Regionların inkişafı sosial-iqtisadi inkişaf
strategiyasının mühüm
tərkib hissəsidir
"Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004- 2008-ci illər)"nın uğurlu icrası bütün regionların inkişafında yeni bir mərhələnin yaranmasına səbəb olmuş, formalaşmış əlverişli iqtisadi mühit ölkənin sosial-iqtisadi inkişafı sahəsində başlanmış tədbirlərin davam etdirilməsi zərurətini yaratmışdır".
Bu fikirləri Olaylar.az-a analitik-icmalçı Ehtiram Aşırlı deyib.
O bildirib ki, kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılmışdır: "Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına buğda istehsalının stimullaşdırılması məqsədilə yardım verilməsi, toxumçuluq və damazlıq işləri üzrə müəyyən işlərin görülməsi, aqroservis xidmətlərindən güzəştli qiymətlərlə istifadə, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştli kreditlər kənd təsərrüfatı istehsalı sahəsində ilbəil dinamik inkişafın əldə edilməsini təmin edən amillərdən olmuşdur. Kənd təsərrüfatının ümumi məhsulu son 10 ildə 1,5 dəfə, taxıl istehsalı 43,9 faiz, kartof istehsalı 29,1 faiz, tərəvəz 17,8 faiz, bostan məhsulları 20,5 faiz, meyvə və giləmeyvə 49,1 faiz, üzüm istehsalı isə 2,4 dəfə artmışdır. Ağcabədi və Beyləqan rayonlarında iri özəl taxılçılıq təsərrüfatları yaradılmış və hər hektardan rekord həddə - 55 sentner taxıl tədarük olunmuşdur. İri özəl taxılçılıq təsərrüfatlarının ölkənin digər rayonlarında da yaradılması istiqamətində işlər aparılır və hazırda Beyləqan, Hacıqabul, Cəlilabad və Xaçmaz rayonlarında 5 iri özəl fermer təsərrüfatlarının yaradılması işləri yekunlaşmaq üzrədir. Aqrar sektorda emalçılar ilə istehsalçılar arasında kooperasiya münasibətlərinin möhkəmləndirilməsi, fermerlərin dövlətin dəstək mexanizmlərindən daha səmərəli istifadə etməsi məqsədilə regionlarda 50 başlıq südlük cins iribuynuzlu təsərrüfatların yaradılmasına başlanılmışdır. Yerli istehsal sahələrinin yenidən qurulması və uğurla həyata keçirilən aqrar islahatların aparılması bir sıra yerli qida məhsullarının istehsalının artmasına və ölkəmizə idxalının azalmasına səbəb olmuşdur. Yerli məhsullar daxili bazarımızı zənginləşdirmiş, əsas qida məhsullarına idxaldan asılılığımızı azaltmışdır".
Siyasi icmalçı qeyd edib ki, ölkənin sahibkarlıq sektorunun inkişafı göstəricilərinin dinamikası həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrinin əyani təsdiqidir: "Son illərdə sahibkarlığın inkişafına dövlətin maliyyə dəstəyi daha da yaxşılaşmış, güzəştli kreditlərin həcmi əhəmiyyətli dərəcədə artmışdır. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədilə hər iki regional İnkişaf Proqramlarının icrası dövründə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına ölkə üzrə ümumilikdə 19,1 min sahibkarlıq subyektinə 1,2 milyard manat güzəştli kredit verilmiş, nəticədə 110 min yeni iş yeri yaradılmışdır. Ötən müddət ərzində ölkənin müxtəlif bögələrində müntəzəm olaraq təşkil edilmiş biznes forumlar yerli və müxtəlif ölkələrdən olan iş adamları, sahibkarlar arasında maarifləndirmə işinin təşkilinə, onların məlumat əldə etmə imkanlarının genişləndirilməsinə, ölkə regionlarının mövcud təbii və əmək resurslarından səmərəli istifadə edilməsi, habelə xarici investisiyaların cəlb edilməsi prosesinin dəstəklənməsinə müsbət təsir göstərmişdir. Sənayenin maşınqayırma, metallurgiya, kimya, mebel, toxuculuq, qida və digər sahələrində dinamik artım baş vermiş, dünya iqtisadiyyatının böhranla üzləşdiyi dövrdə belə Azərbaycan sənayesinin qeyri-neft sektorunda inkişafa nail olunmuşdur. Qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq istiqamətində Sumqayıt Texnologiyalar Parkının, Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye Parklarının, Yüksək Texnologiyalar Parkının yaradılması və s. mühüm əhəmiyyət kəsb edir".
Analitik qeyd edib ki, iqtisadiyyatın sürətlə inkişafı, dünya ölkələri arasında nüfuzunun yüksəlməsi ölkəmizə marağın artmasına səbəb olmuş, respublikamıza gələn əcnəbilərin ildən-ilə çoxalmasına, bir sözlə, turizm fəaliyyətinin genişlənməsinə şərait yaratmışdır: "Turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2011-ci il ölkəmizdə "Turizm ili" elan edilmişdir. Ötən müddətdə Bakı ilə yanaşı, regionlarda da turizm komplekslərinin, otellərin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına, əhalinin istirahətinə geniş imkanlar yaratmışdır. Son 10 ildə 14-ü regionlarda olmaqla, 35 beş ulduzlu otel istifadəyə verilmiş və bu istiqamətdə işlər uğurla davam etdirilir. Qeyri-neft sektorunun inkişafı istiqamətində regionlarda turizmin inkişafı qarşıdakı illərdə prioritet olaraq qalacaq, turizm ehtiyatlarının genişləndirilməsi, turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri olan turizm xidmətləri və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması, turizm obyektlərinin tikintisi ilə bağlı layihələrin icrası davam etdiriləcəkdir".
E.Aşırlı vurğulayıb ki, turizm sahəsinin
inkişaf istiqamətləri belədir: regionlarda turizm infrastrukturunun yüksək beynəlxalq tələblər
səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü
layihələrin həyata keçirilməsi; ölkənin bütün regionlarında turizm
fəaliyyətinin stimullaşdırılması və bu sahəyə investisiyaların cəlb edilməsi
məqsədilə müasir informasiya və kommunikasiya
texnologiyaları vasitəsilə təşviq işinin
genişləndirilməsi; regionlarda turizm və rekreasiya
zonalarında müvafiq infrastrukturun
yaradılması, turizmin müxtəlif
növlərinin inkişaf etdirilməsi, yeni turizm
marşrutlarının yaradılması; turizm
sektorunda çalışan personalın
peşə hazırlığı səviyyəsinin
artırılması vasitəsilə regionlarda
turizm xidmətlərinin keyfiyyətinin daha da
yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi;
regionlarda müxtəlif kateqoriyalı yeni mehmanxanaların və digər yerləşdirmə
vasitələrinin, turizm xidməti obyektlərinin
yaradılmasının dəstəklənməsi. Regional İnkişaf Dövlət Proqramlarının
icrası çərçivəsində son
10 il ərzində 8,3 min
kilometr respublika və
yerli əhəmiyyətli avtomobil
yolları tikilmiş və ya təmir olunmuş, regionlarda 307 yeni körpü və yol ötürücüsü tikilmiş
və ya təmir edilmiş,
Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala,
Qəbələ və Yevlax şəhərlərində
hava limanları istifadəyə verilmişdir. Nəqliyyatın hərəkətinin
tənzimlənməsi və idarə olunması məqsədilə
Bakı şəhərində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi
yaradılmışdır. Ölkənin sosial-iqtisadi
həyatında mühüm rol oynayan informasiya
və rabitə sahəsinin inkişafında 8,2 dəfə
artıma nail olunmuşdur.
Mövcud informasiya və
rabitə sahələrinin intensiv və
yüksək səviyyədə inkişafı, yeni xidmət növlərinin, o
cümlədən mobil telefon
rabitəsinin, internetin ölkəmizdə
təşəkkül tapması və genişlənməsi
ilə səciyyələnir. XXI əsrdə Azərbaycanda
informasiya cəmiyyətinə keçid və onun
qurulması, elektron hökumətin
formalaşdırılması və intellektual
potensialın inkişafı sayəsində neft
sektorundan sonra prioritet sahələrdən biri
hesab olunan informasiya və kommunikasiya
texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi
həyatına son illər daha
ciddi nüfuz etmişdir. Son 10 ildə regionlarda 1400
- dək ATS, 1000-ə yaxın poçt
binası tikilmiş və ya
əsaslı təmir edilmişdir. Hər 100 ailəyə düşən telefon aparatlarının sayı 1,6 dəfə,
mobil telefon abunəçilərinin
sayı 9,6 dəfə artmış, hər 100 nəfərdən
70-i internet istifadəçisi olmuşdur. 2013-cü il
ölkəmizdə "İnformasiyakommunikasiya
texnologiyaları ili" elan
edilmiş və fevral
ayının 8-də ölkəmizin ilk telekommunikasiya peyki orbitə
çıxarılmışdır.
2014-2018-ci illərdə bütövlükdə
iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin
inkişafının başlıca şərtləri kimi: taxıl istehsalının
artırılması və rəqabət qabiliyyətinin
gücləndirilməsi; istehsalçıların ixrac yönümlü fəaliyyətinin
stimullaşdırılması; yeni iş yerlərinin yaradılmasının
stimullaşdırılması; Ümumi Daxili Məhsulda qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin
xüsusi çəkisinin yüksəldilməsi;
• ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə
aqrar sektorun
inkişafı davam etdiriləcəkdir; regional iqtisadi əlaqələrin
genişləndirilməsi; regionların iqtisadiyyatına investisiya qoyuluşunun və
innovasiya fəaliyyətinin
stimullaşdırılması; regionlarda
sahibkarlıq fəaliyyəti üçün
daha əlverişli vergi
mühitinin yaradılması və.s daxildir".
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2018.- 10 oktyabr.- S.15.