Vüqar Rəhimzadə: 15 sentyabr 1918-ci il

Türkiyə-Azərbaycan qardaşlığının zəfər günüdür

 

"Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət", Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" tezisləri tarixin sınaqlarından çıxmış, bütün dövrlər üçün öz aktuallığını qoruyub saxlamışdır. Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının zəfər günü kimi dəyərləndirilən 15 sentyabr 1918-ci il tarixindən ötən 100 illik yol bu birliyə, həmrəyliyə bir daha işıq salmaqla yanaşı, onun sarsılmazlığını, əbədiliyini dünyaya nümayiş etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda dövlətimizin başçısı cənab  İlham Əliyev Bakının azad olunmasını belə xarakterizə etmişdir: "Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etmişdir və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarmışdır". Bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Türkiyə-Azərbaycan birliyinin çoxəsrlik tarixində yaddaqalan  məqamlardan biri  kimi  15 sentyabr 1918-ci il   Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik əsarətindən xilas etdiyi gündür: "Məhz həmin tarixdə erməni soyqırımına məruz qalan azərbaycanlıları qaniçən Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik quldur dəstələrindən xilas edən Qafqaz İslam Ordusunun əsgərləri sözün  əsl mənasında azərbaycanlı qardaşlarına  kömək oldular. Onlar Bakının işgalçılardan azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verdi."

Baş redaktor qeyd edib ki, bu gün erməni  vəhşiliklərinin nümunəsi olan Quba məzarlığı daşnakların azərbaycanlılara  və yəhudilərə qarşı  törətdikləri qətliamlar nəticəsində yaranan yüzlərlə məzarlıqlardan  biridir: "Bəşər tarixinə insan qatili, soyqırımı müəllifləri kimi daxil olan ermənilər daşnak ideologiyasının qanla yoğrulduğunu həmin hadisələr zamanı bir daha təsdiqlədilər. 1915-ci ildə rus-ingilis-fransız qoşunlarının Türkiyəyə qarşı hərbi müdaxiləsi zamanı  türklərə qarşı xəyanətləri üzündən deportasiya olunan ermənilərə qarşı guya soyqırımı törədildiyini iddia edən ermənilər 1918-ci ildə  Azərbaycanda sözün əsl mənasında dəhşətli soyqırımı həyata keçirməklə öz qəddarlıqlarını bir daha  təkrarladılar."

V.Rəhimzadə bildirib ki, həmin dövrdə ermənilər Bakıda, həmçinin ölkənin digər bölgələrində azərbaycanlılara qarşı  soyqırımı həyata keçiriblər. Naxçıvanda, Zəngəzur, İrəvan mahallarında,  Qubada, Neftçalada, Zaqatalada, Şuşada, Dağlıq Qarabağda on minlərlə günahsız  insan erməni vəhşiliyinin qurbanı oldu: "Azərbaycanın istiqlalı uğrunda  mübarizə aparan soydaşlarımıza dəstək göstərən, bolşeviklərin və erməni millətçilərinin azərbaycanlılara   qarşı törətdikləri soyqırımların qarşısını alan, Nuru paşanın komandanlığı altında olan Qafqaz İslam Ordusunun qəhrəmanlığının nümayişi olan  15 sentyabr 1918-ci il zəfər günü, türk birliyinin, qardaşlığının nümunəsi oldu.  Qafqaz İslam Ordusu düşmən əlində olan Bakını və digər yaşayış məntəqələrini işğalçılardan azad etdi." 

Baş redaktor onu da  vurğulayıb ki, Şəhidlər xiyabanında 1918-ci ildə  həlak olan türk əsgərlərinin xatirəsinə əbədi hörmət rəmzi olan abidə hər bir azərbaycanlı üçün müqəddəs məkandır: "Təsadüfi deyil ki, belə  qardaşlıq telləri ilə bağlanan, illərin sınağından keçən  Türkiyə-Azərbaycan dostluğu bu gün dünyada bənzəri olmayan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyası birliyinin əsasını qoyan Mustafa Kamal Atatürk-Heydər Əliyev ideyalarına sadiqlik Türkiyə-Azərbaycan qardaşlığını və dostluğunu daha da möhkəmləndirir. Yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində  həllinə səy göstərən, Azərbaycanla qardaşlıq  siyasətinə sadiq olan Türkiyə beynəlxalq səviyyələrdə aparılan müzakirə və danışıqlarda  ölkəmizin mövqeyini dəstəkləyir. Türkiyə-Azərbaycan qardaşlığının təzahürü kimi dəyərləndirilən TANAP-ın istifadəyə verilməsi mərasimində dövlətimizin başçısı İlham Əliyevin "Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir" fikirləri bir daha bu birliyin, həmrəyliyin sarsılmazlığının nümayişidir. Bu birlik regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Hər iki dövlətin siyasi iradəsi əsasında reallaşan layihələr nəinki iştirakçı, eyni zamanda, dünya dövlətlərinin davamlı iqtisadi inkişafına, enerji təhlükəsizliyinin təminatına böyük töhfədir. Bu günlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti də Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına bir daha işıq saldı. Dövlətimizin başçısı cənab  İlham Əliyev bu əminliyi ifadə edir ki,  birgə səylərimizlə Azərbaycan-Türkiyə müttəfiqliyi və qardaşlığı bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək."

 

Olaylar.- 2018.- 13 sentyabr.- S.10.