Azərbaycan turizm ölkəsinə çevrilib

 

Jalə Əliyeva: "Bakı və Azərbaycanın turizm brendləri yaranır"

 

Bolqarıstanın paytaxtı Sofiya şəhərində  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 51-ci iclası öz işinə başlayıb. İclasda millət vəkili Jalə Əliyeva məruzə ilə çıxış edib.

"Azərbaycanda turizmin inkişafı və gələcək perspektivləri" adlı məruzədə millət vəkili qeyd edib ki, hazırda turizm sahəsi dünya iqtisadiyyatında mühüm yer tutmaqla, bu sektorun inkişafını prioritet bir məsələ kimi əhəmiyyətli etməkdədir. Bu gün turizm böyük gəlir, yeni iş yerləri, müasir infrastruktur, tarixi və mədəni abidələrin qorunması, milyonlarla insanın bir ölkə ilə, onun təcrübələri, nailəyyətləri ilə tanış olması, biliklərin artırılması və özünü inkişaf etdirmək anlamını daşıyır. O, qeyd edib ki,  Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dünya iqtisadiyyatı ilə birbaşa əlaqə qurmağa başladı: "Ölkəmizin iqtisadi və sosial sahədə həyata keçirtdiyi uğurlu və davamlı siyasət sayəsində Azərbaycanda daxili və xarici vətəndaşların sərfəli kapital qoyuluşu prosesində iştirakına lazımi şərait yaradıldı. Azərbaycan Prezidentinin təsdiq etdiyi yol xəritələrində Azərbaycanda postneft dövrü iqtisadiyyatın inkişafı üçün strateji istiqamətlər müəyyən edilib. Belə ki, həmin strateji aspektlərdən biri sayılan turizm, ölkənin prioritet sahələrindən birinə çevrilmişdir və bu sahənin inkişafı üçün mühüm siyasi və iqtisadi qərarlar verilib. Ötən illər ərzində turizm sektorunda xidmət göstərənlərin maarifləndirilməsi, investisiya mühitinin möhkəmləndirilməsi, infrastrukturun inkişafı, sərhəd keçid prosedurlarının sadələşdirilməsi və digər məsələlərlə bağlı geniş fəaliyyət həyata keçirilib". Onun sözlərinə görə, turizmi təbliğ və təşviq etmək məqsədiylə 2016-cı ildə Turizm Təşviq Milli Bürosu yaradılıb və cari ilin əvvəlində isə turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsinə cavabdeh olan Dövlət Turizm Agentliyi təşkil edilib: "Son illərin göstəriciləri bunu deməyə əsas verir ki, bu sahə ölkəmizdə davamlı inkişaf edir, xarici turist axını gündən-günə artmaqdadır və turizm infrastrukturu güclənir. Hazırda turizm, ölkə  iqtisadiyyatının qeyri-neft sektorunda  telekommunikasiya və kənd təsərrüfatı ilə eyni sırada gəlməkdədir. 2018-ci ilin ilk yarısında ölkəyə gələn əcnəbilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10% artıb. Yeni otellər, yollar, istirahət zonaları və istirahət mərkəzləri tikilib, hostellər açılıb, kadr potensialı güclənib. Hazırda Bakı şəhərinin kommunikasiya və marketinq planları hazırlanır, Bakı və Azərbaycanın turizm brendləri yaranır, mövcud və yeni turizm məhsulları və xidmətləri inkişaf etdirilir. Turizm sənayesini qanunlar çərçivəsində qorumaq, inkişaf etdirilmək, yarana biləcək maneə və problemlərin qanuni yollarla həllinə nail olmaq məqsədiylə 1999-cu ildə  Milli Məclisdə "Turizm haqqında" qanun qanun qəbul edilib. Bu qanun son illərdə günümüzün tələblərinə və reallıqlarına uyğun olaraq çox mükəmməl şəkildə yenidən hazırlanıb və Azərbaycan parlamenti tərəfindən 2017-ci ildə qəbul edilib. Həmin yeni qanun, turizm sektoruyla bağlı bütün məsələləri əhatə etməklə yanaşı, bu sahənin balanslı şəkildə inkişaf etdirilməsinə və mövcud olan boşluqların aradan qaldırılmasına imkan yaradacaq. Eyni zamanda, turizmin inkişafı baxımından beynəlxalq əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini vurğulamaq da vacibdir. Beynəlxalq turizm bazarına daxil olmaq, turizm sahəsində uğur qazanan ölkələrlə əlaqələr qurmaq və bu əlaqələri inkişaf etdirmək, beynəlxalq tendensiyaları nəzərdən keçirmək və təcrübə mübadiləsi aparmaq turizmin inkişafı üçün vacib amillərdir.Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatı və digər müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığın prioritetlərini artıq müəyyənləşdirib  və bu istiqamətdə fəaliyyət davam etdirilir.Bu çərçivədə, turizm sahəsində uğurlu olan 30-dan çox ölkə, o cümlədən, QDİƏT-ə  üzv ölkələrdən 8-i ilə Azərbaycan Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair hökümətlərarası sazişlər imzalanıb. Azərbaycan QİƏT çərçivəsində əməkdaşlığa xüsusi önəm verir". Millət vəkili əlavə edib ki, Azərbaycan, qardaş Türkiyənin, Gürcüstanın, Rusiyanın, Bolqarıstanın, Ukraynanın, Yunanıstanın və QDİƏT üzvü digər ölkələrin turizm sahəsində üstün təcrübələrini və müvəffəqiyyətlərini nümunə götürərək, bu təcrübələri öz ölkəsinin tarixi, coğrafi, milli, mənəvi xüsusiyyətləri doğrultusunda tətbiq edir: "Dilə gətirdiyimiz fikirlərin sübutu olaraq,  bundan iki gün əvvəl Bakıda keçirilmiş IX Azərbaycan-Rusiya Regionlararası Forumu haqqında qısaca məlumat verərək çıxışımı bitirmək istərdim. Rusiya Prezidentinin də qatıldığı Forumda çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev turizm mövzusuna diqqət yetirərək, bu yöndə müxtəlif ölkələrlə həyata keçirdiyimiz işbirliyini Rusiyanın timsalında belə izah elədi: "Turizm sahəsində Rusiya vətəndaşlarının Azərbaycana səfərlərinin əhəmiyyətli dərəcədə artdığını görürük. Son 9 ay ərzində Azərbaycana təxminən 700 min rus gəlmişdir. Əminəm ki, bu rəqəm artacaq". Bir daha qeyd etmək istəyirəm ki, bir ölkədə turizmin inkişafı - həmin ölkənin mədəniyyətinin, tarixinin, coğrafiyasının, mənəviyyatının tanıdılması, büdcəsinin, iqtisadiyyatının möhkəmləndirilməsi, xalqların və millətlərin bir-birlərinə daha tez inteqrasiyası, qısacası bir ölkənin öz varılığını və mövcudluğunu dünyaya daha təsirli bir şəkildə isbat etməsi deməkdir".

Onun sözlərinə görə, Azərbaycanda turizmin inkişafı prioritet məsələyə çevrilib. Elə bu səbəbdən də ölkəmizdə bu istiqamətdə əvvəllki illərlə müqayisədə böyük uğurlara nail olunub: "Çox qısa zaman ərzində Azərbaycan artıq həm də turizm ölkəsinə çevrilib. Bunun üçün heçuzağa getmək lazım deyil. Şəhərimizin, paytaxtımızın küçələrinə çıxsaq, bunun əyani şahidi olarıq. Şəhərimizə, Bakımıza gələn turistlərin sayı gündən-günə artır. Eyni zamanda, ölkəmizin turizm, istirahət bölgələrində bu artımı əməlli-başlı görmək mümkümdür. Bunlar da heç şübhəsiz ki, ölkəmizdə turizmin inkişafına dövlət, ölkə rəhbərliyi səviyyəsində  göstərilən diqqət və qayğı ilə bağlıdır. Həmçinin, Forum zamanı məlum oldu ki, Azərbaycan sahibkarlarının sayəsində Yessentukidə sanator-kurort mərkəzi inşa edilib. Jeleznovodskda mehmanxana kompleksi ucaldılır. Həmçinin Xəzərdə birgə dəniz kruiz səyahətlərini inkişaf etdirmək planlaşdırılır və sair. Yəni, bunlar onu göstərir ki, turizmin inkişafı baş hədəflərdəndir və bu istiqamətdə görülən işlər, atılan adfımlar öz müsbət nəticələrini və töhfələrini verməkdədir. Bu baxımdan, turizmin inkişafı, bu istiqamətdə qanunvericilik bazasının gücləndirilməsi və mütərəqqiləşdirilməsi məsələsi biz parlamentarilərin diqqət mərkəzindədir və belə də olmalıdır. Bizlər də bu məsələyə öz töhfələrimizi verməliyik".

 

Alim

 

Olaylar.- 2018.- 4 oktyabr.- S.11.