Yol infrastrukturunun yenilənməsi

kənd təsərrüfatının inkişafına təkan verir

 

Ölkənin sosial-iqtisadi inkişafına birbaşa təsir edən amillərdən biri də yol infrastrukturudur. Bu sahəyə qoyulan böyük vəsait, eyni zamanda, sahibkarlığa dövlət tərəfindən göstərilən növbəti dəstəyin təzahürüdür. Elə, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında da yol infrasturkturunun yenilənməsi məsələsi əksini tapıb. Yeri gəlmişkən qeyd edək ki, əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur.

Dövlət başçısının Azərbaycanın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verməklə, Azərbaycanı mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirib. Son 14 ildə ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, eyni zamanda avtomobil yolları, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib. Nəticədə formalaşan logistika və ticarət isə sürətlə qloballaşan dünyada iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrilir, əsas sektorlarda birbaşa xarici investisiya qoyuluşlarının həcmini artırmağa şərait yaradır. Hesablamalar göstərir ki, inkişaf etmiş nəqliyyat və logistika sistemi ÜDM-də 3 faizədək birbaşa artıma təsir göstərir. Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafiyada yerləşməsi Avrasiya məkanın ticarət dövriyyəsində öz payını artırmağa imkan verir. Bu məqsədlə Azərbaycanda yol infrastukturunun qurulması əsas hədəflərdəndir. Ən əsası ona görə ki, yol infrastrukturu iqtisadi inkişafa birbaşa təsir edən amildir.

Ümumilikdə son 14 ildə 12300 km yol çəkilib, 443 yeni körpü tikilib, 40 yol layihəsinin icrası 500 kəndin komunikasiya imkanları yaxşılaşdırıb. 2018-ci ilin əsas hədəfi isə çəkilən yolların ümumi uzunluğunu 15 min kilometrə çatdırmaqdır. Bununla paralel olaraq il ərzində daha 600 kəndin kommunikasiya imkanı yaxşılaşdırılacaq. Eyni zamanda Sumqayıtdan Rusiya sərhəddinə qədər yeni yolun çəkilməsidə prioritetlər sırasındadır. Şimal istiqamətində icra ediləcək bu layihə həm də Azərbaycan məhsullarının ənənəvi bazar hesab edilən Rusiyaya ixracını sürətləndirəcək. Hazırda regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarına uyğun olaraq Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı işlər aparılır. Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən, mühüm turizm marşrutuna daxil olan Qax və Zaqatala rayonlarının 22 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun yenidən qurulması bölgədə nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırılmasına imkan verəcək. İstifadəyə verilən yolların bir çoxunun açılışında Prezident İlham Əliyevin iştirak etməsi dövlətin insanların rahatlığına və iqtisadiyyatın inkişafına xidmət edən yeni infrastrukturların yaradılmasına yönəltdiyi diqqətin göstəricisidir. Eyni zamanda prezidentin görülən işləri şəxsən yoxlaması layihələrin daha məsuliyyətli icrasına imkan yaradır, gələcək uğurlara böyük stimul  verir.

Bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulması və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu cür yolların müasir səviyyədə inşası regionların inkişafına müsbət təsir göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin bəhrəsini isə hər bir vətəndaş öz həyatında hiss edir. Prezidenti İlham Əliyevin Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında iştirakı sadalanan fikirlərin bariz nümunəsidir.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib. Bildirib ki, 20 mindən çox əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun uzunluğu 15,4 kilometrdir. Üçüncü və dördüncü texniki dərəcəyə uyğun tikilən yol iki hərəkət zolaqlıdır. Yolun inşası zamanı 26,1 min kubmetr torpaq işləri görülüb, 11,6 min kubmetr tikinti materialından və asfalt-beton örtüyündən istifadə edilib. Yol boyunca nişanlar və göstərici lövhələr quraşdırılıb. Qeyd edək ki, dövlətimizin başçısının bu ilin yanvarında imzaladığı Sərəncama əsasən tikilən avtomobil yolu dörd yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.

Həmçinin Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir. Məlumata görə, Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun en və uzunluq profilləri tikinti norma və qaydalarına uyğun olmadığı, torpaq və çınqıl örtüklü olması isə yük və sərnişin daşımasına maneə yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. Qısa müddət ərzində tərəfindən sözügedən yolun tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Layihəyə uyğun tikinti işləri bitəndən sonra hərəkətin normal təşkili üçün 96 ədəd müxtəlif yol nişanı (km göstərici, xəbərdaredici, üstünlük bildirici, informasiya göstərici və s.), həmçinin 640 ədəd siqnal dirəyi quraşdırılacaq, 48 km uzunluğunda xətlənmə işləri aparılacaq. Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun yenidın qurulması ilə 4 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq, kənd əhalisinin rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə etməklə yetişdirdikləri məhsulları tez bir zamanda bazarlara çıxarmaqlarına şərait yaradılmış olacaq.

Yardımlı rayonunda cari ildə yenidən qurulan və uzunluğu 22 km olan avtomobil yolunda işlər sürətlə davam etdirilir. Söhbət yerli əhəmiyyətli Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolundan gedir. Başlanğıcını respublika əhəmiyyətli Masallı-Yardımlı avtomobil yolundan götürən yerli əhəmiyyətli Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 20 mindən artıq əhalinin yaşadığı 15 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi çox pis olub. Çünki avtomobil yolunun ilk 13 km-lik hissəsi çınqıl, qalan 9 km-lik hissəsi isə torpaq örtüklü idi. Bu üzdən sözügedən avtomobil yolu ilə xüsusən payız-qış mövsümündə hərəkət edərkən çətinliklər yaşanırdı. Hazırda aparılan yenidənqurma işləri ilə hərəkətdə yaşanan problem aradan qaldırılır. Layihəyə uyğun olaraq Viləş çayı üzərində 24 metr uzunluğunda dəmir konstruksiyalı avtomobil körpüsünün inşası işlərinə başlanılıb. Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yuyulmuş torpaq yatağının bərpası və əlavə bərkidilməsi işləri görülür. Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 90 ədəd yol nişanı, 22 ədəd km göstəricisi və 880 ədəd siqnal dirəkləri quraşdırılacaq, 66 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək. Qeyd edək ki, Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun yenidən qurulması ilə gediş-gəliş rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq. Bundan başqa, yolun keçdiyi ərazilər boyu vətəndaşların sosial rifah halına müsbət təsir göstərən kənd təsərrüfatının və turizmin inkişafı, yeni turizm marşrutlarının yaranması da hədəflənir.

 

Olaylar.- 2018.- 5 oktyabr.- S.15.