Füzuliylə Səməd Vurğunu nə birləşdirirdi?

 

Füzulinin şeir formaları, bədii təsvir vasitələri rəngarəng və qüvvətlidir. Məhz bu səbəbdən də Cəfər Cabbarlı demişkən, əsrlər boyunca "Füzuliyanə" qəzəllər yazmaq şairlərin ideyası olmuşdur.

 

Nümunə üçün XIX əsrin ilk realistlərindən - ictimai satiranın qüdrətli nümunələrini yartmış Qasım bəy Zakir irsinə nəzər salaq.

Məlumdur ki, klassik poeziyada, xüssilə, lirik poeziyada böyük klassiklər şerin təsir gücünü, onun bədiiliyini artırmaq üçün təzad və mübaliğələrdən geniş istifadə etmişdir. Təzad və mübaliğənin ən yüksək klassik nümunələrini Füzulinin sənətində görə bilərik . "Qəlb şairi" öz lirik qəhrəmanının hissiyyat aləmini məhz bu bədii üsullardan istifadə edərək açırdı. Q.Zakir də bu ənənəni böyük sələfi Füzulidən öyrənmiş və öz yaradıcılığında bunlardan istifadə etmişdir.

Füzulidə olduğu kimi, onun da şeirlərində təzad həmişə iki zidd məfhumun qarşılaşdırılması ilə yaradılır:

 

            Bəxtəvər başına sənin, ey rəqib,

            Xeyir sənə qismət oldu, şər mana!

 

            Əyyami-xəzanə dönüb baharım,

            Kəsilməz sübhədək naləbü zarım.

 

Zakirin tərkibbəndlərində də Füzuli şeirinin ruhu hakimdir. O, bəzi tərkibbəndlərini Füzuliyə nəzirə olaraq yazmışdır. Onun çar hakimiyyətləri əleyhinə yazdığı tərkibbəndlərindən birində rast gəldiyimiz:

 

            Divan demə hərgiz buna kim, afəti-qandır,

            Mən söyləmədim, nola ki, məşhuri cahandır - deyimi, Füzulinin məşhur:

            Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,

 

            Eşq afəti can olduğu məşhuri cahandır - beytinə nəzirədir. Bu misraları istənilən qədər artırmaq olar.

Eyni müqayisələri, bəlkə də, daha geniş miqyasda S.Ə.Şirvani, M.Ə.Sabir və başqa klassiklərin Füzuliyə münasibətində də aydın müşahidə edirik və həmin faktlar ədəbiyyatşünaslıqda müəyyən dərəcədə işıqlandırılmışdır.

Tarixi inkişaf prosesi baxımından novatorluq problemini yeni məzmundan kənarda təsəvvür etmək mümkün olmadığı kimi, yeni formasız da təsəvvür etmək olmaz. Bütün plagiat ədəbiyyatın zərərli və təsirsizliyi onunla bağlıdır ki, burada nə məzmun, nə də forma yeniliyi var idi. Eyni mətləbin müxtgəlif qəliblərdə təkrarı bədii zövqə qida verə bilməz. Bu da var ki, iqtisadi-ictimai zəmin də təqlidçiliyə və mədhiyyəçiliyə şərait yaradır.

Novatorluq ayrı-ayrı sənətkarların səyi və axtarışları ilə yaranır. Buna görə hər hansı konkret tarixi şəraitdə bədii yenilikdən bəhs etmək zəruri olduğu kimi , ayrı-ayrı sənətkarların fərdi novatorluğundan, yaradıcılıq təşəbbüskarlığından da bəhs etmək  bir o qədər zəruridir. Yeni söz demək istəyən hər bir sənətkar cəsarətli axtarışlar yolu ilə gedir, ədəbi vərdişlərin təsirlərinə müqavimət göstərir. Bununla belə, klassik, qabaqcıl ənənələrdə yerli-yerində istifadə olunur. Deyilənlərin ən parlaq bədii həllini biz xalq şairi Səməd Vurğunun poeziyasında görürük. S.Vurğunun Füzuli poeziyasına münasibətinin bəzi mühüm faktlarına nəzr yetirmək bu baxımdan faydalıdır.

Milli poeziyamızın iki müxtəlif dövrünün ən görkəmli nümayəndəsi olan Füzuli və S.Vurğunun sənət və sənətkar haqqında ümumi, ənənəvi fikirlərindən bəhs etmək, onların bəzi oxşar yaradıcılıq məziyyətlərini meydana çıxarmaq vacibdir.

Nə Füzulini, nə də S.Vurğunu sənət aləminə gətirən amil sadəcə həvəs olmamışdır. Bədii ədəbiyyatın içtimai-siyasi mahiyyətini, estetik əhəmiyyətini gənc yaşlarından çox gözəl dərk edən hər iki sənətkarı bədii yaradıcılığa sövq edən səbəb məhz sələfilərinin adına layiq böyük ədəbiyyat, əbədi yaşaya biləcək sənət yaratmaq eşqi olub. Sənət aləmini əbədiyyət bağcasına bənzədən Füzuli qəsidələrinin müqəddimsəində yazı: "Məsləhət gördüm ki, mən də bu bağşada bir ağac əkim ki, onun kölgəsində əbədi olaraq yaşayım".

 

Eyni məqsədi S.Vurğun "Sözün şöhrəti" şeirində belə ifadə eləyir:

            Yaz ey Vurğun ki, hər şeirin, sözün bir yadigar olsun,

            Mən ölsəm də, vətən eşqim vətən mülkündə var olsun.

 

"Andım" şeirində isə "Gülsəm, güləcəyəm əbədiyyətlə, sazım gəldi-gedər çalmayacaqdır" demişdir.

Əbədi ömrə malik sənət abidəsi yaratmaq fitri istedaddan başqa, bir sıra mühüm şərtlərin həllini də tələb edir. Ədəbiyyat bağçasında yaşamağa haqqı olan sənət həm də məfkurə silahı olmalı, cəmiyyətin ideallarını əks etdirməli, xalqın mənafeyinə xidmət eləməlidir.

 

            Fəqr imiş, fəqr Füzuli, şərəfi-əhli-vücud

            Özünə eyləmə həmdəm füqəradan qeyri.

 

Misraları ilə insanlıq və sənət məsələsini mütərəqqi cəbhədən həll edən, özünü füqəra sinfinin şairi elan edən Füzuli bütün yaradıcılığı boyu bu düzgün prinsipə riayyət eləmiş, dövründə baş verən bütün ictimai-siyasi hadisələri məhz insanlığın mənafeyi baxımından qələmə almışdır.

S.Vurğun da sənət aləminə məhz milyardların şairi kimi gəldiyini yaradıcılığının əvvələrində yazdığı "Raport" şeirində təntənə ilə bildirmişdir:

 

            Mən

            nəfəsləri benzin

kükürd qoxulu

milyonların şairiyəm

 

Həqiqi sənətkar xalqın kədər və ya sevincinə şərik olmalıdır. Füzuli şərəfli kütləni əsarətdə saxlayan sultanlara, şahlara öz dərin nifrət və qəzəbini dəfələrlə bildirmişdir. Füzuli hökmdarları, tacirləri, zahidləri, əyanları, bir sözlə, dövrünün büün tüfeyli təbəqəsini - şərəfsizləri kəskin surətdə tənqid etmişdir.

 

Ey Füzuli, odlara yansın büsati-səltənət.

            Eydir ondan, həq bilir, bir güşeyi-gülxan mana.

 

O, təkcə lirik qəzəllərində, qitə və rübailərində, poemalarında deyil, alleqorik əsərlərində də dövrünün ictimai münasibətlərini, haqsızlıqlarını qabarıq şəkildə ifadə etmişdir. "Söhbətül-əsmar" əsərində oxuyuruq:

 

            Dünya işinin mədarı yoxdur.

            Heç kimsəyə etibarı yoxdur.

            Eylər birisini sahibi-tac,

            Ol birisini eylər ona möhtac.

 

Bildiyimiz kimi Füzuli kədərinin özü ictimai kədərdi, "dünya işinə" etirazdır. "Füzuli aləmi-insaniyyətdə bütün qəmzadələrin və möhnətkeşlərin yüklərini götürmək üçün xəlq olunub" (F.Köçərli). Bu həqiqəti S.Vurğun "Azad ilham" şeirində bədii şəklidə əks eləmişdir:

 

            Füzuli doymadı göz yaşlarından,

            Açdı qapısını səhər yellərin.

            İncidi ən yaxın sirdaşlarından

            Ağlayıb, aglatdı bizim elləri

            Ağarmış saçında, saqqalında qış...

            Asiman dolandı şikayətindən.

 

Sələfinin yaradıcılığındakı ictimai məzmunu, məfkurə mütərəqqiliyini mənimsəyən S.Vurğun bu keyfiyyətləri sovet ədəbiyyatının tələbləri ilə ustalıqla uzlaşdıraraq söz hökmdarı səviyyəsinə yüksələ bilmişdir. Təbii ki, sovet dövrünün qayda-qanunlarının mürtəceliyi şairin yaradıcılıq imkanlarını kısıtlamışdır. Lakin bütün vəchlə 1937-ci ildə "Azərbaycan" şeirini yazaraq xalqına, millətinə bağlılığını bəyan etmişdir. Səməd Vurğunun dövrün eybəcərliyini dolğun ifadə eləməməyini yaşam talonu kimi qiymətləndirmək olar. Bu baxımdan Füzuli ilə S.Vurğunun ictimai məzmunlu şeirlərində fərqlilik ortaya çıxır. Necə deyərlər, əgər Füzuli feodal-patriarxal cəmiyyətin boyunduruğu altında inləyən xalqın kədərinə şərik olurdusa, S.Vurğun sosializm cəmiyyətinidə yaşayan xalqın sevincinə, bəxtiyarlığına şərik olurdu. 

Qanuna uyğun haldır ki, S.Vurğun da azadlıq və səadət uğrunda mübarizədə poeziyanın rolunu yüksək qiymətləndirərkən məhz sələfi Füzuli kimi onu silahlı orduya bənzətmişdir:

 

            Dünya şairləri döyüşə gəlsin.

            Hər söz də cəbhədə qəhrəman olsun.

            Şairlər ordusu səf-səf dayasın,

            Yoldaş Mayakoviski komandan olsun.

 

Füzulinin "padşahi-mülk" qitəsində "hər sözüm bir pəhləvandır" ifadəsi, S.Vurğunun bu bənddəki "hər söz də cəbhədə qəhrəman olsun" ifadəsi ilə, göründüyü kimi, eyniyyət təşkil edir. Bu eynilik söz sənətinə hər iki şairimizin ənənəvi, yüksək münasibətindən doğur.

Həqiqi mütərəqqi sənətin canı olan humanizim, insana məhəbbət Füzuli və S.Vurğun  yaradıcılığının da ən əsas məziyyətlərindən biridir. Bədii ədəbiyyatın əsas predmeti olan insan Füzuli və S.Vurğun sənətinin də əsas predmetidir. Hər iki sənətkarımız insanın qüdrətindən, yüksəkliyindən dəfələrlə bəhs etmiş, insanı "təbiətin şah əsəri" adlandırmışdır. Füzuli qəsidələrinin müqəddiməsində yazmışdır: "Aləm sədəfində insandan qiymətli bir gövhər görmədim".

Füzuli insanı təkcə zahiri görünüşünə görə deyil, əməlinə, işinə görə ən qiymətli gövhər hesab etmiş, onun mənəvi gözəlliklərini zahiri gözəllikləri ilə vəhdətdə tərənnüm etmişdir:

            Ləblərin tək, ləlü ləfzin tək düri-şəhbar yox

            Ləlü gövhər çox, ləbin tək ləli-gövhərbar yox.

            Səndən etməm dad: "cövrün var, lütvün yox" deyib,

            Məsti-zövqi-şövqinəm, birdir yanımda var, yox.

Eyni zamanda, o, insanın ləyaqətini, şərəfini alçaldan, azadlığına buxov vuran cəmiyyəti həqiqi insanpərvər şair kimi kəskinliklə tənqid edir.

            Töküldükcə qanımı oxun, ol asitan içər,

            Bir yerdəyəm əsir ki, torpağı qan içər

"Şairin eşqi" məqaləsində "şer humanizimdir" deyən S.Vurğun sənətinin döyünən ürəyi insanpərvərlikdir. İnsan şairin nəzərində "dünyanın əşrəfi", "tarixin günəşi", "təbiətin bəzəyidir". 

Humanizm, insanpərvərlik Füzuli, S.Vurğun yaradıcılığının milli məhdudiyyət çərçivəsindən xilas etmiş, beynəlmiləl həyatın geniş üfüqlərinə çıxarmışdır. Humanizimlə yoğrulmuş hər iki sənət bu gün də öz ictimai-siyasi kəsrini saxlamışdır. Çünki insanlar hələ dünya miqyasında azadlıqvə xoşbəxtlik əldə etmişdir. Çünki insanın müəyyən hissəsini istismar edən müharibələr törədərək ailələr dağıdan imperializm - "padşahi mülklər" hələ düna səhnəsindən tamamilə silinməmişdir. "İmperializm əsarətdir" (S.Vurğun). İmperializm insan hüququnu tapdalayan qara qüvvələrdir. "İnsanı sevməyi bacaran bir şair insanlıq hüquqlarını tapdalayan qara qüvvələrə nifrət etməyə bilməz. Buna görə də şeir pərisi bütün haqsızlığa, dəhşət və faciələr törədən qüvvələrə qarşı amansız və barışmazdır". Belə humanist mahiyyətə malik olan Füzuli və S.Vuğun sənəti bu gün də dünyanın mütərəqqi söz ordusunun sıralarında insan azadlığının düşmənlərinəı qarşı fəal mübarizə aparır:

            Padşahi-mülk dinarü dirəm rüşvət verib,

            Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri.

            Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır,

            Ol dəxi asari-əmnü istiqamətdən bəri

            Göstərən saətdə dövrani-fələk bir inqilab,

            Həm özü fani olur, həm ləşkəri, həm kişvəri.

ya;

            Zülm ilə ağçalar alıb, zalim,

            Eylər ənam xəlqə minnət ilə.

            Bilməz onu kim, etdiyi zülmə.

            Görəcəkdir cəza məzəllət ilə (M.Füzuli)

            Dəyişir dünyanın köhnə mənası,

            Bir yeni aləmi o, nişan verir...

            Xəstədir "ağalar, qullar dünyası",

            Qızıl çarpayılar üstdə can verir.

            Yox-yox. O ölməmiş, hələ canı var,

            Həyatla çarpışır ölüm üz-üzə

            Ağır yaralanmış o qart canavar,

            Qəzəblə sıçrayır hey üstümüzə

            Bir qadın  kimi də nazlanır gah-gah,

            Özünü sevdiri gülümsəyərək,

            Sadəlövh, sadə qəlb insanları, ah,

            Gizli zəhərləyir, fahişələr tək... (S.Vurğun)

Füzuli və S.Vurğun sənətinin çarpan ürəyi olan insan, hər şeydən əvvəl, sevən insandır. Məhəbbət insanın insanlığına dəlalət edən əsas mənəvi keyfiyyətdir. Bu əsas insani keyfiyyətə - məhəbbətə Füzulinin münasibəti qoca dünyaya çoxdan bəllidir. Füzuli özü aşiq şairdir, aşiq filosofdur:

            Məndə, Füzuli, istəmə əşari-mədhü zəmm,

            Mən aşiqəm, həmişə sözüm aşiqanədir.

 

Ardı var…

 

Sərvər ŞİRİNOV                   

AMEA Rəyasət Heyəti aparatı

İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı

 

Olaylar.- 2018.- 24 oktyabr.- S.10.