Türkiyə-Azərbaycan
qardaşlığının növbəti
zəfəri
Qənirə Paşayeva: "İki qardaş ölkə XXI əsrin enerji tarixini birlikdə
yazır"
SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir
şəhərinin Əliağa rayonunda,
"Petkim" neft-kimya
kompleksinin ərazisində inşa
etdiyi "Star" neft emalı zavodu (NEZ)
Türkiyənin ilk Xüsusi
Sənaye Zonası elan edilib.
Bu barədə Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyinin "Resmi Gazete"də dərc olunan məlumatında bildirilir. "İzmirin Əliağa bölgəsində istifadəyə verilən "Star" neft emalı zavodu Türkiyə Prezidentinin imzaladığı Qərarla ölkənin ilk Xüsusi Sənaye Zonası elan olunub. "SOCAR Turkey Enerji A.Ş."nin (STEAŞ) 2 milyard dollarlıq sərmayələrinin bürokratik maneələr olmadan reallaşması gözlənilir", - deyə sənəddə qeyd edilir. Qeyd edək ki, oktyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyənin İzmir şəhərində "Star" neft emalı zavodunun açılış mərasimi olub. Zavod tam gücü ilə 2019-cu ilin yanvar ayından etibarən fəaliyyət göstərəcək. "Star" NEZ Türkiyədə cari kəsirin azalmasına hər il 1,5 milyard dollarlıq töhfə verəcək. Zavod "Petkim" neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. "Star" neftayırma zavodu 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş neft qazın (LPG) idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. "Star" neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Növbəti mərhələdə zavoda əlavə 700 milyon dollar yatırım ediləcək."Star" neft emalı zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. NEZ-ə ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light" markalı neft çatdırılıb. SOCAR-ın ötən ay "Rosneft"lə imzaladığı Kontrakta görə isə bu ilin dekabr ayından etibarən bir il ərzində "Star" NEZ-ə 1 milyon ton Rusiya xam nefti təchiz olunacaq. SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi üçün Əliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb.Türkiyənin ilk neft-kimya müəssisəsi "Petkim"in xam maddə tələbatının demək olar ki hamısını təmin edəcək "Star" NEZ yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsala başladığı zaman burada 1100 nəfərlik yeni iş yeri yaradılacaq."Star" neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen, və 160 min ton kükürd istehsal olunacaq. Xatırladaq ki, "Star" zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulmuşdu.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, Türkiyənin İzmir şəhərində "Star" zavodunun açılışı dövlətimizin bu istiqamətə həyata keçirdiyi uğurlu və uzaqgörən siyasətin nəticəsidir: "Bilirik ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin Bakıdan başlanması təkcə Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması deyil, eləcə də, ölkəmizin regionda ən böyük iqtisadi potensiala sahib olması deməkdir. Bu layihələr regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da mühüm önəm daşıyır. Qardaş ölkə ilə reallaşdırılan mühüm layihələrdən biri olan TANAP qaz kəmərinin istifadəyə verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürü idi. TANAP tarixi layihə olmaqla Türkiyə ilə Azərbaycanın növbəti zəfəri oldu. Bu gün iki qardaş ölkə XXI əsrin enerji tarixini birlikdə yazır. Oktyabrın 19-da qardaş ölkədə açılan, SOCAR-ın 6,3 milyard dollar kapitalla inşa etdiyi "Star" neft emalı zavodu da Azərbaycan-Türkiyə strateji əməkdaşlığına mühüm töhfədir. Eyni zamanda, zavodun istifadəyə verilməsi tərəflər arasında strateji əməkdaşlığın daha əlverişli zəmində genişlənməsinə imkan verəcək".
Millət vəkili xatırladıb ki, ümumi neft emalı gücü 10 milyon ton olan zavodun əsas xammal tədarükçüsü SOCAR-dır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Petkim" neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu müəssisədə avqust ayından etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Zavoda ilk neft yükü məhz respublikamızdan olmaqla 80 min ton "Azeri Light" markalı neft çatdırılıb. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsala başladığı zaman işçi sayı 1100 nəfər olacaq. "Star" neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək: "Onu da deyək ki, SOCAR 19,5 milyard dollarlıq investisiya paketi ilə Türkiyə tarixində ən böyük xarici sərmayəçidir. Bundan əlavə, "Star" neft emalı zavodu Türkiyədə özəl sektorun bir nöqtəyə qoyduğu ən böyük investisiya layihəsidir. Bu müəssisə Türkiyədə iqtisadiyyatın və sənayenin inkişafına töhfə verməklə strateji məhsulların istehsalında əhəmiyyətli rola malikdir. Belə ki, o, Türkiyənin idxaldan asılılığını azaltmaqla ölkə iqtisadiyyatına 1,5 milyard dollar əlavə gəlir gətirəcək. Dövlətimizin başçısı İlham Əliyev İzmirdə keçirilən "Star Rafineri" neft emalı zavodunun açılış mərasimindəki çıxışını böyük zövq və diqqətlə dinlədim. Cənab Prezident 7 il bundan əvvəl Rəcəb Tayyib Ərdoğanla "Star"ın təməlini qoyduğunu xatırlatdı. Ölkələrimiz arasındakı münasibətlərə xüsusi önəm verərək dedi: "Bu gün bu nəhəng layihənin açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır". Prezident İlham Əliyev çıxışında yenidən qardaş Türkiyəyə səfərindən məmnunluğunu diqqətə çatdıraraq, iki ölkə arasında əlaqələrin hazırda ən yüksək səviyyədə olduğunu qeyd etdi. Ötən ay Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə keçirilən möhtəşəm hərbi paradın Türkiyə- Azərbaycan birliyinin sarsılmazlığının, bu birliyin əbədiliyinin təsdiqinə çevrildiyini də bildirdi. Prezident İlham Əliyev dedi: "Star Rafineri"nin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcəkdir. Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, biz digər önəmli layihələri birlikdə həyata keçirdik. Bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır". Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində dediyi fikirlərə diqqət çəkmək istəyirəm. O, "Star" neft emalı zavodu ilə Azərbaycanla qardaşlıq əlaqələrinin strateji miqyasının daha da gücləndiyini xüsusi vurğulayaraq, Türkiyə və Azərbaycanın liderliyi ilə reallaşdırılan hər bir layihənin ölkələrimizin regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirdiyini xatırlatdı: "Dünyanın ticarət müharibələri və böhranlarla sarsıldığı bir dövrdə bir-bir açılışını etdiyimiz bu layihələrin ölkələrimizi həm ayrılıqda öz qayələrinə, həm də ortaq hədəflərinə yaxınlaşdırdığına inanıram. Hər şeydən əvvəl 6,3 milyard dollarlıq bir sərmayə - "Star" neft emalı zavodu, eyni zamanda, bundan başqa konteyner limanı, digər tərəfdən isə ilk açılışı ilə addımını atdığımız neft-kimya müəssisələri - bütün bunları ümumilikdə hesabladıqda söhbət təxminən 10 milyard dollarlıq sərmayədən gedir". SOCAR prezidenti Rövnəq Abdullayevin dediyinə görə, zavod istifadəyə verildikdən sonra ilk 5 il ərzində Azərbaycan iqtisadiyyatına hər il 850 milyon dollardan çox gəlir gətirəcək. Onun sözlərinə görə, növbəti 10 il ərzində isə müəssisədən hər il 600 milyon dollardan çox gəlir əldə olunacaq. Mən inanıram ki, Türkiyədə ən böyük investisiya qoyuluşu olan "Star Rafineri" zavodu Azərbaycanın böyük iqtisadi gəlir əldə etməsinə şərait yaradacaq. Müəssisənin işə düşməsi SOCAR-ın və Azərbaycan dövlətinin gəlirini artıracaq. Bu gəlirlərdən səmərəli istifadə olunması, onların yenidən gəlirli sahələrə yatırılması ölkəmiz üçün böyük faydalar verəcək. Bu möhtəşəm layihənin reallaşdırılması Azərbaycan -Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğunu bir daha nümayiş etdirdi".
Alim
Olaylar.- 2018.- 24 oktyabr.- S.4.