Dövlət Proqramları ölkədə
hərtərəfli inkişafa
zəmin yaradıb
Azərbaycanın
bu günkü
inkişafında Regionların sosial-iqtisadi
inkişafına dair Dövlət
Proqramlarının xüsusi çəkisi
və rolu var desək
yanılmarıq. 2004-cü ildən uğurla
həyata keçirilən bu proqram ölkəmizdə hərtərəfli inkişafa zəmin yaradıb.
Artıq üçüncüsü
həyata keçirilən bu proqramın birincisi, 2004-2008-ci illəri əhatə edən
dövrü də uğurla
icra edilib, müsbət
nəticələrlə yadda qalıb. Hər
halda Dövlət Proqramının
icrası müddətində əldə edilən nəticələr
belə deməyə əsas verir.
Dövlət Proqramının uğurlu icrası nəticəsində yeni sosial-iqtisadi inkişaf mərhələsində olan ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı ilə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində dövlətin məqsədyönlü siyasətinə uyğun olaraq Dövlət Proqramında bütün regionlarda, eləcə də ölkə paytaxtında mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı, kommunal xidmət və digər infrastruktur obyektlərinin, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən müasir standartlara uyğun təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidənqurulması, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulub və uğurla icra edilib.
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilib, beş il ərzində Ümumi Daxili Məhsulun (ÜDM) real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatıb, ÜDM-in adambaşına düşən nominal həcmi 5 dəfə artaraq 4440 manat təşkil edib. Qeyri-neft sektoru 1,8 dəfə artmış, 2008-ci ilin yekunlarına görə ÜDM-də qeyri-dövlət sektorunun payı 84,5 faiz təşkil edib. Ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında isə 25,2 faiz artım olub.
2003-cü illə müqayisədə 2008-ci ildə əhalinin gəlirləri 4 dəfə artıb, yoxsulluq səviyyəsi 13,2 faizədək azalıb. Bu dövrdə muzdla işləyənlərin orta aylıq əmək haqqı 3,5 dəfə artaraq inflyasiya səviyyəsini 1,7 dəfə üstələmiş və 268 manata çatıb.
Dövlət Proqramının icrası müddətində əhalinin kommunal problemlərinin həlli istiqamətində də kifayətqədər işlər görülüb. İstər əhalinin təbii qazla, istər içməli suyla, istərsə də elektrik enerjisi ilə təminatı məsələsində irimiqyaslı işlər görülüb, infrastruktur layihələri reallaşdırılıb, xüsusi tədbirlər planı reallaşdırılıb.
Belə ki, Reginoların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illər Dövlət Proqramının icrasının beş ili ərzində ölkədə 9 elektrik stansiyası - Astara, Şəki, Xaçmaz rayonlarında modul tipli elektrik stansiyaları, Naxçıvan Muxtar Respublikasında 3 elektrik stansiyası, Sumqayıt şəhərində istilik elektrik stansiyası, Bakıda 2 elektrik stansiyası tikilib istifadəyə verilib. Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi 13 illik fasilədən sonra bərpa olunub, Lerik, Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə, habelə Ağcabədi, Beyləqan rayonları, Ağdam rayonunun Quzanlı qəsəbəsi və s. rayonlar təbii qazla təmin edilib. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi, Gəncə, Şəki, Ağdaş və Göyçay şəhərlərinin, habelə ölkədəki kiçik şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlərə başlanılıb.
Dövlət Proqramının icrasının beş ili ərzində regionlarda 1000 km-dən çox magistral yol çəkilib və ya əsaslı təmir edilib, 600 km respublika əhəmiyyətli və 2700 km yerli əhəmiyyətli yollarda təmir işləri aparılıb, 69 yeni körpü tikilib, 34 körpü təmir edilib. Beş il ərzində Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində müasir standartlara uyğun yeni hava limanları tikilərək istifadəyə verilib. Metro nəqliyyatı sahəsində Bakıda "Nəsimi" stansiyası inşa olunub, "İçərişəhər" və "28 may" stansiyaları yenidən qurulub.
Dövlət Proqramı çərçivəsində ötən müddət ərzində yeni infrastruktur obyektlərinin tikintisi və bərpası, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Hesabat dövründə Bakıda yeni yol qovşağı kompleksləri, Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil magistralında yeni körpü və magistralın 16-134-cü kilometrlik hissəsi, Naxçıvan-Sədərək, Ucar-Yevlax, Bakı-Şamaxı avtomobil yolları, Biləsuvar şəhərinin dövrələmə avtomobil yolu, Zaqatala rayonunda Talaçay üzərində respublikamızda ilk asma avtomobil körpüsü istifadəyə verilib. Sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi üçün Bakıda Beynəlxalq Avtovağzal kompleksi, Bərdədə və Qəbələdə avtovağzal binaları istifadəyə verilib, "Azadlıq Prospekti" yeni metro stansiyası və "28 May" metro stansiyasının 2-ci çıxışı istismara verilib. Enerji təminatının yaxşılaşdırılması sahəsində Sumqayıtda 525 MVt gücündə elektrik stansiyası, Qubada modul tipli "Şahdağ" elektrik stansiyası istifadəyə verilib, Ağdaş regional elektrik yarımstansiyasının və "Göyçay-1" Su Elektrik Stansiyasının təməli qoyulub. Ağdaş şəhərində yeni su xətti istifadəyə verilib, su tutumu 160 milyon kub metr olan Şəmkirçay su anbarının tikintisinə başlanıb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də bir çox tədbirlər həyata keçirilib. Belə ki. Xüsusilə əhalinin həssas təbəqəsi, qaçqın və məcburi kpçkünlər Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri üçün yaşayış binaları tikilib istifadəyə verilib. Məlumat üçün qeyd edək ki, Dövlət Proqramının birinci mərhələsinin icrası çərçivəsində regionlarda əlillər və şəhid ailələri üçün 33 yaşayış binası, əlillər üçün 7 bərpa mərkəzi inşa edilib, səhiyyə sahəsində Lənkəran, Qazax, Zaqatala, Bərdə, Qəbələ rayonlarında, Gəncə, Naxçıvan və Şirvan şəhərlərində yeni müasir müalicə-diaqnostika mərkəzləri fəaliyyətə başlayıb. Beş il ərzində regionlarda 636 yeni məktəb tikilib, 192 məktəb əsaslı təmir olunmuş, ayrı-ayrı məktəblərdə 243 yeni sinif otağı tikilib istifadəyə verilib. Yalnız Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ötən müddətdə 238 məktəb binası tikilib. Ölkənin regionlarında 18 müasir olimpiya kompleksi tikilib istifadəyə verilib.
Dövlət Proqramı çərçivəsində ölkə iqtisadiyyatının inkişafına bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi beş ildə 33,5 milyard manat təşkil edib, bunun 53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar olub. Bu dövr ərzində regionlara yönəldilmiş dövlət investisiyalarının ümumi məbləği 6,8 milyard manata yaxın olub. Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi beş ildə 6,2 dəfə artmış və ümumi investisiyaların strukturunda onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə çatıb. 2004-2008-ci illərdə dövlət investisiyalarının həcminin artması regionlarda infrastruktur, kommunal, sosial xidmət obyektlərinin tikintisinin bir neçə dəfə artmasına və xidmət sektorunda keyfiyyətin yüksəlməsinə təkan verib.
Dövlət Proqramının uğurlu icrası nəticəsində ölkədə işsizlik problemi də demək olar ki, aradan qaldırılıb. Belə ki, bölgələrdə açılan müəssisə və zavodlar, istehdsal müəssisələri hesabına yeni iş yerləri yaradılıb.
Beş il ərzində yaradılmış müəssisələrin 88 faizdən çoxu xüsusi mülkiyyətli müəssisələr olub, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına ölkə üzrə 6991 sahibkarlıq subyektinə 323,4 milyon manat kredit verilib, nəticədə 68,2 mindən çox yeni iş yeri yaradılıb. Ümumilikdə, 2004-2008-ci illər ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 766 mindən çox yeni, o cümlədən 547,5 min daimi iş yeri açılıb, 27,5 mindən çox yeni müəssisə yaradılıb.
Dövlət Prpqramları çərçivəsində ölkənin bütün bölgələrində ekoloji tarazlığı bərpa etmək, neftlə çirklənmiş ərazilərdə ətraf mühitin təhlükəsizliyini təmin etmək, əhalinin təmiz suya və təmiz havaya olan ehtiyacını ödəmək məqsədilə bir sıra tədbirlər həyata keçirilib, bu sahədə işlərin davam etdirilməsi üçün 2010-cu il "Ekologiya ili" elan edilib. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi ilə bağlı genişmiqyaslı işlər aparılıb, yol kənarlarında meşəliklər yaradılmış, kənd və qəsəbələrdə yaşıllıqlar, parklar salııb.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2018.- 16 oktyabr.- S.15.