Süleyman Sani
Axundovun
yaradıcılığında
hekayə janrı
əvvəli ötən
sayımızda
Keçmişdən qalma mənfi
adət-ənənələrin tənqidi, yeni əxlaq
normalarının köhnə mühafizəkar əxlaqi
normalar üzərində qələbəsi, komediyada müsbət
surətlərdən cəsarətlə istifadə etmək
meyli Süleyman Saninin “Molla Nəsrəddin Bakıda”, “Şahsənəm
və Gülpəri”, “Bir eşqin nəticəsi”, “Yeni həyat”
məzhəkələrinin ideya-bədii xüsusiyyətlərini
təşkil edir.
Sovet
dövrü Azərbaycan dramaturgiyasında bioqrafik formada yazan
ilk sənətkar Süleyman Sanidir. Onun “Molla Nəsrəddin
Bakıda” məzhəkəsi böyük
inqilabçı-demokrat C. Məmmədquluzadəyə həsr
edilmişdir. Burada o, Molla Nəsrəddin surətini ilk dəfə
səhnəyə çıxarır, onun köhnəliyə
qarşı çevrilən satirik gülüşünün
ictimai məzmununu açır, Cəlil Məmmədquluzadənin
bir şəxsiyyət kimi bezi xarakterik sifətlərini
göstərir.
“Şahşənəm
və Gülpəri”nin konflikti hüququnu anlayan, ictimai həyatın
atılmaq istəyən qadınlar ilə yeniliyə
qarşı çıxan köhnə fikirli ərlərin
mübarizəsi üzərində qurulmuşdur.
“Bir
eşqin nəticəsi” komediyasının konfliktini də
yeniliklə köhnəliyin mübarizəsi təşkil edir.
Dramaturq, azyaşlı qıza evlənmək istəyən
qoca Kərbəlayı Nəbi kimi tüfeyliləri
gülüş hədəfi edir. Dramaturqun yeniliyi ondadır
ki, o, feodal əxlaqının gülünclüyünü,
ölümə məhkumluğunu komik vəziyyətlərdə
göstərməklə yanaşı, yeni insanın qələbəsini
də əks etdirir.
Ailə
və məişətdə yeniliklə köhnəliyin
nıübarizəsini təbii situasiyalarda, bitkin süjet
xettində göstərən məzhəkələrindən
biri də “Yeni həyat”dır. Bu əsərdə
qaldırılan məsələlər də ictimai-siyasi əhəmiyyətə
malikdir. Dramaturq burada usta imanların dindarlığını
tənqidə tutur, yeniliyi qəbul etməyənləri
acı yumorla tənqid edir.
Süleyman Sani həm də orijinal nasirdir. Bizə məlum olan ilk hekayələri
bunlardır: “Qonaqlıq” (1905), “Kövkəbi-hürriyyət”
(1905), “Yuxu” (1905), Azərbaycan ədəbiyyatında məzmun,
forma, üslub etibarı ilə yeni olan bu klassik əsərləri
ədib, 1905-ci il inqilabın təsiri ilə
yazmışdır.
Bu hekayələrdə inqilabi nəğmə qanadlı
bir qəlb çırpınır. Burada bir xatirə, bir
işarə və bəzən ildırım kimi
yanıb-sönən bir işıq verilmişdir. Lakin yeni işıqda biz bir aləmi, böyük gələcəyi
görürük. Süleyman Sani “Tutu
quşu” (1909) hekayəsində də aktual məsələyə
toxunmuşdur. Ədib təxminən bit səhifə həcmində
olan bu hekayəsində təqlidçiləri, ana dilinə
xor baxanları Tutu quşunun simasında ifşa etmişdir.
XX əsr Azərbaycan uşaq ədəbiyyatının
formalaşmasında, inkişafında Süleyman Saninin
böyük xidməti vardır. Ədib, “Qorxulu nağıllar”
(1912-1914) başlığı altında yazdığı “Əhməd
və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”,
“Qaraca qız” əsərləri ilə Azərbaycan uşaq ədəbiyyatına
forma, məzmun, üslub yenilikləri gətirmişdir.
“Qaraca qız” (1913) ədibin nəsr
yaradıcılığının şah əsəridir. Yazıçı
Qaraca qızın simasında ədəbiyyatımızda ilk dəfə
olaraq zəhmətkeş ailəsindən olan uşağın
bitkin, çox təsirli, parlaq, eyni zamanda unudulmaz surətini
yaratmış, onda nəcib arzular təcəssüm
etdirmişdir.
“Qaraca qız” klassik Avropa və rus uşaq ədəbiyyatı
nümunələri arasında belə özünəməxsus
bədii, ictimai-əxlaqi, estetik dəyəri ilə seçilən,
fərqlənən sənət əsəridir.
“Qorxulu nağıllar” başlığı altında
yazdığı hekayələrindən biri də “Əşrəf”dir
(1914). Bu hekayəni edib, Əşrəf adlı şagirdinə
ithaf etmişdir. Hekayənin süjet xəttində balaca
Əşrəfin ata-anasından didərgin düşdükdən
sonra Nikolay İvanoviç adlı bir rus müəlliminin
himayəsinə alınmasını göstərən
canlı, maraqlı bədii tövhələr, müəllifin,
uşaq psixologiyasına dərindən vaqif olmasını əks
etdirən epizodlar oxucunun yaddaşında uzun zaman qalır.
Süleyman Saninın yazmış olduğu
“Qanbulağı” (1923), “Ümid çırağı” (1923),
“Cəhalət qurbanı” (1923), “Nə üçün?” (1925), “Təbrik” (1925), “Sona
xala” (1926), “Namus” (1926), “Mister Qreyin köpəyi” (1927), “Son
ümid” (1927), “İki dost, iki düşmən” (1927), “Gənc
maşinistka və qoca yazıçı” (1935) hekayələri
sovet dövrü Azərbaycan nəsrinin ilk nümunələrindəndir.
Sağlam qayəli, eyni zamanda aydın, sadə üslubda
əlvan boyalarla yazılan bu hekayələrdə ədib, gənc
sovet nəşrinin ideya-estetik tələblərinə cavab
verən bir sıra aktual məsələlərə
toxunmuş və onların bədii həllini verməyə
çalışmışdır. Zərərli adət-ənənələrin
ifşası, dini xurafatın qalıqlarına qarşı
mübarizə, azəri qadınlarının ictimai həyata
atılması, yeniliyin köhnəlik üzərində qələbəsi
– bu hekayələrdə qabarıq şəkildə əks
etdirilmişdir.
Ədibin
hekayələrini mövzuca iki qismə ayırmaq olar: bunlardan
bir hissəsi keçmiş, ikinci qismi isə müasir həyatdan
alınmış əsərlərdir. istər
keçmişdən, istərsə də müasir həyatdan
aldığı mövzuları işlərkən o, həmişə
xəlqiliyə sadiq idi. Keçmiş dövrdən
yazdığı hekayələrində oxucunu
düşündürən, mühakimə yürütməyə
sövq edən həzin lirika qabarıq şəkildə nəzərə
çarpır.
S.S.Axundov nəsrindəki lirizm surətin hisslərini,
fikirlərini, vəziyyətini, təsvir etdiyi həyatın
konkret nöqtələrini, çox yığcamlıqla əks
etdirməyə yönəldilmişdir. “Cəhalət
qurbanı”, “Ümid çırağı” hekayələrində
hadisələr lirik tərzdə hissiyyatla əks etdirilir.
Yazıçı lirikanın həm məhəbbət,
həm də siyasi formasına müraciət etmişdir.
Qan intiqamının, nəsil ədavətinin ifşasına,
saf məhəbbətin tərənnümünə həsr
edilən “Qan bulağı”nda məhəbbət, zəhmətkeşlərin
dözülməz həyatmı əks etdirən “Nə
üçün?” hekayəsində siyasi lirizmin ünsürləri
qabarıq şəkildə görünür. Bu
əsərlərdə ədibin təsvir üsulu lirika ilə
bağlıdır.
Süleyman Saninin keçmiş həyatdan
aldığı mövzular əsasında yazdığı
hekayələrinin bədii metodunun mühüm bir cəhəti
vardır. Ədib
“Qaraca qız”, “Cəhalət qurbanı”, “Ümid
çırağı” hekayələrində
ağıllı, nəcib, gözəl arzularla yaşayan
Qaraca qız, Tamam, məktəbli surətlərinin faciələrində
belə bir fikri də açır ki, adlarını çəkdiyimiz
gözəl insanlar ölsələr də, öz zəngin mənəviyyatı,
insani keyfiyyətləri, xoş niyyət və arzulan ilə
onları müsibətlərə düçar edən ədalətsiz
quruluşdan, bu mühitin çirkin niyyətli adamlarından
yüksəkdə dururlar.
Obraz və
hadisələrin təsvirindəki yığcamlıq, bitkin
xarakterlər, hadisələrin təbii inkişafını
ustalıqla əks etdirmək, oxucunu
düşündürüb müəyyən əxlaqi-tərbiyəvi
nəticəyə gətirmək, xalq ədəbiyyatı
nümunələrindən məharətlə istifadə etmək,
onlara müəyyən yer vermək, əhvalatlılıqdan
qaçmaq, sadə, aydın dil – S.S.Axundov nəsrinin əsas
məziyyətlərindəndir.
“İctimai rəyin klassik saydığı” qüdrətli
sənətkarlardan olan Süleyman Saninin ədəbiyyatımızın
inkişafı tarixində böyük xidməti vardır. Onun əsərləri
bütün oxucular tərəfindən sevilir və ədib
ehtiramla yad edilir.
Yazıçı «Kövkəbi hürriyyət» hekayəsində
Süleyman peyğəmbərin dövründə baş verən
Şahzadənin nağılını qələmə
almışdır. Şahzadə şimalda yaşayan bir tayfa haqqında
nağıl edərək deyirdi: Tayfanın vətəni cənnəti
xatırladırmış. Lakin bu
torpağın adamları çox pis bir mərəzə
tutulurlar. Belə ki, 18 yaşında olan
cavanların sacı saqqalı ağarıb, beli ikiqat olurdu əlləri-ayaqları
əsir gözlərinin nuru gedir 80 yaşında qocaya donurdu.
Bu xalqın adamlarından 25 yasa çatan
olmamışdır. Bir gün bu tayfa
yığışıb mərəzlərinə çarə
axtarırlar. Tayfadan biri kürsüyə qalxaraq deyir:
Qardaşlar biz özümüz bu azara çarə tapa bilmədik
mənim başıma bir fikir gəlib: Asiya torpağında
alim bir şəxs var . O hər dərdə
çarə tapır. Bir nəfəri onun
yanına göndərin. O bizə əlac edər. Həmin
adam alimin yanına gəlib əhvalatı
ona danışır. Alim deyir: Bu azarın dərman kövkəbi-hürriyyətin
şəfaətidir. O, ulduz torpağınızın Şərq
tərəfində bir dağ dalında pünhandır. O
dağ təbii deyil. Onu divlər hörüb.
Sizi Kövkəbi- hüriyyətdən məhrum
edib. Nə zaman onu dağıtdınız
bədənlərinizi bu bəladan xilas olacaq. Elçilər alimə razılıq edib öz vətənlərinə
qayıtdılar və vətəndaşlarını
yığıb əhvalatı onlara başa saldılar. Onlar bel-kürək götürüb alimin dediyi
dağı tapıb onu dağıtdılar. Kövkəbi-hüriyyətin üzü
açıldı. Onun şöləsi
üstlərinə düşən kimi hamını öz
cavanlığına qaytardı. İnsanları
ruha gəlib alt libasını geyib bayram etdilər. Lakin şadlıqları uzun sürmədi. Bir müddət keçəndən sonra qara buludlar
Kövkəri-hüriyətin üzünü tutub onu yenə
pünhan etdi. İnsanlar yenidən bədbəxtliyə
düçar oldu.
Yazıçı
S.Sani Axundov «Yuxu» hekayəsində yazırdı: gözlərim
heç bir şeyi seçmirdi, lakin ayaqlarımın
altında torpaq olduğunu hiss edirdim yavaş-yavaş gözlərim
zülmətə öyrəşdi gözlərimin
önündə qoyun sürüsü gördüm
sürüyə tərəf yönləndim. Yaxınlaşanda
belə bir səkil gördüm qoyunlar baslarını yerə
əyib guya otlamaq istəyirdilər, lakin hərəkətsiz
dayanmışdı mən təəccübdə ikən
gözümə bir meşə və çay sataşdı
meşədə çoxlu heyvan və qus var idi. Onlarda hərəkətsiz durmuşdular məni heyrət
götürdü bu anda sağ tərəfimdə qəbiristan
və orada insanlar gördüm.
Yaxınlaşanda onların da dərin yuxuya getdiklərini
gördüm.
Bu zaman gözümə bir günbəz
göründü. Yaxına getdim. Onun heç bir qapısı yox idi. Lakin mərmər divarın üstündə barmaq
işarəsi qapı olduğunu göstərdi. Diqqətlə
baxdıqda bu yazını seçdim: Bura zülmət ətamətidir».
Bir qədər getdikdən sonra bir meydana
çıxdım. Burdan yetmiş iki yol
ayrıldı. Bunlardan hansı məni
işığa çıxarar deyə qarşıma
çıxan qapını açdım. Günəş
üzümə düşüb məni oyatdı. Küçədən İrşad, irşad, təzə
qəzet sədası gəlirdi.
Qonaqlıq – hekayəsində yazıçı
qonaqlıqda yeyib içdikdən sonra oralığa
düşən bəhsdən söhbət açır. Belə bir sual
çıxır: Hökumətin sütunu kimdir. Kimi deyir bəylər,
kimi deyir tacirlər, alim deyir: hökuməti yaşadan bizik. Hökumətin sütunu bizik. Bizsiz
hər şey dağılıb məhv olar. Rəiyyət
isə özünü öyərək deyir: bizik hökumətin
sütunu.
Bu zaman
bir zabit dedi: söylədiklərini təsdiq edirəm. Lakin düşmən vətənin üstünə
hücum edikdə müdafiə edən bizik. Ona görə də hökumətin sütunu bizik.
Qonaqlar eyvana çıxıb qəlyan, siqar,
çəkmyə başladılar. Bəhs
yenə təzələndi. Həmin vaxtda
qoca bir kəndli arabadan taxıl kisələrini fəhlələrin
dalına verirdi. Onlar da anbara
yığırdılar. Ev sahibi bəy dedi: o qoca kəndlidən
soruşaq, nə desə ona razı olaq. Razı olub qocadan
soruşdular: Qoca kəndli dedi: Ey ağalar, düzünü
axtarsanız, hökümətin sütunu biz kəndlilərik.
Bunu deyib cəld işinə getdi:
Tutuquşu:
– Nağıl edildiyinə görə çöl-çəpəri
dağılmış, gülləri solmuş, ağacları
yaşı qurumuş bir köhnə bağ varmış. Bağdakı quşlar burada çox məşəqqətli
gün keçirirdilər. Günlərin
bir günündə bağa bir bülbül uçub gəlir
və bir neçə nəğmə oxumaqla quşları
başına yığır. Bülbül
quşlara bir nitq söyləyir. Bu nitqdən
quşlar bir şey anlamasalar da yenə onu
alqışladılar. Sonra bülbül
özünün gözəl məkanını buraxıb bura
nə üçün gəldiyinin səbəbini bəyan
etdi: Mənim əziz qardaşlarım! Mən
yaşıl çəmənləri, laləzar gülşənləri
buraxıb bu viranəyə gəldim ki, siz bədbəxt
qardaşlarımı da özüm kimi musiqi işlərinə
aşina edim. Bunu deyib bülbül
oxumağa başladı. Bağda olan
quşlar hərə öz bildiyi dildə oxumağa
(qarrıldaşmağa) başladı. Ancaq
bircə tutuquşu bülbülün təqlidini
çıxartdı. Axırda
bülbül quşlardan naümüd olub onları
tutuquşuna tapşırıb öz vilayətinə getdi.
Bulbül gedəndən sonra tutuquşu
bülbülün ədası ilə bir «konsert» məclisi
düzəltdi. Dəvət edilmiş
qonaqlar gəldilər. Nəhayət
tutuquşu uca bir yerə çıxıb quşların təqlidini
çıxartdı. Siçan bunu eşidib dedi: Ay tutu
dayı! Qabaqlarda pis də olsa öz ana dilində
oxuyurdun. İndi bülbülün də
adını biabır etdin. Hər tərəfdən
avara qaldın.
Ardı
var
Ədalət RƏSULOVA
Azərbaycan Milli Elmlər
Akademiyası
Nizami adına Ədəbiyyat
İnstitutunun əməkdaşı
Olaylar.- 2018.- 31
oktyabr.- S.15.