Süleyman Sani Axundovun
yaradıcılığında hekayə
janrı
Azərbaycan
realist nəsrinin böyük
nümayəndələrindən olan
maarifpərvər yazıçı Süleyman
Sani Axundov 40 illik yaradıcılıq yolu
keçmişdir.M.F.Axundovla başlanan nəşr və dramaturgiya
yolunu davam etdirən
N.Vəzirov, Ə. Haqverdiyev, C. Məmmədquluzadə
kimİ böyük yazıçılar
sırasında Süleyman Sani
orijinal bir yer tutur. Həm ictimai, həm də ədəbi fəaliyyəti
ilə o, böyük
demokrat, yorulmaz maarifçi, istedadlı sənətkar kimi XX əsr Azərbaycan ədəbiyyatı
tarixində şöhrət qazanmışdır.
Süleyman Sani Rzaqulu bəy oğlu Axundov 1875-ci il oktyabr ayının 21 -də Şuşa şəhərində bəy ailəsində doğulmuşdur. Hələ körpə İkən atasız qalan Süleymanın təlim-tərbiyəsi. ilə dayısı, görkəmli maarif xadimi Səfərəli bəy Vəlibəyov (1861-1902) məşğul olmuşdur. Süleyman Sani 1885-ci ildə Qori müəllimlər seminariyasına daxil olmuş, burada milli, klassik rus və dünya ədəbiyyatı ilə dərindən tanışlıq onun dünyagörüşünə faydalı təsir göstərmişdir.
1894-cü ildə seminariyanı bitirən Süleyman Sani Bakıdakı III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilmişdir. Həmin ildən o, tərəqqipərvər maarifçilərlə birlikdə xalqı cəhalətdən qurtarmaq, gənc nəsli mütərəqqi ideyalarla tərbiyələndirmək işində var qüvvəsi ilə çalışmışdır. O, ədəbi-ictimai, pedaqoji fəaliyyətinin bütün dövrlərində xalq mənafeyini müdafiə etmişdir.
1906-cı ildə Bakıda çağırılan müəllimlər qurultayında fəal iştirak edən Süleyman Sani ərəb əlifbasını islah etmək üçün faydalı təşəbbüs göstərmiş, həmin qurultayda ana dilində proqram tərtib etmək üçün ayrılan komissiyaya seçilmiş, 1908-ci ildə A.Şaiq, M.Mahmudbəyov və başqa qabaqcıl maarif xadimləri ilə birlikdə Azərbaycan pedaqoji fikri tarixində mütərəqqi bir hadisə olan məşhur ”İkinci il” dərsliyini tərtib etmişdir. Dərsliyin müəllifləri yenicə oxuyub yazmağa başlayan azəri balalarına çatdırmaq istədikləri tərbiyəvi fikirləri sadə, aydın, uşaq təfəkkürünün tez dərk edə biləcəyi bir üslubda qələmə almışdılar. Bununla həm də dilimizin saflığını qoruyub saxlamışlar.
Süleyman Sani olduqca həssas, şagirdlərin qəlbinə yol tapa bilən ustad müəllim idi. Bu keyfiyyət onun geniş psixoloji, pedaqoji biliyə malik olmasından irəli gəlirdi. Bakıdakı yoxsul ailələrdən olan yüzlərlə uşaq onun dostu idi. O özünün yüksək mənəvi keyfiyyətləri, qabaqcıl fikri, ensiklopedik biliyi, ciddiliyi, səmimiliyi, tələbkarlığı ilə ictimaiyyətin dərin hörmətini qazanmışdır. Təsadüfi deyildir ki, Süleyman Saninin direktor olduğu məktəb onun adı ilə çağırılırdı.
1918-ci ildə Bakıda sovet hakimiyyəti qurulanda o, Azərbaycanda ilk maarif komissarı kimi böyük həvəslə çalışmışdır.
1920-ci il mayın 25-də Gəncə qiyamı yatırıldıqdan sonra həmin il iyun ayının əvvəlində belə bir qiyam Qarabağda baş verir. Qiyamı yatırmaq üçün ciddi tədbirlər hazırlanır. XI Ordu hissələri Qarabağa gəlir. AK(b)P MK və Azərbaycan İnqilab Komitəsi Dadaş Bünyadzadə və Çingiz İldırımı Qarabağa göndərir. Azərbaycan İnqilab Komitəsi tərəfindən göndərilən nümayəndələr sırasında Süleyman Sani də vardı.
1920-cİ ildə Qarabağ İnqilab Komitəsinin qərarı ilə Süleyman Sani bir sıra partiya və dövlət tapşırıqlarını yerinə yetirir. Həmin il avqustun 9-da Qarabağ vilayəti maarif şöbəsinə müdir təyin edilir. O, maarif işində həvəslə işləyir; Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasında fəal iştirak edir. Azərbaycanda mədəni maarif işlərinin möhkəmlənməsinə çalışır.
1922-ci ildə S. Sani M. Mahmudbəyov, S. Əbdürrəhmanzadə, F. Ağazadə, A. Şaiq, Ə. Əfəndizadə ilə birlikdə “Yeni türk (Azərbaycan – N.V.) əlifbası” dərsliyini yazır. Həmin ildə o, “Azərbaycan ədib və şairlər ittifaqı”nın sədrliyinə seçilir və ədəbi gəncliyin tərbiyələnməsi üçün böyük əmək sərf edir. 1923-cü ildən nəşrə başlayan “Maarif və mədəniyyət”, “Şərq qadını” jurnallarında dövrün tələbləri İlə səsləşən bir sıra hekayələrini çap etdirir.
S.S.Axundov Azərbaycan teatrının əlli illiyi münasibəti ilə Ə.Haqverdiyev, N.Vəzirov, T.Şahbazi, S.Qənizadə, Ə.Cəfərzadə ilə birlikdə “Azərbaycan-türk teatrosunun müxtəsər tarixçəsi”ni yazır. 1923-cü ildə Bakıda Azərnəşrin nəzdində məktəbdənkənar oxu kitabları tərtib edən komissiyanın işində fəal çalışır. Bütün bu və başqa dəlillər göstərir ki, 20-ci illərdə Süleyman Sani xalqın ictimai-mədəni inkişafı üçün böyük əmək sərf etmiş, ictimai xadim kimi xalqın etimadını qazanmışdır.
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi 1932-ci ildə Süleyman Sani Axundovun pedaqoji-ədəbi, həmçinin ictimai-mədəni fəaliyyətini nəzərə alaraq ona Əmək qəhrəmanı adı vermişdir.
Süleyman Sani Axundov 1939-cu ü mart ayının 29-da Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir.
Süleyman Saninin yaradıcılığı zəngin və çoxcəhətlidir. M.F.Axundov realist ədəbi məktəbi zəminində yetişən Süleyman Sani ictimai-bədii fikir tariximizdə hekayə ustası, görkəmli dramaturq, komedioqraf, məşhur xalq müəllimi, mədəniyyət xadimi kimi də tanınmışdır.
Süleyman Sani dramaturgiyamıza M.F.Axundovun məşhur “Hacı Qara” əsərinin təsiri ilə yaxdığı “Tamahkar” (1899) komediyası ilə gəlmişdir. Bu pyesində o, dövrün bir sıra mənfiliklərinə, o cümlədən xəsisliyə, tamahkarlığa, qadın əsarətinə qarşı çıxmış, feodal adət, ənənələrinə nifrət edən İmran, Gülzar, Şərəf xanım kimi müsbət surətlər yaradaraq, yeni nəsli həqiqətə, fədakarlığa sövq etməyə, oxucu və tamaşaçılarda gözəl həyat arzulan oyatmağa çalışmışdır.
“Tamahkar” sadə, aydın dildə yazılmış realist komediyadır, Bu əsərde müəllif gülüşün müxtəlif təsvir vasitələrindən təbii şəkildə istifadə edir. Oxucu və tamaşaçı burada yazıçının real surətlər arxasında onun müsbət idealını aydın görür.
Əsərin mənfi komik qəhrəmanı Hacı Muraddır. Dramaturqun realizminin qüvvətli cəhətlərindən biri Hacı Muradın yadda qalan səciyyəvi xüsusiyyətlərini – xəsisliyini, tamahkarlığını, qorxaqlığını, ikiüzlülüyünü, hiyləgərliyini və sair çirkin sifətlərini onun sözləri ilə hərəkətlərinin vəhdətində əks etdirməsindədir. Yazıçı, satirik obrazının mənfi, eybəcər sifətlərini nümayiş etdirib ona gülməklə kifayətlənmir, xəsisin mənfiliyini, mənəvi boşluğunu, gülünclüyünü, onun mənsub olduğu zümrəyə də şamil edir. Bu cəhəti ümumiləşdirmək üçün o, Hacı Muradla ikinci xəsis Məhərrəm bəyi qarşılaşdırır. Qarşılaşdırma prosesində hər iki mənfi tipin varlanmaq üçün bir-birinə hiylə gəlmələri, xəsis və tamahkarlıqdan, fərdiyyətçilikləri aydın nəzərə çarpır. Məsələn, Hacı Murad 18 yaşlı, gözəl, ağıllı, ismətli qızı Gül-zarı qoca Məhərrəm bəyə satmaq niyyəti ilə özü kimi heç bir təqdirəlayiq olmayan bu xəsisi aslana, tərlana, gənc və sədaqətli İmranı isə tülküyə, sara bənzədir. Dramaturq, bununla tamahkar Hacı Muradın nifrətəlayiq gülünc qayəsini, böhtançı sifətini onun öz sözləri ilə ifşa etmişdir. Müəllifin xəsislərə nifrəti onların varlanmasına şərait yaradan cəmiyyətə nifrət səviyyəsinə qalxır. Yeri gəlmişkən xatırladaq ki, Süleyman Sani ilə dostluq, yaradıcılıq əlaqələri olmuş Nəriman Nərimanov “Həftə fəryadı” adlı felyetonunda (“Həyat” qəzeti, 19 may 1906-cı il) “Tamahkar”dakı realizmin bu cəhətinə yüksək qiymət vermişdir. Yazıçı realizminin qüvvətli cəhətlərindən biri də feodal adət-ənənələrinə nifrətinin işıqlı gələcəyi olan gənclərə məhəbbətindən doğduğunu əks etdirməyə çalışmasındadır. Bu da onun mütərəqqi demokratizm humanizmi ilə bağlıdır.
1906-cı ildə Süleyman Sani burjua cəmiyyətini və əxlaqım ifşa edən kiçik formalı komediyalarını – “Dibdat bəy” və “Türk birliyi”ni yazır. Bu pyeslərdə o, duma seçkilərinə mollanəsrəddinçilər mövqeyindən baxmışdır. Hər iki komediya ilə S.S.Axundov dramaturgiyamıza ictimai-siyasi mövzu gətirmişdir.
S.Saninin bədii yaradıcılığının yeni yüksəliş mərhələsi 1920-ci illərdən başlayır. Ö, sovet dövrü Azərbaycan dramaturgiyasında ilk dramın – “Laçın yuvası” (1921) müəllifi olduğu kimi, inqilabi mövzulu pyeslər: “Çərxi-fələk” (1921), “Qaranlıqdan işığa” (1921), realist faciə – “Eşq və intiqam” (1922) və komediya janrının ilk nümunələri də – “Molla Nəsrəddin Bakıda” (1921), “Şahsənəm və Gülpəri” (1921), “Bir eşqin nəticəsi” (1922), “Yeni həyat” (1923) onun qələmindən çıxmışdır.
S.S.Axundovun Azərbaycan dramaturgiyası tarixində novatorluğu ondadır ki, o, zamanın yeni tələblərini, yeni inqilabi məsələlərini 1921 -ci ilin aprelində yazıb qurtardığı “Laçın yuvası” dramında və bir sıra başqa pyeslərində göstərə bilmişdi. Yuxarıda adlarmı çəkdiyimiz səhnə əsərlərində S.Saninin realizmi yeni keyfiyyət kəsb edir.
Bu keyfiyyətin sovet dövrü Azərbaycan ədəbiyyatında ilk nümunəsini ‘”Laçın yuvası”nda görürük. Yazıçı bu əsərində dramaturgiyamıza qəhrəmanlıq pafosu, xalq mənafeyini hər şeydən üstün tutan Cahangir kimi bir surət gətirmişdir. Akademik M.Arif “Laçın yuvası” haqqında yazır ki, bu dram, eyni zamanda, ədəbiyyatımızın böyük bir qələbəsi idi.
Əsərdə inqilabi qüvvələrin əksinqilabçılarla apardığı mübarizə barışmaz toqquşmalarla təzahür edir.
Yeniliklə köhnəliyin, sosialist şüuru ilə bəy, mülkədar şüurunun mübarizəsi əsərdə əsas konflikt kimi sakitləşməyən, hadisədən-hadisəyə gərginləşən situasiyalarda verilir. Belə barışmaz konflikti dramaturgiyamıza gətirməklə Süleyman Sani böyük bir sənətkarlıq istedadı nümayiş etdirmişdir.
“Laçın yuvası” əsərində Əmiraslan ağanın intiharı, Cahangirin ailəsinin başına gələn faciə, Cahangir üçün bir növ nikbin faciə xarakteri daşıyır ki, bu da əsərin mövzusu ilə əlaqədar olaraq Süleyman Saninin dramaturgiyamıza gətirdiyi yeni keyfiyyət idi. Dramın amalında yeniliyin köhnəliyə qalib gəlməsi əsərə nikbinlik, qəhrəmanlıq ruhu aşılayır. Bununla da Cahangirin ailə faciəsi kölgədə qalır. Bu yeniliyə zidd olan qüvvələrin faciəsinə çevrilir.
“Laçın yuvası” kamil ideya-bədii xüsusiyyətləri ilə seçilən sovet dövrü ilk Azərbaycan dramıdır. Sovet hakimiyyətinin qurulmasının ildönümü münasibəti ilə pyes yazmaq üçün elan edilən dövlət müsabiqəsində bu əsər birinci mükafata layiq görülmüşdür.
“Eşq və intiqam” əsəri beş pərdə, yeddi şəkildə realist faciədir. Əsərin mövzusu bolşevik inqilabından əvvəlki Azərbaycanda insanları fəlakətə salan vəhşi adət-ənənələrdən, mülkədar və bəylərin törətdiyi qanlı faciələrdən, gəncliyin bu müsibətlərdən xilas olmaq cəhdlərindən, onların azad məhəbbətindən, haqsızlığa qarşı mübarizə edənlərin həyatından bəhs edir.
“Eşq və intiqam” ilhamla yazılmış əsərdir. Burada surətlərin intellektual aləmi, fərdi xüsusiyyətləri əlvan realist boyalarla təsvir olunmuş, öz xarakteri, ədası, hərəkət və düşüncə tərzi ilə bir-birindən fərqlənən surətlər yaradılmışdır. Əsərdəki obrazlar canlı və dolğun verilmişlər. Faciə həm də gözəl insani sifətlərin qabarıq verilməsi baxımından 20-ci illərin dramaturgiyasında yeni hadisə idi.
S.S.Axundovun “Tənqid və təbliğ” teatrında tamaşaya qoyulan pyesləri də o dövrün tələblərinə cavab verən əsərlər idi. “Çərxi-fələk” (1921) pyesində dramaturq, istismarçı sinfin inqilabi mübarizə yolu ilə devrildiyini simvolik şəkildə əks etdirir, fəhlə sinfinin bu mübarizədə hegemonluğunu Bahadır surətində göstərməyə çalışır.
Yazıçının maraqlı pyeslərindən
biri də “İki yol” (1922) əsəridir. Pyesin konflikti
yeniliklə köhnəliyin mübarizəsi üzərində
qurulmuşdur. Əsərin qəhrəmanı
gənc ziyalı, aktyor Məmməddir.
Ö, azad, saf məhəbbətin
tərəfdarıdır, eyni zamanda teatrı kəsərli, əhəmiyyətli
tərbiyə vasitəsi hesab edir.
Ardı var...
Ədalət RƏSULOVA
Azərbaycan Milli Elmlər
Akademiyası
Nizami adına Ədəbiyyat
İnstitutunun əməkdaşı
Olaylar.- 2018.-
30 oktyabr.- S.15.