Müstəqil dövlətin varlığının ifadəsi

 

Azərbaycan xalqı müqəddəs bayramlarından birini qeyd edir. 9 noyabr-Bayraq Gününü. Müstəqil Azərbaycanın öz vətəndaşlarına verdiyi, bəxş etdiyi bu bayram hər bir azərbaycanlı tərəfindən sevinclə, fərəhlə qeyd edilir.  Çünki bayraq millətin ruhunu özündə ehtiva etməklə yanaşı, dövlətin varlığını sübut edən rəmzdir.  Bayraq gününün əhəmiyyətindən danışan millət vəkili Fəzail İbrahimli deyir ki, bir millətin dövləti varsa bayrağı da var. Onun sözlərinə görə, dövlətin rəmzinin öz fəlsəfəsi olmalıdır:

"Azərbaycan bayrağı da özünün rənglərindəki fəlsəfi mənası ilə xalqımızın düşüncəsini, ruhunu, xarakterini əks etdirir. Əlbəttə ki, bayraq millətin, dövlətin şərəf və ləyaqətinin göstəricisidir. Dövlət müstəqilliyinin ən böyük göstəricilərindən bironun bayrağıdır. Azərbaycanın dövlətçilik tarixinin bütün dövrlərində özünəməxsus yer tutan bayraq məhfumu xalqa və dövlətə ehtiram rəmzi kimi çıxış edib. Bu tarix Kitabi-Dədə Qorquddan başlayır və Səfəvilər dövründən bayraqlar simvol kimi qəbul olunur. Şirvanşahlar dövlətindən xanlıqlara qədər keçilən tarixi mərhələlərdə bayraq və digər rəmzlər milli sərvətlərimiz olan abidələrdə öz əksini tapıb. Bayraq bir simvoldur. Bu simvolun arxasında isə milli dövlətçiliyimiz, milli şüurumuz, milli mənliyimiz, milli özünüdərkimiz dayanır. Müasir dövrə gəldikdə isə qeyd edim ki, XX əsrin əvvəlində dünya dövlətləri sırasında özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti dönəmində - 1918-ci il  noyabrın 9-da üçrəngli bayraq təsdiq edildi. Türk ordusu Bakını tərk etdikdən sonra  ingilis generalı Tomson üçrəngli bayrağımızın endirilməsini əmr etmişdi. Ermənilər və digər düşmən qüvvələr ona Xalq Cümhuriyyəti ilə bağlı yanlış məlumat vermişdilər. Amma Fətəli xan Xoyskinin başçılığı ilə hökümət nümayəndələri general Tomsonla görüşüb danışıqlar apardıqdan sonra ingilis generalı AXC hökumətini qanuni hakimiyyət kimi tanıdı. 1918-ci ilin dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin binası önündə müstəqil dövlətimizin üçrəngli bayrağı dalğalandı. Bu, dövlətimizin müstəqilliyini və varlığını ifadə edən bir simvol idi.  Nəticə etibarilə bu il üçrəngli bayrağımızın dövlət bayrağı kimi təsbit olunmasının 100 ili tamam olur. Bu da tariximizdə qürur duyduğumuz bir hadisədir". Millət vəkili qeyd edib ki, cəmiyyətimizdə dövlət bayrağına hörmət və ehtiram yüksək səviyyədədir: "Bu mənada, üçrəngli bayrağımız da qürurumuz, iftixarımızdır. Məlum olduğu kimi Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilir. Bayrağımızdakı mavi rəng  Azərbaycan xalqının türk mənşəli olması və türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng  müasirlik, azadlıq, inkişaf və müstəqilliyi tərənnüm edir. Yaşıl rəng isə İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir. Göründüyü kimi bayrağımızın rəngləri xalqımızın kökünü, müasirliyini  mənəvi-dini dəyərlərini özündə aşılayır. 1918-ci ilə təsbit olunan bu bayraq 1920-ci ilin aprelinə qədər Azərbaycanın dövlət rəmzi olub. Rusiyada hakimiyyətə gələn bolşeviklər işğalçılıq siyasəti yeritdilər və Azərbaycanı işğal etdilər. Nəticədə Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelin 28-də süquta uğradı, bayrağımız isə mayın 3-də parlamentin önündən götürülərək SSRİ bayrağı ilə əvəz olundu. Amma ötən əsrin sonlarında xalqımız yenidən müstəqilliyinə qovuşdu və üçrəngli bayrağımız da yenidən dövlət bayrağı kimi təsbit edildi. Qeyd edim ki, 1990-cı il noyabr ayının 17-də isə Ulu öndər Heydər Əliyevin sədrliyi ilə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olundu və Azərbaycan parlamentinə bu bayrağın dövlət kimi təsbit olunması tövsiyə edildi. Beləliklə, 1991-ci ildə Ali Sovet "Dövlət bayrağı haqqında" Qanun qəbul etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının dövlət bayrağı statusunu verdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxaraq bayrağın Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar çıxardı. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi.  Bütövlükdə, dövlət bayrağının təbliği istiqamətində görülən işlər, o cümlədən dövlətimizin atributiv rəmzinin qorunması dövlət rəmzlərinə hörmətin ifadəsi kimi vahid azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyə rəvac verən məsələ oldu. Azərbaycan cəmiyyəti, xüsusilə gənclərimiz üçrəngli bayrağımızı göz bəbəyi kimi qorumalıdır. Çünki bayrağımız müstəqil dövlətimizin varlığının ifadəsidir". Fəzail İbrahimli bildirib ki, dünya ictimaiyyəti də xalqımızın öz bayrağına - milli atributlarına nə qədər sayğılı olduğunu görür: "Ümummilli lider Heydər Əliyevin bəyan etdiyi kimi, Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq. Bu baxımdan, 9 Noyabr Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli müstəqilliyimizin rəmzi kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Hər bir vətəndaşın borcudur ki, bu bayrağın əbədi dalğalanması üçün öz üzərinə düşəni etsin, Vətənin müstəqilliyinin əbədi olması üçün çalışsın. Qürur hissi ilə deyə bilərik ki, biz dünyanın ən uca bayrağının dalğalandığı məmləkətin vətəndaşlarıyıq. Biz bununla fəxr edə bilərik. Təkcə dövlət tədbirlərində deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir. Avropa Şurasında 47 ölkənin bayrağı dalğalanır. Bir məsələni diqqətinizə çatdırım. Vaxtilə Məhəmməd Hadi "Yox millətimin imzası imzalar içində" deyib fəryad edərək dünyasını dəyişdi. Mən AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü kimi ilk dəfə Strasburqa gedəndə  Avropa Şurasında bayrağımızın qarşısında diz çökdümqürur hissi ilə Məhəmməd Hadiyə xitabən "ruhun şad olsun, var millətimizin imzası imzalar içində" dedim. Sevindirici haldır ki, bu gün Azərbaycan bayrağı BMT-də, Avropa Şurasında və digər nüfuzlu beynəlxalq təşkilatların dalğalanır və hər bir vətəndaşımız bununla qürur duyur".

Millət vəkili onu da diqqətə çatdırıb ki, dövlət bayrağımız həm dövlət başçısının imzaladığı Fərman və sərəncamlarla, həm də Milli Məclisin qəbul etdiyi qanunlarla yüksək səviyyədə qorunur: "Qeyd edim ki, Ulu öndər Heydər Əliyev 1998-ci il 13 mart tarixində "Azərbaycan Respbulikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" Sərəncam imzaladı. Bu Sərəncam çox böyük əhəmiyyətə malik idi. Bu Sərəncamın dövlət atributlarının təbliği baxımından əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə də dövlət atributlarına yüksək hörmət və ehtiram göstərilməkdədir. Bildiyiniz kimi, 2004-cü ildə "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu, həmçinin "Dövlət bayrağı haqqında Əsasnamə" qəbul olundu. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncam imzaladı. Bu Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Milli Məclisin ötən həftə keçirilən iclasında "Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında" Konstitusiya Qanunu ikinci səsvermədə qəbul olundu. Bütün bunlar bayrağımızın nə qədər yüksək səviyyədə qorunduğunun göstəricisidir".

 

Məhəmməd

 

Olaylar.- 2018.- 9-12 noyabr.- S.4.