Dövlət Proqramları ölkəmizin simasını dəyişdi

 

Elvin Babayev: "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası yol infrastrukturunun yaxşılaşdırılması ilə yanaşı Azərbaycanda turizmin də inkişafına təkan verdi"

 

2004-cü ildən uğurla icra edilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ötən 14 il ərzində bütün sahələrdə inkişafa, tərəqiyyə yol açıb. Əhalinin sosial problemlərinin həllindən tutmuş, işsizlik probleminin aradan qaldırılımasına, yol infrastrukturunun yaxşılaşdırılmasından digər zəruri sahələrin inkişafına qədər bütün istiqamətlərdə Dövlət Proqramının uğurlu nəticələri özünü göstərib. Elə iqtisadçı ekspert Elvin Babayevbu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Elvin Babayev Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının ayrı-ayrı sahələrə verdiyi töhfələrdən də danışıb.

-Elvin bəy, artıq 14 ildir ki, ölkədə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları həyata keçirilir. Öncəlliklə sualımız bundan ibarətdir ki, sözügedən Dövlət Proqramları Azərbaycana nə verdi?

-Sizinqeyd etdiyiniz kimi 14 ildir ki, Azərbaycanda Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları icra olunur. 2004-cü ildən icrasına start verilən bu Dövlət Proqramları ölkəmizin simasını dəyişdi desək yanılmarıq. Dövlət Proqramlarının uğurlu icrası nəticəsində regionlarda zəruri infrastruktur yaradıldı, müəyyən iqtisadi çətinliklər səbəbindən baxımsız qalan bölgələrimizdə zəruri tədbirlər həyata keçirildi. Bu Dövlət Proqramlarının üstün cəhətlərindən biri ondan ibarət idi ki, həmin proqramlar konkret bir sahəni əhatə etmirdi. Yəni bu proqramlar çoxşaxəli idi.  Əhalinin işsizlik probleminin həllindən tutmuş yol infrastrukturunun yaradılması, yeni istehsalemal müəssisələrinin açılması, əhalinin kommunal problemlərinin həlli, eləcə də təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə Dövlət Proqramları çərçivəsində mühüm tədbirlər həyata keçirildi ki, bu gün həmin tədbirlərin, həyata keçirilən işlərin müsbət nəticələrini görürük. Götürək elə işsizlik probleminin həlli istiqamətində atılan addımları. Etiraf etmək lazımdır ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları icra edilənə qədər ölkədə ciddi şəkildə işsizlik problemi hökm sürürdü. Təkcə regionlarda deyil, paytaxtın özündə də bu problem özünü hiss etdirirdi. İşsizlikdən əziyyət çəkən vətəndaşlarımız, xüsusilə gənclər ya paytaxt Bakıya, ya da qonşu Rusiya Federasiyasına üz tuturdu. Qeyd etdiyim kimi paytaxtda da müəyyən mənada işsizlik probleminin olması vətəndaşlarımızın dalınca daha çox xarici ölkələrə üz tutması kimi mənfi tenbdensiyaya yol açırdı. Ancaq 2004-cü ildən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı icrasına başlanandan etibarən tədricən bu sahədə problemlər aradan qalxmağa başladı. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası və Ulu Öndərin gərgin əməyi sayəsində 1994-cü ilin 20 sentyabr tarixində imzalanan "Əsrin müqaviləsi"ndən gələn neft gəlirləri Dövlət Proqramları əsasında bölgələrin inkişafına yönəldildi. Onu da qeyd etmək lazımdır ki, bu çərçivədə atılan ən uğurlu addım neftdən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi oldu. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində bölgələrdə yeni istehsalemal müəssisələri yaradıldı, Sovetlərin zamanından fəaliyyəti dayandırılmış bir sıra müəssisələr, zavodların fəaliyyəti bərpa edildi. Nəticədə respublikanın hər bir bölgəsində yeni-yeni yerləri açıldı ki, bu da işsizlik probleminin tədricən aradan qaldırılmasına öz müsbət töhfəsini verdi. Paralel olaraq regionlarda Dövlət Proqramları çərçivəsində aparılan quruculuq-abadlıq işləri, park və xiyabanların salınması, yeni təhsil və səhiyyə, mədəniyyət ocaqları, idman arenaları, Olimpiya İdman Komlekslərinin tikintisiregionlarda mövsümü xarakter daşıyan yerlərinin yaradılmasına yol açdı. Artıq regionlarda işsizlik probleminin aradan qalxdığımı görən əyalət insanı bir tikə çörək pulu, qazanc dalınca üz tutduğu paytaxtdan, Rusiya Federasiyası və onun subyektlərindən geriyə. Vətənə qayıdır, öz dədə-baba yurdunda asanlıqla özünə tapa bilirdi. Təbii ki, bütün bunlar da öz-özlüyündə əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edirdi.

-Bəs regionlarda həyata keçirilən infrastruktur layihələrinin hansı müsbət cəhətləri oldu?

-Mən bu sırada başlıca olaraq yol infrastrukturunun, eləcə də turizm istirahət mərkəzlərinin yaradılmasını vurğulamaq istəyirəm. Bu bir danılmaz faktdır ki, müstəqilliyimizin ilk illərində əksər sahələr kimi yol infrastrukturu sahəsində də ciddi problemlərimiz vardı. Nəinki ayrı-ayrı rayonların ətraf kənd və qəsəbələri, ucqar dağ kəndləri, heç şəhər, rayon mərkəzlərində belə yollar bərbad vəziyyətdə idi. Bu da başadüşülən idi. Çünki ölkə müharibə şəraitində yaşayırdı. İqtisadiyyatda inkişaf dinamikası yox idi. Neft gəlirləri o qədər də çox deyildi. Neftdən əldə edilən gəlirlər isə iqtisadiyyatda vacib istiqamətlərin inkişafına yönəldilirdi. Həmçinin əsas diqqət haqlı olaraq əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəldilirdi. Ancaq tədricən neft gəlirləri artdıqca əldə olunan vəsaitdən digər istiqamətlər üçün də sərf edildi. Bu mənada Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində regionlarda, şəhər və rayonlarda yol infrastrukturunun yaradılması istiqamətində atılan addımlar ən uğurlu addımlardan idi. İlk Dövlət Proqramının ucrasına başlanıldığı vaxtdan qeyd etdiyimiz istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsinə başlanıldı. Hər bir rayon və şəhər mərkəzləri, ətraf kənd və qəsəbələrinə yeni yollar çəkildi. Əgər Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına qədər bir çox ucqar dağ kəndlərinin yolları keçilməz idi, kənd sakinlərinin rayon mərkəzinə gəlişində ciddi problemlər mövcud idisə indi qətiyyətlə deyə bilərik ki, belə bir problem yoxdur. Bu gün Qubanın Xınalıq, İsmayıllının Lahıc, eləcə də cənub zonasının ən ucqar dağ kəndlərinə aparan yollar belə asfaltlanıb ki,  bu da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının yol infrastrukturunun yaxşılaşdırılmasına verdiyi töhfələrdən sayıla bilər.

-Onu da qeyd edək ki, yol infrastrukturunun yaradılması turizm bölgələrimizdə bu sahənin inkişafına da təkan verdi

-Tamamilə doğrudur.  Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası yol infrastrukturunun yaxşılaşdırılması ilə yanaşı Azərbaycanda turizmin də inkişafına təkan verdi. Onu da qeyd etmək lazımdır ki, turizm sektorunun inkişafına yalnız yol infrastrukturunu yaxşılaşdırmaqla nail olmadıq. Paralel olaraq Dövlət Proqramı çərçivəsində yeni turizm istirahət mərkəzləri yaradıldı, regionlarda müasir mehmanxana, otellər tikilib istifadəyə verildi. Bütün bunların nəticəsidir ki, günümüzdə Azərbaycana səfər edən xarici turistlər paytaxtla yanaşı bölgələrə üz turur, regionlarda yaradılan turizm istirahət mərkəzlərində olur, orada dincəlirlər. Təsadüfi deyil ki, bu gün Quba, Qəbələ, İ\smayıllı, eləcə də cənub zonası, Gəncə-Qazax bölgəsi, xüsusilə Göygöl Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının ən çox üz tutduğu məkanlardandır.

-Qeyd etdiyimiz kimi 14 ildir ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları icra edilir. Xüsusilə onu qeyd edək ki, bu Dövlət Proqramları uğurla icra edilir. Sizcə, bu uğurun əsasında nə dayanır?

-Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrasının əsasında, təməlində düzgün idarəçilik, səmərəli fəaliyyət dayanır. Dövlət Proqramında hər bir qurum, nazirlik və komitələr üçün vəzifələr, görəcəyi işlər müəyyənləşdirilib və həmin dövlət qurumları da ondan irəli gələrək öz vəzifələrini uğurla icra edirlər. Burada bir məqama da diqqət yetirmək lazımdır. Belə ki, 2004-cü ildən, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrasına başlanandan bu günə qədər ötən 14 il ərzində hər bir Dövlət Proqramının icrası müddətində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə iclas keçirilir, görülən işlər təhlil olunur, qarşıda duran vəzifələr bir daha müəyyənləşdirilir, əgər hansısa nöqsanlar varsa, həmin nöqsanların aradan qaldırılmasına dair ciddi tapşırıqlar verilir. Hər bir Dövlət Proqramının icrası müddətində hər il keçirilən bu kimi iclaslar bu işə, onun həyata keçməsinə məsul olan dövlət qurumları qarşısında məsuliyyəti daha da artırır. Elə bir müddət əvvəl də dövlət başçısının iştirakı ilə hazırda icrası yekunlaşmaqda olan üçüncü Dövlət Proqramının icrası çərçivəsində görülən işlər, qarşıda duran vəzifələrə dair iclas keçirildi. Həmin iclasda geniş və əhatəli şəkildə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir daha qarşıda duran vəzifələri müəyyənləşdirdi, müvafiq qurumlara öz tapşırıq və tövsiyələrini verdi.

-Belə demək mümkünsə hazırda icrası yekunlaşmaqda olan bu Dövlət Proqramı da uğurla başa çatacaq?

-Əlbəttə. Başqa cür də demək olmaz. Çünki 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlər, əldə edilən nəticələr belə deməyə əsas verir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2018.- 8-10 sentyabr.- S.15.