Uğur düsturu
Azərbaycan
Televiziyasındakı iş otağımda, kitab
şkafının üst qatında möhtəşəm bir
çoxcildlik var; bu, hər kitabında, hər vərəqində
müasir, müstəqil Azərbaycanın nəbzi
döyünən, qədim tariximizin, şərəfli
dövrümüzün, daha parlaq gələcəyimizin
görüş yeri, çağdaş sosial-siyasi, milli-mənəvi
dünyamızın bütövlük abidəsi, əsl
yüksəliş, intibah salnaməsi olan
"İNKİŞAF - MƏQSƏDİMİZDİR"
çoxcildliyidir. Neçə vaxtdır ki,
adında məqsədi, məramı, bütöv
strategiyası görünən bu əzəmətli kitablar
silsiləsi haqqında yazmaq, öz fikirlərimi
bölüşmək istəyirəm. Gəmiqaya,
Qobustan qayaüstü simvol-yazılarından, Orxon-Yenisey
daş kitabələrindən, Dədə Qorqud eposundan, Mahmud
Kaşğarlı "Divan"ından, Yusif Balasaqunlu
"Qutadğu-bilik"indən, Nizami Gəncəvi "Xəmsə"sindən,
Məhəmməd Füzuli "Leyli və Məcnun"undan,
Mirzə Fətəli Axundzadə traktatından, Mirzə
Ələkbər Sabir "Hophopnamə"sindən... bu
günümüzə qədər gələn zəngin milli
kitab mədəniyyəti yolumuza az-çox bələd olan
bir ziyalı kimi "İnkişaf - məqsədimizdir"
kitab-salnaməsi ilə üz-üzə dayanmağa,
düşüncələrimi dilə gətirməyə mənəvi
ehtiyac duyuram.
Tarixdə Azərbaycan xalqının böyük
dövlətlər, qüdrətli imperiyalar
yaratdığı dövrlər çox olub. Bəzən
müvəqqəti məğlubiyyətlər, dövlətçilik
yolunda boşluqlar, qırılma məqamları da olub; lakin xalqımızın
etnogenetik yaddaşında qəlibləşən, modelləşən
dövlətçilik təfəkkürü heç vaxt
susmayıb, zaman-zaman baş qaldırıb, öz
sözünü deyib, öz həqiqətlərini diktə
edib. Yadıma yüz illər əvvəl yazılan bir
cümlə düşür: "Şah İsmayıl Səfəvi
ruhun bədənə qovuşduğu kimi Təbrizə daxil
oldu". Aradakı müvəqqəti boşluqdan,
qırılmadan sonra 236 illik nəhəng, dünya miqyaslı
bir imperiyanı yaradan Şah İsmayılın 1501-ci ildə
Təbrizə daxil olmasını, Təbrizdə
özünü Şah elan etməsini, qüdrətli dövlətçilik
yolunu, böyük milli ruhu davam etdirəcək yeni bir Azərbaycan
dövlətinin əsasını qoymasını bundan gözəl
necə ifadə etmək olar! Bu bircə cümlədə
milli ruhun, milli dövlətçilik ənənəsinin,
DAVAM və İNKİŞAFIN bütöv fəlsəfəsi
əbədiləşib.
Və mən "İlham Əliyev. İnkişaf
- məqsədimizdir" çoxcildliyinə daxil olan silsilə
kitabları oxuyanda, adətən, dövrümüzün ən
böyük zirvə faktı olan müstəqil milli dövlətçiliyimizin
BƏRPASI, DAVAM və İNKİŞAF konsepsiyası, bu
ideologiyanın böyük missiyası, xilaskar fəlsəfəsi
haqqında düşünürəm. Nadir şah
Əfşarın sui-qəsd nəticəsində
ölümüylə başlayan, təxminən, 250 illik dərəbəylik,
xanlıqlar, işğallar dövründən, arada 23
aylıq Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan,
bolşevik işğalından sonra böyük dövlətçilik
RUHU üçüncü dəfə yenidən AZƏRBAYCAN BƏDƏNİNƏ
daxil olub; etnogenetik potensial imkanların müdrik səfərbərliyi
ilə yeni inkişaf, intibah mərhələsi tam
reallaşıb, tarixi gerçəkliyə çevrilib.
Çoxcildliyi oxuduqca bu obyektiv reallığın, tarixi
gerçəkliyin böyük miqyasları, bütöv mənzərəsi
ilə qarşılaşırsan, Prezident İlham Əliyevin
müstəqil Azərbaycan naminə fədakar, fenomenal fəaliyyətinin
balanslaşdırılmış, bitkin, davamlı taktika və
strategiyasına şahid olursan, vətən
qarşısında böyük vətəndaşın
layiqli xidmətləri önündə minnətdarlıq
duyğularıyla baş əyirsən.
lll
Azərbaycan xalqının, min illəri əhatə edən
müxtəlif adlı Azərbaycan dövlətlərinin
tarixi paytaxt şəhərləri çox olub. Bir vaxtlar Təbrizə,
Qəbələyə, Bərdəyə, Naxçıvana, Gəncəyə,
Şamaxıya, Qəzvinə, Bakıya... başqa neçə-neçə
ulu yurd yerlərinə paytaxtım, baş kəndim deyib
xalqımız, dövlətimiz. Ruhumuzun səmalarında,
duyğularımızın dolaylarında bu ana şəhərlərimizin
nəfəsini duyuruq, böyük tarixdən danışan səslərini
eşidirik. Sovet imperiyasının "formaca milli, məzmunca
sosialist" paradokslarıyla, min bir hiylə, məkrlə
gözdən saldığı böyük Azərbaycan
hökmdarlarının xalqın qüdrətiylə tikib
yaratdığı bu paytaxt şəhərlər millətin
maddiləşmiş varlığıdır, ümummilli
yaradıcılıq, quruculuq potensialının ortaya
qoyduğu ABİDƏ - HƏQİQƏTLƏRDİR... O da həqiqətdir
ki, çağdaş paytaxtımız Bakı üç min
illik tarixində heç vaxt indiki yüksək kəmiyyət
və keyfiyyətdə tikilməyib, dünyanın ən
gözəl şəhərlərindən birinə
çevrilməyib...
Bu duyğularla Bakının səmalarına yol
açan əzəmətli körpülərlə irəliləyirəm. Bakının tarixi
üç alov rəmzini simvollaşdıran unikal Alov qüllələrinə,
möhtəşəm Heydər Əliyev Mərkəzinə,
müasir memarlığımızın şah əsərlərindən
biri olan Dövlət Bayrağı Meydanına baxıram, son
illərdə ucaldılan bənzərsiz memarlıq və heykəltəraşlıq
abidələrini düşünürəm. Dövlət
Bayrağı Meydanından canlı yayımın ssenarisini
yazarkən rastlaşdığım qeyri-adi bir faktı, rəqəmi
xatırlayıram: Bu əzəmətli memarlıq kompleksinin
tikintisində Azərbaycanın bütün bölgələrindən,
əksər çay yataqlarından toplanan 28 milyon daşdan
istifadə olunub. 1918-ci ilin 28 mayında Azərbaycanın
İstiqlal bəyannaməsi elan olunmuş və müstəqil
Azərbaycan Xalq Cümhuriyyətinin tarix yolu
başlanmışdı; bu unudulmaz tarixi, Respublika
gününü - 28 mayı simvollaşdıran 28 MİLYON
DAŞ Azərbaycanın Dövlət Bayrağı
Meydanına, müqəddəs üçrəngli, ay-ulduzlu
bayrağımızın əbədi və enməz
ucalığına çiyin verib!
O 28 milyon DAŞın yanındaca "DAŞ
SALNAMƏ" muzey-kompleksi Azərbaycanın zəngin daş
yaddaşından soraq verir. Qəfildən dahi Azərbaycan
memarı Məhəmməd Yusif Təbrizinin 600 il əvvəl daşa həkk olunan səsini-sözünü
eşidirəm. Ustad memar altı əsr əvvəl Şəhrisəbzdə
ucaltdığı Ağsarayın kitabəsinə bu sözləri,
bu məğrur, qalib cümləni həkk etmişdi:
"Bizim GÜCÜMÜZƏ və
BÖYÜKLÜYÜMÜZƏ ŞÜBHƏ
EDİRSƏNSƏ, UCALTDIĞIMIZ BİNALARA BAX". Və mən
azad, müstəqil dövlətimin qısa vaxtda
ucaltdığı möhtəşəm, monumental güc və
böyüklük abidələrinə baxa-baxa o daşa
dönmüş susqun həqiqəti dönə-dönə
xatırlayıram, Azərbaycan ucalığına çiyin
verən 28 milyon Vətən daşının əbədi
birliyini, bütövlüyünü düşünürəm...
Mən
Bakının son illərdə ucaldılan möcüzəli
memarlıq abidələrinə, paytaxtın bir sıra nəqliyyat
problemlərini həll edən nəhəng yol
ötürücülərinə, keçid
qovşaqlarına sıravi binalar, körpülər, yəni
təkcə maddi tikinti-quruculuq işləri kimi baxa bilmirəm;
bunlar azad dövlətçiliyə malik olan xalqın qısa
bir vaxtda necə möhtəşəm işlər görə
biləcəyinin sübutları, tarixi faktlarıdır; bunlar
müstəqilliyin möcüzəli məhsulu, ZAMAN
KÖRPÜLƏRİNDƏ AZADLIĞIN ADDIMLARIDIR.
Əzəmətli
Bakı körpüləriylə irəliləyirəm,
"möcüzəli məhsul", "zaman körpülərində
azadlığın addımları" ifadələrinin
romantikası, fəlsəfəsi çəkib aparır; Azərbaycan
xalqının etnopsixologiyasında son 250 ilin faciəli
parçalanmalar, bütöv, vahid dövlətçiliyin
itirilməsi dövründə özünə yer tapan
natamamlıq sindromu, inamsızlıq kompleksi
düşündürür məni.
Tarixi
islahatlara cəhd edən Nadir şah Əfşarın
ölümüylə Azərbaycan dövlətinin süqut
etməsi, xanlıqlara, tayfa birliklərinə
parçalanması, daha sonra imperiyaların müharibələr
meydanına, İŞTAH POLİQONUNA
dönməsi, on illər, yüz illər boyu uzanan qətl və
qarətlər, xalqın ürəyinə, ruhuna dış
atan vəhşi təcavüzlər, iblisanə assimilyasiya
tor-tələləri... nəhayət ki, ümummilli
etnopsixologiyada həmin natamamlıq sindromuna, inamsızlıq
kompleksinə rəvac vermişdi, faciəli fəsadlara yol
açmışdı. Xalq ruhunun ana çöllərini bu
yad alaqlardan təmizləmək üçün böyük
oğullar böyük işlər görürdülər; Həsən
bəy Zərdabi "Əkinçi" qəzetini
yaradırdı, Mirzə Fətəli Axundzadə fəlsəfi
"Traktat"ını, məşhur komediyalarını yazırdı,
Mirzə Ələkbər Sabir "Fəxriyyə"
şeiri, bütöv "Hophopnamə" ilə qiyam
qaldırırdı, Mirzə Cəlil Məmmədquluzadə
"Molla Nəsrəddin"lə "Sizi deyib gəlmişəm"
deyə qaranlıq ürəklərin bağlı
qapılarını döyürdü, "Dəli
yığıncağı", "Anamın kitabı",
"Ölülər" faciələriylə ümummilli
düşüncənin tragik yollarında
addımlayırdı, dərd çəkirdi...
Bu məqamda
dahi dövlət və siyasət xadimi Heydər Əliyevin
ötən əsrin 70-ci illərində silsilə yubileylər,
başqa uğurlu tədbirlərlə xalqın unutdurulan
tarixi yaddaşının bərpa olunmasına necə
fədakarlıqla can atdığını, ümummilli
etnopsixologiyadakı natamamlıq sindromunun, inamsızlıq
kompleksinin aradan qaldırılması üçün necə
müdrik, uzaqgörən strateji gedişlər etdiyini dərin
minnətdarlıq hissiylə bir daha xatırlayıram. Onu da xatırlayıram ki, Heydər Əliyev
"Ən çox sevdiyiniz jurnal?" sualına "Molla Nəsrəddin"
cavabını vermişdi.
Mən
Heydər Əliyev haqqında iyirmidən artıq sənədli
filmin ssenari müəllifi və redaktoru olmuşam, onun həyatının,
xilaskar fəaliyyətinin bütöv mənzərəsini,
müxtəlif məqamlarını xırda detallarına, ilk
baxışda görünməz incəliklərinə qədər
izləmişəm və tam səmimiyyətlə deyirəm
ki, bu FENOMENİN öz xalqı üçün etdiklərinin
böyük miqyasları hələ layiqincə və
lazımınca dərk və təhlil edilməyib.
"İnkişaf
- məqsədimizdir" çoxcildliyi ilə tanış
olduqca, ürək söhbətinə qoşulduqca, yüz illərin
tragik ayrılığından sonra müstəqilliyinə,
müstəqil dövlətinə və dövlətçiliyinə
qovuşan xalqımın dinc quruculuq dühasına,
tikib-yaratmaq eşqinə, misilsiz yaradıcılıq
möcüzəsinə heyran oluram. Qəlbimdən
gələn bir səs deyir ki, xalqın etnopsixologiyasında
ara-sıra özünü göstərən natamamlıq
sindromunu, inamsızlıq kompleksini məhz belə
böyük quruculuq eşqiylə, tarixi işlər,
gerçəkləşən böyük əməllərlə
MÜALİCƏ ETMƏK, aradan qaldırmaq olar.
(Yeri gəlmişkən
onu da deyim ki, bu böyük, tarixi işlərin bütöv mənzərəsini,
miqyaslarını konseptual əsasda görmək və
göstərmək, təsvir və təqdim etmək
üçün "İnkişaf - məqsədimizdir"
çoxcildliyinin taktiki-strateji hədəfləri, milli-ideoloji
istiqamətləri, xüsusən, ilkin mənbə olaraq həmin
nəşrin ən dəqiq informativ, intellektual bazasında
yüksək estetik səviyyəli, çağdaş
standartlarla səsləşən novator ruhlu SƏNƏDLİ
teleseriala ehtiyac duyulur - S.E.)
Azərbaycan Televiziyasındakı işimlə
bağlı Azərbaycan Prezidenti İlham Əliyevin
genişmiqyaslı fəaliyyətini, xüsusilə, bölgələrimizə
səfərlərini, xalq kütlələriylə
görüşlərini daim izləyirəm. Hər dəfə
cənab Prezidentin xalqı özünə, öz
böyüklüyünə inandırmağa
çalışdığının, Azərbaycanın
tarixi dövlətçilik yaddaşını səfərbər
etməyə can atdığının şahidi olmuşam.
Son illər Bakıda tikilən körpülərin birinin
açılışında "Biz qısa vaxtda bunu tikə,
yarada bildik; biz daha böyük işlərə qadirik"
dedi. Onun çıxışlarına qulaq asanda, bu
çıxışların dəmir məntiqiylə,
yaradıcı fəlsəfəsiylə səfərbər
olanda insan ruhən yüngülləşir, özünə,
öz xalqına, öz dövlətinə daha çox
inanır; insan inanır ki, xalqının, dövlətinin
getdiyi DÜZ YOLDUR, murada qovuşacaq, mənzil başına
çatacaq yoldur. Rəhbərlə Xalqın
belə bütöv inam yolunda, real əməllər
körpüsündə birləşməsi
DÖVLƏTİN XOŞBƏXTLİYİDİR. Qədim
bir inam var: Müdriklik çox şey bilmək deyil, LAZIM
OLANLARI BİLMƏKDİR (Esxil). Bu,
müdrikliyin əsas mahiyyətidir, təməl prinsipidir.
"İnkişaf - məqsədimizdir"
çoxcildliyini oxuduqca görür və bir daha əmin
olursan ki, İlham Əliyev PREZİDENT fəaliyyətində
bu əsas mahiyyəti, bu təməl prinsipi
bütünlüklə doğruldur. O, öz xalqına, dövlətinə
lazım olanları dəqiqliklə bilən və bildiyi
üçün qətiyyətli, realist, praqmatik addımlar
atan, real iş görməyi bacaran və gördüyü
qlobal işlərlə qalib gələn müasir tipli dövlət
başçısıdır. O, Heydər Əliyev
universitetinin ən layiqli məzunu, Heydər Əliyevin
bütünlüklə AZƏRBAYCANÇILIĞI ehtiva edən
bütöv ideyalar sisteminin ən sədaqətli
daşıyıcısı və davamçısıdır.
Bu
duyğular, düşüncələrlə 600 il əvvəl daşa həkk olunan məğrur,
qalib səsi yenidən eşidirəm: "Bizim
gücümüzə və böyüklüyümüzə
şübhə edirsənsə, ucaltdığımız
binalara bax". Və bu qədim qüdrətin, əyilməz
qətiyyətin yanındaca böyük bir fərəh, dərin
bir məmnunluq hissiylə deyirəm: Müstəqil Azərbaycan
dövlətinin bu günü və gələcəyinə
inanmayanlar Bakıda, bütün respublikada cəmi son on
beş ildə tikilən nəhəng, əzəmətli
körpülərə, möhtəşəm memarlıq
komplekslərinə, əzəmətli idman saraylarına,
Olimpiya qurğularına, Bakı-Tbilisi-Ceyhan kimi əsrin
tikintilərinə, Taxtakörpü kimi qeyri-adi su
anbarlarına, kosmosu fəth edən fateh peyklərimizə
baxsınlar. Bunlar adi körpülər, saraylar,
peyklər, ixrac kəmərləri, su anbarları, memarlıq
abidələri deyil, bizdən xəbərsiz qəlbimizdə,
ruhumuzda İŞ GÖRƏN, qədim dövlətçilik
yaddaşını oyadan, səfərbər edən, bir qədər
rəmzi desəm, çağdaş dövlət müstəqilliyimizin
MÖHTƏŞƏM MODELLƏRİDİR. Bunlar xalqın əsrlər boyu ürəyində
doğulan, bəzən real işə, əmələ
çevrilməyən misilsiz, qadir və qalib
gücünün, qüdrətli potensial imkanlarının,
qurub-yaratmaq eşqinin vulkan kimi püskürən, azadlıq,
özgürlük simvolu kimi ucalan ZİRVƏ
HƏQİQƏTLƏRİDİR.
O zirvə
həqiqətləriylə üz-üzə
"İnkişaf - məqsədimizdir" çoxcildliyinin əllinci
kitabından, Prezident İlham Əliyevin Bakıda xalq qəhrəmanı
Koroğlunun abidəsinin açılış mərasimindəki
nitqindən bir neçə abzası xatırlatmaq istəyirəm:
"Koroğlu bizim xalq qəhrəmanımızdır. Koroğlu vətənpərvərlik, igidlik rəmzidir.
Bütün dövrlərdə Koroğlunun xalq
qarşısında etdiyi xidmətlər Azərbaycan
xalqının xatirəsində yaşamışdır və
bu gün də yaşayır.
... Ölkəmizin müxtəlif şəhərlərində
Koroğlunun abidələri ucaldılmışdır. Ancaq Bakıda Koroğlunun abidəsi yox idi və bu
boşluğu biz indi aradan qaldırdıq. Mən 2009-cu ildə Bakıda Koroğlunun abidəsinin
ucaldılması haqqında müvafiq sərəncam
imzalamışam. Bizim istedadlı heykəltəraşımız
Tokay Məmmədov gözəl və əzəmətli əsər
yaratmışdır. Koroğlu abidəsi
üçün müvafiq yerin seçilməsi prosesi
başlanmışdı. Mən çox
istəyirdim ki, şəhərimizin gözəl yerində
gözəl, əzəmətli abidə ucaldılsın və
bu gün biz bu tarixi hadisənin şahidiyik.
Gənc nəslin tərbiyə edilməsində
"Koroğlu" dastanı çox mühüm bir vasitədir. Gənc nəslimiz
vətənpərvərlik ruhunda böyüməli, tərbiyə
almalıdır. Müstəqil Azərbaycanın
vətəndaşları öz Vətənini, xalqını
sevməlidirlər. Koroğlu xalq içərisindən
çıxmış, xalq üçün yaşamış
gözəl insan, böyük sərkərdə, eyni zamanda,
istedadlı insan idi - həm şair, həm aşıq idi.
Koroğlu abidəsinin ucaldılması bir tərəfdən
tarixi ədaləti əks etdirir, digər tərəfdən də
Azərbaycan xalqının nə qədər böyük xalq
olduğunu əyani şəkildə göstərir.
Biz öz dahi şəxsiyyətlərimizin xatirəsinə
böyük hörmətlə yanaşırıq. Təkcə keçən il Bakıda görkəmli şəxsiyyətlərin
- Zivərbəy Əhmədbəyovun, Fikrət Əmirovun
abidəsi ucaldılmışdır. Bu gün
biz Koroğlunun abidəsinin açılışını
qeyd edirik. Yaxın gələcəkdə
Bakıda, şəhərimizin gözəl yerlərində
Babəkin, Qara Qarayevin, Bülbülün abidələri
ucaldılacaqdır. Artıq müvafiq
göstərişlər verilmişdir.
Sovet dövründə də ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə
xalqımızın görkəmli şəxsiyyətlərinin
şərəfinə abidələr
ucaldılmışdır. Bu gün bu siyasət
davam etdirilir. Bu abidələr bir daha onu
göstərir ki, Azərbaycan xalqı nə qədər
böyük, nə qədər istedadlı xalqdır, bizim nə
qədər döyük tarixi şəxsiyyətlərimiz
olubdur".
Mətnin
ruhundakı sadəlik, səmimiyyət, sosial-mədəni,
elmi-publisistik fikir aydınlığı, tarix və bu gün
miqyasında siyasi-ideoloji konseptuallıq, məqsəd, məram
aşkarlığı, əsas hədəflərin ön
plana, sanki böyüdücü şüşə altına
gətirilməsi, dönə-dönə vurğulanması,
nitqin ümumi mənzərəsində məntiqi
ardıcıllıqla əsas qayənin davam və
inkişafı göz qabağındadır; bu, Azərbaycan
xalqının milli-mənəvi zənginliyini, qüdrətli
yaradıcı ruhunu, tarixi yaddaş enerjisini, BÖYÜK və
İSTEDADLI XALQ olmasını əsaslı arqumentlərlə
vurğulayan, saf bir sevgiylə diktə və təlqin edən,
nəticə etibarı ilə kütlədə xalq, xalqda millət
oyadan MƏTNDİR; bu, Prezidentin bütün
çıxışlarında müşahidə olunan, diqqəti
cəlb edən, böyük intellekt və istedadın, həqiqi
Azərbaycan sevgisinin ortaya qoyduğu strateji bir xətt, xilaskar
bir yanaşmadır. Yeri gəlmişkən,
Prezidentin zəngin nitq mədəniyyətinin,
"İnkişaf - məqsədimizdir" çoxcildliyindəki
mətnlərin, xüsusilə, dilçi alimlərimiz,
filosoflarımız tərəfindən sistemli, fundamental elmi tədqiqatlara
cəlb olunmasının aktuallığını qeyd etməyi
özümə borc bilirəm.
Təxminən,
2500 il əvvəl dahi çin filosofu
Konfutsi deyirdi ki, bir ilə məhsul götürmək istəyirsənsə
çəltik ək, beş ilə məhsul götürmək
istəyirsənsə ağac ək, bağ sal, əbədi məhsul
götürmək istəyirsənsə insan yetişdir. "İnkişaf - məqsədimizdir"
çoxcildliyində bütöv sistem halında oxunan
çıxışların - mətnlərin ümumi mənzərəsində
İNSAN - ƏBƏDİ MƏHSUL yetişdirmək xəttinin
konseptual, strateji istiqamət kimi addım-addım irəlilədiyinə,
cəsarətli, qətiyyətli bir ümid və inamla davam və
inkişaf etdirildiyinə şahid olursan. Bu,
dövlətin xalqa verə biləcəyi ən böyük, əbədi
xeyirdir.
"Nəsimi"
filmindən maraqlı bir məqam yadıma düşür:
Əmir Teymur öz mirzə-tarixçisinə deyir: "Necə
deyirəmsə, elə yaz, bəzək-düzəksiz".
Bəli, bu həqiqətdir ki, böyük işlər görən,
epoxal uğurlara imza atan hökmdarların, dövlət
başçılarının ucuz mədhnamələrə,
kosmetik bəzək-düzəkli təriflərə
ehtiyacı olmur; böyük işlərin reallığa
çevrilmə texnologiyalarını, tarixi uğurların
yaradılış anatomiyasını, uğur düsturunu, fəlsəfəsini
açıb göstərmək kifayətdir.
Müasir,
müstəqil Azərbaycan dövlətinin uğur düsturu
haqqında danışdığım çoxcildliyin
adında çox yığcam şəkildə formulə
edilib, ehtiva olunub: "İnkişaf - məqsədimizdir".
Deyə bilərlər ki, inkişaf hər bir
dövlətin arzusu, məqsədidir. Məsələ
ondadır ki, tarixən bədnam sülh müqavilələriylə
parçalanmış, müasir dövrdə qədim
torpaqları - Qarabağ və ətraf bölgələri
işğal olunmuş çağdaş Azərbaycan
reallığında inkişafın xilaskarlıq missiyası
ön plana çıxır; bütöv, azad, demokratik
dövlət təməlçiliyi, milli özgürlük, əbədi
və dönməz müstəqillik inkişafın əsas hədəfinə,
taleyüklü strateji xəttinə çevrilir; inkişaf, təxminən,
son iki yüz əlli ilin gizli-aşkar, yaxın-uzaq imperiya tələ-təzyiqləri,
iblisanə assimilyasiya hücumları ilə yaradılan
ruhi-milli sınıqlığı, özünəinamsızlıq
kompleksini, kiçik qardaşlıq, kiçiklik sindromunu
dağıdır, ümummilli yaddaşa vurulan tarixi
yaraları sağaldır, xalqın etnogenetik potensial
imkanlarını, milli-mənəvi böyüklük və
bütövlüyünü bərpa və səfərbər
edir; inkişaf həm də "Maddi kapitaldan mənəvi
kapitala" konsepsiyasının, Azərbaycançılıq
ideologiyasının tam gerçəkləşməsinə həlledici
təkan verir, münbit zəmin, sosial-iqtisadi-siyasi baza, əlverişli
şərait yaradır; nəticə etibarı ilə
İNKİŞAF qədim və qüdrətli tarixə
söykənən 236 illik Azərbaycan Səfəvilər
dövlətinin, kiçik zaman müddətində
böyük işlər görən Azərbaycan
Əfşarlar dövlətinin, daha sonra Azərbaycan Xalq
Cümhuriyyətinin sınan, sındırılan azadlıq
yolunu, möhtəşəm mədəniyyət marafonunu
restavrasiya edir, tarixi Azərbaycan gerçəkliyini müasir
Azərbaycana qaytarır, regionda Azərbaycanın ənənəvi
liderlik haqqını bütün dünyaya yenidən
TƏSDİQ və ETİRAF etdirir. Bütün
bunlara, digər çoxsaylı nüanslara görə, deyə
bilərik ki, "İNKİŞAF -
MƏQSƏDİMİZDİR" müasir, müstəqil Azərbaycanın
əsas UĞUR DÜSTURUDUR. Prezident İlham Əliyev qədim
tarixli yeni Azərbaycan dövlətinin TALE KİTABI, daha
doğrusu, kitablar silsiləsi olan möhtəşəm
çoxcildliyə həmin adı verməklə ümummilli
strateji hədəfləri bir daha dəqiqləşdirir,
xalqı xilaskar səfərbərliklə inkişafın,
intibahın daha uca zirvələrinə, daha böyük
uğurlara doğru istiqamətləndirir. Bu,
doğma xalq, vətən, müstəqil, əbədi Azərbaycan
naminə müdrik, uzaqgörən, fədakar, fenomenal
mübarizə və qələbələr xəttidir.
Sadıq ELCANLI
Olaylar.- 2018.- 27-29 oktyabr.- S.13-14.