CAVİDLƏR
AYINDA YAZILAN YAZI
Oktyabr CAVİDLƏR AYIdır. Və mən CAVİDLƏR AYInın son günlərində “HÜSEYN CAVİD sənətinin qüdrəti” adlı monoqrafiya ilə başbaşayam. Monoqrafiyanın müəllifi hörmətli Sona xanım Vəliyevadır. Nə gizlədim, belə kitablarla tanışlıq zamanı, şair-tərcüməçi, Əməkdar incəsənət xadimi HİDAYƏTin ünlü “ÖZÜM YAZMAQ İSTƏRDİM” sözü yadıma düşür (HİDAYƏT müəllim bu sözü tərcümə etdiyi əsərlər haqqında işlədib); bir də, rəhmətlik Vaqif Səmədoğlunun “Doğuldum 1939-da. 1937-də tutuldum” misralarını düşündüm Sona xanımın kitabını vərəqlədikcə…
Soruşa bilərsiz: Niyə? – HİDAYƏT müəllimin sözü ilə bağlı məsələ aydındır – məncə, yalnız mən yox, milli düşüncəli bir çox başqa yazar, araşdırmaçı dostlar da, istərdi ki, belə əsərlər onun qələmindən çıxsın; bu, həm müəllifə halal şöhrət gətirir, mənəvi borcunu yerinə yetirmək baxımından bir şəkillənmə olur, həm də, ustad Cavidin (Cavid taleyi yaşamış başqa repressiya qurbanlarının) ruhunu şad edir; digər tərəfdən, belə əsərlər ictimai, elmi və sənət fikrimizi zənginləşdirərək, mövzu üzrə yeni bir qaynaq oluşdurur. Vaqif Səmədoğlunun misraları isə ona görə diqqətçəkicidir ki, Hüseyn Cavid haqqında yazanlar, demək olar, Cavid ömrünü adətən belə sxemləşdirib, yaxud deyəcəyim məqam(lar)a daha çox vurğu yapıb: Repressiya qurbanı Cavid, məzarı Azərbaycana köçürülən, bəraət alan, bir çox əsəri kimi öz fiziki ömrü də nakam Cavid… Bu məqamlar, əlbəttə, diqqət tələb edən, yazılmalı, araşdırılmalıdır – borcumuzdur; amma Cavidi repressiyaya uğradan səbəblər yaxud cəlladlara “səbəb” verən sənət amilləri; Cavidi yaşadan məqamlar; bütün dərinliyi, üfüqötəsi ilə Cavid ölümsüzlüyü; Cavid sənətkarlığı… Bax, məncə, xanım Vəliyeva da, məhz SƏNƏT QÜDRƏTİnə monoqrafiya həsr etməklə, bu mövzunu işləməklə, sözügedən sahədə bir boşluq yaxud yetərsizlik olduğunu fərq edib. Özü də, Cavidin sənət qüdrətini hər nə qədər ustadın əsərlərinin “niyə”si, “necə”si üzərində qursa da, yalnız bununla yetinməyib və bir qədər uzaqlara gedib; örnəyi, “Əfsanə və romantik metod”u üç bölümə ayıran xanım Vəliyeva, “N.Gəncəvinin “Leyli və Məcnun” poeması”, “M.Füzulinin “Leyli və Məcnun” poeması”, “H.Cavidin “Şeyx Sənan” faciəsi” şəklində bir sıralama ilə yanaşıb məsələyə.
Heç şübhəsiz, elmi əsər hər nə qədər müəllifin gərgin əməyinin məhsuludursa, eyni zamanda, elmi rəhbərin, rəyçilərin, opponentin, redaktorun da əməyinin təzahürlərini yansıdır, yaşadır; deməli, belə bir mövqunun müdafiəsini uyğun görən elm müəssisəi başda olmaqla, ta bu mövzu ilə maraqlanan oxuculara qədər diqqətiləri, tənqidi münasibəti də üzərinə çəkəcək, təbii. Cavid sənətinin qüdrətindən yazmaq, gəlin gizlətməyək, özlüyündə qüdrət tələb edən hadisədir, böyük məsuliyyətdir. Müəllifin əsərinə əməkdar elm xadimi və AMEA-nın müxbir üzvü olan görkəmli alim elmi redaktorluq edir, filologiya elmləri doktoru olan iki tanınmış alim rəy verirsə bu faktların özü artıq yüksək dəyərin ifadəsidir. Üstəlik, söhbət, təqribən 10 il əmək sərf edilmiş, 127 ədəbiyyata istinadən qələmə alınmış və nəfis tərtibatlı, zövqlə nəşr edilmiş kitabdan gedir. Dostlar, gəlin razılaşaq ki, Caviddən, sənətdən yazılan əsərlər məhz içi də, çölü də gözəl kitablaşdırılmalıdır – yaraşanı budur. Və indiyədək Cavid adına, Cavidşünaslıq uğrunda qələm çalmış, səhifə başlayıb, kitab bağlamış bütün əli qələmlilərə sayğımı bildirərkən, “HÜSEYN CAVİD sənətinin qüdrəti” əsərinə münasibətdə hörmətli alimimiz Kamran Əliyevlə razı olduğumu bildirmək istərdim ki, bu monoqrafiya “Cavidşünaslıqda ən yeni mərhələnin başlanğıcı”nı ifadə edir.
Özəlliklə, elmi redaktorun bu fikirlərinə diqqət çəkmək istərdim:
“…Monoqrafiyada H.Cavid şeirlərində mətn hadisəsi kimi meydana çıxan monoloq və dialoqların dramaturgiyaya keçidin hazırlıq mərhələsi kimi izahı, eyni zamanda dramaturji elementlərin poeziyaya doğru mütəşəkkil hərəkəti, xüsuilə “Azər” poemasında bunun qabarıq formada ifadəsinin şərhi bir yaradıcılıq daxilində nümunə olacaq qədər şeir və dramaturgiyanın qarşılıqlı əlaqələrinin əsas məzmununu ortaya çıxarır. H. Cavid yaradıcılığındakı janr müxtəlifliyinin ədibin əsərlərinin bir-birindən ayıran amil kimi deyil, bir-birinə yaxınlaşdıran və birləşdirən keyfiyyət göstəricisi səviyyəsidə təqdimi müəllifin Cavidə doğru yönəlmiş strateji elmi düşüncə tərzinin nəticəsi kimi reallaşır.
…Ədəbiyyatşünaslığımızda ilk dəfədir ki, əfsanə ilə romantik metod arasındakı əlaqələrin ədəbi-tarixi mənzərəsi və onun Hüseyn Cavid yaradıcılığındakı inkası bu genişlikdə və inandırıcılıqla pöz elmi şərhini tapır.”
Hüseyn Cavid yaradıcılığı barədə yeni araşdırmalar aparmağın çətinliklərinə vurğu yapan görkəmli alim, bu çətinliklərin müqabilində “Sona Vəliyevanın “Hüseyn Cavid sənətinin qüdrəti” monoqrafiyası artıq bu çətinliklərin öhdəsindən gəlməyin mümkünlüyünü təsdiq edən elmi fakta çevrilmişdir.
…Bundan sonra Cavid yaradıcılığına tədqiqat məqsədi ilə yanaşan ədəbiyyatşünaslar, hətta digər elm nümayəndələri heç vaxt bu monoqrafiayadan yan keçə bilməyəcək”.
Kitabın girişində Cavid irsinə dövləti münasibətin təcallası kimi, dövlət başçımızın böyük sənətkarın 120, 125, 130, 135 illik yubileyi ilə bağlı müvafiq Sərəncamlarının mətni verilib; rdınca, elmi redaktorun geniş təhlil-təqdim yazısı ilə tanış oluruq; bundan sonra əsərin özü başlayır – “Poeziyadan dramaturgiyaya”, “Əfsanə və romantik düşüncə”, “Mif və reallıq”, “Peyğəmbər və əxlaqi dəyərlər”, “Tarix və həqiqət” fəsilləri və ədəbiyyat siyahısı.
Hər fəsil də öz-özlüyündə dolu-doludur. Örnəyi, “Poeziyadan dramaturgiyaya” fəslində tanış oluruq: 1) Gözəlliyin romantikası, 2) Adəmin Yerə enməsi, 3) Qoca türkün monoloqu, 4) Romantik şeirdə dialoq, 5) Monoloq və dailoqların vəhdəti: “Azər”, 6) “Janrın imkanları”, 7) “İki Şeyx Sənan”. Elə bilirəm, bu adların özü belə həm fəslin, həm də, bütövlükdə kitabın miqyası, dərinliyi barədə təsvvür yaradır.
Əlbəttə, hansıa Cavidşünas, ədəbiyyatşünas, mədəniyyətşünas kitabdakı hansısa bölgü yaxud fikirlə razılaşmaya bilər, dartışa bilər, bu təbiidir və əgər belə bir hal olarsa da, yenə də, kitabın siqlətinə təsir etməzdi. Çünki mövzu orjinallığı və fikir əlvanlığı ilə ortadadır: özü özünü təqdim etmək gücündədir və “görünən dağa nə bələdçi”?..
Sona xanımın bu əsərinin elmi tutumu, məziyyəti öz yerində, bir də, işə sevgi ilə yanaşma var; o sevgi ki, kitabın “A”-sından – “Z”-sinədək hiss olunur…
Mən, Cavidlər ayında “HÜSEYN CAVİD
sənətinin qüdrəti” əsəri ilə
tanışlığı özümçün
təsadüfi saymır, belə bir əsərə
görə müəllifi, Cavidsevərləri və
oxucuları alqışlayır, təbrik edirəm! Ustdaın
ruhu şad olsun!
Əkbər
Qoşalı
27-28 oktyabr 2018
Olaylar.- 2018.- 30 oktyabr.- S.13.