Azərbaycan tolerantlıq və humanitar
əməkdaşlıq məkanına çevrilib
Ölkəmiz regionda sabitliyin, əmin-amanlığın
qorunmasına öz töhvəsini verir
2003-cü
ilin oktyabr
ayının 15-də keçirilən prezident
seçkisində Azərbaycan xalqı məhz Ulu
Öndər Heydər Əliyevin siyasi xəttinə
üstünlük verərək böyük səs çoxluğu
ilə İlham Əliyev cənablarını
Azərbaycan Respublikasının Prezidenti seçdi. 2003-cü ildən sonrakı dövrü böyük yolun davamı
kimi qiymətləndirən Prezident İlham Əliyev seçildiyi vaxtdan respublikamızda
bütün sahələrin
inkişafını diqqətdə saxlayıb. Millət vəkili
Pərvin Kazımzadə qeyd edib ki, 2018-ci ilin ilk 9 ayı Azərbaycan
üçün uğurlu
olub. Xüsusən, xarici
siyasət sahəsində əldə edilən naliyyətlər
ölkəmizin beynəlxalq imicinni
artması ilə yadda qalıb. Azərbaycan
dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr
sırasında aparıcı yerlərdən birini
tutub.
Cənab
İlham Əliyevin vurğuladığı kimi, "Azərbaycan
2018-ci ildə də öz dinamik inkişafını təmin
edib və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik
şəraitində yaşayıb. Müasir geosiyasi vəziyyətdə,
siyasi çağırışların və xarici risklərin
mövcud olduğu dövrdə müəyyən edilmiş
siyasi hədəflərə çatmaq o qədər də
asan deyil. Heç şübhəsiz ki, bu inkişafın əsasında
uğurla, uzaqgörənliklə reallaşdırılan
praqmatik daxili və xarici siyasət kursu dayanır: "Son 9
ayda Azərbaycan beynəlxalq əlaqələrini daha da
genişləndirib, regional və dünya miqyasında ölkəmizin
milli maraqlarının effektiv şəkildə təmin edilməsi
istiqamətində qətiyyətli addımlar atıb. Bu
müddət ərzində ölkə
başçısının 12 xarici ölkəyə səfəri,
15 dövlət və hökumət
başçılarının Azərbaycana gəlməsi
ölkəmizin xarici siyasətinin kifayət qədər
düşünülmüş, dövlətin və
xalqın maraqlarına layiqincə xidmət etdiyini göstərir.
Qonşu ölkələrin rəhbərləri ilə
çoxsaylı görüşlər, əldə olunan
razılaşmalar bir tərəfdən ikitərəfli əlaqələri
gücləndirir, digər tərəfdən regoinda sabitliyin, əmin-amanlığın
qorunmasına öz töhvəsini verir". P.Kərimzadə
deyib ki, müsəlman ölkələri ilə münasibətlər
Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir.
Onun fikrincə, İslam dünyasında birliyin, həmrəyliyin
möhkəmləndirilməsində Azərbaycanın
atdığı uğurlu addımlar yüksək qiymətləndirilir:
"Azərbaycan xarici siyasətinin aparıcı istiqamətlərindən
biri də nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq
etməsidir. Cənub Qaz Dəhlizi Məşvərətçi
Şurasının İclası, VI Bakı Qlobal Forumu,
"Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin
təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı
çərçivəsində xarici işlər nazirlərinin
aralıq konfransı bunun bariz nümunədir. Bunlar onu deməyə
əsas verir ki, ölkə başçısı İlham
Əliyev mövcud beynəlxalq təhlükəsizlik sisteminin
təməl daşı olan beynəlxalq hüququn norma və
prinsiplərinə əsaslanan xarici siyasəti həyata
keçirir. Xalqımızın mənafeyini, müstəqil
dövlətimizin inkişafını və perspektivlərini
müəyyənləşdirən xarici siyasət
strategiyasının uğurla həyata keçirilməsi
ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli
artırıb. Ölkəmiz bundan sonra da Prezident İlham
Əliyevin rəhbərliyi altında beynəlxalq aləmdə
mövqeyini daha da möhkəmləndirəcək, ölkəmiz
həm xarici, həm də daxili siyasətdə daha
böyük uğurlara imza atacaq".
Millət
vəkili Sona Əliyeva isə deyib ki, 2003-cü ilin 15
oktyabrında Ulu Öndərimizin siyasi kursunun layiqli
davamçısı cənab İlham Əliyev 76,8 faizlə
Azərbaycan xalqının prezidenti seçildi. Bu,
xalqımızın ümummilli lider Heydər Əliyevin siyasi
kursuna etimadının göstəricisi idi: "Bu gün cənab
prezidentin ölkə başçısı kimi fəaliyyətə
başlamasından 15 il keçir. Onun rəhbərliyi
dövründə Azərbaycan Respublikası bütün sahələrdə
böyük inkişaf yolu keçib. Siyasətdə,
iqtisadiyyatda, sosial sahədə, mədəniyyət və
idman sferalarında bir-birini əvəzləyən uğurlar
silsiləsinin şahidi olmuşuq. Ölkəmiz bu gün istər
regional, istərsə də beynəlxalq əhəmiyyətli
layihələrin əsas təşəbbüskarı kimi
çıxış edir. Məhz son 15 ilin uğurlu göstəriciləri
birbaşa cənab prezidentin adı və
yürütdüyü düşünülmüş daxili və
xarici siyasətlə bağlıdır. Bir sözlə, son 15
ildə cənab prezidentin rəhbərliyi altında
bütün sahələrdə uğurlar
qazanılıb". Millət vəkilinin sözlərinə
görə, son 15 il ərzində prezident İlham Əliyevin
bilavasitə təşəbbüsü və rəhbərliyi
ilə aparılan islahatlar ölkə həyatının elə
bir sahəsi yoxdur ki, onu əhatə etməsin. Bu islahatlar
paytaxt Bakı da daxil olmaqla, Azərbaycanın digər şəhərlərinin,
rayonlarının, qəsəbələrinin və hətta
ucqar kəndlərinin simasını kökündən dəyişdirə
bilib: "Baxın, on beş il bundan öncəki Bakı sanki
tamamilə yenidən qurulub. Şərqlə Qərbin əsrarəngiz
koloritlərini birləşdirən paytaxtımız
füsünkar əzəməti ilə seçilir. Bakı bu
gün Avropanın ən gözəl şəhərlərindən
birinə çevrilib. Elə bunun nəticəsidir ki, indi Azərbaycan
və onun paytaxtı Bakı Beynəlxalq tədbirlərin
uğurla keçirilə bildiyi bir məkan kimi bütün
dünyada tanınır. Bu tədbirlərin Azərbaycanda
keçirilə bilməsinin əsas səbəblərindən
biri də ölkəmizin bütün dünyaya nümunə
ola biləcək ictimai-siyasi sabitlik adasına çevrilməsidir.
Bir ölkənin bu səviyyədə quruculuq işləri
apara bilməsi və ictimai-siyasi sabitliyin nümunəsinə
çevrilə bilməsi üçün onun güclü
iqtisadiyyatının olması labüd idi".
Millət vəkili bildirib ki, İlham Əliyev 2003-cü ilin sonunda ölkə prezidenti seçildiyi ilk gündən bunun belə olduğunu hər kəsdən daha yaxşı dəyərləndirə bildi. O, eyni zamanda neft ölkəsi olan Azərbaycanda iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılmasının strategiyasını müəyyənləşdirdi: "Hakimiyyətə gəldiyi ilk gündən "biz bundan sonra elə yaşamalıyıq ki, sanki bir neft ölkəsi deyilik və neftimiz yoxdur", deyən gənc Prezident, neftlə bağlı iqtisadiyyatın çətinliklərini layiqincə qiymətləndirərək daha uzaq perspektivə nəzər salmağı bacardı. Dövlət başçısı 2004-cü ildən başlayaraq "Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı" dövlət proqramları çərçivəsində iri infrastruktur layihələrinin reallaşdırılmasına start verdi. Bu illər ərzində bölgələrin enerji, qaz, su təchizatının yüksək səviyyədə təmin edilməsi, yol infrastrukturunun yenidən qurulması sahəsində inqilabi nəticələrə gətirib çıxaran layihələr həyata keçirildi. Dövlət başçısının rəhbərliyi ilə görülən işlərin nəticələri özünü çox gözlətmədi. Bir neçə il ərzində Ümumi Daxili Məhsulda qeyri-neft sektorunun payı 50 faizdən 70 faizə qədər yüksəldi. Bu, bir neft ölkəsinin iqtisadiyyatında baş verən əsl inqilab idi. İndiyə qədər dünyanın heç bir neft ölkəsində buna bənzər dönüş müşahidə olunmayıb". S. Əliyevanın sözlərinə görə, 2003-cü ildən bu zamana kimi büdcə təsdiq olunarkən sosial layihələrə ayrılan vəsait büdcənin 30 faizindən az olmur. Səhiyyə ilə bağlı son illərdə böyük işlər görülüb: "Maddi texniki bazanın yüksəldilməsi, yeni tibb müəssisələrinin açılması, mövcud tibb müəssisələrinin əsaslı şəkildə təmir olunması, müasir tibbi texnoloji avadanlıqlarla təchiz olunması, səhiyyə kadrlarının ixtisasının artırılmasını və respublikadan kənarda kadrların hazırlanması diqqət mərkəzində saxlanılır.Ölkədə 600-dən çox yeni tibb müəssisəsi əhalinin xidmətinə verilib. Əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək üçün həkimlərin və tibb bacılarının sertifikatlaşdırılması həyata keçirilir. Cənab prezidentin göstərişi ilə icbari dispanserizasiyası həyata keçirilir.Bu işlər dövlət hesabına görülür. Nigaha girən şəxslərin tibbi müayinəsi aparılır.Bu amil sağlam gələcək nəslin yetişdirlməsi istiqamətində atılan addımdır.Əhalinin sağlamlığının qorunması ilə bağlı görülən ən mühüm addımlardan bir də dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsidir. Son illər uşaq ölümü, ana ölümü faktlarının sayı azalıb. Bu cür ölüm hallarının sayı orta Avropa ölkələrinin statistik göstəriciləri ilə eynidir. Doğum ölüm hallarını ildə yüz min nəfər üstələyir. Azərbaycanda yüksək demoqrafik vəziyyət mövcuddur. İcbari Tibbi siğorta pilot layihəsi kimi həyata keçirilir.Gələn ildən bu bütün ölkəni əhatə edəcək.Bütövlükdə səhiyyə sahəsi ölkə başçısının prioritet istiqamətlərindən biridir.Ölkə vətəndaşları da səhiyyə sahəsində görülən işlərdən razıdır". Millət vəkilinin dediyinə görə, təkcə 2003-2018-ci illər ərzində ölkədə 220-dən çox məscid, kilsə, sinaqoq tikilib və yaxud bərpa olunub. O cümlədən Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir, Əjdərbəy, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində təmir və yenidənqurma işləri aparılıb: "Bu yöndə işlər əyalətlərdə də mütəmadi şəkildə icra olunub. Şamaxı Cümə məscidi və Gəncədə "İmamzadə" dini-mədəniyyət abidəsi əsaslı bərpa edilib. 2014-cü ildə Bakıda Qafqazın ən böyük məscidi olan Heydər Məscidi, bu ilin yayında Hacı Cavad Məscidi və 2011-ci ildə dağ yəhudiləri üçün sinaqoq tikilərək dindarların istifadəsinə verilib. Hazırda ölkə ərazisində 2250 məscid, 14 kilsə, 7 sinaqoq sərbəst fəaliyyət göstərir. İki il bundan əvvəl- 2016-cı ildə Azərbaycanda "Multikulturalizm İli" elan edildi. Azərbaycan sivilizasiyalararası dialoq, tolerantlıq və humanitar əməkdaşlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməkdədir. Bu ölkə rəhbərinin bu istiqamətdə gördüyü işlərin sadəcə bir qismidir". Millət vəkili son 15 ildə iqtisadi sferada görülən işlərə də toxunub. S. Əliyevanın fikrincə ümumilikdə, Avropa-Qafqaz-Asiya "Orta Dəhliz"inin mühüm halqasi olan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa və Asiya ölkələri arasında ticarətin daha sürətli və daha əlverişli olmasına şərait yaratmaqla yanaşı, regiondakı bütün ölkələrin hərtərəfli iqtisadi inkişafına güclü təkan vercək, regionun dünyada əhəmiyyətini daha da artıracaqdır: "BTQ Avropa ilə Asiya arasında daşımalarda yekun bənd olaraq həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır və bu coğrafiyadakı xalqlar bundan sonra da uzun illər ərzində bu qlobal layihədən faydalanacaq, gələcək nəsillər onun bəhrəsini görəcəklər. Beləliklə, BTQ polad reyslərlə sadəcə qitələri birləşdirmir, eyni zamanda, Avrasiya xalqlarının dostluq və mehriban qonşuluq münasibətlərini daha da möhkəmləndirir".
Nurlan
Olaylar.- 2018.- 17 oktyabr.- S.4.