Regionların sosial iqtisadi inkişaf

proqramları Masallıda uğurla icra edilir

 

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları respublikanın ayrı-ayrı bölgələrində uğurla icra edilməkdədir. Etiraf edilməlidir ki, sözügedən proqramların icrası sözün həqiqi mənasında regionların inkişafı ilə nəticələnib. Bu inkişaf respublikamızın hər yerində olduğu kimi Masallı rayonunda da müşahidə olunmaqdadır. Rayon İcra Hakimiyyətindən bildirilib ki, 2018-ci ilin doqquz ayı sosial-iqtisadi inkişaf göstəricilərinə görə Masallı rayonu üçün uğurlu olmuşdur. Xüsusilə də bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Masallıya səfəri ilə əlamətdardır.

Ölkə başçısının Masallıya səfəri hər birimizdə böyük sevinc və qürur hissi yaratmışdır. Belə ki, 18 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı rayonunda səfərdə olmuş və bir sıra obyektlərin açılışında iştirak etmişdir. Masallı Sənaye Məhəlləsi, "Masallı-Nemətləri" Məhdud Məsuliyyətli Cəmiyyətinin çəltik emalı müəssisəsi və əsaslı şəkildə yenidən qurulan 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Eminli-Məmmədxanlı avtomobil yolu açılaraq istifadəyə verilmişdir. Ölkə başçısı Masallıda olarkən Viləş çayının şəhər ərazisindən keçən hissəsində yeni salınan Park-Bulvar Kompleksində işlərin gedişi ilə tanış olmuş və razılığını bildirmişdir. Sahibkarlar ilə görüş zamanı qaldırılan bütün məsələlər ölkə başçısı tərəfindən bəyənilmiş və həlli ilə bağlı konkret tədbirlər görülmüşdür. Masallı şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən 10 küçədə əsaslı yenidənqurma işlərinin və 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün ümumilikdə 4,0 milyon manat vəsait ayrılmışdır. Bu cənab Prezidentin Masallıya, Masallı sakinlərinə olan diqqət və qayğısının bariz nümunəsidir.Belə ki, cari ildə şəhərin mərkəzindən keçən Viləş çayının ətrafında Park-Bulvar kompleksində çay yatağının beton məcraya salınması işləri davam etdirilmişdir. İlkin olaraq ümumi uzunluğu 750 p/m olan beton bəndin 591 p/m hissəsində işlər yekunlaşmışdır. Çay yatağının qalan 159 p/m-lik hissəsinin beton məcraya salınması ilə əlaqədar maliyyə vəsaitinin ayrılmasından ötrü aidiyyəti üzrə müraciətlər edilmişdir. Şəhərin Baş Planında Viləş çayının şəhər ərazisindən keçən hissəsi rekreasiya zonası kimi nəzərdə tutulduğundan həmin ərazidə rayon İcra hakimiyyəti tərəfindən Viləş çayı boyunca 50 hektara yaxın ərazidə meşə-park, o cümlədən 7 hektarda "Park-bulvar" kompleksinin salınmasına başlanılmışdır. Ərazilərin təmizlənməsi, yaşıllıqların salınması və ağacların əkilməsi işlərinə start verilmiş, artıq 20 hektara yaxın ərazidə meşə zolağı salınmışdır. Park-bulvar kompleksinin salınması ilə əlaqədar layihələndirmə tapşırığı əsasında müvafiq layihə təşkilatı tərəfindən layihə sənədləri hazırlanmışdır. Layihə sənədlərinə əsasən park-bulvar kompleksində uşaq-əyləncə mərkəzi, idman qurğusu, "Masallı evi", səhnə, istirahət və iaşə obyektləri, 2 fontan,  söhbətgahlar, çay üzərində 1 piyada və 2 nəqliyyat vasitələrinin hərəkəti üçün körpü, yeraltı içməli su anbarı, nasosxana, yanğın əleyhinə su anbarı nəzərdə tutulmuşdur. Layihə sənədlərinə uyğun olaraq kompleksdə ilkin olaraq tikintisi nəzərdə tutulan obyektlərin tikintialtı sahəsi 759 m2, gəzinti yerlərinin sahəsi 26340 m2, yaşıllıq sahə isə 25840 m2 təşkil edir. Kompleksin tikintisi ilə əlaqədar ilkin olaraq sahənin relyefinin ümumi hamarlanması ərazidən keçən kommunikasiya xətlərinin və çay üzərindəki körpünün ümumi layihəyə uyğunlaşdırılmasından ötrü aidiyyəti qurumlara müraciətlər edilmiş və artıq ərazidən keçən yüksək gərginlikli elektrik hava xəttlərinin və rabitə xəttinin yerləri dəyişdirilmiş, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tapşırığı əsasında körpünün ümumi görünüşünün kompleksin layihəsinə uyğunlaşdırılması ilə bağlı təmir işləri başa çatdırılmışdır.  Daxili imkanlar hesabına beton bəndin üzərində aqlay materialı və kərpic elementlərindən istifadə olunmaqla sütunların və sütunlar arası hissələrə metal mühəccərlərin quraşdırılması işləri görülmüş, çay yatağının istinad divarlarının layihəyə uyğun yeni formada qurulması, sahil boyu eni 7,2 metr olan gəzinti yerinin piltələrlə döşənməsi işləri həyata keçirilir. Artıq 5500 kvm sahəyə piltə döşənmiş və işlər davam etdirilir. Bundan başqa layihəyədə nəzərdə tutulmuş "Masallı evi" və "Uşaq əyləncə mərkəzi"nin layihələri naturada yerə köçürülmüş və tikinti işlərinə başlanılmışdır.

Masallı Sənaye Məhəlləsinin istifadəyə verilməsi rayonun gəlirlərini artırmaqla yanaşı ixrac potensialını da artırmış olur. Məlumat üçün qeyd edək ki, Masallı Səneyi Məhəlləsində elə sıra müəssisələr fəaliyyət göatərir ki, onların istehsal etdikləri məhsullar həm yerli, həm də xarizi istehlakçıların tələbatına cavab verir. Sənaye Məhəlləsində fiziki şəxs Süleyman Qurbanov tərəfindən yeni istehsal sahəsi yaradılıb. Burada "Mikayıloğlu" brendi ilə uşaq və mətbəx mebelləri istehsal ediləcək. Müəssisə 2018-ci ilin avqustunda istismara verilib. İnvestisiya məbləği 100 min manat olan müəssisədə 7 nəfər çalışacaq. Müəssisədə ayda 100 uşaq və mətbəx mebeli istehsal olunacaq. Burada nəzərdə tutulan illik dövriyyənin həcmi 180 min manatdır. Səneyi Məhəlləsində həmçinin "Birlik-3A" MMC isə Sənaye Məhəlləsində taxta evlər istehsalı üzrə ixtisaslaşıb. İnvestisiya məbləği 500 min manat olan müəssisədə 15 iş yeri açılıb. Burada ay ərzində müasir tipli 3 taxta ev hazırlanacaq. Müəssisənin illik məhsul dövriyyəsinin həcmi 2 milyon manat təşkil edəcək."Kainat-2016" MMC-nin isə taxta emalı və məmulatları istehsalı müəssisəsinin investisiya dəyəri 500 min manatdır. Müəssisəyə əlavə dövlət dəstəyi göstərilərək İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib. Burada 15 nəfər daimi işlə təmin olunub. Müəssisə bu ilin avqustunda istismara verilib. İstehsal gücü ayda 300 kubmetrdir. Nəzərdə tutulan illik dövriyyənin həcmi isə 600 min manatdır. Sənaye Məhəlləsinin ilk qadın iştirakçısı olan Qənirə Zeynalovanın istehsal sahəsinə 80 min manat investisiya yatırılıb. Müəssisədə müxtəlif növ yumşaq mebellərın istehsalı təşkil edilib. Bu istehsal sahəsi 2018-ci ilin avqustunda istismara verilib. Burada 6 nəfər iş yeri ilə təmin olunub. Müəssisənin istehsal gücü ayda 30 dəst müxtəlif növ yumşaq mebeldir. Burada nəzərdə tutulan illik dövriyyənin həcmi 200 min manatdır. Fərdi sahibkar Rahib Zərbiyev tərəfindən Sənaye Məhəlləsində 250 min manat investisiya yatırılmaqla dəmir məmulatları, işıq dirəkləri, park oturacaqları və digər məhsulların istehsalı müəssisəsi yaradılıb. Artıq bu ilin aprelindən məhsul istehsalına başlayan müəssisədə 20 iş yeri açılıb. Müəssisənin nəzərdə tutulan illik dövriyyəsinin həcmi 300 min manatdır. Eyni zamanda,  Sənaye Məhəlləsində "Azərxalça" ASC tərəfindən yaradılmış Xalçaçılıq üzrə Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir. Mərkəzin fəaliyyət sahəsi xalçaçılıq üzrə tədris-hazırlıq kurslarının təşkilidir. Mərkəzdə 50-dən 150-dək yerli sakin xalçaçılıq sənətinə yiyələnəcək. Onlar kursu bitirdikdən sonra müvafiq işlə təmin ediləcəklər. Burada 10 ədəd toxucu dəzgahı quraşdırılıb. Sənaye Məhəlləsində mebel, dam örtükləri və aksesuarlar istehsal edən müəssisələr də fəaliyyət göstərəcək. Masallı Sənaye Məhəlləsinin inzibati binasında yaradılan toplantı və təlimlərin keçirilməsi üçün də hərtərəfli şərait yaradılıb. Binada iclas otağı, müasir ofis sahələri, "Start-up"lar üçün ofislər, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və Sənaye Məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan digər sahələr var. İnzibati binada, eyni zamanda, sahibkarlara sığorta, bank və mühasibatlıq, hüquq məsləhətləri xidmətləri göstəriləcək. Sahibkarlara dəstək məqsədilə Sənaye Məhəlləsinin bütün ərazisi pulsuz internetlə təmin olunub. Digər sənaye məhəllələrinə olduğu kimi, Masallı Sənaye Məhəlləsinə də sahibkarlar tərəfindən böyük maraq göstərilir. Bundan başqa, Sənaye Məhəlləsinin  inzibati binasında İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin "Kiçik və Orta Biznesin Dostu" (KOB) Mərkəzi yaradılıb. Gələcəkdə ölkənin digər şəhər və rayonlarında da sahibkarlara dəstək məqsədilə yaradılacaq "Kiçik və Orta Biznesin Dostu" mərkəzlərinin fəaliyyəti yeni kiçik və orta biznes sahələrinin yaranmasına, kiçik və orta sahibkarlığın inkişafı vasitəsilə regionun potensialının reallaşdırılmasına yönələcək. Bu məqsədlə potensial investisiya layihələri müəyyən ediləcək və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq olunacaq. "KOB Dostları"nın fəaliyyətinin digər önəmli istiqaməti KOB-lara onların dayanıqlı inkişaf tələblərinə uyğun çoxsahəli dəstəyin göstərilməsidir. Belə ki, bu istiqamətdə fəaliyyət həm mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsinə və onlara KOB-ların maneəsiz və rahat çıxışının təmin edilməsinə, həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin göstərəcəyi çoxsaylı dəstək mexanizmlərinin tətbiqinə yönələcəkdir. "KOB Dostları" kiçik və orta biznesin hüquqlarının müdafiəsi istiqamətində də fəaliyyət göstərəcək. Eyni zamanda, sahibkarlarla sıx əlaqələr qurulacaq və "KOB Dostları" onların inkişaf ehtiyaclarını sorğular vasitəsilə öyrənəcək. Bu isə həmin tələblərə operativ reaksiyanı təmin etməyə imkan verəcək.

 

Olaylar.- 2018.- 19 oktyabr.- S.15.