“Ər və arvad”: bir əsr
sonra...
Cümə günü Azərbaycan
Dövlət Musiqili teatrında "Ər və arvad"
tamaşası nümayiş olundu.
Əvvəla qeyd edim ki, teatr və teatr aktyorları ilə
bağlı bir fikir hər zaman diqqətimi çəkib.
Bir teatr sənətçisi məntiq və duyğu
qarşıdurmasından doğru bir şəkildə
faydalanmağı bilir. İlk başdan tamaşanın mətnini
araşdırarkən daha çox məntiqi nəzər yetirir.
Mətnin təməlindəki düşüncəni və təlimləri
ortaya çıxarır . Bunu
təmin etmək üçün də, məşq
zamanı, yenə məntiqi bir yanaşma bir xəritə
ortaya qoyur. Bu təqdimatı təbii
nümayiş edə bilmək üçün də
duyğularından istifadə edir. Məşq
mərhələsində məntiq 70, duyğu 30 %-dır.
Tamaşa vaxtı isə tamamilə əksinə
yəni, duyğu 70, məntiq isə 30 % - dır. 70 % -lıq duyğu
tamaşanın təbii olmasını təmin edir, 30
%-lıq məntiq isə ona nəzarət etməyi. Peşəkar sənətçi tamaşada bir
xarakterə həyat verərkən həm həqiqətən
o xarakter olur, həm də bunun sadəcə tamaşa
olduğunun fərqindədir.
Teatr da kollektiv sənətdir. Tək adamın oynadığı
bir teatr oyununda belə bir çox adam
işə cəlb olunur. Məşq mərhələsində
rejissor, aktyor və texniki işçilər birlikdə eyni əzmlə
çalışır. Tamaşa zamanı
isə bu kollektivə tamaşaçı da daxil olur və bu
birlikdəlik böyük bir uyğunlaşma, bütünləşmə
içində davam edir. Səhnə əsərinin
nümayişi zamanı obrazların keçirdiyi hissləri
tamaşaçılar onlarla qarşı-qarşıya, hətta
göz-gözə izləyir, yaşayır. Bu da teatrın sehirli tərəfidir.
Azərbaycan xalqının oyanmasında teatrın əvəzsiz
rolu olub. Qədim
Yunanıstanda teatr öz fəaliyyətinə faciə ilə
başlasa da Azərbaycan teatrı öz fəaliyyətinə
M.F.Axundovun beş ölməz komediyası
ilə başlayıb. 1873-cü il
martın 10-da Həsən bəy Zərdabi və Nəcəf
bəy Vəzirovun təşəbbüsü və
iştirakı ilə Bakıda ilk tamaşa-Mirzə Fətəli
Axundovun "Lənkəran xanının vəziri"
komediyası realnı məktəbin tələbələri tərəfindən
göstərildi.
O vaxtdan
isə 145 il keçib...
Azərbaycan teatrının öz fəaliyyətinə
komediya ilə başlamasını nəzərə alsaq
tamaşaları əsasən musiqili komediya janrında olan,
ölkənin ən böyük musiqili teatrlarından biri Azərbaycan
Dövlət Musiqili Teatrına üz tutmağımız təsadüfü
deyildi. Teatra daxil olduğun andan bu mədəniyyət
ocağında yüksək nizam-intizam nəzərə
çarpır. Burada hər şey
tamaşaçılarda məmnunluq yaradacaq tərzdə
yaxşı təşkil olunub.
Tamaşaçı
sevimli teatrlarında, dəyərli aktyorlarının
çıxışında mədəniyyət tariximizdə
dahi bəstəkar, peşəkar musiqi sənətimizin və
milli operamızın banisi, musiqişünas alim, publisist,
dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutan Üzeyir
Hacıbəyovun ilk musiqili komediyası "Ər və
arvad"ı izləməyə gəlmişdi. Şərqin ilk operettası olan bu əsər Azərbaycanda
musiqili komediyanın ilk nümunəsidir.
Azərbaycan
Dövlət Musiqili Teatrı üçün "Ər və
arvad" tamaşasının xüsusi əhəmiyyəti
var. Çünki
Musiqili Teatrın əsası ötən əsrin əvvəllərində
məhz 1910-cu ildə bu dahiyanə səhnə əsəri ilə
qoyulub. Rollarda isə H.Sarabski (Mərcan bəy),
Ə.Ağdamski (Minnət xanım) və başqaları
çıxış etmişlər. Komediyaların
mətnini də Üzeyir bəy özü
yazmışdır.
Azərbaycan
Dövlət Musiqili Teatrın 109-cu mövsümünün
repertuarında 2-ci tamaşa olaraq izləyicilərin
qarşısına çıxan "Ər və arvad"da
isə rollarda xalq artisti İlham Namiq Kamal, əməkdar artist
Ələkbər Əliyev, əməkdar artist Nahidə
Orucova, Əliməmməd Novruzov, Gülcahan Salamova, Ruslan
Mürsəlov, Elxan İsmayılov, Ağaxan Şərifov
kimi xalqın sevilən aktyorları çıxış edib.
Tamaşanın quruluşcu rejisoru Azərbaycan
Dövlət Musiqili Teatrının baş rejisoru Yusif Əkbərovdur.
Tamaşa
başlamazdan əvvəl "Şöhrət" ordenli,
Qızıl Dərviş mükafatçısı, Prezident təqaüdçüsü,
"İlham" Miniatür teatrının direktoru və bədii
rəhbəri, ADMİU-nun "Musiqili teatr aktyoru"
kafedrasının müdiri, teatr rejissoru, professor Azərbaycanın
xalq artisti İlham Namiq Kamal oğlu Əhmədovla söhbətləşə
bildik.
Bir azdan çıxış edəcəyi Mərcan
roluna hazırlaşan dəyərli aktyorla qarşıdakı
yeni layihələr və bu mövsüm
çıxış edəcəyi tamaşalarla bağlı
səmimi söhbət etdik. İlham müəllimin
otağında aktyora xas nizam-intizam, səliqə-səhman nəzərə
çarpırdı. Divarda yer alan
fotolarda isə aktyorun gənclik dövrlərindən olan və
dəyərli sənət dostları ilə şəkilləri
yer almışdı.
Xalq
artisti bildirdi ki, bu mövsüm Musiqili Teatrda ilk
çıxışına dahi Üzeyir Hacıbəyovun
"Ər və arvad" iki hissəli musiqili komediyasında
Mərcan bəy rolunu oynayaraq başlayacaq: "Musiqili
Teatrın cari repertuarındakı bir sıra tamaşalarda
baş rolları ifa edirəm. F. Sücəddinov və T. Vəliyevanın
"Mən dəyərəm min cavana" tamaşasında
İbad İbadoviç rolunda çıxış edirəm.
Bundan əlavə oktyabrın 4-də Heydər
Əliyev Sarayında SSRİ-nin xalq artisti, görkəmli bəstəkar
Rauf Hacıyevin mahnılardan ibarət konsert proqramı keçiriləcək.
Orada Rauf Hacıyevin musiqisi, sevgi və intriqadan ibarət
maraqlı süjeti ilə seçilən "Qafqazlı
qardaşqızı" operettasında Bəbirlinin
mahnısını Azərbaycan televiziyasının simfonik
orkestrı ilə oxuyacam".
Aktyor qeyd
etdi ki, Musiqili Teatrın rus bölməsi tərəfindən
hazırlanan bu məşhur operettada ilk dəfə ötən
il 24 noyabr tarixində səhnəyə
çıxıb: "Bəbirli çox xarakterik bir
obrazdır. Kaloritli olduğu qədər də,
özünəməxsus düşüncə tərzinə
malikdir. Rauf Hacıyevin möhtəşəm
musiqisi isə şedevrdir".
Azərbaycanın
müxtəlif teatrlarının səhnələrində,
eyni zamanda televiziya ekranlarında parlaq obrazlar yaradan görkəmli
sənətkarımız Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin ölməz
"Arşın mal alan" əsərində
Soltan bəy rolunda çıxış edəcək.
Bir
sıra yeni layihələrin olduğunu söyləyən
aktyor qeyd etdi ki, Kukla Teatrında ilin sonuna
planlaşdırılan Don Kixot haqqında maraqlı layihədə
rol alacaq: "Harada sənət varsa orada gözəllik var
.Əgər sənət adamı müxtəlif teatrlarda
maraqlı obrazlar ifa edirsə tamaşaçı görür
ki sevimli aktyoru istənilən peşəkar kollektivlə
uyğunlaşa bilir".
Xalq
artisti öz hazırladığı tamaşa haqqında
danışdı: "Bəstəkar Ramiz Mirişli və
yazıçı-dramaturq Marat Haqverdiyevin "Amerikalı
kürəkən" iki hissəli musiqili komediyasının
quruluşçu rejissoruyam. Tamaşadakı tərəf-müqabilim
Azərbaycan Respublikasının Əməkdar artisti,
hamının müğənni kimi tanıdığı,
amma həm də gözəl aktrisalıq istedadına malik
olan Almaz Ələsgərlidir".
Yaradıcılığında
"Qayınana", Bəyin oğurlanması", "Evləri
köndələn yar" kimi mühüm əhəmiyyət
kəsb edən filmlərin yer aldığı sənətkar
rol aldığı yeni film haqqında məlumat verdi. Caspian Media Group şirkəti
tərəfindən istehsal olunan "Qaynana 2018" filmi
"Caspian Media Group" tərəfindən ekranlaşdırılır.
Film müasir qayınananın macəralarından
bəhs edir. Ekran işində qayınana
Canan (Flora Kərimova) oğlunu imkanlı və elit ailənin
qızı ilə evləndirmək istəsə də,
övladı evlərində çalışan
qulluqçunun qızına aşiq olur. İlham Namiq
Kamal 40 il əvvəl ilk filmdə
olduğu kimi bu filmdə də İlqar obrazında çəkilib. Aktyor filmin bir
neçə ay sonra nümayiş olunacağını
bildirdi.
Sonda xalq artistindən teatra gələn
tamaşaçı sayından razı olub
olmadığını soruşduq. Sənətkar bildirdi ki, Musiqili
Teatrın tamaşaçısı kifayət qədərdir:
"Tamaşaçlardan razıyam. Onlar biz sənət
adamlarını bizdən daha yaxşı tanıyırlar.
Tamaşaçılar qarşısında zərgər
dəqiqliyi ilə işləyib, bütün rollarımı
sevərək oynayıram. Heç vaxt ifa
etdiyim rola qarşı qəbahət etməmişəm".
Dəyərli sənətkarla tamaşadan əvvəl
danışmaq xoş oldu. Bir az əvvəl
söhbət etdiyimiz xalq artisti bir az sonra Mərcan obrazı ilə
qarşımıza çıxdı.
Tamaşada ailә-mәişәt mövzusu ardıcıl vә dinamik şәkildә açılır. Әsәrin ideyası ağıllı Minnәt xanımın (Nahidə
Orucova) müflis vә düşkünlәşmiş әri Mәrcan
bәydən mәnәviyyatca üstünlüyünü
göstәrmәkdir. Әsәrdә Minnәt xanımın sadiq mәslәһәtçisi vә ərinə
qarşı müttәfiqinә çevrilәn namuslu, vicdanlı nökәr obrazı Gülpəri
(Gülcahan Salamova) o dövr Azәrbaycan cәmiyyәtindә gedәn demokratiklәşmә prosesinin tәzaһürü idi.
Mərcan obrazı lirik, səmimi xarakter
daşıyır. Tamaşadakı musiqilər obrazların
xarakterlərini özündə əks etdirir. Hər iki pərdədəki mahnılar Mərcan bəyin
mənfi xüsusiyyətlərini daha bariz nəzərə
çarpdırır.
"Әr vә arvad" musiqili
komediyasında xor sәһnәlәri әsas qәһrәmanların davranışına
münasibәti
ifadә edir. Bu xor müәllif sözü kimi
qavranılır. Əsərdəki
instrumental musiqi parçaları tamaşanı xeyli zәnginlәşdirir.
Tamaşanın mesajları olduqca çox idi. Operettanın mövzusu ailədə və məişət həyatında, ailənin təzyiqi və cəmiyyətin təsir göstərdiyi azərbaycanlı qadındır. Üzeyir Hacıbəyov tərəfindən qələmə alınan operettanın üzərindən 1 əsr keçməsinə rəğmən hələ də mövzu etibari ilə öz aktuallığını saxlaması əsərin mahiyyəti etibarilə açıq-aşkar görünür.
Aktyorlar qüsursuz ifaları ilə tamaşaçını özlərinə heyran buraxırdı.
Tamaşaçıların üzündə gündəlik qayğılarından, sosial problemlərdən tamaşa boyunca ayrı qaldıqları bariz hiss olunurdu. Öz sevimli aktyorlarının ifasında izlədikləri tamaşa onların simasında işıq yaratmışdı. Tamaşaçı sənətkarın ifasından aldığı işığı bol bol alqışlarla yenidən onlara ötürürdü.
Tamaşanın sonunda Minnət xanım ağlı və məntiqi, müttəfiqlərinin köməkliyi ilə əri Mərcan bəyə böyük dərs vermiş olur.
Tamaşa bitirdi. Amma nə tamaşaçı zalı tərk etməyə tələsirdi, nə də aktyorlar səhnəni... Bu iki məkanı bir şey birləşdirirdi. Alqış səslərilə səhnəyə aparılan gül-çiçək dəstələri...Tamaşaçının üzündəki o işıq alqışa çevrilirdi və o öz dəyərli sənətkarları ilə sağollaşırdı... Növbəti tamaşaya kimi...
Nigar Orucova
Olaylar.- 2018.- 3 oktyabr.- S.12.