“Qafqaz İslam Ordusunun
böyük bir
Məqsədi - Turan Məqsədi
vardı”
Yunus Oğuz: "Qafqaz İslam Ordusu
o zaman Azərbaycana girməsəydi, Azərbaycan talan olunacaq,
insanları qətlə yetiriləcək, bir çoxları
isə qul kimi işlədiləcəkdi"
Azərbaycan daha bir
şanlı tarixin astanasındadır. Söhbət 100 il əvvəl
Bakının bolşevik-daşnak birləşmələrindən
azad edilməsindən gedir. 1918-ci il, 15
sentyabr tarixində Nuru Paşanın komandanlığı
altında Qafqaz İslam Ordusunun Bakını işğaldan
azad etməsinin 100 ili tamam olur. Bəs görəsən, bu
günün tarixi əhəmiyyəti barədə cəmiyyətimiz
nə dərəcədə məlumatlıdır? Ümumiyyətlə,
Qafqaz İslam Ordusu Bakını işğaldan azad etməsəydi,
bu günkü Azərbaycanın taleyi necə olardı? Bu və digər suallarla yazıçı-publisist,
tarixi romanlar müəllifi Yunus Oğuzla söhbətləşdik.
-Yunus bəy, bu günlərdə
Bakının işğaldan azad edilməsinin 100 ili tamam olur. Bu günün tarixi əhəmiyyətini
necə xarakterizə edərdiniz?
-Bu
günün əhəmiyyətini 1918-ci il,
sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakıya daxil
olması günü kimi qeyd etmək lazımdır. Çünki Qafqaz İslam Ordusu və onun tərkibində
yenicə yaranan Azərbaycan Ordusunun əsgərləri Gəncədən
başlayan savaşla Bakıya girməsəydilər bu gün
Azərbaycanda azərbaycanlı deyilən bir millət olmayacaqdı.
Daşnak-erməni və bolşevik birləşmələri
faktiki olaraq Azərbaycanın bütün bölgələrində
soyqırımlar törədir, insanlarımızı məhv
edir, öz ev-eşiklərindən didərgin salırdı.
Yəni, Azərbaycanda elə bir coğrafi yer
yox idi ki, daşnak- bolşevik birləşmələri qətliam
törətməsin. İyunun 4-də
Batumda Osmanlı ilə Azərbaycan Milli Şurası
arasında müqavilə bağlanandan dərhal sonra hərbi
yardım istənildi və bundan sonra iyunun 9-u və 15-i tarixlərində
Gəncəyə ilk hərbi hissələr gəlməyə
başladı. Əslində bu, qırğınların,
talanların, insanların öz evlərindən didərgin
düşməsinin qarşısının alınması demək
idi. Beləliklə, Əliağa
Şixlinskinin də fəaliyyətini danmadan o vaxtkı Azərbaycan
Ordusunun əsgərlərinin iştirakı və Qafqaz
İslam Ordusunun dəstəyi nəticəsində Bakıda
Milli Hökumət faktiki fəaliyyətə başladı.
Yəni, sözdə Azərbaycan Xalq
Cümhuriyyəti yaranmışdı. Lakin
Qafqaz İslam Ordusunun gəlişi ilə Azərbaycan Milli
Hökumətinin qurulması başlanıldı. Gəncədən başlayaraq üzü Qazaxa, eləcə
də Bakıya doğru irəliləyərək Qafqaz İslam
Ordusu Azərbaycan Hökumətinin strukturlarını
yarada-yarada gəldi. Beləliklə, dekabr
ayında onun ilk parlamentinin iclası keçirildi. Qafqaz İslam Ordusu təkcə Azərbaycan
üçün əhəmiyyətli deyildi. Qafqaz
İslam Ordusunun böyük bir Məqsədi, Turan Məqsədi
vardı və
noyabr ayının 16-da Mahaçqala fəth edildi. Həm Dağıstanı fəth etdi, Şimali
Qafqazı azad etdi. Digər tərəfdən
Qafqaz İslam Ordusu Ənzəliyə çıxmaq istəyirdi.
Əgər Birinci Dünya Müharibəsi 5-6 ay
gec qurtarsaydı Qafqaz İslam Ordusu Azərbaycan əsgərlərinin
də köməyi ilə bəlkə Güney Azərbaycanı
da azad etmişdi. Bütün bunlarla
yanaşı Qafqaz İslam Ordusunun böyük bir xidməti
ondan ibarət oldu ki, Milli Hökumətimizin fəaliyyətinə
imkan yaratdı. Milli Hökumətin
yaranması isə bizim milli kimliyimizi ortalığa qoydu.
Düşünürəm ki, Qafqaz İslam
Ordusu o zaman Azərbaycana girməsəydi, Azərbaycanda azərbaycanlılar
qalmayacaqdı. Azərbaycan talan olunacaq,
insanları qətlə yetiriləcək, bir çoxları
isə qul kimi işlədiləcəkdi. Azərbaycanda
yalnız ermənilər, bolşeviklərdən ibarət
ruslar, eləcə də digər xalqların nümayəndələri
olacaqdı. Bir tək azərbaycanlılardan
başqa. Bu Qafqaz İslam Ordusunun ən
böyük xidmətidir ki, bu gün Azərbaycan dövlətində
azərbaycanlılar daha çoxluq təşkil edir və
dövlətin aparıcı simalarıdırlar.
-Artıq bir neçə ildir ki,
bu tarix Azərbaycanda geniş şəkildə qeyd edilir. Bakının işğaldan azad edildiyi tarix silsilə
tədbirlərlə yadda qalır. Ümumilikdə, cəmiyyətimiz,
vətəndaşlarımız bu günün tarixi əhəmiyyətini
tam mənada dərk edirlərmi? Yoxsa hələ
də insanlarımız arasında maarifləndirici tədbirlərə
ehtiyac var?
-Mən
deyərdim ki, bu günün əhəmiyyətini az adam bilir. Çünki Sovetlərin
zamanında uzun müddət Qafqaz İslam Ordusu
pantürkçü adı ilə qələmə verilib və
Azərbaycan Xalq Cümhuriyyəti Osmanlının bir əlavəsi
kimi təbliğ edilib. Təbii ki, bu
sovet-bolşevik ideologiyası idi. Bu arada
Leninin Şaumyana ünvanlamış olduğu bir məktubu
yada salaq. Həmin məktubda Lenin
Şaumyana tapşırırdı ki, Qafqaz İslam Ordusu
Bakıya girərsə, o zaman Bakını yandırın.
Yəni belə bir plan vardı və Qafqaz İslam Ordusu
çox sürətlə hərəkət edərək
Bakının yandırılması planının
qarşısını aldı və Milli Hökumətin
qurulmasında əvəzsiz xidmətlər göstərdi. Sadəcə
olaraq bizim təbliğatımız çox az
qurulub. Dünənə qədər demək
olar ki, bu təbliğat heç yox idi. Ancaq
son illər təbliğatımız güclənib. Əvvəllər insanlarımız demək olar ki,
Qafqaz İslam Ordusunun nə olduğunu bilmirdilər. Mən
Qafqaz İslam Ordusu haqqında uşaqlıqda, Qılman
İlkinin "Şimal küləyi" romanını oxuyarkən
tanış olmuşam. Amma
orda da Qafqaz İslam Ordusu ələ salınır,
qurtuluşumuzun şimalda olduğu bildirilirdi. Belə bir təbliğat uzun müddət
aparılıb və həmin təbliğata da uyanlar çox
olub. Nə Qafqaz İslam Ordusu, nə də
Azərbaycan Xalq Cümhuriyyəti haqqında cəmiyyətə
heç bir bilgilər verilmirdi.
Yalnız Moskvaya işləyən alimlərə
tam məxfi şəkildə bu bilgilər verilirdi. Ona
görə də bütün bunları nəzərə
alaraq düşünürəm ki, bu istiqamətdə təbliğat çox
güclü olmalıdır. İndiki nəsil
Qafqaz İslam Ordusu və onun tərkibində olan Azərbaycan
Ordusuna minnətdar olmalıdır ki, Bakını
işğaldan, soyqırımdan, qırğınlardan,
talandan azad edib. Çünki Qafqaz
İslam Ordusu Azərbaycana gələnə qədər
ölkəmizin bütün bölgələrində
soyqırımlar həyata keçirilirdi. Elə
bir bölgə yox idi ki, orada soyqırım həyata
keçirilməsin. Bunun da
qarşısını məhz Qafqaz İslam Ordusu aldı.
-Bütün bunlara görə
haqlı olaraq Nuru Paşaya Bakıda abidə ucaldılması
təşəbbüsü irəli sürülür. Yaxın vaxtlar üçün bu mümkün
görünürmü?
-Əlbəttə ki, təbliğat gücləndikcə
bu mümkün görünür və düşünürəm
ki, elə də olacaq. Nəticə etibarilə Nuru
Paşanın adı əbədiləşdiriləcək.
Nəinki Azərbaycanda, eləcə də Dağıstanda və
digər yerlərdə də Nuru Paşanın adı hökmən
əbədiləşdiriləcək.
-Bu arada, 15 sentyabr tarixində
Türkiyə prezidentinin Azərbaycana səfər edəcəyi,
Bakıda möhtəşəm paradın keçiriləcəyi
bildirilir. Bu həm Türkiyə-Azərbaycan
dostluq və qardaşlığı, həm də Azərbaycana
təhlükə mənbəyi olan işğalçı Ermənistan
üçün xəbərdarlıq mesajı sayıla bilərmi?
-Təbii
ki, bu da var. Ancaq nəzərdən qaçırmayaq ki, iki
Türk dövləti tarixən bir-biri ilə həmişə
mübarizə aparıb. Bunun da səbəbləri
böyükdür. Əslində nə Qazi Osman
Osmanlı dövlətini yaradanda, nə də həmin ərəfədə
Azərbaycanda azərbaycanlı türklərin dövləti
yarananda onlar bir-birinə düşmən deyildilər. Düşmənçilik demək olar ki, XIV əsrin
sonları XV əsrin əvvəllərindən başladı
və bu uzun müddət davam etdi. Avropa və
digər dövlətlər Osmanlı türkləri ilə
burada yaşayan türkləri həmişə üz-üzə
qoyurdu. Xalq arasında belə bir problem yox idi. Ancaq iki dövlət arasında mübarizə
özünü göstərirdi. Məsələn,
XIX əsrdə Rusiya Şimali Azərbaycanı işğal
etdi və burada üzdə olan generallarımız faktiki olaraq
Rusiya cəbhəsində vuruşmağa başladı.
Qarsda, Vanda, İqdırda qalan azərbaycanlı türklər
isə Osmanlı dövlətinin tərkibində
vuruşmağa başladı. Bu uzun illər, 300-400 il davam etdi. Tarixdə Şah İsmayılla
Sultan Səlimin Çaldıran döyüşü, ondan
sonra Şah Abbasla digərlərinin, Ağqoyunlularla Fateh
Mehmetin döyüşü və s. misal göstərmək
olar. O zaman əsasən dini faktoru ortaya atırdılar və
sünni-şiə aspektindən qarşıdurma
yaradırdılar. XIX əsrin sonları, XX əsrin əvvəllərindən
etibarən bu faktiki olaraq aradan qalxdı. Artıq bizim ziyalılarımız, milli
düşüncə sahiblərimiz hiss etdilər ki, bunlar bir
millətdirlər və bir-biriləri ilə niyə
vuruşmalıdırlar. Birinci Dünya müharibəsi
zamanı Hacı Zeynalabdin Tağıyev Gəncədə kimsəsiz
uşaqlar üçün ev
açmışdı və Qars, İqdır. Ərzurumda, eləcə
də digər vilayətlərdə kimsəsiz qalan
uşaqları gətirib burada kimsəsiz evlərində yerləşdirirdi.
Yəni, artıq milli şüur
formalaşırdı. Burada bir məqamı
qeyd edim ki, həmin ərəfədə, Qafqaz İslam
Ordusunun Gəncəyə daxil olması zamanı maraqlı bir
hadisə yaşanır. Belə ki, Qafqaz
İslam Ordusu Gəncəyə daxil olarkən 7-dən 77-yə
hər kəs onu alqışlarla, gül-çiçəklə
qarşılayır. Bu zaman kimsəsiz evinin sakinləri
də Qafqaz İslam Ordusunu qarşılamağa
çıxırlar və həmin 9 yaşlı gənc Qafqaz
İslam Ordusunun tərkibində atasını görür və
"ata" deyə qışqırır.
Qeyd etdiyim kimi artıq milli şüur
formalaşmışdı və bunun formalaşmasında bizim
ziyalılarımızın da xidməti vardı. Bu son nəticədə
osmanlılarla Azərbaycan türklərinin qardaş və bir
millətə mənsub olduğunu sübut etdi. Düzdür, sonradan Sovetlər birliyi zamanında bu
dostluq, qardaşlığı pozmağa
çalışdılar. Elə bunun nəticəsi
idi ki, 1938-ci ildə bizə azərbaycanlı adı verdilər.
Amma 1938-ci ilə qədər
pasportlarımızda milliyətimiz türk göstərilirdi.
Yəni əsas məqsəd o idi ki,
kökümüzü itirək. qardaşımızdan
ayrı düşək. Eyni ilə Orta Asiyada da oxşar proses
gedirdi. Ancaq Ermənistan və Gürcüstanda bu proses getmədi.
Hər vasitə ilə keçmişimizi
unutdurmağa cəhd göstərilirdi. Sovetlərin
dağılması ilə yenidən milli kimliyimizin ortaya
çıxması Azərbaycanla Türkiyənin strateji
müttəfiqliyini möhkəmləndirdi, dostluq, qardaşlığımızı
inkişaf etdirdi.
Məhəmməd
Olaylar.- 2018.- 14 sentyabr.- S.9.