Regional proqramlar Qərb zonasında uğurla icra edilir

2004-cü ildən etibarən ölkəmizdə uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın hər bir bölgəsində olduğu kimi Qərb zonasında da uğurla həyata keçirilib. Ötən 14 il ərzində Qərb zonasında yaradılan infrastruktur, reallaşdırılan layihələr, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar, açılan yeni iş yerləri belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki,  Qərb bölgəsi Gəncə-Qazax iqtisadi rayonunu əhatə edir. Bu iqtisadi rayon Ağstafa, Daşkəsan, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir. İqtisadi rayon əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. Onun ərazisinin ümumi sahəsi 12,5 min kv.km olmaqla ölkə ərazisinin 14,4 %-nə bərabərdir. Relyef xüsusiyyətlərinə qörə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000-2000 metr yüksəklikdə), yüksək dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Rayonun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir.

İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. Əhalinin ümumi sayı 1103,3 min nəfər olmaqla ölkə əhalisinin 13,6 faizini təşkil edir.

Gəncə-Qazax iqtisadi rayonu iqtisadi əhəmiyyətinə görə ölkədə ikinci yeri tutur. Azərbaycanın ikinci sənaye rayonu ölkənin sənaye məhsulunun 12-13 faizini verir. İqtisadi rayonun sənayesi hasiledici və emaledici sahələrdən ibarətdir. Gəncədə və Daşkəsəndə qara və əlvan metallurgiya xammalının hasilatı, onların ilkin emalı müəssisələri yerləşir. Ağır sənaye rayonun iqtisadiyyatında mühüm yer tutur. Maşınqayırma sənaye sahəsi üzrə iqtisadi rayonda cihazqayırma, rabitə avadanlığı istehsalı, avtomobillərin və kənd təsərrüfatı maşınlarının təmiri müəssisələri Gəncə-Qazax iqtisadi rayonunun kompleks inkişafında nəqliyyat sistemi əhəmiyyətli rol oynayır. Rayon Azərbaycanı Gürcüstan və Qara dənizin sahilləri ilə birləşdirən dəmir və avtomobil yolları üzərində yerləşir. Gəncə, Qazax və Ağstafa - əsas nəqliyyat qovşaqlarıdır. Gəncə şəhərində respublika əhəmiyyətli hava limanı yerləşir. Xəzər dənizindən hasil edilən neftin və qazın dünya bazarına çıxarılması üçün çəkilən boru kəməri iqtisadi rayonun ərazisindən keçir. Rayonun əlverişli təbii şəraiti, saf iqlimi, mənzərəli dağ-meşə landşaftı, müalicəvi təsirli mineral suları beynəlxalq əhəmiyyətli istirahət-müalicə müəssisələrinin yaradılmasına imkan verir. Dəniz səviyyəsindən 1566 m yüksəklikdə Göy-Göl və Hacıkənd istirahət guşələri salınmışdır. Naftalan istirahət-müalicə kompleksi ümümdünya əhəmiyyətlidir.

Azərbaycanın şımal-qərb bölgəsinin sosial-iqtisadi inkişafında, bu ərazilərdə məskunlaşan əhalinin bir çox sosial-mədəni tələbatlarının (səhiyyə, elmi-mədəni, təhsil) ödənilməsində rayonun sosial infrastrukturu mühüm rol oynayır. Gəncədə Azərbaycan Milli Elmlər Akademiyasının Elm Mərkəzi, elmi-tədqiqat müəssisələri fəaliyyət göstərir.

Gəncədə (Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Texnologiya Universiteti,Gəncə Dövlət Universiteti (GDU)) ölkə üçün yüksək ixtisaslı kadrlar hazırlanır. Rayonda kütləvi kitabxanalar, muzeylər, teatrlar, xəstəxanalar və digər sosial - mədəni infrastruktur obyektləri mövcuddur.

Qərb iqtisadi zonasına daxil olan Qazax rayonunda da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. Məlumat üçün qeyd edək ki, Qazax rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, üzümçülük və meyvəçilik mühüm yer tutur: Ərazisinin 67,9 faizi və ya 47000 hektarı kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunlardan 34,7 faizini və ya 24023 hektarını əkin sahələri təşkil edir.

Qazax rayonunun ümumi istifadəsində olan 69229 hektar torpaq sahəsinin 15402 hektar dövlət mülkiyyətində saxlanılıb, 29353 hektarı bələdiyyə mülkiyyətində, qalan    24474 hektarı isə xüsusi mülkiyyətə verilib.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına başlanıldığı vaxtdan son illərə qədər rayonda 323 müəssisə yaradılıb, 13577 daimi olmaqla 16087 yeni iş yeri açılıb. Onlardan 9  mədənçıxarma, 8 emal və 5 digər sahələrdir. Sənaye fəaliyyəti ilə 980 nəfər məşğul olur. İstehsal olunan məhsulun satış yerinə görə bölgüsü  rayonda 45,1 faiz, respublikada 17,4 faiz,  respublikadan kənarda isə 37,5 faiz təşkil edir. Rayonda 1 Bakı Dövlət Universitetinin Qazax filialı, 1 Qazax Dövlət Sosial İqtisadi Kolleci və 1 Peşə Liseyi, 46 ümumtəhsil məktəbi (33 tam orta, 1 məktəb lisey, 6 ibtidai, 6 ümumi orta),  25 məktəbəqədər və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

"Müalicə Diaqnostika Mərkəzi", "Labmed" özəl tibb mərkəzi, Qazax Rayon Doğum evi,  Təcili və Təxirəsalınmaz Tibbi  Yardım Stansiyası,  (113) Təxirəsalınmaz Tibbi  Yardım Stansiyası, 1 Gigiyena və Epidemiologiya Mərkəzi, 6 xəstəxana, 16 həkim və 17 tibb məntəqəsi əhaliyə səhiyyə xidməti göstərir ki. Dövlət Proqramı çərçivəsində qeyd edilən bütün obyektlərdə quruculuq-abadlıq, yenidənqurma işləri həyata keçirilib. Həmçinin rayonda  "Heydər Əliyev Mərkəzi",  "Şahmat Məktəbi",  Qazax Dövlət Rəsm Qalereyası, Səməd Vurğun Poeziya Evi, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialı, Qazax Dövlət Dram Teatrı, 1 kinoteatr, "Avey" Dövlət Tarix Mədəniyyət Qoruğu, 3 muzey, 1 ev muzeyi,  2 uşaq musiqi məktəbi,  21 mədəniyyət evi, 43 kitabxana və  24 klub var ki, həmin mədəniyyət ocaqlarının bu gün stabul və səmərəli şəkildə fəaliyyət göstərməsində Dövlət Proqramlarının və həmin proqramlar çərçivəsində görülən işlərin mühüm rolu olub. Ötən illər ərzində rayonda Dövlət Proqramları çərçivəsində "Gənclər Mərkəzi",  Qazax  Olimpiya İdman Kompleksi, Şəhər stadionu, 2 üzgüçülük hovuzu, 5 aerobika trenajor zalı və 2 atıcılıq tiri tikilib istifadəyə verilib.

Ağstafa rayonunda da Regionların sosial-qitisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilib. İstər birinci, istər ikinci, istərsə də hazırda icrası yekunlaşmaqda olan üçüncü Dövlət Proqramıl çərçivəsində görülən işlər və əldə edilən nailiyyətlər belə deməyə əsas verir. Belə ki, Dövlət Proqramlarının uğurlu icrası nəticəsində cari ilin birtinci yarısında Ağstafa rayonunda ümumi məhsul buraxılışının həcmi 7.7 faiz artıb. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 93.8 faiz,  kənd təsərrüfatı məhsullarının həcmi 36.3 faiz artıb, nəqliyyat xidmətində 6.1 faiz, rabitə xidmətində 8.5 faiz, ticarət sahəsində 8.5 faiz artım olub. Göstərilən müddət ərzində əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5.9 faiz, pərakəndə əmtəə dövriyyəsi 4.6 faiz artıb. Rayon üzrə orta aylıq nominal əmək haqqı 11 faiz artaraq 273.30 manata çatdırılıb. Əsas kapitala yönəldilən investisiyaların həcmi 15.1 milyon manat olub. Ağstafa rayonu üzrə 2018-ci ilin birinci yarım ili  ərzində həyata keçirilmiş bir sıra tədbirlər, eləcə də Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində rayonda  602 nəfər işlə təmin olunub. Rayon üzrə işlə təmin olunanların (563 nəfər) 93 .5 faizi daimi işlərdə işləyənlərdir.

Regional proqramlar Göygöl rayonunda da uğurla icra edilib. Belə ki, Dövlət Proqramlarının icrası nəticəsində Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib, iqtisadiyyatın dinamik inkişafı təmin olunub. Göygöl şəhərinin Fərman Kərimzadə küçəsində və Qızılqaya qəsəbəsində yerləşən çoxmənzilli binaların 5-nin dam örtüyü dəyişib, həmin binalardan 2-nin, ondan başqa 21-ci məhəllədə və M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 mərtəbəli binaların fasad hissələri suvanmış və rənglənib.

 

Dövlət Proqramı çərçivəsində 3 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən 18 km uzunluğunda Bakı-Qazax magistral avtomobil yolunun 353 km-dən - Çaylı - Pənahlılar - Dozular kəndarası avtomobil yolunda əsaslı təmir işləri aparılaraq yola asfalt örtük salınıb. 

Regional Proqramların ən müsbət cəhətlərindən biri yeni iş yerlərinin açılmasıdır ki, bu proses Göygöl rayonunda da ürəkaçan şəkildə icra edilib. Belə ki, təkcə cari ilin altı ayı ərzində rayonda 445 yeni iş yerləri açılıb,  bunun da 245-i daimidir.

2018-ci ilin 6 ayı ərzində iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 83 milyon 152,3 min manat, ondan 47 milyon 885,0 min manatı (57,6 %) istehsal sahələrini, 35 milyon 267,3 min manatı (42,4 %) xidmət sahələrini təşkil edib, adambaşına 1305,1 manat dəyərində məhsul istehsal olunub.

2018-ci ilin 6 ayında 229 nəfər kənd təsərrüfatı məhsullarının  istehsalçılarına 70 faiz güzəştlə  577,9 ton mineral gübrə satılıb.

Heyvandarlıq sahəsində yüksək göstəricilərə nail olmaq məqsədi ilə heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə dəyərinin 50 faizni ödəmək şərti ilə 7 baş cins mal-qara satılaraq cins mal-qaranın sayı 181 başa çatdırılıb. Eyni zamanda 446 baş mal-qara süni yolla mayalandırılıb, 200 baş cins bala alınıb.

Əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 107 ədəd   subartezian quyusunda cari, 4 subartezian quyusunda əsaslı təmir işləri aparılıb. Qapalı boru şəbəkəsinin 2,0 km, beton kanalların isə 5 km  hissəsi təmir edilib, daşqınların qarşısını almaq məqsədilə çay məcrasında 123 min kub metr həcmində təmizləmə işləri görülüb.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Olaylar.- 2018.-4 sentyabr.- S.15.