Özbəkistanda Azərbaycan
tarixi muzeyinin açılışı olub
Özbəkistandakı Heydər Əliyev
adına Azərbaycan Mədəniyyət
Mərkəzində yenidənqurmadan
sonra unikal muzeyin - "Azərbaycan tarixi və dövlətçiliyi" muzeyinin
rəsmi açılışı
olub.
Qeyd edək
ki, "Azərbaycan tarixi və dövlətçiliyi" muzeyinin
açılışı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
və Azərbaycanın
yenidən müstəqillik
əldə etməsinin
27-ci ildönümünə həsr edilib.
Tədbirdə Özbəkistanın aparıcı muzeylərinin
rəhbərləri, əməkdaşları,
Özbəkistan - Azərbaycan
Dostluq Cəmiyyətinin
rəhbərliyi, Daşkənddəki
ali məktəblərin
tələbələri, yerli
azərbaycanlılar, jurnalistlər
iştirak ediblər.
Öncə Mədəniyyət Mərkəzinin
foyesində "100 yaşlı
Cümhuriyyətimiz" adlı
foto-sərgi iştirakçılara
təqdim edilib.
Açılış mərasimində
çıxış edən
Özbəkistandakı Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru
Samir Abbasov dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqının
özünün qədim
tarixi, maddi-mədəniyyət
abidələri, zəngin
ənənələri, ədəbiyyatı,
incəsənəti və
musiqi mədəniyyəti
ilə fəxr etdiyini qeyd edib.
O, ulu öndər Heydər Əliyevdən sitat gətirərək qeyd edib: "Biz öz keçmişimizlə,
milli dəyərlərimiz,
adət-ənənələrimiz və böyük tariximizlə qürur duyuruq".
Samir Abbasov muzeyin yaradılmasında əsas məqsədin xalqımızın qədim
tarixini, zəngin mədəniyyətini Özbək
xalqına çatdırmaq
və təbliğ etmək olduğunu bildirib.
Xalqın
mövcudluğunun əsas
göstəricisi onun tarixi, mədəniyyəti,
dili, ədəbiyyatı,
adət-ənənələri olduğunu qeyd edən diplomat qədim köklərə malik Azərbaycan xalqının
əsrlər boyu öz maddi və
mənəvi irsini, milli dəyərlərini qoruyub saxladığını
vurğulayıb və
muzeyin ölkəmizin
təbliği istiqamətində
gələcək rolundan
danışıb.
Özbəkistan Milli Elmlər Akademiyasının Dövlət
Tarix Muzeyinin direktoru, professor Cənnət
İsmayılaova muzeyin
açılmasını tarixi
hadisə adlandırıb
və qardaş Azərbaycan, onun dövlətçiliyi, tarixi,
ənənələri haqqında
məlumat almaq istəyən hər bir şəxs üçün muzeyin mükəmməl informasiya
mənbəyi olduğunu
qeyd edib. O, yeni eksponatlar, kompozisiyalarla zənginləşdirilən
Azərbaycan tarixi muzeyinin uzun illər böyük zəhmət hesabına ərsəyə gəldiyini
və Azərbaycan Mədəniyyət Mərkəzinin
layihəsinin uğurla
nəticələndiyini söyləyib.
Özbəkistan - Azərbaycan Dostluq
Cəmiyyətinin icraçı
direktoru, professor Erkin Nuriddinov, Özbəkistan Qadınlar Komitəsinin baş ekisperti, alim, politoloq Cəmilə Şermuxamedova
böyük dövlətçilik
ənənələrinə malik olan, Qafqazın
mirvarisi sayılan Azərbaycanla Özbəkistan
arasında dostluq əlaqələrindən danışıblar.
Onlar Azərbaycanın həm tarixi, həm də zəngin mədəniyyəti ilə
cəlbedici olduğunu,
Özbəkistanda böyük
maraq və sevgi yaratdığını
qeyd ediblər.
Daha sonra Özbəkistan Milli Elmlər Akademiyasının Dövlət Tarix Muzeyi və Özbəkistandakı Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzi arasında
əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumda tərəflər
xalqlarımızın tarixi,
milli mədəniyyətinin
təbliği, habelə
bu istiqamətdə birgə layihələrin,
tədbirlərin, sərgilərin
təşkili və
s. məsələlər öz
əksini tapıb.
Kiçik konsert proqramı və milli rəqslərimiz
ifa olunduqdan sonra Muzeyin rəsmi
açılış lenti
kəsilib.
"Azərbaycan tarixi və dövlətçiliyi"
muzeyində dünyada
ən qədim insan yaşayış məskənlərindən biri
olan Azıx mağarası, Qobustan - qədim insan yaşayış məskəninin
maketləri, Bakı şəhərində yerləşən
İçərişəhər abidələr kompleksinin, İrəvan şəhərindəki
Göy məscidin, habelə Azərbaycanın
Qarabağ bölgəsində
yerləşən tarixi
abidələrin
maketləri
xüsusi maraqla qarşılanıb.
Qeyd edək
ki, muzeydə "Ənənəvi Azərbaycan
kəndlisinin evi" adlı guşədə hər gün istifadə edilmiş əşyalar, əmək
alətləri, çoxsaylı
eksponatlar və kompozisiyalar nümayiş etdirilir.
İştirakçılara məlumat verilib ki, muzeydə
ən qədim dövrlərdən müasir
dövrə qədər
Azərbaycan dövlətləri
- Manna, Midiya, Azərbaycan
tarixinin şanlı səhifəsi - Səfəvilər
imperiyası, Azərbaycan
Xalq Cümhuriyyəti
və müstəqil Azərbaycana aid tarixi xəritələr, habelə
müstəqillik əldə
etdikdən sonra ölkəmizin həyata keçirdiyi nəhəng
layihələrə dair
guşələr yaradılmış,
milli musiqi alətlərimiz, geyimlərimiz,
qədim və müasir pul əskinazlarımız, habelə
dövlət rəmzlərimiz
ayrıca olaraq sərgilənəcəkdir.
Azərbaycanın son illər əldə
etdiyi nailiyyətlər,
prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
dünyanın ən nəhəng layihələrindən
olan - Bakı-Tbilisi-Ceyhan neft kəməri,
Bakı - Tbilisi - Kars dəmiryolu
layihəsi və s. haqqında muzeydə xüsusi bölmə yaradılıb.
Yeni açılmış Azərbaycan
tarixi və dövlətçiliyi muzeyinə
Daşkənddəki ali və orta məktəblərin tələbələri üçün
ekskursiyaların təşkil
olunacağı Azərbaycan
Mədəniyyət Mərkəzi
tərəfindən nəzərdə
tutulub.
Olaylar.- 2018.- 2 oktyabr.- S.13.