələrə etibar edirlər. Dili "ana", "ata" sözləri ilə deyil, "mazə", "fazə" sözləri ilə açılan, ilk tərbiyəsini ingilis, fransız, alman, rus və digər əcnəbi dayələrdən alan, ancaq öz xalqının milli dəyərlərindən, dilindən, psixologiyasından, adət-ənənəsindən uzaq olan bu uşaqlar bir neçə dildə yaxşı danışsalar da, yaxşı "avropalaşsalar da" fəqət onların yaxşı azərbaycanlı, layiqli vətəndaş olacaqlarına ümidlər təzadlıdır. Hansı vəzifədə işləməsindən, harada yaşamasından asılı olmayaraq onların çoxu yenə də yad havalara oynayacaqlar, yad meyillərə uyacaqlar, öz nicatlarını yad ölkələrdə axtaracaqlar. Çünki ana dilinə yad olanların, öz xalqının milli dəyərlərini yaşatmayanların vətəndaşlığı süni mayalanma kimi bir şeydir.
Çox dil bilmək, bir neçə xarici dildə danışmaq aqillikdir, bacarıqdır, ancaq ana dilini bilməmək, ona xor baxmaq əsl nadanlıqdır. Bu gün xarici ölkələrə təhsil almaq üçün üz tutan gənclərin çoxunu açıq demək lazımdır ki, mükəmməl bilik almaq, elmin sirlərinə yiyələnmək deyil, bir neçə dildə danışmaq daha çox düşündürür. Valideynlərin çoxu da bu fikirdədir: "Uşaq xarici ölkədə açılacaq, xarici dilləri öyrənəcək" ifadələrini onlar həvəslə işlədirlər. Xarici ölkələrə göndərilən gənclərin arasında öz dilini, adət-ənənəsini, tarixini yaxşı bilməyənlər, vətəndaşlıq borcunu qiymətləndirməyənlər az deyil. Belə gənclər Azərbaycanı xarici ölkələrdə heç cür ləyaqətlə təmsil edə bilməzlər. Əksinə onlar öz hərəkətləri, milli dəyərlərimizə laqeyd münasibətləri ilə ölkəmizin imicinə ziyan vururlar, yad meyillərə uyur, respublikamıza qayıtmaqdan imtina edirlər. Odur ki, xarici ölkələrə təhsil almaq üçün göndərilən gənclərin vətəndaşlıq mövqeyi, amalı, xalqına, dilinə bağlılığı bir meyar kimi qiymətləndirilməlidir. Gənc müəyyən savada, dil bilmək bacarığına malik ola bilər, ancaq o milli xüsusiyyətlərə malik deyilsə və hər hansı bir ölkədə xalqımızın, dövlətimizin mənafelərini müdafiə etməyə, qorumağa cəsarəti çatmırsa əsl azərbaycanlı ola bilməz. Bütün hallarda vətəni, xalqı dilimizlə, milli dəyərlərə bağlılığımızla, həm də vətəndaşlıq qürurumuzla, torpağa, azərbaycançılıq ideologiyasına sədaqətimizlə qoruyub yaşatmalıyıq.
Nurlan
Olaylar.- 2018.- 6 noyabr.- S.9.