Azərbaycanda ixracdan
asılılığa son qoyulur
Prezidentin aqrar siyasəti
uğurlu nəticələr verməkdədir
Keçən
əsrin 90-cı illərinin əvvəlində ikinci dəfə
müstəqillik əldə etmiş Azərbaycan Respublikasına səriştəsiz rəhbərlik nəticəsində
ölkə iqtisadiyyatının bütün
sahələrində tənəzzül
başlamışdı. 1993-cü ildə xalqın təkidli
tələbi ilə hakimiyyətə
gələn
Heydər Əliyevin uzaqgörən
siyasəti sayəsində
tezliklə bu tənəzzülün
qarşısı alındı.
Əsası Heydər Əliyev tərəfindən qoyulan bu siyasət
2003-cü ildə böyük səs çoxluğu ilə Prezident
seçilən İlham
Əliyev cənabları tərəfindən
uğurla həyata keçirilir
və zamanın tələbinə uyğun
olaraq daim təkmilləşdirilir.
İlham Əliyevin imzaladığı pegionların inkişafına, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, yoxsulluğun azaldılmasına və digər məsələlərə dair Dövlət Proqramlarının icrasının nəticəsidir ki, ölkəmizin bütün bölgələrinin siması kökündən yaxşılaşmış, yaşayış məntəqələrinin infrastruktur və kommunal xidmətlərlə təminatı səviyyəsi yüksəlmişdir. 2003-cü ilə nisbətən 2017-ci ildə əhalinin orta aylıq əmək haqqı 8,6 dəfə artmış, İşsizliyin səviyyəsi 5 faizədək, yoxsulluğun səviyyəsi isə 5,4 faizədək azalıb. 2003-cü ildən keçən dövr ərzində 3000 -dən çox məktəbdə, 500-dən çox məktəbəqədər təhsil müəssisəsində və 650-yə yaxın səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Ümumi daxili məhsil istehsalı 9,8 dəfə artaraq keçən il 70 milyard manatdan çox olub.
Milət vəkili, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qeyd edib ki, İlham Əliyev cənabları hakimiyyətinin ilk dövründən aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan etmiş və ölkənin aqrar siyasətinin əsas məqsədinin Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin tamamilə yerli istehsal hesabına ödənilməsi və bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara ixracının təmin edilməsi olduğunu önə çəkib. Bu barədə cənab İlham Əliyev Nazirlər Kabinetində keçirdiyi bütün iclaslarda, digər görüş və müsahibələrində dönə-dönə vurğulamış və bu istiqamətdə çox böyük əhəmiyyəti olan tədbirlər həyata keçirib: "Bu düşünülmüş siyasətin nəticəsidir ki, kənd təsərrüfatının ümumi məhsulu 4,5 dəfə artaraq 6 milyard 580 milyon manat təşkil edib, kənd təsərrüfatı bitkilərinin əkin sahəsi həmin dövr ərzində 37 faiz artaraq 1 milyon 666 min hektara çatıb. Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir. Hörmətli Prezidentimiz aqrar sahədə uğurlu nəticələr əldə etmək üçün İlk növbədə kənd təsərrüfatında çalışan sahibkarlara əlverişli şərait yaradılmasının və onlara dövlət dəstəyinin göstərilməsinin vacibliyini nəzərə alaraq kənd təsərrüfatı məhsul istehsalçılarının 2001-ci ildən başlayaraq torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi müddəti 2018-cü ilin sonuna kimi uzadılıb. Bunun nəticəsində fermerlərin 2001-2017-ci illərdə dövlət büdcəsinə ödəməli olduqları 2 milyard manatdan çox vəsait onların öz sərəncamında qalaraq istehsalın genişlənməsinə yönəldilib. 2007-ci ildən isə əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, mineral gübrələrə görə, habelə toxumçuluğu və damazlıq işini yaxşılaşdırmaq üçün fermerlərə dövlət büdcəsindən subsidiya ödənilir. Bundan başqa kənd təsərrüfatı istehsalçılarına digər istiqamətlər üzrə birbaşa və dolayı subsidiyalar verilir və güzəştlər tətbiq edilir(gömrük rüsumlarından azad olmalar və güzəştlər, və s. güzəştlər). Ölkə Prezidentinin kənd təsərrüfatına və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan insanlara gündəlik qayğısı və diqqəti nəticəsində 2007- 2017-cı illərdə yalnız yanacaq və motor yağlarına, buğda və çəltik əkinlərinə, mineral gübrələrə və reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən hər il 150-180 milyon manat həcmində subsidiya verilib".
Onun bildirdiyinə görə, respublikamızda aqrar sahədə yüksək nəticələr əldə edilməsində və kənd təsərrüfatında hər il dinamik artıma nail olunmasında fermerlərə güzəştli kreditlərin verilməsi və onlara müasir texnika və texnologiyaların lizinq yolu ilə güzəştli qiymətlərlə satılması və ya icarəyə verilməsi də mühüm rol oynayıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi və İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, habelə xidmət və infrastruktur(soyuducu və taxıl anbarı kompleksləri) sahələrinin inkişafına 1 milyard manata yaxın dövlət vəsaiti güzəştli şərtlərlə fermerlərə kreditə verilib. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2005-cı ildən başlayaraq indiyə kimi 40,2 min ədəd kənd təsərrüfatı texnikası və 32 min başa yaxın iri buynuzlu damazlıq heyvan güzəştli şərtlərlə fermerlərə lizinqə verilib. 2005-2017-cı illər ərzində müxtəlif növ kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, mineral gübrələr, damazlıq heyvanlar alınmasına, 9 Regional nümayəndəliyin tərkibində 44 rayon bölməsinin təşkilinə və onlardan 38 rayon bölməsinin müasir infrastrukturla təchiz edilməsinə, təmir emalatxanalarının yaradılmasına, 6 regional logistik gübrə bazasının tikilərək istifadəyə verilməsinə və ASC-nin fəaliyyətinin təşkilinə 1,56 milyard manat büdcə vəsaiti yönəldilib: "Məlumdur ki, müasir şəraitdə aqrar bölmənin emal sənayesini inkişaf etdirmədən kənd təsərrüfatının artımına nail olmaq qeyri mümkündür. Son illər bu istiqamətdə əsaslı işlər görülmüş, respublikamızın bir çox rayonlarında kənd təsərrüfatının inkişafını təmin edən yeni bitkiçilik və heyvandarlıq məhsulları emalı obyektləri, soyuducu və taxıl anbarı kompleksləri və digər emal müəssisələri tikilib istifadəyə verilmiş, onlar müasir texnologiya ilə təchiz olunublar. Bununla belə daxili tələbat və ixrac potensialı nəzərə alınaraq bəzi məhsulların emalını tam təmin etmək üçün yeni müəssisələrin yaradılmasına ehtiyac vardır. Bu barədə dövlət başçısı İlham Əliyev cənabları Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd edib ki, ölkəmizdə cins və damazlıq qaramalın sayının sürətlə çoxalması istiqamətində aparılan işlər yaxın vaxtlarda süd istehsalını xeyli artıracaq. Ona görə də respublikamızda yeni süd zavodları yaradılmalıdır. İclasda 2017-ci ildə ölkəmizdə 10 xalça fabrikinin istifadəyə verilməsinin nəzərdə tutlması ilə əlaqədar 2017-2018-ci illərdə bölgələrdə müasir yun qəbulu məntəqələrinin açılması barədə də göstəriş verilib. Bu məntəqələrin yaradılması həm də onunla əlaqədardır ki, gələn il Sumqayıt şəhərində əyirici-boya fabrikinin açılışı gözlənilir və həmin fabrik iplik istehsalı üçün yerli xammalla təmin edilsin və ixracdan asılılığa son qoyulsun".
Komitə sədri əlavə edib ki, Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyev cənablarının daxili bazarın tələbatını ödəmək və xarici bazarlara çıxmağa dair formalaşdırdığı müasir aqrar siyasətin mühüm istiqamətlərindən biri də ölkəmizdə kənd təsərrüfatının inkişafında iri təsərrüfatların və aqroparkların yaradılmasına xüsusi önəm verilməsidir. Bu isə ölkəmizdə mövcud olan müxtəlif təsərrüfatçılıq formaları içərisində xırda təsərrüfatların xüsusi çəkisinin həddindən çox yüksək olması ilə əlaqədardır: "Xırda təsərrüfatlar isə məlum olduğu kimi əhalinin ərzaq təhlükəsizliyini və xarici bazarlara çıxışı təmin etmək üçün lazımi imkanlara malik deyillər. Məhz iri təsərrüfatlarda yüksək məhsuldar bitki sortları və heyvan cinsləri, yeni müasir texnika və texnologiyalar tətbiq etmək üçün əlverişli şərait yaranır ki, bu da əmək məhsuldarlığını artırmağı və rəqabət qabiliyyətli məhsul istehsalını təmin edir. Bu amillər isə daxili bazarı qorumaq və ixrac potensialını artırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə də ilk növbədə iri təsərrüfatlar idxaldan asılılıq davam edən məhsullar üzrə yaradılır. Ölkəmizdə əsasən idxaldan asılılıq taxıl, süd və balıq məhsullarınadır. Bunu nəzərə alaraq, hörmətli Prezidentimiz əkin dövriyyəsində olmayan torpaqları cəlb etməklə 50 iri taxılçılıq təsərrüfatları yaradılması tapşırığını vermişdir. Artıq bir neçə rayonda 32 iri təsərrüfatlar fəaliyyət göstərir və yüksək məhsuldarlıq göstəriciləri ilə fərqlənirlər. Belə ki, 2012- ci ildə Ağcabədi rayonunda fəaliyyətə başlayan "Qarabağ taxıl" MMC hər hektardan 55-60 sentner buğda və 110-120 sentner qarğıdalı məhsulu əldə edir. Qəbələ, Xaçmaz və digər rayonlarda istifadəyə verilmiş südçülük komplekslərində isə hər inəkdən 6-7 min litr süd sağılır. Belə yüksək məhsuldarlıq hələ respublikamızın tarixində müşahidə olunmayıb və bu təsərrüfatlarının sayının artırılması ölkəmizdə kənd təsərrüfatının intensiv inkişafını təmin etməklə taxıla və süd məhsullarına olan tələbatın yerli istehsal hesabına təmin edilməsində mühüm əhəmiyyət kəsb edəcək. Balıq və balıq məhsullarının artırılması və bu məhsullara olan tələbatın yerli istehsal hesabına tam ödənilməsi üçün "Balıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilmiş və akvakulturanın inkişafını təmin edən maddələr əks olunub. Bunun nəticəsidir ki, 2003-cü ilə nisbətən 2017-cı ildə göl və nohur balıqçılığı ilə məşğul olan təsərrüfatların sayı 15-dən 104-ə çatdırılmış, tutulmuş(ovlanmış) balığın miqdarı isə 107 tondan 707 tona(6,6 dəfə çox) çatmışdır. 2017-ci ildə respublikamızda adambaşına 6,7 kiloqram balıq istehsal edilib ki, bu da 2003-cü ilə nisbətən 2,4 dəfə çoxdur".
Nurlan
Olaylar.- 2018.- 17 oktyabr.- S.10.