Milləti və dövləti xilas etmək
missiyasını üzərinə
götürən fenomen şəxsiyyət
Heydər Əliyev xalqın
müstəqillik və azadlıq arzusunu reallaşdırdı
Hər bir xalqın tarixən mövcud
olmuş dövlətçilik ənənələrinin
yaşadılması üçün əlverişli
siyasi mühitin
olması və milli şüurun
formalaşması vacib şərtlərdən
hesab olunur. Lakin etiraf edilməlidir ki, bu ənənənin bərpası, onun qorunub saxlanması və
gələcək nəslə ötürülməsi üçün güclü
liderin olmasına ehtiyac
duyulur. Çünki, mövcud vəziyyəti
dəyərləndirmək, daxili və xarici siyasəti təhlil etmək qabiliyyətindən
məhrum, mətin və vətənpərvər lideri olmayan xaqın tarixi şansdan düzgün yararlanmaması nəinki dövlətçiliyin
bərpası, hətta milli faciələrə
gətirib çıxara bilir.
Tarix sübut edir ki, idarəçilik bacarığı olmayan, yaranmış şansları düzgün qiymətləndirməyi bacarmayan liderin rəhbərlik etdiyi siyasi proseslər sonda müstəqillik istəyinin üstündən birdəfələk qara qətt çəkməklə nəticələnir. Lakin, hansısa mərhələdə məsuliyyəti öz çiyinlərinə götürən fenomen şəxsiyyətlər xalqlarının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali məqsədlərin gerçəkləşməsində müstəsna rol oynayır, bununla da, əbədiyaşarlıq ucalığına qovuşurlar. XX əsrin yetişdirdiyi ən böyük şəxsiyyət olan Ulu öndər Heydər Əliyevin fəaliyyəti Azərbaycan xalqının tarixində, dövlətçiliyin bərpası və möhkəmlənməsində müstəsna əhəmiyyət kəsb edir. Xatırladaq ki, 1990-1993-cü illərdə Azərbaycanda siyasi, iqtisadi, sosial vəziyyət acıncaqlı vəziyyətə düşmüşdü. Respublikada ayrı-ayrı siyasi qurplaşmaların hakimiyyət davasi ölkəni iflic vəziyyətə salmışdı. Cəmiyyətdə hakimiyyətə, Moskvanın anti-milli siyasətinə qarşı kütləvi inamsızlıq, etimadsızlıq yaranmışdı. Respublika günbəgün vətəndaş müharibəsinə sürüklənirdi. Belə vəziyyətdən sui-istifadə edən xarici ölkələrin casus şəbəkələri ermənilərlə və daxili pozucu qüvvələrlə əlbir olub, Azərbaycan ərazisində respublikalar yaratmaq planını həyata keçirirməyə çalışırdılar. Atrıq həmin respublikaların xəritəsi də hazırlanmışdı. Azərbaycan nəinki müstəqil dövlət kimi, bir respublika kimi də dünya siyasi xəritəsindən, tarixdən silinmək üzrə idi. Belə bir vaxtda xalqın yeganə ümidi, inamı, xilası, etimadı Heydər Əliyevə yönəlmişdi.
Amma Heydər Əliyevin Naxçıvandan çıxıb respublika səviyyəsində siyasi proseslərə qatılmasına, xalqın dəstəyi ilə hakimiyyətə gəlməsinə müxtəlif bəhanələrlə əngəllər yaradılırdı. Hətta Naxçıvanla telefon əlaqələri qəsdən kəsilmişdi. Naxçıvanla telefon danışıqları izlənilir, Heydər Əliyevlə əlaqə saxlaya bilənlərə qarşı hər cür qanunsuz əməllər törədilirdi. Lakin reallıq ondan ibarət idi ki, həmin dövrdə dövləti düşdüyü acınacaqlı vəziyyətdən çıxarmaq üçün xalqın Heydər Əliyevə siyasi dəstəyi olmalı, siyasi etimadı təşkilatlanmalı, Heydər Əliyevi siyasətçi, lider kimi dəstəkləyən siyasi çoxluğun partiyası yaradılmalı, Heydər Əliyev bu partiyanın sədri, lideri olmalı idi. Zamanın, dövrün, ictimaiyyətin, geniş xalq kütlələrinin arzu-istəyi, tələbi, sosial sifarişi belə idi. Xalq Heydər Əliyev ətrafındakı dönməz və sarsılmaz birliyini siyasi cəhətdən təşkilatlandırmaq, liderin ölkəyə demokratik yolla rəhbər seçilməsini qanuniləşdirmək istəyirdi. Əslində Heydər Əliyevin siyasi prosesləri dəyərləndirmək qabiliyyəti, dövlətçilik təcrübəsi və ən nəhayət şəxsi xarakterindəki mətinlik və vətənpərvərlik kimi keyfiyyətlər buna imkan verirdi. Bu isə o demək idi ki, Heydər Əliyevin rəhbərliyə gələrək milləti və dövləti xilas etmək missiyasını üzərinə götürməsi sosial sifariş idi. Çünki xalq birmənalı şəkildə dərk edirdi ki, yalnız Heydər Əliyev bu ümumxalq istəyinə razılıq verərsə, Azərbaycanın da xilası, bütün sahələrdə inkişafı, dövlətin möhkəmlənməsi reallaşa bilər. Elə bu proseslər zəminində, xalqın arzu və istəyini əks etdirən müraciət hazırlandı. Ziyalılar "Səs" qəzetinin səhifəsində dərc etdirdikləri müraciətdə Heydər Əliyevdən siyasi partiya yaradılmasını və bu partiyaya sədrlik etməsini xahiş edirdilər, bu xahişin xalqın istəyini, milli iradəsini ifadə etdiyini vurğulayırdılar.
Müraciətdə qeyd edilirdi: "İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərində öz layiqli tövhəsini verə biləcək. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü aparıcı qüvvvəyə malik bir partiya kimi görürük. İnanırıq ki, Azərbaycanımızın bugünü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar". Tarix sübut etdi ki, Azərbaycan ziyalıları düzgün seçim edərək dövlətin gələcəyini güclü siyasi liderə etibar ediblər.
Nurlan
Olaylar.- 2018.- 16 oktyabr.- S. 9.