Regional Proqramlar səhiyyə
sahəsinin
inkişafına təkan verib
Dövlət Proqramları çərçivəsində
bölgələrdə yeni səhiyyə müəssisələri
tikilib istifadəyə verilib
2004-cü ildən etibarən ölkədə
uğurla həyata keçirilən Regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramları bütün sahələrdə
inkişaf və tərəqqiyə gətirib
çıxardı. İstər iqtisadi, istər sosial, istərsə
də mədəni sahələrdə, eləcə də təhsil
və səhiyyə sahələrində Dövlət
Proqramlarının uğurlu icrası nəticəsində
kifayət qədər işlər görüldü, tədbirlər
həyata keçirildi. Regionlarda son 15 il ərzində tikilib
istifadəyə verilən səhiyyə ocaqlarının
fonunda bunu aydın görmək mümkündür. Qeyd etmək
lazımdır ki, indiyə qədər icra edilən hər
üç Dövlət Proqramı çərçivəsində
respublikanın regionlarında onlarla səhiyyə müəssisəsi
tikilib istifadəyə verilib, bir çoxları təmir edilərək
müasir avadanlıqlarla təmin edilib. Bütün bunlar
heç şübhəsiz ki, nəticə etibarilə ölkədə
səhiyyənin inkişafına gətirib
çıxarıb.
Ümumiyyətlə,
ötən illər ərzində Regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramları, həmçinin Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan Respublikasında sosial-iqtisadi
inkişafın sürətləndirilməsi tədbirləri
haqqında" - 2 - məlum Fərmanı səhiyyənin
inkişafına böyük təkan verib və geniş
imkanlar yaradıb. Təsdiq olunmuş Dövlət
Proqramına əsasən müasir səhiyyə obyektlərinin
tikintisi Regionların sosial-iqtisadi inkişafına dair ikinci
Dövlət Proqramının icrası müddətində də
davam edib. Xüsusilə, ikinci Dövlət Proqramının
icrasının birinci ilində, 2009-cu ildə səhiyyə
müəssisələrinin tikintisi
daha yüksək templə davam etdirilib və 60-dan
artıq tibb müəssisəsinin tikintisi, əsaslı təmiri
və yenidən qurulması işləri həyata
keçirilib. Bunların sırasında Respublika Talassemiya Mərkəzi,
Milli Oftalmologiya Mərkəzi, Respublika Perinatal Mərkəzi,
Yevlax rayon 25 çarpayılıq uşaq xəstəxanası,
Hacıqabul Uşaq Tibb Mərkəzi, Göygöl Rayon Mərkəzi
Xəstəxanası, Naxçıvan şəhərində
Respublikası Doğum Mərkəzi və Şahbuz rayon Mərkəzi
Xəstəxanasının istifadəyə verilməsini
göstərə bilərik.
Eləcə
də Şəki rayonunda 100 çarpayılıq xəstəxananın
təməlqoyma mərasimi keçirilib ki, həmin mərasimdə
də Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev şəxsən iştirak edib. Səhiyyənin
prioritet sahələri üzrə qəbul edilmiş Dövlət
Proqramlarında nəzərdə tutulmuş tədbirlər də
yüksək səviyyədə həyata keçirilib. Bu
proqramların reallaşması üçün dövlət
büdcəsindən 2008-ci ildə 47,5 milyon manat, 2009-cu ildə
isə 49,9 milyon manat xərclənib. Ana və uşaqların
sağlamlığının qorunması dövlət
proqramı çərçivəsində nəzərdə
tutulmuş 7 perinatal mərkəzdən 4-ü (Bakı,
Naxçıvan, Gəncə, Lənkəran) artıq istifadəyə
verilib.
Dövlət
Proqramının icrası müdddətində 2009-cu ildə
respublikanın şəhər və rayonlarında qeydiyyatda
olan bütün şəkərli diabet xəstələrinə
pulsuz olaraq özünənəzarət vasitələri olan
qlükometrlər və dərman preparatları verilib. Son illər
ərzində qan xidmətinin inkişafına dövlət səviyyəsində
yüksək diqqət yetirilir. "Qanın, qan komponentlərinin
donorluğu və qan xidmətinin inkişafına dair Dövlət
Proqramı" çərçivəsində qan xidməti
müəssisələri qan torbaları, qanı yoxlamaq
üçün reaktivlərlə təmin olunub. Görülən
tədbirlər nəticəsində tədarük olunan qan və
onun komponentlərinin miqdarı xeyli artıb.
Ümumiyyətlə,
aparılan tədbirlər, yəni tibb müəssisələrinin
maddi-texniki bazasının gücləndirilməsi, onların
müasir tibb avadanlığı, dərman, sarğı
materialları və ərzaqla təminatının
yaxşılaşdırılması və idarəetmə
sisteminin təkmilləşdirilməsi nəticəsində xəstəxana
çarpayılarının işinin səmərəsi
artıb. Əgər 2003-ci ildə hər çarpayı il ərzində
82 gün işləyibsə, 2009-cu ildə bu rəqəm
175,1-yə bərabər olub. Beləliklə, bu illər ərzində
çarpayıların fəaliyyətinin səmərəlilik
göstəricisi 2 dəfədən də yuxarı artıb.
Dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi
və təhlükəsizliyi üzərində dövlət
nəzarətinin və həmçinin əczaçılıq
bazarı iştirakçılarının fəaliyyətlərini
müvafiq normativ-hüquqi sənədlərin tələblərinə
uyğun həyata keçirilməsinə nəzarətin daha
da gücləndirilməsi istiqamətində iş aparılıb.
Ümumilikdə respublika üzrə 654 aptekə baxış
keçirilib, 52 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi
aşkarlanıb və onların fəaliyyətləri
dayandırılıb.
Əminliklə
deyə bilərik ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman
və sərəncamlarından, onun ölkə səhiyyəsində
islahatlar aparılmasının zəruriliyi barədə
göstərişindən, müəyyənləşdirdiyi
prioritetlərdən, həmçinin qəbul edilmiş
üç Dövlət Proqramının uğurlu
icrasından çıxış edərək deyə bilərik
ki, bu gün respublikanın səhiyyə sistemində yeniləşmə
gedir. Səhiyyə sistemində ab-havanın
sağlamlaşdırılması, əhaliyə göstərilən
tibbi xidmətin yüksək səviyyəyə
qaldırılması, dağıdılmış sistemin daha
yüksək səviyyədə yenidən bərpası,
korrupsiya ilə mübarizə, səhiyyə müəssisələrində
təmir, tikinti və abadlaşdırma, saxta dərmanlarla
mübarizə və digər məsələlər
görülən işlərin başlıca istiqamətlərini
təşkil edir. İldən-ilə səhiyyəyə
ayrılan büdcə vəsaiti artırılır.
2003-cü ildə səhiyyə ehtiyaclarına 69,0 milyon manat
ayrılmışdırsa, 2008-ci ildə bu rəqəm 557.8
milyon manat olub ki, bu da son beş ildə səhiyyənin
büdcəsinin 8 dəfə artması deməkdir. 2007-ci illə
müqayisədə 2008-ci ildə səhiyyənin büdcəsi
20 faiz artıb. Səhiyyəyə ayrılan maliyyə vəsaitinin
səmərəli istifadə edilməsi məqsədilə
tam gücü ilə işləməyən, özünü
doğrultmayan, binaları bərbad vəziyyətdə olan,
köhnəlmiş və yararsız cihaz və avadanlıqla təchiz
olunub, əhaliyə tibbi yardımın göstərilməsində
elə bir rolu olmayan tibb müəssisələrinin bir hissəsinin
ixtisar edilməsi, çarpayı fondunun azaldılması və
strukturunun optimallaşdırılması istiqamətində tədbirlər
həyata keçirilib.
Ana və
uşaqların sağlamlığının qorunması
dövlətin ən vacib, prioritet sahələrindən biridir
və bu məqsədlə respublikanın 7 şəhər və
rayonunda (Bakı, Naxçıvan, Gəncə, Şəki,
Quba, Lənkəran, Sabirabad) perinatal mərkəzlərin
yaradılması və onların ən müasir
avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulub.
Artıq Gəncə şəhərində ən müasir
avadanlıqla təchiz olunmuş Perinatal Mərkəz bu
günlərdə açılaraq istifadəyə verilib. Bundan
başqa Dövlət Proqramı çərçivəsində
regionlarda doğuşayardım xidmətini gücləndirmək
və nəzarəti artırmaq məqsədi ilə 14
"zona mərkəzi" təşkil edilib.
Dövlət
Proqramının icrasına başlandıqdan sonra onkoloji xəstələrin
şiş əleyhinə preparatlarla təminatında uzun illərdən
bəri mövcud olan problem aradan qaldırılıb.
Görülən tədbirlər nəticəsində onkoloji
xəstəliklərin aşkarlanması işi
yaxşılaşıb və bununla bərabər bu xəstəliklərdən
ölüm azalıb. Xroniki böyrək
çatışmazlığından əziyyət çəkən
insanların hemodializ müalicəsi ilə təmin
olunması son illər səhiyyənin qarşısında
duran ən çətin problemlərdən biri idi. Bu problem də
ölkə Prezidentinin qayğı və diqqəti nəticəsində
öz həllini tapıb. Hazırda Respublikada 16 dializ mərkəzi
fəaliyyət göstərir. Xroniki böyrək
çatışmazlığından əziyyət çəkən
1200-ə yaxın xəstə dövlət hesabına
hemodializ seansları və müvafiq dərman vasitələri
ilə tam həcmdə pulsuz təmin olunur. Naxçıvan, Gəncə,
Siyəzən, Şirvan, Lənkəran, Qazax, Zaqatala və Qəbələ
şəhərlərində hemodializ mərkəzləri
istifadəyə verilib.
Nəqliyyat
vasitələrinin sayının çoxalması, avtomobil
yollarında hərəkətin intensivliyinin artması nəticəsində
son illərdə yol-nəqliyyat hadisələrinin, bu hadisələr
zamanı ağır travmaların və ölüm
hallarının sayı durmadan artır. Yollarda avtomobil qəzaları
zamanı zərərçəkmişlərə tibbi
yardımın vaxtında göstərilməsi, bununla da
ölüm hallarının və travmadan sonrakı şikəstliyin
azaldılması məqsədi ilə Nazirliyin Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 12
regional məntəqəsi yaradılıb və hazırda
onlar uğurla fəaliyyət göstərirlər.
Regionların
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının uğurlu icrası nəticəsində əhaliyə
göstərilən təcili və təxirəsalınmaz
tibbi yardımın keyfiyyətinin və səmərəliliyinin
artırılması məqsədi ilə Respublika Prezidentinin
Sərəncamı ilə ayrılmış vəsait
hesabına müasir tibb avadanlıqları ilə təchiz
olunub 150 ədəd "Mercedes" markalı avtomaşın
alınıb və Bakı şəhərinin təcili
yardım xidmətinin parkı yeniləşdirilib. Bu işin
davamı olaraq cari ilin dekabr ayında Gəncə, Sumqayıt,
Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki
və Naftalan şəhərlərinə həmin markalı
daha 40 avtomaşın verilib. Ölkə Prezidentinin Sərəncamına
əsasən, təcili və təxitəsalınmaz tibbi
yardım xidmətində çalışan işçilərin
vəzifə maaşları 2 dəfə artırılıb.
Bu illər ərzində əhalinin və tibb müəssisələrinin
dərman preparatları ilə təminatı da
yaxşılaşıb. Səhiyyə Nazirliyinin əmri ilə
ən vacib dərman preparatlarının siyahısı təsdiq
edilmiş və ilbə-il bu preparatların sayı və
çeşidi genişləndirilir. Uzun illər ərzində
tibb müəssisələrinin böyük əksəriyyətində
müasir tələblərə cavab verməyən
avadanlıqlardan istifadə olunurdu ki, bu da öz növbəsində
müalicə-diaqnostika prosesinin təşkilinə mənfi təsir
göstərirdi. Son illər bu vəziyyət kökündən
dəyişib. Səhiyyə Nazirliyi bu istiqamətdə siyasətini
ən müasir, bu günün və sabahın tələblərinə
cavab verən cihaz və avadanlıqların alınmasına
yönəldib. Yeni tikilmiş və təmir olunmuş tibb
müəssisələri ən müasir tibbi texnika və
avadanlıqla təmin olunur. Uzun illər ərzində xəstəxanalarda
müalicə olunan xəstələrin yeməklə təminatı
yox dərəcəsində idi. Xəstələrin
qidalanması, ərzaq mallarına ayrılan büdcə vəsaitlərinin
daha səmərəli istifadə edilməsinə nəzarətin
təmin edilməsi, eləcə də səhiyyə
resurslarının kooperasiyası məqsədilə Səhiyyə
Nazirliyi tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş
qaydada alınması, xörəklərin hazırlanması və
hazır məhsulların istifadə yerlərinə
çatdırılması təşkil edilib. Bu da xəstələrin
qidalanmasında olan problemlərin aradan qaldırılmasına
əhəmiyyətli təsir göstərib. Aparılan tədbirlər,
yəni tibb müəssisələrinin maddi-texniki
bazasının gücləndirilməsi, onların müasir
tibb avadanlığı, dərman, sarğı materialları
və ərzaqla təminatının
yaxşılaşdırılması və idarəetmə
sisteminin təkmilləşdirilməsi nəticəsində xəstəxana
çarpayılarının işinin səmərəsi
artıb. Əgər 2003-ci ildə hər çarpayı il ərzində
82 gün işləyibsə, 2008-ci ildə bu rəqəm
172-yə bərabər olub. Beləliklə, bu illər ərzində
çarpayıların fəaliyyətinin səmərəlilik
göstəricisi 2 dəfədən də yuxarı artıb
ki, bu da Azərbaycan səhiyyəsinin tarixində ilk dəfə
qeyd olunur.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2018.- 26 oktyabr.- S.15.