Milli qəhrəmanların təbliği vətənpərvərlik

hissinin artmasına töhfədir

 

Azərbaycan dövləti Milli Qəhrəmanlara və onların ailə üzvlərinə yüksək səviyyədə qayğı göstərir. Əslində Milli Qəhrəmanlara göstərilən qayğı o səviyyədə olmalıdır ki, onlar gənclər üçün örnəyə çevrilə bilsin. Milli qəhrəmanlara belə qayğı gənclər arasında həm də vətənpərvərlik ruhunun tərbiyə olunmasında böyük rol oynaya bilər.

Məlumdur ki, Milli Qəhrəmanların həyat yolunu özünə nümunə sayan gənclərimizin sayı kifayət qədərdir. Dövlət Milli Qəhrəmanlara, o cümlədən də şəhid ailələrinə müəyyən imtiyazlar ayırıb. Bu imtiyazlardan ən yüksəyi prezident təqaüdüdür. Hazırda 191-dən artıq Milli Qəhrəman ailəsi Prezident təqaüdü alır. Bəzi ailələrin isə mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən tədbirlər həyata keçirilib. Etiraf edək ki, Milli Qəhrəmanlarımızın göstərdikləri misilsiz qəhrəmanlıqlar, döyüş şücaətləri, onlara göstərilən dövlət qayğısının təbliği orduya çağrılan gənclərin şüurunda silinməz iz buraxmış olur. Hər bir əsgər, zabit, döyüşçü anlayır ki, vətənpərvərlik hissini, Ali Baş Komandana, Vətənimizə, torpağımıza, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə əks etdirən Azərbaycan Ordusunun şəxsi heyəti hər an qələbəyə hazır ola bilər. Müasir mərhələdə Azərbaycan dövlətinin artan siyasi-iqtisadi uğurları, daxili və xarici siyasətimizdə qazanılan genişmiqyaslı nailiyyətlər ölkədə bütün sahələrin, həmçinin ordu quruculuğunun inkişaf etdirilməsinə möhkəm zəmin yaradır. Bu gün dövlət rəhbərliyi, şəxsən Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən orduya böyük diqqət və qayğı vardır. Həm Silahlı Qüvvələrimizin bölmələri müasir silah və hərbi texnikalarla təmin edilir, həm də hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Hər kəs yaxşı bilməlidir ki, bu gün ordumuzun şəxsi heyətini qarşıda duran mühüm vəzifənin icrasına torpaqlarımızın işğaldan azad edilməsinə səfərbər etmək qarşımızda dayanan ən mühüm vəzifədir. Bu baxımdan şəxsi heyətin təlim-tərbiyəsinə cavabdehlik daşıyan komandir və zabitlərin üzərinə böyük məsuliyyət düşür. Orduda önəm verilən əsas şərt gənc döyüşçülərin milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsidir. Bu məqsədlə şəxsi heyətin şüuruna dövlətin və xalqın mənafeyini müdafiə etmək hissləri aşılanmalıdır. Hər bir gənc döyüşçü hansı amal və məqsəd uğrunda xidmət etdiyini, mübarizə apardığını dərindən dərk etməlidir.

Xatırladaq ki, hazırda Milli Qəhrəman ailələri yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunub. Dövlət başçısı bu gün Qarabağ şəhidlərinin xatirələrini əziz tutur, şəhid ailələrinin, Milli Qəhrəmanlarımızın sosial problemi ilə yaxından maraqlanır, onların problemlərini həll edir. Prezidentin bu yöndə göstərdiyi qayğının bariz nümunələrindən biri Mübariz İbrahimova göstərdiyi şücaətə görə Milli Qəhrəman adının verilməsidir. Gənclər görəndə ki, canını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban verən insanların ailəsi dövlətin qanadları altındadır. Bu bizim gənclərdə vətənpərvərlik tərbiyəsini daha da sarsılmaz edəcək. Mütəxəssislər bildirir ki, bunun gənclərin milli-mənəvi dəyərlərə, xüsusən də vətənpərvərlik tərbiyəsinə malik olmasında böyük rolu var. Yeri gəlmişkən qeyd edək ki, ölkə başçısı Milli Qəhrəmanlar, onların ailə üzvlərinin sosial vəziyyətinin yüksəldilməsi üçün bir neçə sənəd imzalayıb. Bundan əlavə, o, bir neçə rəsmi sənəd vasitəsilə Milli Qəhrəmanlarımızın gənclərə tanıdılmasını tövsiyə edib. Məsələn, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Dəstəyi Proqramında gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi məsələsinə xüsusi önəm verilib. Konkret dövlət quqrumlarına Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi, qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliğ edilməsi tövsiyə edilib. Gördüyünüz kimi, çox az sayda uyğun sənəd tapılar ki, orada heç olmasa bir bənd Azərbaycan torpaqlarının müdafiəsi üçün göstərdiyi şücaətə görə Milli Qəhrəman adı alan şəxslərə həsr edilməsin. Dövlətimiz buşəxslərin şəhadətini və qaziliyini layiqincə qiymətləndirir və bu müsbət məsələnin gənclər arasında daha geniş şəkildə yayılmasını hədəfə alır. Ekspertlərə görə, Milli Qəhrəmanların nəinki ictimaiyyət, orta və ali məktəblərdə eləcə də orduya çağırılmış gənclər arasında təbliği onların vətənpərvərlik ruhunun artmasına səbəb ola bilər. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov bildirib ki, əsgər heyəti ilə aparılan təlim-tərbiyə prosesində ən müasir üsullardan istifadə edilməlidir: "İlk növbədə qeyd etmək istərdim ki, əsgərin tərbiyəsinə cavabdehlik daşıyan zabit bütün mənəvi-əxlaqi keyfiyyətləri ilə hərbi kollektivdə nümunə olmalıdır. Bölmə komandirlərinin şəxsi heyətlə iş üzrə müavini bilməlidir ki, bu gün ordu rəhbərliyi ona böyük etimad göstərib. Onların vəzifələri bir pillə artırılıb, yəni, o, öz komandiri ilə bir səviyyədə dayanır. Mənə elə gəlir ki, bu göstərilən etimad həmin zabitin vəzifə məsuliyyətini qat-qat artıracaqdır. Xalqımızın illərdən bəri üzləşdiyi münaqişənin mahiyyəti şəxsi heyətə izah edilməli və doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizənin bizim ədalətli işimiz olduğu aşılanmalıdır. Yəni əsgərlərimizin müharibəyə hazır olmasının əsas zərurəti yalnız xalqımızın ədalətli mübarizəsindən - doğma torpaqlarımızı işğaldan azad etmək zərurətindən irəli gəlir". Şəxsi heyətin milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə edilməsinin vacibliyinə toxunan nazir qeyd edib ki, xalqımızın qəhrəmanlıq ənənələri əsgərlərə layiqincə təbliğ edilməlidir: "Qoy hər bir əsgər qədim xalqın nümayəndəsi olduğunu dərindən dərk etsin, qəhrəmanlarımızı yaxşı tanısın, böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevin irsini mükəmməl öyrənsin. Həyatda da belədir, hər kəs cəmiyyətdə özünə layiqli yer tutmaq istəyirsə, dahi insanların ömür yolunu özünə örnək bilməlidir. Bu mənada ümummilli liderimizin mənalı ömür yolu və tarixi fəaliyyəti Silahlı Qüvvələrimizin şəxsi heyətinə ən layiqli örnəkdir". Mütəxəssislərin fikrincə, Milli Qəhrəmanlarımızın ictimaiyyətə geniş şəkildə tanıdılması çox ciddi məsələdir və hərbi vətənpərvərlik sahəsində mühüm rol oynayır. Ona görə də hər bir Azərbaycan vətəndaşı torpaqlarımızı azad etməyə həmişə hazır olmalı və Milli qəhrəmanlarımızı buna nümunə kimi göstərməlidir. Necə ki, hər il Şuşanın, Kəlbəcərin və başqa rayonların işğalı günün qeyd edilir, eləcə də Milli qəhrəmanlarımız doğum və ölüm günlərilə bağlı silsilə tədbirlərin keçirilməsinə ehtiyac var. Bu işdə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətləri də fəallıq nümayiş etdirməlidirlər. Qeyd edim ki, yalnız azərbaycanlı yox, Azərbaycanda yaşayan, onu sevən və Azərbaycan uğrunda şəhid olmuş, o cümlədən hazırda yaşayan Milli qəhrəmanlarımızla bağlı əlamətdar günləri təkcə Bakıda yox, bütün respublika ərazisində təntənəli şəkildə qeyd edilməlidir. Milli qəhrəmanlarımızın təbliği xüsusən Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında geniş təbliğ edilməlidir ki, şəxsi heyətinin qarşısına qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirlməsində hər bir əsgər, hər bir zabit üzərinə düşən məsuliyyəti dərindən başa düşsün və öz vəzifə borcunu yerinə yetirsin. Belə təbliğat həm də şəxsi heyətin mənəvi-psixoloji hazırlığına da müsbət təsir göstərmiş olar. Məlumdur ki, ordunun mühüm döyüş vəzifəsinin icra edilməsində şəxsi heyətin mənəvi-psixoloji hazırlığı az əhəmiyyət daşımır və bu cavabdehlik daşıyan əsgərlərin məsuliyyət hissini daha da artırmış olur. Çünki, Milli qəhrəmanların təbliği bu seçilmişlərin hərbi biliyi, döyüş taktikası, nəhayət davranışı və əxlaqi keyfiyyəti ilə şəxsi heyətə örnək olur. Ümumilikdə isə, şəxsi igidlik nümunələri göstərmiş Milli qəhrəmanlarımız hər bir Azərbaycan gənci üçün nümunə olmalıdır. Bunun üçün isə Milli qəhrəmanlarımızın təbliğinə, onların geniş ictimaiyyətə tanıdılmasına cıddı eytiyac var.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2018.- 15 noyabr.- S.11.