Regionların sosial-iqtisadi
inkişaf proqramı
Gəncədə uğurla
həyata keçirilir
Ölkədə həyata
keçirilən Regionların sosial-iqtisadi inkişafı
Dövlət proqramları nəticəsində Azərbaycan
dinamik inkişaf edir, qazandığı uğurlarla nəinki
regionun, eləcə də dünyanın qüdrətli və
əsas söz sahibi olan dövlətindən birinə
çevrilir. Etiraf edilməlidir ki, Azərbaycanda dayanıqlı iqtisadi inişafın təmin edilməsində
regionların xüsusi payı var. Belə
ki, ölkənin ayrı-ayrı şəhər
və rayonlarının inkişafı ümumilikdə Azərbaycanın
potensialının artması ilə nəticələnir.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının icrası Gəncə şəhərində də uğurla həyata keçirilməkdədir. Artıq sözügedən proqramlar Gəncəyə yeni sima berib. Məlumat üçün qeyd edək ki, 2018-ci ilin doqquz ayında şəhərin yerli büdcəsinin gəlirləri 24 milyon 470 min manat proqnoza qarşı 26 milyon 974 min manat yerinə yetirilib. Bu ötən ilin ilk doqquz ayı ilə müqayisədə 886 min manat çoxdur. 2018-ci ilin yanvar-sentyabr aylarında əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 13 milyon 392 min manat təşkil edib. Gəncə şəhəri üzrə 2 min 549 təsərrüfat subyektində Nəzarət Kassa Aparatları tətbiq edilib ki, onlardan 322-si hüquqi, 2 min 227-si isə fiziki şəxs təşkil edir. Bu dövrdə fəaliyyət göstərən pərakəndə ticarət, iaşə və digər xidmət sahələrində 1 min 151 ədəd posterminal quraşdırılıb. 2018-ci ilin doqquz ayında Gəncə şəhərdə istehsal edilən ümumi məhsul buraxılışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artıb. 2018-ci ilin yanvar-sentyabr aylarında şəhər əhalisinin gəlirləri 7,3 faiz çoxalıb. Bu müddət ərzində şəhərdə əhalinin məşğulluq problemi də həllini tapıb. Belə ki, Gəncə şəhər Nizami və Kəpəz rayon Məşğulluq Mərkəzlərinə işaxtaran qismində 3 345 nəfər müraciət edib. İşaxtaran vətəndaş kimi qeydiyyatda olanlardan 2 min 276 nəfəri işlə təmin olunub. Gəncədə kiçik və orta sahibkarlğln inkişafına da xüsusi diqqət yetirilib. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2011-2017-ci və 2018-ci ilin müvafiq dövrü ərzində 126 sahibkara 37 milyon 30 min manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşması ilə 720 yeni iş yerinin açılmasına şərait yaradılıb. Regionların sosial-iqtisadi inkişafı III dövlət proqramının həyata keçirilməsi nəticəsində şəhərdə işsizliyin səviyyəsi 5,0 faiz təşkil edib.
Regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramı çərçivəsində şəhərdə görüləsi işlər də kifayət qədərdir. Belə ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin və Fransa Maliyyə Agentliyinin dəstəyi ilə "Gəncə Əlvan Metal Emalı" ASC-nin şimal-qərb hissəsində, 2019-cu ilin oktyabr ayında istifadəyə verilməsi nəzərdə tutulan, 33,0 milyon avro dəyərində Gəncə lokomotiv deposunun inşasına başlanılıb. "NB Satınalma və Ticarət" MMC tərəfindən 54,0 hektar ərazidə yerləşən, illik istehsal gücü 3,0 milyon kv.metr olan süni mərmər və qranit, 60 min ton quru inşaat materialları qarışıqları olan Süni Mərmər və Qranit, Tikinti Qarışıqları, Metlax və sair Tikinti Materialları zavodunun tikintisi sürətləndirilib. "MFK" MMC-nin illik istehsal gücü 30 milyon şərti müxtəlif ölçülərdə kərpic olan, ümumi sahəsi 3,0 hektar olan müasir avadanlıqlarla təchiz ediləcək müəssisənin inşası davam etdirilməkdədir. Bu müəssisənin 2019-cu ilin birinci rübündə istifadəyə verilməsi nəzərdə tutulur. "Gəncə avtomobil zavodu" İstehsalat Birliyinə gələcəkdə istehsalın həcminin artırılması məqsədilə Türkiyədə "Belarus" traktorlarının istehsalının təşkil edilməsi ilə bağlı Anadolu mərkəzində yer alan Kırıkkale inzibati ərazisindən 5,3 hektar torpaq sahəsi ayrılması ilə bağlı razılıq verilib.Bundan başqa, Gəncə şəhər Prokurorluğunun və Gəncə Hərbi Prokurorluğun müasir tələblərə cavab verən yeni inzibati binaları istifadəyə verilib. Gəncə Dövlət Dram Teatrının yeni 500 yerlik binasının və Gəncə şəhərində İdman Sarayının inşası davam etdirilir. Nizami Gəncəvi prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində qəza vəziyyətində olan yataqxanalardan sakinlərin köçürülməsi məqsədilə yeni 4 ədəd bir bloklu çoxmərtəbəli binadan cari ildə istifadəyə veriləcək on mərtəbəli, 60 mənzilli binanın inşası sürətləndirilib. 5,0 hektar ərazidə yeni inşa edilən, 4 min nəfər sərnişin tutumuna malik Beynəlxalq Avtovağzalda tikinti işləri başa çatdırılıb, ərazidə son tamamlanma işləri aparılır. Gəncə şəhərində Almaniyanın KFW Bankının krediti hesabına "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi çərçivəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işləri davam etdirilir. Eyni zamanda, Gülüstan yaşayış massivi, AKTA-6 ərazisi, Nizami Gəncəvi prospekti, 1-ci mikrorayon, M.C.Paşayev, İ.Cəfərov, Əbül Üla Gəncəvi, Bülbül, İsmət Qayıbov, Əttarlar və digər küçələrdə bu sahədə işlər aparılıb. Regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində şəhərin infrastrukturu yenilənib, əhaliyə göstərilən kommunal xidmətlər ən yüksək səviyyəyə çatdırılıb. Belə ki, şəhərdə rabitə şəbəkəsi genişləndirilərək, yeni 1 123 ədəd telefon çəkilib. Hazırda şəhərdə olan əsas telefon aparatlarının sayı 57 184 nömrəyə çatır ki, bu da ümumi montaj tutumunun 58,4 faizini təşkil edir. Genişzolaqlı internetə olan tələbatın ödənilməsi sahəsində görülən işlər nəticəsində ümumi montaj tutumu 40 min 40 porta çatdırılıb, 448 ADSL portalı quraşdırılıb. Hazırda Gəncədə olan ümumi internet abunəçilərinin sayı 26 min 926 nəfər təşkil edir.
Ölkənin əksər bölgələrində
olduğu kimi Gəncə
şəhərində də turizmin inkişafı
diqqət mərkəzində saxlanır. Məlumat üçün qeyd edək
ki, Gəncə sakinləri və şəhərə
gələn qonaqların əvəzolunmaz istirahət məkanı
olan Hacıkənd qəsəbəsi
günü-gündən öz
simasını dəyişir. Burada mövcud olan yerli əhəmiyyətli tarixi
abidələr təmir olunur, yeni istirahət guşələri
yaradılır. Azərbaycanın milli mənəvi
dəyərlərinin qorunması, tarixnin
yaşadılması, mədəniyyətinin təbliği
istiqamətində də bir sıra
işlər həyata keçirilir.
Hacıkənd qəsəbəsində istifadəyə verilən
"Nizami Gəncəvi: sələflər
və xələflər" parkı da məhz
bu amala xidmət edəcək.
"Sələflər və xələflər"
parkında Nizami Gəncəvi başda olmaqla Gəncə
mühitinin yetişdirdiyi
şair, yazıçı və öz dövründə hünər sahibi olmuş, əlinin əməyi,
biləyinin gücü ilə fərqlənmiş
şəxslərin heykəlləri ucaldılıb. Burada
ümumilikdə 17 abidə var ki, onların arasında Məhsəti Gəncəvi,
Mirzə Şəfi Vazeh,
Əbül-Üla Gəncəvi, Qivami Gəncəvi,
Usta Bəndər, Şeyx
Zaman, Doktəri Xətibi Gəncəvi,
Əfrasiyab və Ömər Gənci kimi
tarixi şəxsiyyətlərin adları
diqqət çəkir. Yeri gəlmişkən
qeyd edək ki, bu parın salınması Azərbaycan, xüsusi ilə də Gəncənin mədəniyyəti,
tarixi və ədəbiyyatının
tanıdılması baxımından böyük
önəm kəsb edir. Məhz
bu amil nəzərə
alınaraq "Sələflər
və xələflər parkı"nın daha da genişləndirilməsi nəzərdə tutulur. Ərazidə yeni muzey inşa olunacaq ki, burada
da sələflər və xələflərin
hər biri haqqında geniş
məlumat öz əksini tapacaq.
Həmçinin muzeydə qeyd olunan dövrü
özündə əks etdirən eksponatlar
sərgilənəcək. Təbii ki, bütün bunlar Azərbaycanın
qədim və zəngin tarixindən, elm və
mədəniyyətindən xəbər verir.
Xatırladaq ki, Hacıkənd qəsəbəsinin
əvvəki şöhrətini özünə qaytarmaq üçün bir neçə ildir ərazidə
geniş abadlıq-quruculuq işlərinə
başlanılıb. Hacıkənd qəsəbəsində XIX-cu əsrə aid yerli əhəmiyyətli 4 tarixi
abidə var. Bunlar Qubernator evi, Qubernator dəftərxanası,
Forer qardaşlarının
evi və Rus Pravoslav kilsəsidir. İstifadəsiz qalan bu binalarda
təmir işləri
həyata keçirilir.
Rus Pravoslav kilsəsinin bərpası isə artıq yekunlaşıb.
1893-cü ildə inşa edilmiş və vaxtilə yay aylarında bura istirahətə gələn rus məmurlarına xidmət
etmiş kilsə binası, bundan sonra kitabxana kimi fəaliyyət göstərəcək. Onu da qeyd edək ki, Hacıkənd qəsəbəsi Gəncədən
23 km cənubda, dəniz
səviyyəsindən 1000 metr
yüksəklikdə yerləşir.
Sahəsi 109 hektardır. Hələ qədim zamanlardan Gəncə və ətraf ərazilərin sakinləri yay aylarında buralara köç edər, bütün yayı burda keçirər, dincələrmiş. Gəncənin demək olar ki, əksər adlı-sanlı, sayılıb-seçilən
ailələrinin bu qəsəbədə geniş
torpaq sahələri və böyük mülkləri olub. Günümüzdə də qəsəbə
Gəncə və ətraf rayon sakinlərinin
əvəzolunmaz istirahət
məkanıdır.
Gəncə şəhərində ekoloji tarazlığın təmin olunması da diqqət mərkəzində saxlanır. Elə bu səbədən də Gəncə şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü münasibəti ilə ağacəkmə aksiyası təşkil edilib. "Hərəyə bir ağac əkək" devizi ilə Heydər Əliyev park-kompleksinin ərazisində 10 min şam ağacı əkilib. Şəhər ictiamyəti və partiya fəalları həmçinin təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər. Qeyd edək ki, gənc fəallar hər həftə mütəmadi olaraq Heydər Əliyev park-kompleksinin ərazisində iməclik təşkil edərək, əkilən ağaclara qulluq göstərirlər. Bütün sadalananlar yanaşı, şəhərdə bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Şəhər İcra Hakimiyyətindən bildirilib ki, xüsusən əhaliyə göstərilən xidmətlərin yaxşılaşdırılması məqsədi ilə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər diqqət mərkəzində saxlanılmalıdır. Mikrorayon və məhəllədaxili ərazilərin, küçə və meydanların abadlaşdırılması istiqamətində görülən işlər surətləndirilməli, Prezident İlham Əliyevin Gəncə şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamın icrasından irəli gələn məsələlər tam yerinə yetirilməlidir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2018.- 24 oktyabr.-
S.15.