Füzuli ilə Səməd Vurğunu nə birləşdirirdi?

 

Əvvəli ötən sayımızda

 

Füzulinin dilində işlənən aşiq sözü insan sözünün sinonimidir. Şairə görə, əsil insan aşiq insandır. Dahi şair öz yaadıcılığı ilə  sübut etmişdir ki, dərin məhəbbətlə sevən insan məhz nəcib, fədakar, sadiq, xeyirxah insan deməkdir. Şairin "lirik mən"ini, Məcnunu və Leylini xatırlamaq kifayətdir. Bu insanlar nəcibliyin, sədaqətin, fəakarlığın, xeyirxahlığın timsalı deyillərmi? Həmin keyfiyyətləri onların mənəviyyatına isə məhz məhəbbət gətirmişdir. Onları əsil insan səviyyəsinə - rəğbətə, məhəbbətə layiq insan səviyyəsinə yüksəldən də məhəbbətdir.

Buna görə də məhəbbətin əsas və ali insani keyfiyyət olmasına görə Füzuli eşqə daha artıq giriftar olmağı, ondan bir dəm də cüda düşməməyi bütün varlığı ilə arzulayır:

 

            Ya rəb, bəlayi-eşq ilə qıl aşına məni.

            Bir dəm bəlayi-eşqidən etmə cüda məni.

 

Öz sələfinin məhəbbətə olan bu yüksək və düzgün münasibətini bütün dolğunluğu, məzmunu ilə mənimsədiyi üçündür ki, S.Vurğun sənətinin də şah damarı məhəbbətdir.  S.vurğunun məhəbbətə münasibəti təkcə onun bir neçə qəzəli ilə, sevgi mövzulu qoşmaları ilə müəyyən olunmur. S. Vurğunun sənəti bu məhdudluqdan xalidir. Füzuli kimi, eşqi insanlığın mayası hesab edən S.Vurğun "Balalarımız üçün gözəl əsərlər yaradaq" adlı məqaləsində yazır: "İnsana məxsus olan sifətlərin ən müqəddəsi məhəbbətdir. Məhhəbbət nə olduğuna aid bir çox tərif vermək olar. Lakin iki sözlə, məhəbbət-insandır desək, onun əzəməti gözümüz qarşısında canlanar. Məhəbbət insan qəlbini süzgəcdən keçirir, ötərki və zərərli hislərdən təmizləyir, yaşamağın mənasını gözəlləşdirir, insanı xeyirxah olmağa, alicənab və nəcib olmağa dəvət edir" (S.Vurğunun. Əsərləri. V cild. "Elm" nəşriyyatı, Bakı, 1972. səh. 325).

Həmin məqalədə "Leyli və Məcnun" əsərindən bəhs edən S.Vurğun "eşq qüdsiyyətdir" deyərək Məcnunu, haqlı olaraq, "saf əməllər, arzular, xəyallar dünyasının rəmzi olan müqəddəs bir eşqin qurbanı" adlandırır. Biz S.Vurğunun Cəlalını da həmin eşqin qurbanı hesab edirik. (Təbii ki, Məcnun ilahi bir eşqin ifadəçisi olmağını qırmızı bir xətlə bildirməliyik). Bizcə, Məcnun və Cəlal sürətləri arasında müəyyən mənəvi yaxınlıq vardır. Hər ikisi şair könüllüdür. Hər ikisi təmiz qəlbə, nəcib əxlaqa malikdir. Onları idarə edən yeganə qüvvə məhz şüur və iradələrinə hakim olan qadir məhəbbətdir. Hər ikisi vurulduqları andan həyatlarını öz sevgilərinə həsr edir və mürtəce adət-ənənələrin əsiri olan qara qüvvələrin pəncəsində məhv olr. .. Onların sevgililəri Leyli və Humay arasında da yaxınlıq çoxdur. Leyli də, Humay  da dərin məhəbbətlə sevən, nəcib, xeyirxah, təmiz əxlaqa, təmiz duyğuya malik gənclərdir. Lakin onlar da mürtəce adət-ənənələrin əsiridirlər. Əsirlərə məxsus pərişan, zavallı əhval-ruhiyyə onların ikisinə də xasdır. Füzulidə olduğu kimi, S. Vurğunda da məhəbbət qeyri-iradi mənəvi keyfiyyətdir, ürək məsələsidir:

 

            Həq bilir, yar deyil canü dilimdən ğaib,

            Nola gər ğaib isə dideyi-giryanımdan.

            Can əgər çıxsa tənimdən əsəri-mehri ilə,

            Əsəri-mehrini sanman ki, çıxar canımdan.

 

S.Vurğun yazır:   

 

            Dünən bir duyğusuz soruşdu məndən

            "-Nə çox məhəbbətdən dən vurursan sən?

            Hər şey ki, dünyada dəyişir, dönür,

 

            Məhəbbət,sədaqət gülünc görünür..."

            Qafil! Bu sözlərin kimə gərəkdir?

            Get ürəkdən soruş, sevən ürəkdir!

 

Deməli, həm Leyli, həm də Humay üçün məhəbbəti ürəkdən çaxarmaq qeyri-mümkündür. Onlar nə də sevgililərinə qovuşa bilərlər. Çünki bu qovuşma azad məhəbbətin şərtləri ilə mümkün ola bilər. Əski adət-ənənələrin hökmran olduğu bir mühitdə isə məhəbbət azadlığı yoxdur. Deməli, məhəbbəti unutmaq da qeyri-mümkündür, yara qovuşmaq da qeyri-mümkündür. Bu "qeyri-mümkünlər" bir şeyi mümkün edir: onların ölümünü... Füzulinin aşağıdakı beyti hər ikisinin əhvalına nə qədər uyğundur:

 

            Mərizi-dərdi-eşqəm, tərki-aləmdir muradım kim,

            Bu naxoş mülkdə əyləndigimcə zəhmətim artar.

 

Məcnunla Cəlalın, Leyli ilə Humayın mənəvi yaxınlığı məhz Füzuli ilə S.Vurğunun məhəbbətə münasibətindəki yaxınlıqdır. Bu dörd gəncin ölümü məhəbbət simvolu kimi hər iki müəllifin qəlbini eyni dərəcədə yandırmışdır. Humayın ölümünü tərənnüm edən S.Vurğun heç bir şairi yox, məhz Füzulini köməyə çağırması da təsadüfi deyil, məhəbbətin iztirab və faciələrinə, övladının iztirab və faciələrinə ağlayan ana kimi yas tutub nalə edən bir sənətkarın nəcib sənətinə sonsuz hörməti ilə bağlıdır:

 

            Ölmür sənətimin vəfasız yarı,

            Gəlsin Füzulinin ağlar qəzəli!

            Gəlib sevgilimlə görüşsün barı,

            Yolunu gözləyir ellər gözəli,

            Gəlsin Füzulinin ağlar qəzəli!

 

Dediyimiz kimi, geniş mənaya malik Füzuli eşqi kimi S.Vurğun məhəbbəti də sadəcə aşiq-məşuq məhəbbəti deyildir. S.Vurğun sənətinin qan damarı olan eşq məhz məslək eşqidir. "S.Vurğun sənətində məslək məhəbbət məfhumu ilə birləşir insanın bütün varlığını, insanlığını üzə çıxaran ən böyük keyfiyyətdir" - deyən Qulu Xəlilov haqlıdır.

Bəxtiyar, Aygün, Vaqif, Sarvan, Amerika zəncisi, Xanlar, İslam, Marat hər şeydən əvvəl milliyyətindən, ictimai vəzifəsindən aslı olmayaraq məslək eşqi ilə yaşayan böyük ürəkli insanlardır. "Eşq qüdsiyyətidir", "Məhəbbət qəhrəmanlığın anasıdır", "Gülüşündə çiçəklərin açdığı bir bahardır" - yazan S.Vurğun bütün müsbət və ideal qəhrəmanlarını məhz qadir məhəbbətin övladları kimi öz oxucusuna təqdim etmişdir. Axı:

 

            Sevgisiz, ilhamsız yaşaya bilməz,

            Sevən bir şairin qəhrəmanları.

 

Füzuli eşqinin real məzmunu, mütərəqqi cəhətləri S.Vurğun yaradıcılığında öz qüvvəsini ənənəvi bir şəkildə saxlamışdır. Şair Füzuli aşiq Füzulidirsə,  şair Səməd Vurğun da vurğun Səməddir:"Vurğunam mənalı gözəlliyə mən".

"Dörd söz" şeirində onun birinci olaraq "məhəbbət sözündən bəhs etməsi də təsadüfi deyil, məhz məhəbbətə olan ənənəvi, yüksək və düzgün münasibəti ilə əlaqədardır:

 

            "Məhəbbət" sözü var bizim lisanda,

            O, dağlardan axan şəffaf bir sudur.

            Yaşını bilməyir onun zaman da,

            Bəlkə də, ilk arzusudur.

            Onun saf qəlbində nə qəzəb, nə kin,

            Nə həsəd, nə də ki, bir xəyanət var.

            Mənim and içdiyim o məhəbbətin

            Qəlbində müqəddəs bir əməl yaşar...

 

Bəli, məhəbbətlə qəzəb, kin, həsəd, xəyanət bir könüldə yaşaya bilməz. Məhəbbət olan könüldə müqəddəs bir əməl yaşar. Əksinə, məhəbbətdən məhrum olan ürək ürək deyil cinayətlər yuvasıdır. "Bir vaxt Neron kimi quduran Hitler", "bəşəriyyətin boynunu bir qılıncla vurmağa" hazır olan Qacar, "şlyapalı bir iblis" olan Teyler, "məhəbbətə kasıblar yetsin" deyən London qarısı məhz məhəbbətdən məhrum olmalarına görə cinayətlər törətmirlərmi? "Ömürü sevdasız yaşatmaq bir cinayətdir" - deyən S.Vurğun öz əsərlərində sevdasız yaşayanların cinayətkara çevrildiklərini parlaq şəkildə göstərmişdi. Şairə görə "şeir humanizimdir", məhəbbət insandır". Deməli, şeir məhəbbətdir. Məhz buna görədir ki, S.Vurğun çıxışlarının birində demişdir: "Var olsun məhəbbət və poeziya".

Dediyimiz kimi, Füzuli və S.Vurğun sənətinin əsas predmeti, ürəyi məhəbbət hissi ilə yaşayan insandır. Məhəbbətin insan mənəviyyatına bəxş etdiyi ali keyfiyyətlərdən biri də xəyal və romantikadır. Əslində, insa təbiətinin romantikasını tərənnüm eləmək elə sənətkarın realizmi ilə bağlıdır. Çünki insanın xəyal bəsləməsi, pərvazlanmaq həvəsi məhz onu real, həqiqi, bütöv xarakterinin tərkib hissəsidir.

Hər hası adla olursa-olsun, insan təbiətinə məxsus romantikanın tərənnümü Füzuli və S.Vurğun yaradıcılığının əsas məziyyətlərində biridir. "Aləm sədəfində insandan qiymətli gövhər görmədim" - deyən Füzuli, məlumdur ki, insan qəlbinin romantik duyğularını misilsiz bir sənətkarlıqla qələmə almışdır. O, ən qiymətli gövhər adlandırdığı insanı ən yüksək əməllər və arzular sahibi kimi görmək istəmişdir. Bizcə, şairin Məcnun surətini yaratması bu məqsədi izləməsi ilə bağlıdır. (Təbii ki, ilahi eşqlə yanaşı). Məcnun romantikası əsl insanın romantikasıdır. Bu romantika orta əsr adamı üçün xarakterik deyil, qeyri-adi keyfiyyətdir. Bu, təbiidir. Mənən şikəst olmuş adamlarda romantika ola bilməz. Füzuli orta əsr adamını olduğu kimi deyil, görmək istədiyi kimi yaratmışdır. Dahi şairin həyatda da görmək istədiyi insan məhz müsbət əxlaqi keyfiyyətlərə malik, öz azadlıq meyilləri və real, mütərəqqi düşüncəsi ilə zəmanəsinin fövqündə dayanan romantik təbiətli bir insandır. Füzulinin bu məqsədini aydın başa düşdüyü üçündür ki, S.Vurğun Məcnunu, yuxarıda qeyd etdiyimiz kimi, "saf əməllər, arzular, xəyallar dünyasının qurbanı olsa belə, insan xəyalının doğmaca övladı hesab etmişdir.

Füzuli də sələfi Nizami kimi insanı romantik təbiətli olmağa, yerdə sürünməməyə, "tavus tək pərvazlanmağa", məqsəd və amal uğrunda candan keçib həyatda şərəfli, şanlı bir ad qoymağa, məğrur, yenilməz xislətli olmağa çağıraraq yazır:

 

            Yetər, tavus tək uçbilə qıl arayişi-surət,

            Vücudundan keçib, aləmdə bir ad eylə ənqa şək.

            Gühər tək qılma təğyiri-təbiət dəlsələr bağrın,

            Qərar et, hər həvadan olma şurəngiz dərya tək.

 

Nizamidən, Füzulidən miras qalan romantizim S.Vurğun yaradıcılığında yeni məzmun, yeni keyfiyyət kəsb etmişdir. S.Vurğun bu haqda belə deyir: "Romantika bizim daima irəliyə doğru inkişaf edən həyatımızın özündə vardır. Bizim adamlar, bizim həyatımız onların haqqında poetik əfsanələr yaratmağa tamamilə layiqdirlər".

 

II hissə

 

Füzuli və S.Vurğunun sənətin təkcə ideya-məzmununa deyil, bədii-sənətkarlıq xüsusiyyətlərinə, şərtlərinə olan baxışlarında da ənənəvi bir ümumilik, yaxınlıq vardır.

Bədii ədəbiyyatın ifadə vasitəsi olan "söz" haqqında bütün qüdrətli söz sənətkarları kimi bu iki şairimiz də bir sıra dəyərli, yüksək fikirlər söyləmişdir. Füzuli qəsidəsinin müqəddiməsində yazmışdır: "Aləm sədəfində insandan qiymətli gövhər görmədim, insan gövhərində isə sözdən bahalı cövhər tapmadım".

Sözün qüdrəti, qiyməti, məzmunu, təsiri haqqında Füzuli "Leyli və Məcnun" əsərində də orijinal, mütərəqqi fikirlər irəli sürür:

 

            Sözdür gühəri-xəzaneyi-dil,

            İzhari-sifati-zatə qabil.

            Can sözdür, əgər bilirsə insan,

            Sözdür ki, deyirlər, özgədir can.

 

Şair söz sənətində əbədiyyət, ölməzlik olduğunu "Söz" rədifli məşhur qəzəlinin aşağıdakı beytində çox dolğun ifadə etmişdir:

 

            Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl

            Edə hər saət səni ol uyqudan bidar söz.

 

Yeni ədəbi-tarixi şəraitdə S.Vurğun sözə ənənəvi, yüksək münasibət bəsləmiş, "Sözün şöhrəti", "Dörd söz", "Nizami", "Böyük şairin şərəfinə", "Sənət eşqi" kimi şeirlərində, habelə poema və dramlarında, publisit məqalələrində, çıxışlarında yeri gəldikcə sələfi Füzuli kimi söz sənətinə dair orjinal və qiymətli fikirlər söyləmişdir. Əgər Füzuli sözü "can" hesab edirsə, onu insan gövhərində ən bahalı adlandırırsa, S. Vurğun sözün özünü insan adlandırır:

 

Ardı var

           

Sərvər ŞİRİNOV                   

 

AMEA Rəyasət Heyəti aparatı

İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı

 

Olaylar.- 2018.- 25 oktyabr.- S.14.