Regionlarda rəqabət qabiliyyətli məhsul
istehsalı artıb
Xarici ticarət dövriyyəsinin həcmi
genişlənib, ölkəyə valyuta
axını güclənib
Azərbaycanda
müxtəlif istiqamətlər üzrə sürətli inkişaf dövrü
yaşanır. Etiraf edilməlidir ki, Regionların sosial-iqtisadi
inkişafı ilə bağlı dövlət proqramları bu inkişafda əhəmiyyətli
rol oynayır. Xatırladaq ki, ölkədə 2004-2008-ci illərdə
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı, "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı" və "Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı" qəbul edilib. Eyni zamanda, Quba-Xaçmaz,
Şəki-Zaqatala, Dağlıq Şirvan,
Lənkəran, Aran, Gəncə-Qazax və
Yuxarı Qarabağ iqtisadi
rayonlarına daxil olan
şəhər və rayonların sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam
imzalanmışdır. Bu kimi
dövlət proqramlarının qəbul olunmasının
başlıca məqsədi demokratik və
güclü iqtisadiyyata
malik müstəqil dövlətin
qurulmasından ibarət olmuşdur.
İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasındasahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlmişdir. Etiraf edilməlidir ki, regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə qəbul edilən dövlət proqramları ölkə iqtisadiyyatının inkişafında xüsusi çəkiyə malikdir. Qeyd edək ki, sözügedən dövlət proqramları iqtisadiyyatın ayrı-ayrı sahələrinin nkişafına səbəb olmuşdur. Ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların böyük bir qismi aqrar sahəni əhatə etməkdədir. Bu mənada hazırda aqrar sektorda ötən illərə nisbətdə daha dinamik inkişaf müşahidə olunur. Azərbaycanda pambıqçılığın inkişafı mühüm sosial əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin sədrliyi ilə Sabirabad rayonunda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində qeyd edib ki, pambıqçılığın inkişafı iqtisadi məsələlərin həlli ilə yanaşı, eyni zamanda, sosial məsələdir: "Çünki mənə verilən məlumata görə, bu il 24 rayonda pambıq tarlalarında 70 minə yaxın insan işləyəcək və bu, məşğulluğun artırılması deməkdir. Son 13 il ərzində ölkəmizdə 1 milyon 300 min iş yeri yaradılıb. Bu, tarixi nailiyyətdir. İşsizliyin aradan qaldırılması istiqamətində çox ciddi addımlar atılıb. Ancaq bu, daimi proses olmalıdır. Nə üçün? Çünki bəzi başqa ölkələrdən fərqli olaraq Azərbaycanda demoqrafik dinamika çox müsbətdir. Bu da bizim iqtisadi inkişafımızla bağlıdır və əhali artır. Əgər 1970-ci illərdə əhali təqribən 7 milyon nəfər idisə, bu gün 10 milyona yaxınlaşır. Əgər o illərdə pambıq yığımına tələbələri cəlb edirdilərsə, bu gün buna ehtiyac yoxdur. Çünki bizdə kifayət qədər əmək resursları var. Ona görə, pambıqçılığın inkişafı yeni iş yerlərinin yaradılması deməkdir. Hesab edirəm ki, gələn il əkin sahələri daha da artacaq və beləliklə, işləyənlərin sayı da artmalıdır. Pambıq əkilən rayonlarda yüz minlərlə insan bu işlərə cəlb ediləcək. Biz bu il pambığın alış qiymətini də 20 faiz qaldırdıq. Ancaq yenə də baxmalıyıq, bəlkə yenə də qaldırmaq lazımdır. Bu gün buraya gələrkən görkəmli pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Fatma xanım Hüseynovanın briqadasında olmuşam. Sağ olsun, mənim üçün çay süfrəsi də açmışdı. Biz yaxşı xatirələri bölüşdük, gəlin Fatma xanımı salamlayaq. Orada da söhbət əsnasında deyildi ki, bəli, alış qiymətləri artıb, ancaq yaxşı olar bir az da artsın. Əlbəttə, yaxşı olar, biz də bunu istəyirik, fəhlələr üçün daha yaxşı olacaq. Ona görə, mən indi müvafiq orqanlara tapşırıq verirəm ki, - Prezident Administrasiyası, Kənd Təsərrüfatı, İqtisadiyyat nazirlikləri, pambıqla məşğul olan firmalar da baxsınlar, - biz nə qədər mümkünsə, əlbəttə, alış qiymətini qaldırmalıyıq. İlk növbədə ona görə ki, insanlar daha da çox pul əldə etsinlər. Eyni zamanda, biz pambıqçılığın inkişafının stimullaşdırılması üçün əlavə tədbirlər görməliyik. Biz bu il qısa müddət ərzində - cəmi bir neçə ayda inzibati yollarla böyük işlər gördük, texnikanın cəlb edilməsi, suvarma, elektrik ilə bağlı məsələləri operativ qaydada həll etdik. Ancaq biz elə etməliyik ki, kəndlilər özləri də maraqlı olsunlar. Belə olan halda əlbəttə ki, biz daha da çox məhsul əldə edəcəyik". Bu kimi amilləri nəzərə alan Prezident İlham Əliyev Azərbaycanda pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması təmin edilməlidir. Hazırda ölkə başçısının sərəncamından irəli gələn məslələrin həlli məqsədilə regionlarda müvafiq tədbirlər həyata keçirilməkdədir.
Beyləqandakı Heydər Əliyev Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə rayonda pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, fermerlər, mexanizatorlar və mütəxəssislər iştirak ediblər.Tədbirdə Prezident İlham Əliyevin iştirakı ilə bu il martın 26-da Bərdə rayonunda keçirilən pambıqçılığın inkişafına dair respublika müşavirəsində verilmiş tapşırıqların icrası vəziyyəti müzakirə olunub.Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov respublikada pambıqçılığın inkişafı strategiyasından söz açıb, Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələri diqqətə çatdırıb. Pambığın strateji məhsul olduğunu deyən Seyfəddin Talıbov dünyada bu məhsulun inkişafının 7 faiz azaldığını, ehtiyacın isə 5 faiz artdığını vurğulayıb. Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu xatırladan nazir müavini pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı Prezidentin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını deyib. 2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunan Seyfəddin Talıbov pambıqçılıq sahəsində istifadə olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, dövlətin dəstəyi ilə fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlərin görüldüyünü deyib.
İmişlidəki Heydər Əliyev Mərkəzində də Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə rayonda pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Onun sözlərinə görə, İmişlidə kənd təsərrüfatının kompleks inkişaf etdirilməsi ilə bağlı aparılan işlər öz gözəl nəticəsini verir. Rayonda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, ənənəvi sahə olan pambıqçılığın inkişafına da xüsusi diqqət yetirilir. Vilyam Hacıyev qeyd edib ki, ötən il rayonda 15 min 220 hektar sahədə pambıq əkilib və 14 min 657 ton məhsul istehsal olunaraq qəbul məntəqələrinə təhvil verilib. Bu il isə rayonda 13 min 645 hektar sahədə pambıq əkilib. Artıq sahələrdə becərmə işləri başa çatıb. Yaxın günlərdə kütləvi pambıq yığımına başlanacaq. Bunun üçün rayonda bütün lazımi hazırlıq işləri görülüb. Pambıq qəbulu məntəqələri, yığıma cəlb olunacaq texnika tam hazır vəziyyətə gətirilib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov "Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi", Respublika Bitki Mühafizə Mərkəzinin rəisi Damət Sultanov "Bitki mühafizə vasitələrindən səmərəli istifadənin təşkili", "Aqrolizinq" ASC-nin şöbə müdiri İsrafil İsmayılov "Texnika və gübrə ilə təminatın vəziyyəti", Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Azad İbrahimov "Pambığın yüksək aqrotexniki qaydada becərilməsi" mövzularında çıxış ediblər. Sonda qeyd edək ki, qeyri-neft sektorunun tərkibində kənd təsərrüfatının çəkisinin artırılması istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər, davamlı islahatlar artıq öz bəhrəsini verməkdədir. Qətiyyətlə demək olar ki, bu gün aqrar sektorda rəqabətqabiliyyətli məhsul istehsalının artması sayəsində ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi genişlənib, respublikamıza valyuta axını güclənib.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2018.- 7 sentyabr.- S.15.