İstiqlal mübarizəmizin əsas mərhələsi

– Milli Dirçəliş Günü

 

1992-ci ildən 17 Noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. Bu gün Azərbaycanda Meydan hərəkatının 30-cu ildönümü tamam olur.

 

1988-ci ilin bu günü Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya  qarşı hamılıqla ayağa qalxdığı və dirçəliş yolunda dönüm nöqtəsini qoyduğu gündür.

Çünki  1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular.

Bununla kifayətlənməyən ermənilər eyni il fevralın əvvəllərində Azərbaycanın Dağlıq  Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Dağlıq Qarabağı Azərbaycandan qoparıb  Ermənistana  birləşdirməsi haqqında məsələ  qaldırdılar.

Vətəninə, millətinə, azdlığına, müstəqilliyinə aşiq olan xalq belə bir halı heç vaxt qəbul etməzdi.

və Azərbaycan xalqı ayağa qalxdı...

Xalq öz etirazını ilk öncə sakit şəkildə rəhbərliyə bildirdi. Lakin xalq əvəllər inandığı rəhbərliyin əslində əsil düşmən olduğunun fərqinə vardı.

Bu işarə respublikanın hər yerindən insanların axın-axın Bakıya  gəlib,  Azadlıq  meydanınatoplaşmasına kifayət  etdi. Xalqımız hökümətə qarşı mitinqlər  keçirir, öz etirazlarını bildirirdilər.

Nəhayət 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında hökümətin antiazərbaycan siyasətinə qarşı xalq bir yumruq kimi birləşdi. Azadlıq Meydanı əsl xalq hərəkatı, milli azadlıq hərəkatı gördü. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli  azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır.

1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı.

1989-cu ilin iyununda Azərbaycan Xalq Cəbhəsi təsis edildi. Elə həmin ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya ştirakçıları və dinc sakin vəhşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qrürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi. 1990-cı il seçkilərində AXC rəhbərlərinin əksəriyyəti Ali Sovetin deputatı mandatını qazandılar və Demokratik Blok adlı fraksiya yaratdılar. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. 1992-ci ilin mayında isə AXC hakimiyyətə gəldi. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ qoşunları Azərbaycandan çıxarlıdı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından "Sovet" və "Sosialist" sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli liderimiz milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı.

Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan "Meydan hərəkatı"nın mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilməyib və 17 günlük "Meydan hərəkatı" Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.

Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.

17 noyabr Milli Dirçəliş günü 2006-cı ilədək rəsmi bayram kimi qeyri-iş günü idi. Amma həmin ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərdən sonra 17 noyabr tarixi iş günü sayılır.

 

Nigar Orucova

 

Olaylar.- 2018.- 17-19 noyabr.- S.5.