Füzuli ilə Səməd

Vurğunu nə birləşdirirdi?

 

S.Vurğun da "bədii əsərin məzmunu müəyyən mənada formadan asılıdır". Yazaraq forma və məzmunun vəhdəti prinsipini irəli sürmüş və öz fikrini obrazlı şəkildə belə ifadə eləmişdir: "Sənətin məna üfüqləri sonsuz olduğundn onun formaları da sonsuz və heç bir maniəyə, hüdud çərçivəsinə sığışa bilməz".

"Bakının dastanı" poemasından misal gətirəcəyimiz aşağıdakı misralar forma və məzmunun vəhdəti prinsipinə, "məzmun müəyyən mənada formadan asılı" olmasına S.Vurğunun ciddi riayət etməsini göstərir:

 

            Dəyişirəm vəzni qəsdən,

            Yüngülləşsin yaman xəbər....

 

Əlbəttə, bədii əsərin forma və məzmun vəhdəti onun təsir məsələsi ilə bağlıdır. Bütün bədii vasitələr, şərtlər kimi bu da əsərin daha təsirli olmasına, bədii cəhətdən daha qüvvətli olmasına xidmət edir. Hər iki şairimiz əsərin bədii təsirini onun əsas, yüksək keyfiyyəti hesab edmişlər. Sənətdə, şeirdə ölünü diriltmək qüdrəti olduğunu söyləyən Füzuli "Leyli və Məcnun"un müqəddiməsində qeyd edir ki, şeir "Leyli kimi qəlb ovlayan", "Məcnun kimi ürək dağlayan" olmalıdır. "Padşahi-mülk" qitəsində sözün fatehliyini sultanların fatehliyindən üstün hesab edərək yazır:

 

            Gör nə sultanəm məni-dərviş kimi, feyzi-süxən

            Eyləmiş iqbalimi asari-nüsrət məzhəri.

            Hər sözüm bir pəhləvandır kim, bulub təyidi-həqq,

            Əzm qıldıqda tutar tədric ilə bəhrü bəri.

            Payimal etməz onu asibi-dövri-ruzigar.

            Eyləməz təsir ona dövrani-çərxi-çənbəri.

 

S.Vurğun əsərin bədii təsiri, onun estetik və tərbiyəvi əhəmiyyəti haqqında yazmışdır: "Lirika öz nəğməsini oxuduqdan sonra o saat uçub gedən gəldi-gedər quşlara bənzəməməlidir. Lirik şeir, mahnı insanın qəlbini dilə gətirməli, onun qəlbində yuva salmalı və zümrüd quşu kimi onu isindirməli, zəhmətdə, mübarizdə, kədərli və nəşəli dəqiqələrdə insana yoldaş olmalı, onda nəcib hislər oyatmalı və beləliklə də, insanı yüksəltməli, onu daha güclü, daha ağıllı və mənəvi cəhətdən zəngin etməlidir".

Aydın olur ki, S.Vurğun da Füzuli kimi əsərin qəlb ovlayan olmasını, könüllər mülkünü fəth edə bilməsini onun əsas şərti hesab etmişdir. Füzuliyə görə, "əmvatı ehya edən-ölünü dirildən" söz sənəti S.Vurğuna görə də eyni hünərə, müsbət keyfiyyətə malikdir.

            Əzəldən belədir sözün hünəri.

            O, daşa dil verir, torpağa qanad.

 

Heç şübhəsiz, hər iki şairimiz "söz" deyəndə bədii sözü nəzərdə tuturlar. Yalnız bədii cəhətdən qüvvətli olan söz "ölünü dirildə" bilər, habelə, daşa-torpağa həyat verə bilər. Söz dilin vahididir, deməli, söhbət bədii dildən gedir.

Fikrimizcə, Füzuli və S.Vurğun bədii dili ədəbi-bədii dil tariximizin yüksək, zəngin mərhələlərindəndir. Yuxarıda qeyd elədiyimiz kimi, "Leyli və Məcnun" poemasında Füzuli "Bir dövrdəyəm ki, nəzm olub xar" deyərək dövründə şeirin, sənətin heç bir qiymətə malik olmamasından şikayətlənmiş və yazmışdır:

 

            Mən müntəzirəm verəm rəvacın,

            Bimar isə eyləyim əlacın.        

 

"Bimar" olan şeirə əlac etmək istəyən şair qarşısında bir sıra problemlər dururdu. Əgər Füzuli ərəb, fars dilində yazacağı əsərlərə yalnız ideya-məzmun cəhətdən əlac eləməliydisə, ana dili olan türk dilində yazacağı əsərlərə həm də forma cəhətdən, bədii dil cəhətdən şəfaverməli idi.

 

            Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,

            Nəzm-nazik türk ləfzilə ikən düşvar olur.

 

Daha sonra:

 

            Məndən tovfiq olsa bu düşvarı asan eylərəm - deyən şair yalnız vətənpərvər və dahi sənətkarlara məxsus bir hisslə bu düşvarı asan etməyə girişmiş və öz şairlik-təbiblik vəzifəsini yüksək səviyyədə yerinə yetirərək ana dilində olan şerə rəvac vermişdir. Füzuli bədii dilimiz sahəsində hansı tədbirləri görmüşdür ki, bu dildə olan şeir ondan sonra, həqiqətən, rəvac tapmış, Füzuli davamcıları tərəfindən kütləviləşmiş və inkişaf eləmişdir? Öz əsərlrində anacaq Azərbaycan sözlərini işlətməkləmi? Xeyir. Həmin suala S.Vurğun belə cavab verir: "Məncə, yazıçının dilinin sadə olması heç də onun xalq dili olması deyil. Biz dildə xalq düşüncəsi, mənəviyyatı axtarırırq. Misal üçün, Azərbaycan şairlərindən Füzulini götürün. Məgər onun dilində ərəb-fars sözləri azmıdır? Nə üçün Füzulini 400 il bizim xalq əzbərdə oxuyur? Çünki bu şeirlərdə xalq ruhu yaşayır"

Deməli, Füzulinin bədii dili düşüncəni, ruhu, mənəviyyatı dahiyanə bir surətdə əks etdirə bildiyinə görə ədəbi-bədii dil tariximizdə əsaslı rol oynamış, yeni, zəngin bir mərhələ təşkl etmişdir.

S.Vurğunun Füzulinin dili haqqında söylədiyi həmin fikir tamamilə onun özünə aid eləmək olar. Bədii dil təriximizdə yeni, zəngin bir mərhələ olan S.Vurğunun bədii dili heç də təkcə xalqımızın danışıq dilindən ibarət deyildir. Bəs nə üçün S.Vurğun şeirləri xalqımızın dilində şərqi kimi əzbər söylənilir? Çünki S.Vurğun da bədii dili məhz xalqımızın ruhunu, mənəviyyatını, düşüncəsini bütün dolğunluğu ilə əks etdirə bilən bir dildir.

Söz Füzuliyə görə "xazini-gəncineyi-əsrar"dır. Deməli, sənətkar, ilk növbədə, psixoloq olmalıdır. O, insanın sirli, daxili, mənəvi aləminə bələd olmalıdır. Hər bir insanın sirli, daxili, mənəvi xəzinəsi vardır. Deməli, oxucu psixoloq yazıçının əsərlərində danışdığı sözləri deyil, mənəviyyatındakı sözləri görür. Bu da əsəri ürəyə yatımlı edir.

Səməd Vurğun Nizami, Rustaveli, Puşkin, Sabir kimi böyük söz ustalarını da sevir, oxuyur, tərcümə və təbliğ edirdi. Amma Füzuli irsi, onun ədəbi-bədii yaradıcılıq maneraları, insan qəlbinin dərinliklərinə enmək bacarığı Səməd Vurğuna daha yaxın olmuş; Füzulidən öyrənmiş və bir çox hallarda Füzuli kimi hərəkət etmişdir.

 

Sərvər ŞİRİNOV                   

AMEA Rəyasət Heyəti aparatı

İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı

 

Olaylar.- 2018.- 27-29 oktyabr.- S.14.