2.13 saniyəlik sayğı duruşu
Birol Kurt: "Milli hissləri bir kənara
qoyaraq deyirəm ki,
eşitdiklərim içərisində duyğusu,
ruhu ən dərin olan
himndir".
Murat Karal: "Türk dövlətləri içərisində
ən harmoniyalı himn budur".
Zeynep Ayyıldız: "Mən heç vaxt belə qüsursuzca bəstələnmiş himn eşitməmişəm. Üzeyir
Hacıbəyov dünyanın ən yaxşı 5 bəstəkarından
biridir. Mən də bir
türk olaraq bununla fəxr edirəm".
Arda Kaplan:
"Şərqin ilk operası məhz Azərbaycanda
yaranıb. Himndə opera ruhu hiss olunur".
Aydın olduğu kimi bu fikirləri Azərbaycan Dövlət Himnini
dinləyən sadə türklər bildirib.
İçərilərində Azərbaycan himninin anlaşılması
üçün Türkiyə türkcəsinə tərcümə
edilməsinin yalnış olduğunu düşünənlər
də var:
Samet Aslantürk: "Himndə
"səndən ötrü"
sözünün nə üçün "senin
için" kimi tərcümə olunduğunu anlamadım.
Eyni ifadə kiçik bir tələffüz fərqi ilə
Türkiyə türkcəsində də istifadə olunur.
Cümlənin tamamı üçün də eyni fikri səsləndirə
bilərik. Tərcümə edilmədən Türkiyədə
hər kəs bu ifadələri anlaya bilər.
Dövlət rəmzləri və
atributları, milli varlığın ən
əhəmiyyətli ünsürləri...
Məxsus
olduğu dövlət
tərəfindən hörmətlə
qorunan dövlət rəmzləri, atributlar, özəlliklə
də himnlər xas olduğu millət üçün ən
həssas, ali dəyərlərdən
sayılır. Bu ali dəyərlər, milli şəxsiyyətin
ilk görünüşünü və təməl elementini
təşkil edir. Bu baxımdan, milli simvollara lazım olan diqqətin
göstərilməsi, lazım olan dəyərin verilməsi və
onun qorunması hər bir vətəndaşın ən təməl
və təbii milli vəzifəsidir.
Beynəlxalq yarışlarda qalib komandanın milli rəmzi olan bayrağı
yüksəldilir və dövlət himni səsləndirilir. Bu bayrağa və himnə
verilən ali dəyərin göstəricidir. Futbol
yarışlarında oyundan əvvəl hər iki
komandanın himni səslənir. Hər iki komanda üzvləri
isə digər ölkənin himnini hörmətlə dinləyir.
Himnlər , milli mənəvi hisslər aşılayan istisna
musiqi əsərləridir. Elə əsərlər ki, ürəyində
azacıq da olsa vətənpərvərlik hissi olan
bütün insanlar onu dinləyərkən eyni duyğular və
eyni hissləri yaşayır. İstər qürbətdə,
istərsə də vətənində olan şəxs
dövlət himnini dinlədiyi zaman daxilən bir həyəcan
keçirir. Bu həyəcanı yaradan himn elə bir sərvətdir
ki, yalnız öz ölkənin vətəndaşlarından
deyil, başqa ölkələrin vətəndaşlarından
da o himnə hörmət etməsini gözləyirsən.
Dövlət müstəqilliyini təcəssüm
etdirən müqəddəs rəmz,
himnimiz haqqında qısa xatırlatma edək:
1992-ci il mayın
27-də parlament "Azərbaycan Respublikasının Dövlət
Himni haqqında" qanun qəbul edib. Həmin qanuna əsasən
1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və
şair Əhməd Cavadın müəllifi olduğu "Azərbaycan
marşı" Azərbaycan Respublikasının Dövlət
Himni kimi təsdiqlənib.
Bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə himn
yazılması üçün müsabiqə keçirmək
istəsə də, həmin il aprelin 28-də
bolşevik işğalı ilə süquta
uğradığı üçün bu istək baş
tutmayıb.
Bu gün isə
Üzeyir Hacıbəyov kimi dahinin bəstəsi
mərsiyəyə bənzədilir, himndən bəzi
notların çıxarılması fikri səslənir,
Əhməd Cavadın müəllifi olduğu himnin mətninin
qısaldılması haqqında danışılır. Əhməd Cavad yalnız
Azərbaycan himninin müəllifi olan şair deyil. O,
yalnız Azərbaycanda deyil, Türkiyədə də sevilən
və məşhur olan "Çırpınırdı Qara
dəniz" şerinin müəllifidir.
Himnimizin müəllifləri Əhməd
Cavad və Üzeyir Hacıbəyov
olduğu kimi, "Çırpınırdı Qara dəniz"ində
müəllifləri eyni şəxslərdir.
Dahi şairin 1914-cü ildə Gəncə şəhərində
yazdığı "Çırpınırdı Qara dəniz"
şeirinə, musiqini məhz Üzeyir Hacıbəyov bəstələyib.
O zaman Üzeyir bəy bu mahnını Nuru Paşanın
komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı
qəhrəmanlıqlarına ithaf edib.
Bu gün Azərbaycan musiqisi və ədəbiyyatı
üçün önəmli olan bu iki dahi şəxsdən
daha yaxşı heç kim himn müəllifi
ola bilməz. Musiqi üçün doğru həcmin nə qədər
olduğunu Üzeyir bəydən daha yaxşı kim bilə
bilər?
Bəs dövlət
himnimizin digər
ölkələrin himninə nisbətən uzun olması ilə
bağlı səslənən fikir həqiqəti əks
etdirirmi?
Azərbaycan dövlət himninin davamlılıq müddəti 2.13 saniyədir.
Himn 4 bənd, 24 misradan ibarətdir.
İlk öncə
onu qeyd edək ki, Polşa və Fransanın himnlərinin
mətni dövrümüzə görə
aktuallığını itirməsinə rəğmən
sözləri dəyişdirilmir, millət üçün əziz
və şərəfli olduğu üçün onlara
toxunulmur.
Dünya
ölkələrinin himnlərinə
nəzər yetirək:
Amerika, Albaniya və Qazaxıstanın himn mətnləri Azərbaycan
himni kimi 24 misradan ibarətdir. Albaniyanın himnini maraqlı edən
xüsusi nüans var. Himnin maraqlı cəhəti bundan ibarətdir
ki, uzun və qısa olmaqla iki versiyasından istifadə edilir.
Qısa versiyasından sadəcə ilk iki hissə istifadə
edilir və ikinci hissənin ilk iki misrası təkrar edilir.
Argentina himninin
9 bəndi var. Bu himni də maraqlı edən
nüans odur ki, himnin bəstəkarı argentinalı deyil,
ispan Blas Pareradır.
Yunanıstanın himni 158 sətirdən
ibarətdir. Onlar
632 misralıq poemanı özlərinə himn ediblər.
"Hymn to Liberty" sözlərinə görə
dünyanın ən uzun himnidir və yalnız Yunanıstana
deyil, həm də Kipr Respublikasına məxsusdur.
Müəllifi Mehmet Akif Ersoy olan İstiqlal
Marşı 41
misradan ibarətdir. İstiqlal Marşi həm Türkiyə, həm də
Şimali Kipr Türk Respublikasının himnidir.
Böyük Britaniyanın himni
21, Ukraynanın himni isə 20 misradan ibarətdir.
Dünyanın ən qədim himnlərindən olan Yaponiyanın himni uzun illər
musiqisiz, sadəcə şer şəklində olub. Pakistanın dövlət
himninə isə bəstələndikdən 2 il sonra söz
yazılıb.
Çinin himni 1.27 , Hindistanın 2 dəqiqə, Böyük
Britaniyanın 2.40, Almaniyanın 3.38, ABŞ-ın himni isə
4.13 saniyə davam edir.
Fransanın himni 5.10 saniyə davam edir və Azərbaycan
himni kimi minor ladda yazılıb.
Laplandiyanın isə himni var, lakin dövləti
yoxdur...
Dövlət Himninin musiqisinin
həcminin azaldılması ilə
bağlı politoloq Zaur Məmmədovun maraqlı fikirlərini
öyrəndik:
"Himnimizin sözləri
və musiqisi
özündə böyük, şanlı tariximizi əks
etdirir. Himnin
musiqisinin qısaldılması və mətninin
azaldılmasına heç bir ehtiyac yoxdur. Azərbaycan
Dövlət Himni həcm etibari ilə qısa və yetərli
səviyyədədir"
Gənc,
sevilən aktyor Sənan Əlləz də mövzu ilə
bağlı fikirlərini bildirdi:
"Əgər yaxşı
alternativləri varsa,
niyə də olmasın? Dünyada belə hallar çox olub. Əgər ortaya
yaxşı iş çıxacaqsa bu müsbət haldır.
Mən yeniliklərə açıq insanam".
YAP Pirallahı rayon təşkilatının
sədri Hikmət Şikarov da Azərbaycan Dövlət Himni
ilə bağlı mövzuya biganə qalmayıb:
"Himndə hansısa
dəyişikliklər etmək
öz tariximizə qarşı hörmətsizlik etmək deməkdir.
Dövlət himnimizə hörmət etmək hər bir azərbaycanlının
müqəddəs borcudur.
Azərbaycan dövlətinin müstəqilliyini
təcəssüm etdirən müqəddəs
rəmzlərdən biri də Azərbaycanın dövlət
himnidir.
Dövlət himnimiz Azərbaycan dövlətinin, onun müstəqilliyinin
və birliyinin müqəddəs rəmzidir. Bu himn hər bir
Azərbaycan vətəndaşına - yeniyetmə, gənc və
yaşlılara yüksək vətənpərvərlik
duyğuları aşılayır. Himn insanlarda vətənə
sevgi və məhəbbət hissləri yaradaraq hər bir millətin
imzasını, onun kimliyini isbat edən bir məfhumdur.
Dövlət himnimiz milli birliyimizin təcəssümü,
şəhid ruhlarının
daşıyıcısıdır. Dostlarımızı
sevindirən, düşmənimizi xar edən bu himn dövlətimizin
varlığını və onun əzəmətini
bütün dünyada təstiqlədi.
Dövlət himni müstəqilliyin
musiqi və sözlə ifadə edilən
müqəddəs simvolu, rəmzi, atributu olaraq milli və
dövlət bayramlarında, tarixi günlərdə, rəsmi
mərasimlərdə, beynəlxalq tədbirlərdə, təhsil
müəssisələrində və mövcud qanunvericiliklə
müəyyən edilən digər hallarda həmişə
ayaqüstə, böyük coşqu ilə, milli qürurla
oxunur və dinlənilir. Himn həmişə milli
bayraqla-dövlət bayrağı ilə bərabər tutulur.
Məhz bu funksional yaxınlıq, dövlətçilik
baxımından müqəddəslik və önəmliliyinə
görə milli himn-dövlət himnini obrazlı şəkildə
hər bir dövlətin, millətin ölkənin musiqi
bayrağı adlandırırlar".
Hikmət
Şikarov vurğulayıb
ki, himnimiz bir əsr əvvəl çətinliklə
əldə etdiyimiz dövlət müstəqilliyimizlə
bağlıdır:
"Bu gün həmin himndə hansısa dəyişikliklər etmək öz tariximizə qarşı hörmətsizlik etmək deməkdir. Dövlətin atributlarına hörmət etmək vətəndaşların borcu, dövlət məmurlarının isə birbaşa vəzifəsidir. Himn o zaman dəyişdirilə bilər ki, bu məsələ ümumxalq müzakirəsində olsun. Dövlət himnimizə hörmət etmək hər bir azərbaycanlının müqəddəs borcu hesab olunur. Hamı bu borcu şərəflə yerinə yetirməlidir".
Nigar Orucova
Olaylar. - 2018.- 8 noyabr.- S.10.