Regional proqramlar
Şəmkirdə kənd
təsərrüfatının
inkişafına səbəb olub
2004-cü ildən həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın hər bir bölgəsində olduğu kimi Şəmkir rayonunda da uğurla reallaşdırılıb, icra edilib. Ötən illər ərzində rayonun sosial həyatında baş verən yeniliklər, həyata keçirilən qurucluq-abadlıq işləri, yeni-yeni infrastruktur layihələri belə deməyə əsas verir.
Bu günə qədər hər iki Dövlət Proqramı kimi 2014-2018-ci illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı da uğurla icra edilib. Ötən illər ərzində rayonda görülən işlər belə deməyə əsas verir. Belə ki, Şəmkir rayonunun sosial-iqtisadi həyatında da 2017-cı ildə olduğu kimi cari ilin müvafiq dövründə də məqsədyönlü işlər görülüb, müsbət nəticələr əldə olunub.
Prezident İlham Əliyevin məmur-vətəndaş münasibətlərinin normal tənzimlənməsi, bu məsələyə xüsusi diqqətin ayrılması ilə əlaqədar tapşırıqlarından irəli gələn vəzifə kimi Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müntəzəm olaraq vətəndaşlarla birbaşa görüşləri olub, o cümlədən yerlərdə səyyar qəbulları təşkil edilib, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası baxımından "Tədbirlər Planı" təsdiq olunub və aidiyyəti qurumlara göndərilərək tədbirlərin icrası nəzarətdə saxlanılması məruzədə xüsusi vurğulanıb.
Hesabat dövründə milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırığa uyğun olaraq Şəmkir Rayonu İcra Hakimiyyətində rayon iqtisadiyyatına investisiya qoyuluşunun həcminin artırılması ilə bağlı bir sıra işlər görülüb. Sahibkarlığın inkişafına yaradılmış əlverişli şərait nəticəsində 2018-ci ilin 6 ayı ərzində rayon üzrə 35 milyon 405 min 300 manat investisiya qoyuluşu həyata keçirilib. Qeyd olunan layihələrin reallaşması nəticəsində 2460 yeni iş yerinin yaradılması planlaşdırılıb. Şəmkir şəhərinin Həzi Aslanov, 28 May və Bülbül küçələrində ümumilikdə 15 min 900 kvadrat metr asfalt-beton örtüyü salınıb, 4510 kvadrat metr sahəyə üzlük tamet daşları qoyulub. Şəmkir-Çinarlı-Abbaslı avtomobil yolunun 15 km hissəsinin yenidən qurulması işlərinə başlanıb.
Rayon İcra Hakimiyyəti tərəfindən kənd təsərrüfatının inkişafı və bu sahədə olan problemlərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülüb. 2018-ci ildə 43 min 10 hektar sahədə payızlıq və yazlıq bitkilər, o cümlədən 16 min 824 hektar sahədə taxıl əkilib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur.
Cari ildə taxıl biçini mövsümündə bugünədək 40-a yaxın kombaynlar vasitəsilə 1968 hektar buğda sahəsi biçilərək hər hektardan orta məhsuldarlıq 32,3 sentner olmaqla 6357 ton, arpa isə 2038 hektar biçilərək hər hektardan orta məhsuldarlıq 28,9 sentner olmaqla 5889 ton məhsul əldə edilib. Hazırda ümumi sahəsi 958 hektar olan istixanalarda 6039 nəfər məhsul yetişdirməklə məşğuldur. Cari ildə rayon ərazisində 100 hektara yaxın yeni istixanaların tikintisi gözlənilir ki, artıq 52,1 hektarı tikilib.
İstixanalarda yetişdirilmiş 100 min tondan artıq pomidor məhsulunun 61 min tonu gömrük sərhəd buraxılış məntəqəsindən keçərək Rusiya Federasiyasının müxtəlif şəhərlərinə ixrac edilib, 40 min tona yaxın isə Respublikamızın ərazisində satılıb.
Ölkəmizdə baramaçılığın inkişafı ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq 2016-cı ildən rayonda kiçik sahibkarlığın inkişafında mühüm yer tutan barama istehsalına başlanılıb. 2018-ci ildə barama planına 101,7 faiz əməl olunmaqla 12690,6 kiloqram barama istehsal edilərək "Şəki İpək" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilib.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində Şəmkirdə məktəb və xəstəxana binalarının əsaslı təmiri davam edir. Rayonun Kür qəsəbəsində də sosial obyektlər yenilənməkdədir. Belə ki, Kür qəsəbə Hacı Zeynalabdın Tağıyev adına 2 saylı tam orta məktəbin binası 42 ildən sonra əsaslı təmirə dayanıb. 1176 yerlik tədris ocağı Təhsil Nazirliyinin sifarişi ilə əsaslı təmir olunur. Əsas işlər tamamlanan binada hazırda daxili kommunikasiya xəttlərinin çəkilişi aparılıb. Məktəbin qazanxanası yenidən qurulub. Bundan başqa təhsil müəssisəsində nasos stansiyası, iki ədəd 150 kubmetrlik su hovuzu var. Biri yanğından mühafizə, digəri isə içməli su üçün nəzərdə tutulub. Məktəbin istilik sistemi tam yenilənib. Şəmkir Rayon Mərkəzi Xəstəxanasından sonra rayonun ən böyük tibb müəssisəsi olan Kür qəsəbə xəstəxanası da yenilənir. 54 çarpayılıq tibb ocağında işlər sürətlə davam edir. Kür qəsəbəsi ilə yanaşı rayonun daha bir neçə kəndində də mövcud səhiyyə müəssisələri yenilənməkdədir.
Kür qəsəbə xəstəxanası səhiyyə nazirliyinin xətti ilə yenidən əsaslı təmir olunuraq əhalinin istifadəsinə veriləcək. Bundan başqa yerli büdcə hesabına Mutariyyə və Əliyaqublu kənd həkim məntəqələri də təmir olunur. Yaxın vaxtlarda bu səhiyyə ocaı yeni tibbi avadanlılqlara təchiz olunaraq əhalinin istifadəsinə veriləcək. Kür qəsəbəsində təhsil və tibb müəssisələri yeniləndikdən sonra əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində digər layihələrin də icrası nəzərdə tutulub. Bundan başqa ölkə başçısının ötən il Şəmkirə son səfərindən sonra rayona göstərilən diqqət və qayğının nəticəsi olaraq bu gün rayonun inkişafına çox böyük diqqət göstərilir. Rayon sözün həqiq mənasında gözəlləşir, abadlaşır və artıq ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrilib. Rayonda quruculuq işləri ilə yanaşı infrastruktur məsələləri də həll olunur.
Prezident İlham Əliyev Şəmkir rayonuna səfərindən sonra şəhər sakinlərinin heç vaxt unutmayacağı bir sərəncəm imzaladı. Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Şəmkir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamına əsasən Şəmkir şəhərində qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 54 mənzilli 1 yaşayış binasının tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait də ayırdı. Hazırda həmin binanın tikinti işləri sürətlə davam etdirilir. Qeyd edək ki, Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov mütəmadi olaraq həmin binada aparılan tikinti işləri ilə yaxından tanış olur, bir sıra tapşırıq və tövsiyələr verir. Şəmkir rayonunda digər sahələrlə yanaşı olaraq sosial sahəyə də böyük diqqət göstərilir. Hazırda rayonda çoxlu sayda sosial obyektlərin inşası aparılır. Onlardan biri də rayon Mərkəzi Xəstəxanasıdır. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun yaxından nəzarəti və köməkliyi ilə yeni səhiyyə ocağının tikintisi sürətlə aparılır. Rayon rəhbərliyi müntəzəm olaraq tikintiyə baş çəkir, inşaat işlərinin gedişi ilə maraqlanır. Bu da son nəticədə tikintinin sürətlə aparılmasına təkan verir. Hazırda tikinti işləri sürətlə aparılır. Binanın örtük hissəsində tamamlama işləri yekunlaşıb. Binanın daxilində inşaatçılar arakəsmələrdə olan işləri başa çatdırıblar. Eyni zamanda binanın daxilində elektrik və havalandırma işləri həyata keçirilib. Binanın daxili ilə yanaşı çöl hissəsində də tikinti işləri görülür.
Məlumat üçün qeyd edək ki, 190 çarpayılıq xəstəxanada səhiyyənin bütün sahələri, o cümlədən cərrahiyyə, travmatologiya, terapiya, reanimasiya, infeksiya, doğuş, uşaq, dializ, lor, ginekalogiya, poliklinika şöbələri və təcili yardım stansiyası fəaliyyət göstərəcək. Şəmkir Rayon Mərkəzi Xəstəxanası üçün inşa edilən yeni binada tikinti işləri nəzərdə tutulduğu kimi və ahəngdar gedir. Bu da yeni tibb ocağının vaxtında istifadəyə veriləcəyindən xəbər verir. Rayonda əhalinin müvafiq işlər təmin olunması, işsizlik probleminin aradan qaldırılması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məqsədlə Şəmkir Rayon İcra Hakimiyyəti və Rayon Məşğulluq Mərkəzi müntəzəm olaraq əmək yarmarkası keçirir. Bir müddət əvvəl keçirlən yarmarkaya rayonun 20 müəssisə və təşkilatından 350 vakant iş yeri çıxarılıb. Yarmarkaların keçirilməsində əsas məqsəd işəgötürənlərlə işsiz və işaxtaran vətəndaşların bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununlada işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verə bilən ixtisaslı, peşəkar, təcürbəli kadr seçiminə geniş imkanlar yaratmaq, eyni zamanda işziz və işaxtaran vətəndaşların mövcud vakant iş yerləri haqında məlumat almalarına və layiqli işlə təmin olunmalarına köməklik göstərilməsini təşkil etməkdir. Əmək yarmarkasına çıxarılan boş iş yerləri üçün minimum əməkhaqqı 150 manat, maksimum əməkhaqqı isə 1007 manat təşkil edib.
Yarmarkada 98 nəfərə müvafiq iş yerlərinə göndəriş verilib, 21 nəfər isə peşə hazırlığı kurslarına, 12 nəfər isə haqqı ödəniləcək ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata götürülüb.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2018.- 2 oktyabr.- S.15.