Füzuli ilə
Səməd Vurğunu nə birləşdirirdi?
əvvəli ötən sayımızda
Adın
"sözdür", özün insan! Nə mənalar
yaşar səndə...
Şairə görə, "şeir" rübabı
öz mahir səsi ilə aləmi valeh edən bir dünya
gözəlidir. O, feyz mənbəyi, mənalar xəzinədarı,
basılmaz ordu, məclislərin fəxri, duyan qəlbin zinəti
hesab etdiyi söz haqqında düşüncələrini
"Sözün şöhrəti" şeirində ümumiləşmiş halda qələmə
almışdır:
Qanadlan hüsni-eşq ilə!
Məkanın asimanlarıdır;
Gül
üzlü bir səhərsən ki, qucağında bahar
vardır.
Sənin hüsnün də,
eşqin də yaranmışdır qəqiqətdən
...Sözün mənası
hədd bilməz! Uçub yüksəl bu
qüdrətlə.
Lakin həm Füzuli, həm də S.Vurğun söz
haqqında olan belə yüksək fikirlərini, təriflərini
hər sözə, sənətə şamil etmirdilər. Hər iki
bayraqdarın yüksək qiymətləndirdikləri söz sənəti
bir sıra mühüm şərtlərə, tələblərə
cavab verməlidir. Əvvəla, hər iki
sənətkarımızın qeyd etdikləri kimi, söz sənəti
orijinal olmalıdır. Orijinallıq,
özünəməxsusluq sənətkarlığın əsas
xüsusiyyətidir. Füzuli farsca divanının
müqəddiməsində yazmışdır:
"Döyülmüş xırmandan baş-ayaq
yığmaq yaxşı deyil. Tapdanmış
yoldan gedib-gəlmək faydasızdır".
Aydın olur ki, dahi şairimiz təqlidi,
yamsılamağı əsil sənətin təbiətinə
zidd xüsusiyyət kimi pisləmiş, təqlidlə məşğul
olan şairlərin işini faydasız hesab etmişdir.
"Şairin
eşqi" məqaləsində "Sənətin
böyük bir düşməni var: yamsılamaq" - deyən
S.Vurğun da sələfi kimi sənətin
böyüklüyünü özünəməxsusluqda
görmüş, təqlidçiləri, başqasının
fikirlərini oğurlayanı şərəfli sənətkar
adına daşımağa layiq bilməmişdir.
Bu da məlumdur ki, həm Füzuli, həm də
S.Vurğun hələ sağlıqlarında inların özlərini
təqlid edən "mədəni oğrulara"
(S.Vurğun) rast gəlmiş və onları kəskin surətdə
tənqid eləmişlər. Füzuli qitələrinin birində
onu yamsılayan müddəini "zatı mükəddər",
"əlfazı namərbut" kimi təhqiramiz sözlərlə
damğalamış, söz meydanında onun cövlan etməsini
ağacdan atı olan yalançı pəhləvanın
gülünc gərdişinə bənzətmişdir:
Müddəi eylər mənə
təqlid nəzmü, nəsrdə,
Leyk namərbut
əlfazü mükəddər zatı var.
Pəhləvanlar badpalar səgridəndə
hər yana,
Tifl həm
cövlan edər, amma ağacdan atı var.
"Dərman
verin" şeirində S.Vurğun da ondan qucaq-qucaq söz
oğurlayan "dostlara" - təqlidçilərə, mədəni
oğrulara "arsız paxıllar" sözü ilə
tarixi damğa vurmuşdur:
Məni candan usandıran
arsız paxıllar,
Rəzalətlə
yaşamaqdan heç usanmasın.
Qucaq-qucaq oğurlasın
sözümü "dostlar",
Barı sənət
qüdrətimi onlar danmasın.
Bununla belə,
nə Füzuli, nə də S.Vurğun orijinallığı
heç vaxt "istəkdən", sənətkarın
özündən aslı bir keyfiyyət kimi başa
düşülməmişdir. Hər iki
şairə görə, orijinal sənət yaratmaq hər qələm
sahibinə aid deyildir. Təqlidçilər,
mədəni oğrular məhz orijinal əsər yarada bilmədiklərnə
görə təqlidlə, "kopiyaçılıqla" məşğul
olurlar. Orijinallıq ən əvvəl
istedadın məhsuludur. Füzuli farsca divanın müqəddiməsində
yazmışdır: "Aydın məsələdir ki,
şeir elmin müstəqil bir növüdür, həm də
mötəbər bir növüdür və kamalın mötəbər
növlərindən biridir". Sözün, sənətin dərəcəsinin
məhz müəllifin istedadının dərəcəsindən
asılı olduğunu Füzuli "söz" qəzəlinin
aşağıdakı misrasında yığcam şəkildə
ifadə etmişdir:
Kim nə
miqdar olsa, əhlin eylər ol miqdar söz.
Füzuli,
eyni zamanda, dövrünün istedad sahiblərinin
acınacaqlı vəziyyətdə olduqlarını da
göstərmişdir. O, ərbabi-istedadların",
"söz bilənlərin" qədrdən düşmələrindən,
qiymətsiz olduqlarından istər lirik, istərsə də
epik əsərlərində dönə-dönə bəhs
etmişdir. İstedadsızların hörmət və izzət
yiyəsi olduqları bir dövranın istedad sahiblərinə
düşmən münasibətini şair qəzəllərinin
birində həyəcan və təəssüflə qələmə
almışdır:
Ey Füzuli, müttəsil
dövran müxalifdir mana,
Qaliba ərbabi-istedadı
dövran istəməz.
Başqa
bir qəzəlində: "Söz bilənlər, ey
Füzuli, qədrü qiymətdən düşüb" -
deyən şair "Leyli və Məcnun" poemasının
müqəddiməsində, qitələrində, bəzi əsərlərində
dövründə "gülə xar, lələ xarə"
deyilməsindən yanıqlı şəkildə şikayətlənmişdir.
Ədəbi ənənə - köhnə ədəbi
hadisə ilə yeni ədəbi hadisə arasında
ardıcıl varislik əlaqəsi, bir və ya bir neçə
yazıçının ədəbi
yaradıcılığının sonrakı
yazıçılar tərəfindən öyrənilən və
inkişaf etdirilən ideya-sənətkarlıq xüsusiyyətləridir. Başqa
sözlə desək, ənənə - keçmiş
dövrlər incəsənətinin ideya-estetik nailiyyətlərinin
tarixi vərəsiliyidir.
Biz həmin fikri - "vərəsəlik əlaqəsini"
məhdud milli çərçivədə deyil, ümumbəşəri
miqyasda başa düşməliyik. Həqiqətdə də
C.Cabbarlı, S.Vurğun və başqa yazıçılar Azərbaycan
ədəbi irsi ilə yanaşı, dünya ədəbiyyatının
V.Şekspir, A.S.Puşkin, F.Şiller, M.Qorki kimi bir çox nəhəng
yaradıcı adamlarının son dərəcə zəngin
bədii-estetik irsindən öyrənmiş, onların tarixi vərəsəliyini
yaradıcı şəkildə qəbul etmişlər.
Həm
Füzuliyə, həm də S.Vurğuna görə, orijinal əsər
yaratmaq üçün fitri istedad əsas şərtdir, lakin
yeganə şərt deyil. Hər iki şairin sənət
haqqında fikirləri ilə yaxından tanış
olduqda, məlum olur ki, onlar yüksək şeir nümunəsini
məhz istedadla zəhmətin məhsulu hesab etmişlər. Yaradıcılıq zəhməti, kəşfetmə,
axtarış əzabı olmadan kamil əsər meydana
çıxarmaq mümkün deyil. Füzuli
sənətkarın çəkəcəyi zəhməti,
yaradıcılıq prosesinin iki istiqamətdə müəyyənləşdirir.
Birincisi, hər bir yeni başlayan
yazıçı özündən əvvəlki sənətkarların
bütün əsərlərini bilməlidir ki, təkrara yol
verməsin. Bu barədə şair fars
divanının müqəddiməsində
yazmışdır: "Məndən əvvəl gələn
şairlərin hamısı yüksək istedadlı, dərin
düşüncəli insanlar olmuşlar. Qəzəl
üslubuna yarayan hər gözəl ibarəni, incə məzmunu
öylə işləmişlər ki, ortada bir şey
qalmamışdır. Bir insan onların
bütün yazdıqlarını bilməlidir ki,
çalışıb vücudə gətirdiyi əsərlərdə
özündən əvvəl söylənən mənalar
olmasın".
İkincisi, sənətkar öz əsəri üzərində
ciddi sürətdə və uzun müddət işləməlidir. Əks təqdirdə,
geniş oxucu kütləsinin rəğbətini qazanan orijinal
sənət əsəri yaratmaq müvəffəq ola bilməz. Füzuli adını çəkdiyimiz
əsərində bu barədə belə deyir: "Elə
zamanlar olmuşdur ki, gecə sabaha qədər yuxusuz qalmaq zəhərini
dadıb bağrımın qanı ilə bir məzmun
tapıb yazmışam. Sabah olanda başqa
şairlərə təvalüdə
düşdüyünü görüb yazdıqlarımın
üsütündən qələm çəkmişəm.
Elə zamanalr da olmuşdur ki, səhərdən
axşama qədər düşüncə dəryasına
dalıb şeir almazı ilə heç kəs tərəfindən
söylənməmiş inci demişəm".
Bu misaldan aydın olur ki, şair özü əsərləri
üzərində dönə-dönə işləyir və
onların orijina olması üçün böyük əmək
sərf edirmiş.
"Əbədiyyət bağçasında bir ağac
əkib onun kölgəsində əbədi yaşamaq" istəyən
bir sənətkar üçün təbii olan belə gərgin
yaradıclıq prosesi, kamil sənət naminə çəkilən
ağır zəhmət S.Vurğun üçün də
xarakterik idi.
Neftin hansı təbəqədə olduğunu kəşf etməkdən
həmin neftçinin mənəviyyatını kəşf
etməyi daha çətin iş hesab edən S.Vurğun sənətkar
ömrünün məzmununu ürək kimi gecəli-gündüzlü
çalışmaqda, işləməkdə görür. Bədii yaradıcılığı kəşfetmə
sənəti hesab edən şair qeyd edirdi ki, hər kəşf
üçün zəhmət və yuxusuz gecələr tələb
olunur.
S.Vurğuna görə sənətkar zəhməti
axtarış xarakteri daşımalıdır. Sənətkar
dövrün nəbzini tutmalı, zaman və insanlarla
ayaqlaşmalıdır. Sənətin
orijinallığı məhz həyat həqiqətini, cəmiyyətin
idealarını dolğun əks etdirməsindən doğur.
Belə sənət isə müəllifdən
istedaddan başqa, gərgin axtarış, zəhmət tələb
edir. Təsadüfi deyil ki, S.Vurğun
"Aygün" poemasında "Axtarış borcudur
şair olanın" yazmışdır. O, özünün məşhur
"Şair, nə tez qocaldın sən" şeirində sənətkar
ömrünün şərəfli və gərgin zəhmət
prosesində, axtarış əzablarında keçdiyini nə
qədər gözəl ifadə etmişdir:
Nemətsə də gözəl
şeir,
Şair olan qəm
də yeyir.
Ömür keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir
deyir:
Saçlarına
düşən bu dən?
Şair nə tez qocaldın
sən!?
Maraqlıdır ki, Hindistan hökdarı
Nizamülmülkə təqdim etdiyi bir qəsidəsində
Füzuli də S.Vurğun kimi tez qocalmasından bədii şəkildə
bəhs etmişdir.
Elmi əsas,
məzmun və formanın vəhdəti, məna
dolğunluğu, bədii təsir, zəngin dil və s. belə
bədii əsərlərin əsas xüsusiyyətləri
omalıdır. Füzuli divanının müqəddiməsində
yazır: "Zira ki, elmsiz şeir əsası yox divar olur və
əsasız divar ğayətdə bietibar olur. Şeirimin
kütbəsinin elm zinətindən xali olmasını
nöqsan sayıb, elmsiz şeirdən ruhsuz bədən kimi
ikrah etdim və bir müddət həyatımı nəqli və
əqli eləmləri öyrənməyə sərf
etdim".
Şeirin, sənətin bünövrəsini elmdən
ibarət bilən Füzuli, məlumdur ki, dövrünün
bütün elmlərinə bələd olmuşdur. Biz Füzulini
təkcə lirik şair kimi deyil, müdrik filosof kimi də
tanıyırıq.
Öz
növbəsində, elmi sənəti əsrlər boyu
yaşada bilən əsas amil kimi qəbul etdiyindəndir ki,
S.Vurğun yazır: Siz bilirsiniz ki, fəlsəfi
düşünüş, həyat və tarixə, hadisəyə
və insan taleyinə arifanə baxış, Loğman
baxış bizim Nizami, Füzuli, Vaqif sənətinin daima qəlbi
və canı olmuşdur. Ona görə də
onların əsərləri əsrlərcə yaşayır
və yaşayacaqdır".
Bədii əsərin məzmunu və forması
haqqında, məlumdur ki, tarix boyu yaşamış sənətkarların
müxtəlif qənaətləri olmuşdur. O da məlumdur ki, milli ədəbiyyatımızın
bütün grkəmli nümayəndələri bədii əsərin
məzmununa, mənasına birinci dərəcəli əhəmiyyət
vermişlər. Füzuli də öz əsərlərində
forma və məzmundan bəhs etmiş,
üstünlüyü məzmuna vermişdir. Dahi şairimizə görə, əsil məsələ
mənada, məzmundadır, formada deyildir. O,
"Ənüsül-qəlb" əsərində qələm
sahiblərinə xitabən yazır: "Ey sözləri
gözəlləşdirən, ziynət verən, sən allah, onu mərifət palatrından məhrum
edib çılpaq qoyma. Söz və səslə qənaətlənməyib
məna feyzi əldə et".
Şairin
"sözdən", ilk növbədə, dərin məzmun,
zəngin fikir, yığcamlıq tələb etdiyi
"söz" qəzəlində də öz əksini
tapmışdır:
Xazini-gəncineyi-əsrardır
hərdəm çəkər,
Rişteyi-izharə min-min
gövhəri-əsrar söz
Olmaya ğəvvasi-bəhri-mərifət
arif degil
Kim, sədəf
tərkibi-təndir, lölöi-şəhvar-söz.
Məzmun və formaya bu ənənəvi münasibət
S.Vurğun üçün də xarakterikdir. Xalq şairimizin
"Böyük sənət əsərləri
uğrunda" məqaləsində oxuyuruq: "Müxtəlif
əsərlərdə, müxtəlif ölkələrdə,
müxtəlif tarixi şəraitdə yaranan hər bir həqiqi
ədəbiyyatın əsil ruhu, əsil gözəlliyi onun məna
gözəlliyi olmuşdur. Hər böyük ədəbiyyat
böyük mənalar ədəbiyyatıdır. Yaşayan vəzn və qafiyə deyil, mənadır".
Özünün məna gözəlliyi pərəstişkarı
olduğunu bildirən şair "sənət və
yaradıcılıq, hər şeydən əvvəl, məna
deməkdir, məna gözəlliyi əbədi gözəllikdir"
fikrini istər məqalələrində, istərsə də
şeirlərində tez-tez təkrar edir və Füzuli kimi
öz müasirlərini "mənalar ədəbiyyatı"
yaratmağa çağırırdı. "Əsrimiz
böyük mənalar əsridir. Belə əsrin
ədəbiyyatı da mənalar ədəbiyyatı
olmalıdır".
Bununla belə, hər iki şairimiz formaya əhəmiyyətsiz
bir şərt kimi baxmamışdır. Füzulinin divavnının
dibaçəsində qəzəl janrının müsbət
xüsusiyyətlərində bəhs edib "Qəzəldir
güli-bustani hünər" - deməsi, qəsidəyə
üsütünlük verməsi, məzmuna müvafiq vəzn
bəhri seçməsi məhzformaya da mühüm əhəmiyyət
verməsi ilə bağlıdır.
Ardı var
Sərvər ŞİRİNOV
AMEA Rəyasət Heyəti aparatı
İctimaiyyətlə əlaqələr
şöbəsinin əməkdaşı
Olaylar.- 2018.- 26
oktyabr.- S.14.