MAMIR  OLUB  QAYASINDA  BİTMƏDİK...

 

Ömrümün Qarabağ səhifəsi

 

Əməkdar jurnalist, Qarabağ Müharibəsi veteranı Əntiqə Qonaq yazır.

Qubadlının işğalından 25 il keçir

 

Qubadlı rayonu 1993-cü il avqustun 31-də erməni quldurları tərəfindən işğal olunmuşdur.

Torpaqlarımızın qorunması uğrunda mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olmuş, 147 nəfər Qarabağ müharibəsi əlilidir.

Qubadlıda gedən döyüşlərdə isə 121 hərbi şəhid, 120 mülki şəhid, 83 nəfər itkin, 198 Qarabağ müharibəsi əlili qeydə alınmışdır.

Qbadlının 93 kəndi və rayon mərkəzi yerlə-yeksan edilmiş, 30 mindən artıq əhalinin yurd-yuvası talanmışdır.

         Rayon əhalisinin 75 faizdən çoxu Sumqayıt şəhərində, 25 faizi isə Bakı şəhərində və rayonlarda məskunlaşmışdır.

         Rayonun ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qubadlı sakinlərindən 9 nəfəri "Azərbaycanın Milli Qəhrəman" adına layiq görülmüşdür.

Əliyar Yusif oğlu Əliyev, Bəylər Tapdıq oğlu Ağayev, Kərəm Ərşad oğlu Mirzəyev, Aslan Qabil oğlu Atakişiyev, Səfa Fətulla oğlu Axundov, Vasili Əhməd oğlu Əliyev, Kazımağa Mövsüm oğlu Kərimov, Aqil Səməd oğlu Məmmədov.

Qubadlıda bir neçə dəfə olsam da, əslində bu 2-3 günlük səfərlərimdən iri həcmli kitab yaza bilərəm. Mövzu bol, hər daşı, hər kəsəyi tarixin bir parçasına çevrilmiş, insanları saf və comərd, gözlənilməzliklərlə dolu, addımbaşı bir sürpriz, Vətən sevdalılarının fədakarlıqla yoğrulmuş döyüş həyatı və könüllülərdən ibarət böyük bir dəstənin hərəsi bir dastanlıq idmançı üzvləri. Dəstə deyildi, idmançılar batalyonu idi. Bir az əvvələ dönmək istəyirəm.

Hər zamankı kimi yol yoldaşım və "silahsız cangüdənim" Babək Qoca ilə Bakı-Qubadlı avtobusunda nələrin, hansı hadisələrin şahidi olmadıq ki? Məzəli, ciddi, siyasi, hətta fəlsəfi söhbətlər, müzakirələr, mübahisələr, hətta polemikalar. Rayon əhalisi artıq dövləti idarə edəcək həddə gəlmişdilər sanki...Qocasının da, cavanının da Qubadlının və əhalinin taleyinə görə narahat olduqları açıqca ortadaydı. Müharibə dövrünün və müharibə bölgəsinin insanları idilər...

Hələ avtobusda ikən hara gedəcəyimizi müəyyənləşdirmişdik artıq. Adı dillərdə dastan olmuş, keçmiş SSRİ idman ustası və bir çox titulların sahibi Əliyar Əliyevin komandirlik etdiyi idmançılar taboruna. 7-8 saatlıq uzunyorucu yoldan sonra vaxt itirmədən məktəbə doğru getdik. Ora çatanda jurnalist olduğumu bilən kimi hərə bir yerdən üstümə düşdü. Əsl mərəkəni rayon mərkəzindəki məktəbdə yerləşən birinci taborun ön xətdə növbəyə hazırlaşan döyüşçüləri saldılar. Komandirin müavini Yaqub başladı, döyüşçülər də davamını gətirdilər: "Biz bundan sonra heç bir jurnalistə batalyonda intervyü verən deyilik. Bizdən yazmaq istəyən səngərlərə gedib orda növbə çəkən əsgərlərlə görüşüb müsahibə götürsün. Keçən həftə rayonumuzdan olan jurnalist xanım  batalyona gəlib əsgərin geyimini geyib və əlində avtomat şəkil şəkdirərək şəhərə qayıdıb, bu şəkli "Səhər" qəzetində çap etdirib ki, guya cəbhə bölgəsində olub. Ayıbdı belə hallar". Sonra da əlavə edərək bildirdilər ki, xahiş edirik bizim bu iradımızı o xanıma (jurnalist diplomu daşıdığı üçün ən azından ona görə adını yazmıram) çatdırın. Mən jurnalist həmkarımın yerinə xəcalət çəkdim təbii ki... "Azərbaycan" nəşriyyatında Qubadlıdan olan o xanım jurnalistlə qarşılaşan kimi döyüşçülərin iradını bildirdim. Özünü sındırmadan: "Əsgərin yalnız pencəyini götürmüşdüm də, nə olar ki.."- dedi. Cavabdan çox təəssüflənsəm də, əslində başqa tutarlı səbəb göstərə biləcəyinə də inanmırdım. Əlbəttə, bu söhbəti mən ilk dəfədir ki, yazıram. Çünki son dövrlər əsl hərbdən yazan və döyüşən insanlar qalıb bir tərəfdə, yalançı qəhrəmanlar at oynadırlar. (Bu isə çox geniş və silsilə yazıların möbzusudu).

Tabor komandirinin müavini Yaqub Vəliyev və ərzaq təchizatı rəisi Rasim Hüseynovla postları gəzməyə başladıq. Axı sözümüz-söz idi. Hər şeyi gözlərimizlə görüb qələmə alacaqdıq. Bütün cəbhə bölgələrində olduğu kimi. İlk səfərimiz

 

ÇARDAQLI

 

kəndinə oldu. Səngər dağına çiyin verən bu kənd Ermənistanın düz sərhəd xəttindədir. Kəndin 200-300 metrliyindən riyakar qonşuların taxıl zəmiləri başlayır. (İşğal altında olan torpaqlarımızın azad ediləcəyinə inamım böyük olduğundan qeydlərimi 25 il bundan öncə yazdığım kimi saxlayıram. Ə.Q.). Budur, ermənilərin ərazisində zəminin içiylə addımlayırıq. Dağ çiçəklərinin dünyanın ən bahalı ətrinin belə verə bilməyəcəyi qoxusu ciyərlərimizə dolur. Buraların özünəməxsus çiçəkləri var. Onlara dünyanın heç bir yerində rast gəlməzsən. Qubadlıların bu qənaətində həqiqət çoxdur. Üzərində addımladığımız bu torpaqlar da vaxtilə bizim olub. İndi isə bədnam qonşulardadır.

... Üzbəüz ermənilərin yaşadıqları Zeyvə kəndidir. Özləri kəndin adını dəyişib Davudbek deyirlər. Çardaqlıya müntəzəm hücumlar əsasən bu kənddən olur.

Üç-dörd ildir kənddəki evlərin sayı da artıb, sakinləri də. Əsasən də, Ermənistandan qovulmuş didərginlərin hesabına. Kəndin Ermənistana tərəf ən son nöqtəsində Xançoban Xanlarovun evidir. Sisiyan rayonunun Murxuz kəndindən qovulmuş el aşığı dörd ildir mehrini təbiətinə görə heç də dədə-baba yurdundan seçilməyən dağların bu üzünə - Çardaqlı kəndinə salıb. "Evimi ona görə erməni torpağına (əslində bizim torpaqlar-Ə.Q.) yaxın yerdə tikdirmişəm ki, səhər yuxudan duran kimi doğulduğum yerlərə baxım, keçmişimi unutmayım. Hər gün ürəyimdə göyərən bu nisgil məni dogma torpaqlarımız uğrunda mübarizəyə səsləyir. Ürəyin hökmü isə bir gün hər şeyə qalib gələcəkdir", - deyir aşıq. Bir-iki addım irəli gedib göyün üzünə yaşıl çələng hörmüş dağlara baxaraq dodaqaltı zümzümə edir: "Üzü bəri baxan dağlar, mənim sizdə nəyim qaldı?". Sanki özü özünə cavab verir: "Hər şeyim: uşaqlığım, gəncliyim, ahıllığım və yaşamımla bağlı xatirələrim Sisiyanın dağlarından, yamaclarından asılı qalıb. O xatirələr arxasınca çəkir məni".

Tanrı ona didərğinlik kimi ən ağır dərdlərdən birini versə də, istedad da bəxş etmişdi. Çardaqlının postlarını dolaşdıqca, ürəkdən gələn bir yanğıyla, məlahətli səslə həsrət nəğmələri oxuyur. Qubadlı rayon mədəniyyət evində işləsə də, gecələr kəndin keşikçiləri ilə birgə səngərdə qalır. Özünün etiraf etdiyi kimi, nə yaxşı tanrı ondan övlad payını əsirgəməyib. İğid oğlanları Mahir və Əli kəndin müdafiəçiləri sırasındadırlar. Artıq o biri oğlu da onlara qoşulub.

Kəndin taleyi etibarlı oğulların ümidinə qalıb. Bölmə komandiri Qabil Sadıqov, döyüşçülərdən Həsən Mikayılov, Elman Talıbov, Asif Səlimov, Qorxmaz Abdullayev, Arif Hacıyev sayıqlıqlarını itirmirlər. Buraların hər daşına, kəsəyinə bələd olan qəhrəman döyüşçülər gecə-gündüz bilmədən kəndin keşiyini çəkirlər. Gözlərində Vətən sevgisi aydınca sezilən  müdafiəçilərlə səngər boyunca gəzdikcə qəlbimiz qürurla döyünür.

Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən

 

ƏYİN

 

kəndinin bir özgə gözəlliyi var. Azərbaycana Süleyman Rəhimov kimi istedadlı yazıçı, bir çox elm xadimi və görkəmli şəxsiyyətlər bəxş etmiş bu kənd həm də bir basılmaz qalaymış. Çünki QafanGorus rayonlarından olan hücumların qarşısını Əyinin igid oğulları, bir də Həcər hünərli qızı Eyzəngül Kazımova alır.

Kəndin müdafiəçilərindən bölmə komandiri Qalib İsmayılov, taqım komandiri İrşad Həsənquliyev, döyüşçülərdən Elsevər Əhmədov, Məhəmməd Şixəliyev, Yədulla Sərməsov, Ədalət Dadaşov, Hüseyn Fərəcov, Seymur Kərimov, sumqayıtdan gəlmiş sürücü Aqil Məmmədov əyinlilərin güvənc yeridirlər.

Kəndin lap yaxınlığında, Səngər dağının döşündə tikilmiş ümumittifaq səviyyəli beşmərtəbəli sanatoriya binasını ermənilər partlatmışdılar. Dəfələrlə kəndə edilmiş güclü hücumların qarşısını igid oğullar almışlar. Amma arxamız möhkəm olarsa daha ürəkli döyüşərik, - dedilər. Laçının işğalı Qubadlının qol-qanadını qırmışdı.

Kənd ağsaqqalları ilə görüşümüz zamanı onların gileyli söhbətlərindən duyduq ki, Çayzəmi deyilən sahədə yerləşən Əyin kəndi əvvəllər indikindən iki dəfə böyük olub. Respublikamızın əksər ucqar dağ kəndlərini bürümüş sosial problemlər gənclərin gün-güzəran arxasınca paytaxta və digər əlverişli bölgələrə üz tutmalarına səbəb olmuşdur.

Kənd məktəbinin direktoru Telman İsmayılovun bu torpaqlarda daha çox haqqı var. Özünün dediyi kimi 7 ildir ermənilərlə vuruşur. Düz 1985-ci ildən. O zaman Əyin kəndinin yalnız 40 hektar sahəsi ermənilərə bağışlanmışdı. T.İsmayılovun dedikləri:

-At irizi deyilən yerlər, Peyhan, Güllüzəmi, Çayzəmi sahələri İldırım bəyin (Çingiz İldırımın atası) şəxsi torpaqları olub. Zaqfederasiya dövründə ermənilər Ermənistandan gəlib bizim xanlıqların sahələrində muzdla işləyirdilər. Gediş-gəlişin çətinliyindən burada qalıb işləmək arzusunda olduqlarlını bildirmiş, xahiş etmişdilər ki, Əyinə yaxın ərazidə onlara sahə ayrılsın, ev-eşik düzəltsinlər özlərinə. Zeyvə kəndinin əsası beləcə qoyulmuşdu. Ermənilər sərhəd kəndlərinin dirçəldilməsinə, abadlaşdırılmasına xüsusi diqqət yetirirlər. Kəndin kənarındakı Şıx bulağının suyuna da həsrət qalmışıq. Çayzəmi sahəsində "Azərbaycan" kafesi tikdirmişdik, qonaq evimiz vardı. Ermənilər yerlə-yeksan etdilər. Qarşı dağın başında alban kilsəsi vardı. Tariximizin daş yaddaşı olan bu abidəni də dağıtdılar. Çayzəmi sahəsindən yaylaq kimi istifadə edirdik. Hamısı acı xatirəyə dönüb indi.

Yazıdüzü deyilən ərazidə ən təhlükəli mövqeyə malik, ermənilərin yaşadıqları Xinzirək qəsəbəsi ilə döş-döşə olan, "Qəqəni" ləqəbli 15 yaşlı Taleh Əsədovun və hamının "Girov Əli" çağırdıqları Əli Mahmudovun doğulduqları

MƏLİKƏHMƏDLİ, cənnətin bir parçası olan TAROVLU, adı kimi özüzor bir yerdə yerləşən, son dərəcə təhlükəli yolları olan, sıldırım dağların döşündə, Ağa çayının hər iki sahilində qərar tutan ZOR, CİBİKLİ, YUXARI CİBİKLİ, ƏLİQULUUŞAĞI, NOVLU, SEYTAS, YAZI DÜZÜ... Bu kəndləri qoruyan igidlərdən yazdığım məqalələrdən bir kitab hazırlaya bilərəm. Təəssüf ki, bir yazıya sığışdırmaq mümkünsüzdür.

 

***

 

... Yol boyu ara-sıra qarşılaşdığımız hərbi geyimli kişilər buranın füsunkar təbiətinə, əsrarəngiz gözəlliyinə müharibə dəhşətlərinin də çulğaşdığını bizə diktə etməkdəydi. Mən özümü saxlaya bilmədim və Qubadlıdan ilk təəssüratımı dilə gətirdim. Komandir Əliyar Əliyev (Şəhidliyindən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş) bunu duyurmuş kimi dedi:

-Son dörd ildə buraların üzü gülmür. Ermənistanla 128 km. , keçmiş Hadrut rayonunun kəndləri ilə 30 km. ortaq sərhədimiz var. Sərhədboyu kəndlər neçə müddətdir odun-alovun içərisindədir. Eyvazlı kəndi Gorusun 6 kilometrliyindədir. 1989-cu ildə ermənilər tərəfindən yandırıldı. Həmin il Seytas kəndi qurbanlar sırasına  qatıldı. Əhalinin təhlükəsizliyini təmin etməkdən ötrü Məzrə, Davudlu Qədirli kəndlərini boşaltmışıq. Əsgərlərimiz keşik çəkirlər orda. Bildiyiniz kimi, müdafiə mövqeyində dururuq. Amma işğal olunmuş torpaqları geri qaytarmaqdan ötrü mütləq hücuma keçməliyik, özü mütəşəkkil formada...

Rayon hərbi komissarının müavini Namiq Şirinov batalyonda əsgəri xidmətə başlayan gəncləri göstərərək deyir:

-Rayonun çağırış yaşı çatmış bütün oğlanları batalyonda hərbi hazırlıq keçirlər. Amma respublikamızın qismən sakit rayonlarında hərbi səfərbərliyin vəziyyəti qənaətbəxş deyil. Bu qədər səhlənkarlıq olar? Əgər nizami ordu yaratmaq istəyiriksə, 18-20 yaşlarında gənclər niyə hamılıqla səfərbər edilməyiblər? Bu işi təkcə sərhəd rayonlarının üzərinə atmaq düzgün deyil.

Elə buradaca qərargah rəisi Vahid Salmanov, müavinləri Oruc Paşayev, Sadiq Paşayev, avtomobil xidməti rəisi Məmmədqulu Quliyev, taqım komandirlərindən Amil Şahbazov, Qiyasi Babayev, İlham Məmmədov, döyüşçülərdən Mayis Məhərrəmov, Əli Süleymanov, Fuad Şahmuradov, Qabil Muradov, İmran Babayev, Nurəli Ağayev başqaları ilə görüşürəm. Laçının düşmən tərəfindən işğal edilməsi onları sarsıtsa da, hamı yekdil fikirdə idi: "Biz Laçını azad edəcəyik. Nəyin bahasına olursa-olsun"!

Əlbəttə, bütün bu söhbətlər Qubadlıya səfərimizin sonuncu günü, şəhərə dönəcəyimiz ərəfədə olmuşdu. İmkanımız zamanımız daxilində sərhəd boyu ən təhlükəli strateji əhəmiyyətli kənd əraziləri gəzib bol-bol müsahibə götürdükdən sonra vidalaşma məqamı idi. Hiss edirdim ki, onlar ümidsiz pessimist hisslərlə geri dönməyimizi istəmirlər. Həm hər şeyin gözəl sonluqla bitəcəyinə əminlikləri çox idi. Çünki doğru yolda olduqlarını bilirdilər. Haqq yolunda savaşdıqları göz önündəydi. Qorxmaz idilər, cəsur idilər, təcrübəli idilər, təpədən dırnağa Vətən sevdalılarıydı. Onlarla dağı-dağ üstünə qoymaq nədi, İrəvanacan, lap ondan da o tərəfə zəfər çalaraq getmək olardı. Olardı! Bu gün cavabsız suallarımız çox olsa da, əslində hamımız bu soruların sətiraltı mənasını bilməmiş deyilik. Gün gələr hər şey hamıya məlum olar. Amma...ən əsası bu qənaətimizə qalib düşüncələrlə gəlməyimizdi.

...Mən yenə Qubadlıya getmək o gözəl torpaqları qarış-qarış gəzmək istəyirəm. Həm mən bunu lap çox istəyirəm...

...Mən əvvəl-axır istəklərimə çatıram axı...

PS: Səhərdən axşamadək ac-susuz səngərləri gəzdikdən sonra əyinli Telman müəllimin evində lampa işığında yediyimiz pendir lavaşın ləzzəti hələ damağımdadır. Gecə səhərədək rayonun Qonaq evindəki otağımda baş ağrısından (yüksəklikləri gəzdiyimizdən yəqin təzyiqim düşübmüş) qovrulmağım da yadımdan çıxmaz heç. Döyüşçü qızımız Eyzəngülün mənə bağışladığı dağ çiçəkləri, Zor kəndinin zor əhalisinin verdikləri biri-birindən zor suallar, səngərdə az qala tapdalayacağım ilanın indi canımı üşüdən qorxusu, Laçının döyüşçülərimizin nəzarətində olan kəndlərindən şəhərə gətirdiyim dibçək gülləri, döyüş şücaətləri dillərdə əzbər olan, buna rəğmən özü haqqında bir kəlmə olsun yazmağımıza razı olmayan, döyüşçülərinin hünərləriylə qürurlanan, son dərəcə təmkinli qeyrətli komandir Əliyar Əliyevin sussa da bizə çox mətləbləri agah edən ağayana davranışı, burda görüşdüyüm istər mülki olsun, istərsə hərbi insanların - hamısının polad kimi möhkəm xas xarakterləri... Məni çox danışdırmayın nə olar...

 

Olaylar.- 2018.- 1-3 sentyabr.- S.11.